Məhkəmə qərarları › İş №2(103)-1399/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1399/2025

04.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1399/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-2005-ci il tarixlərində işlədiyi dövr ərzində istehsalatın zərurəti ilə əlaqədar olaraq işlərin gecə vaxtı yerinə yetirməyi və bu işlərin AR-sı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 qərarının hansı bəndinə aid olması barədə uyğun arayışın verilməsi ilə bağlı Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

4. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin eyni saylı, xx.xx.2024ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

7. Hazırkı iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunan arayışın verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması məsələsi o halda məhkəmənin qərarı əsasında həll edilir ki, cavabdeh tərəfindən iddiaçının tələb etdiyi arayış verilməsin. Lakin cavadeh tərəf etirazında bildirmişdir ki, iddiaçıya 4 dəfə arayış verilmiş, həmin hal iş materiallarında olan arayışlarla təsdiq edilir. Lakin iddiaçı öz istəyinə uyğun arayışın verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı 1995-2005-ci il tarixlərində işlədiyi dövr ərzində istehsalatın zərurəti ilə əlaqədar olaraq işlərin gecə vaxtı yerinə yetirməyi və bu işlərin ARsı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 qərarının hansı bəndinə aid olması barədə uyğun arayışın verilməsini tələb etsə də, cavabdeh tərəfindən müxtəlif tarixlərdə müvafiq arayışlar verildiyindən hazırki mülki işə məhkəmə icraatı qaydasında baxılmalı deyil.

8. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

9. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, rayon məhkəməsinin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün istinad etdiyi əsas, yəni iddiaçının tələb etdiyi arayışın ona verilməsi iş üzrə icraata xitam verilməsi üçün yox, iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilər.

10. Həmçinin MPM-in 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

11. MPM-in 262.3-cü maddəsinə görə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

12. Hazırkı halda isə, mülki iş üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verən rayon məhkəməsi iddiaçının hansı orqana müraciət etməli olmasını da qeyd etməmişdir.

13. Digər tərəfdən Əmək Məcəlləsinin 9-cu maddəsinin “n” və “o” bəndələrinə görə, iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq; elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin əsas hüquqlarındandır.

14. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda, rayon məhkəməsi iş üzrə icraata, həm də iddiaçıya tələb etdiyi arayışın verilməsi əsası ilə xitam verməkdə haqlı olmamış, prosessual qanunun tələblərini pozmuşdur.

15. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş materialları iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş materialları iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar