Məhkəmə qərarları › İş №2(103)-1400/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1400/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1400/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bir icraaatda birləşdirilmiş birinci iş üzrə iddiaçı Bakı Sağlamlıq Mərkəzi X25 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı və ikinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh Bakı Sağlamlıq X3rşı mülki iş üzrə Açar sözlər: pulun tutulması, müqavilənin etibarsız hesab edilməsi X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh Bakı Sağlamlıq Mərkəzi X25 nümayəndəsi Nümayəndə1, Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bir icraaatda birləşdirilmiş birinci iş üzrə iddiaçı Bakı Sağlamlıq Mərkəzi X25 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” və ikinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh Bakı Sağlamlıq X3rşı "müqavilənin etibarsız hesab edilməsi" tələblərinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2602/2024 nömrəli qətnaməsindən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh Bakı Sağlamlıq Mərkəzi X26 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X2 Nərmin Eldar qızının anasıdır. X9 xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində Bakı Sağlamlıq Mərkəzində tibbi xidmət göstərilmişdir. Cavabdeh1 və “Bakı Sağlamlıq Mərkəzi” PHŞ arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsinə əsasən “Bakı Sağlamlıq Mərkəzi” PHŞ peşəkar həkim və tibb heyəti vasitəsi ilə X9 müqavilədə nəzərdə tutulan tibbi xidmətləri həyata keçirməyi, Cavabdeh1 isə göstəriləcək tibbi xidmətin “Qiymət cədvəli”nə əsasən fakturada əks etdirilən məbləğini “Klinika”ya vaxtında və əksiksiz olaraq ödəməyi və ödəmiş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini (müqavilənin 2.2.4-cü bəndi) qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC ilə “Bakı Sağlamlıq Mərkəzi” PHŞ arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TBX/04 nömrəli tibbi xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən Cavabdeh2 MMC şirkətin əməkdaşlarına və əməkdaşlarının yaxınlarına tibbi xidmətlərin göstərilməsini sifariş verib, razılaşdırılmış xidmət haqqını ödəməyi, “Bakı Sağlamlıq Mərkəzi” PHŞ isə Cavabdeh2 MMC-nin müəyyən etdiyi şəxslərə tibbi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər razılaşmışdılar ki, göstərilən xidmətlərin dəyəri bu müqavilədə göstərilmiş xidmətlərə 30% endirim tətbiq edilməklə müəyyən edilir. Bakı Sağlamlıq Mərkəzi X26 tərəfindən X9 göstərilən tibbi xidmətlər üzrə ödənilməli olan xidmət haqqı 51.505,42 manat müəyyən edilmiş, həmin məbləğin 22.140 manat hissəsi Cavabdeh1 tərəfindən ödənilmişdir. Bakı Sağlamlıq Mərkəzi X26 tərəfindən "xxxx" MMC-nin direktoru X12 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 232/02/37 nömrəli məktub göndərilərək, müqavilə üzrə yaranmış 22.989,57 manat məbləğində borc barədə məlumat verilmiş və 10 gün müddətində həmin məbləğin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. Birinci iş üzrə iddiaçı Bakı Sağlamlıq Mərkəzi X26 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən göstərilmiş tibbi xidmətə görə yaranmış 22.989,57 manat borcun tutularaq, “Bakı Sağlamlıq Mərkəzi” X25 hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi işin faktiki hallarına istinad edilərək əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər tərəfindən borcun ödənilməsi bugünədək müxtəlif bəhanələrlə uzadılır. Cavabdeh2nə tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaimə vurulsa da, hazıradək ödəniş həyata keçirilməmişdir. Tibbi xidmət müqaviləsinə imza atmaqla, göstərilmiş tibbi xidmətə görə üzərinə öhdəlik götürmüş cavabdehlər tərəfindən 22.989,57 manat borcun tibb müəssisəsinə ödənilməsi zəruridir. Bakı Sağlamlıq Mərkəzi tərəfindən dəfələrlə vətəndaşa bu barədə bildirilsə də, borc məbləği ödənilməmişdir. Sonuncu dəfə tibb müəssisəsi tərəfindən cavabdehlərə xx.xx.2024- cü il tarixli, 233/02/37 nömrəli məktub ilə qeyd edilən məbləğin 10 gün ərzində ödənilməsi barədə təklif irəli sürülmüş, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə məlumat verilmişdir. Lakin öhdəlik bundan sonra da icra edilməmişdir.

4. Birinci iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Cavabdeh1 iddiaçı ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlasa da, sonradan məbləğ həddindən artıq yüksəldiyi üçün onu ödəmək qabiliyyətində olmadığını bildirmiş və qalıq məbləğin Cavabdeh2 MMC tərəfindən ödənilməsini iddiaçıya təklif etmişdir. İddiaçı da bu təkliflə razılaşmış və bundan sonra iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 anasına göstərilən tibbi xidmət üzrə yaranacaq xərclərin qarşılanması öhdəliyini cəmiyyət öz üzərinə götürmüşdür. Bu da artıq Cavabdeh1 həmin öhdəlikdən azad edir və iddiaçı ilə bağlanmış müqavilə qüvvədən düşmüş olur. 2023-cü ilin yanvar ayında iddiaçı tərəfindən xəstəyə göstərilmiş tibbi xidmətlə əlaqədar 22.989,57 manat borcun olması barədə cəmiyyətin hesabına tibbi müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaimə vurulmuşdur. Beləliklə, iddiaçı yaranmış borc məbləğinin Cavabdeh1 deyil, digər cavabdehə aidiyyətinin olmasını təsdiq etmiş və bu məbləğlə bağlı Cavabdeh1 heç bir iddiası qalmamışdır. Lakin sonradan iddiaçı əsassız olaraq Cavabdeh1 da pretenziya göndərərək, eyni məbləği digər cavabdehlə yanaşı, ondan da tələb etmişdir. Halbuki, yuxarıda göstərilən səbəblərdən hazırki iddianın ona heç bir aidiyyəti qalmır.

5. İkinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh Bakı Sağlamlıq X3rşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 0809/22 nömrəli tibbi xidmət müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, anasının xəstəliyinin ağır olması səbəbindən həmin zamanlarda o, ciddi sarsıntı içərisində idi və anlaqlı vəziyyətdə deyildi. Bakı Sağlamlıq Mərkəzi tərəfindən ona müqavilə barədə heç bir ətraflı məlumat verilmədən müqavilə tərtib edilmişdir. Sözügedən müqavilədə imzası olsa da belə, bu hal işçilər tərəfindən ona müqavilə bağlama prossesi kimi deyil, sadəcə xəstəxana qeydiyyat prosedurları kimi göstərilmişdir. Bu da tamamilə pasient yaxınının sarsıntı və gərgin vəziyyətindən istifadə olunaraq yanıltma nəticəsində qeydə alınan bir sənəddir. Bundan əlavə müqavilə üzrə göstərilən ödənişləri ödəməkdən ötrü maddi imkanı olmadığ səbəbindən "xxxx" MMC-nin direktoru X16 ilə Bakı Sağlamlıq Mərkəzi arasında xx.xx.2022-ci il tarixli, TBX/04 nömrəli yeni müqavilə tərtib olunmuşdur. Bu müqavilə üzrə "xxxx" MMC-nin direktoru X16 bütün xərclərin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Belə bir halda onunla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə artıq qüvvədən düşməli və ləğv edilməli idi. Lakin cavabdeh Bakı Sağlamlıq Mərkəzi X26 "xxxx" MMC ilə bağladığı müqavilə ilə yanaşı və eyni zamanda onunla bağlanmış olduğu müqavilə üzrə də ödənişləri tələb etməkdədir. Bu isə tamamilə qanun pozuntusu və hüquqlarının tapdanması halıdır. Xəstəxananın pasiyenti olan anası X6 vəfatı bir yandan, bir yandan isə xəstəxana tərəfindən belə haqsızlığa uğrayaraq külli miqdarda pul tələb edilməsi onun çox ağır mənəvi və maddi sarsıntılarara məruz qalmağına səbəb olmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 4039/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı Sağlamlıq X7rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)-4039/2024 nömrəli mülki işin həmin məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Bakı Sağlamlıq Mərkəzi X25 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair 2(006)-2602/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2602/2024 nömrəli qətnaməsi ilə iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X25 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli, TBX/04 nömrəli Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə üzrə Cavabdeh2ndən 16.112,22 manat məbləğində pul vəsaitinin iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X20 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə və digər Cavabdeh1 münasibətdə rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X15rşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X13).

9. Məhkəmə “Bakı Sağlamlıq Mərkəzi” X20 iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə hər iki cavabdeh arasında müqavilə bağlanmışdır. Cavabdeh1 ilə bağlanılan müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi işin mübahisəsiz halıdır. Belə ki, araşdırma zamanı, həmçinin tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 anası “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-də müalicə aldığı müddət ərzində cavabdehin ümumilikdə xəstəxanaya ödənilməli olan 51.505,42 manat məbləğində borcu yaranmışdır. Bağlanılmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə həmin məbləğ üzərindən 6.348 manat məbləğində endirim edilmiş, bundan sonra cavabdehin ödəməli olduğu məbləğ (ƏDV məbləği də daxil olmaqla) ümumilikdə 45.157,42 manat müəyyən edilmişdir ki, həmin məbləğin də 22.140 manatını cavabdeh iddiaçıya ödəmişdir. Bu, işin mübahisəsiz halıdır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir (digər cavabdehə öhdəlik götürdüyündən). Buradan da bu nəticəyə gəlmək olar ki, Cavabdeh1 öhdəliyi yerinə yetirdiyindən iddia tələbi ona münasibətdə əsassız hesab edilməklə rədd edilməlidir.

10. Digər Cavabdeh2nə münasibətdə məhkəmə qeyd etmişdir ki, yerdə qalan məbləğ, yəni 23.017,42 manat məbləğində pulun iddiaçıya ödənilməsini cavabdeh müvafiq müqavilə əsasında öz üzərinə götürmüş, lakin öhdəliyi yerinə yetirməmişdir. Bunu məhkəmə iclasında izahatı alınan cavabdehin qanuni təmsilçisi iddia tələbini qəbul edərək, öhdəliyin yerinə yetirilməməsini onunla əsaslandırmışdır ki, iş üzrə digər cavabdeh Ə.Nərminin iddiaçıya olan borcunu öz üzərlərinə götürsələr də, MMC-nin vergi ilə bağlı problemləri olduğundan ödəməkdə çətinlik çəkmişlər. Bunu məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilən sorğuya cavab məktubları da təsdiq etmişdir ki, həqiqətən də cavabdehin bank hesablarına sərəncamlar qoyulmuşdur. Halbuki, cavabdehin maddi imkanının olmaması üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Bundan əlavə, tərəflər arasında bağlanılmış müqavilədə cavabdehin maddi imkanının olmaması əsasına görə öhdəliyi yerinə yetirməməsi və ya gecikdirməsi ilə bağlı hər hansı bir bənd nəzərdə tutulmamışdır. Bu halda risk iddiaçıda qalmaqla müqavilə bağladığı vaxt özü cavabdehin maddi vəziyyətini araşdırmalı idi. Bu səbəbdən, məhkəmə iddiaçıya ödənilməli olan borc məbləğinin Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

11. Məhkəmə, iddiaçının cavabdeh "xxxx" MMC tərəfindən aldadıldığına münasibətdə qeyd etmişdir ki (aldadılma nəticəsində əqdin etibarsızlığına), Cavabdeh2 MMC-nin maddi vəziyyətinin müsbət olmaması onun yenidən başqa bir öhdəlik götürə bilməməsi mənasına gətirə bilməz. Həmçinin, aldadılma o halda ola bilərdi ki, cavabdeh iddiaçıya yanlış məlumat vermiş olardı. Mülki işin hallarına əsasən isə cavabdeh tərəfindən yanlış məlumatın, səhv məlumatın, bu yox digər məlumatın qəsdən verilməsi halı aşkar edilməmişdir. İddiaçı yalnız cavabdehə məxsus hesablarda pulun olmamasını əsas gətirməsi cavabdeh tərəfindən aldadılma mənasını daşımır. Bu halda cavabdehin maddi vəziyyətini əvvəldən yoxlamamaqla risk iddiaçıya məxsus olmuşdur.

12. Məhkəmə birinci iddia üzrə tutulmalı məbləğə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanan müqavilənin 4.4-cü bəndinə əsasən xidmətlərin dəyəri 30% endirim edilməklə müəyyən olunmuşdur. Belə olan halda da məhkəmə hesab etmişdir ki, ödənilməli olan 23.017,42 manat məbləğində borca müqavilədə nəzərdə tutulmuş qaydada 30% endirim edilməklə, yerdə qalan 16.112,22 (30% endirim) manat Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə ikinci iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanan tibbi xidmət müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçının cavabdeh ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər hansı maneəçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamış və hər iki tərəf sərbəst şəkildə müqavilə azadlığı prinsipini nəzərə almaqla azad şəkildə öz iradəsinə uyğun müqavilə bağlamışlar. Həmçinin, məhkəmə tərəfindən birinci iddia tələbi üzrə araşdırılma aparıldığı zaman müəyyən edilmişdir ki, əslində iddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Belə olan halda da xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Odur ki, iddiaçı Cavabdeh1 iddiası əsassız hesab edilməklə rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 6.2ci, 337-ci, 385-386-cı, 425-ci, 427-ci, 442-ci, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 217-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh Bakı Sağlamlıq Mərkəzi X26 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və birinci iş üzrə iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almır ki, digər Cavabdeh2 MMC məhz əsas borclunun borcunun ödənilməsi məqsədilə Bakı Sağlamlıq Mərkəzi ilə müqavilə münasibətlərinə daxil olmuşdur. Yəni, ikinci cavabdehin borcunu ödəməməsi əsas borclunu öz borcunu ödəmək vəzifəsindən azad etmir. Bu barədə hər iki borclu ilə bağlanmış müqavilədə də hər hansı bir istisna şərti mövcud deyildir. Habelə, məhkəmənin belə qənaətə gəlməsi üçün qanunvericilikdə hər hansı bir maddi hüquq norması mövcud deyildir. Əksinə olaraq, Mülki Məcəllədə maddi hüquq normaları kontragentin istənilən borcludan/zamindən borcunun alması hüququnu təmin edir. Belə olan halda, məhkəmə tərəfindən düzgün maddi hüquq normasına istinad edilməməsi bariz görünür. Habelə, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin bank hesabında sərəncam vardır, yəni həmin MMC borc məbləğini ödəyə bilməz. Məhkəmə iclasında “X14” ASC-dən Cavabdeh2 MMC-nin 2023-cü ilin yanvar ayı üzrə pul vəsaitinə dair məlumat istənilməsinə baxmayaraq, məhkəmə təkidlə həmin məlumatı almamışdır. Çünki, MMC-nin müqavilə bağlanılan anda ödəmə qabiliyyətinə dair şübhələr vardır ki, məhkəmə araşdırması bunu nəzərə almamışdır. Məhkəmə isə öhdəliyin ötürülməsi vasitəsilə əsas cavabdehi ödəmədən azad etmişdir. Nəticədə dövlət büdcəsindən maliyyələşən və maliyyə nəzarəti qaydasında dövlət qurumuna hesabat verən tibb müəssisəsinə zərər dəymişdir. Məhkəmə ümumiyyətlə qətnaməsində heç bir sübuta əsaslnamamış, habelə əsassız olaraq iddia tələbi üzrə məbləği azaltmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Bakı Sağlamlıq Mərkəzi ilə hər iki cavabdehlər arasında müqavilələr bağlanıbdır. Anası “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-də müalicə aldığı müddət ərzində onun xəstəxanaya ödənişləri yaranmış və 22.140 manat iddiaçıya ödəniş etmiş və bununla da iddiaçı ilə onun arasında bağlanılmış müqavilə üzrə cavabdeh olaraq üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Bundan sonra isə digər Cavabdeh2 müqavilə üzrə qalan borcun ödənilməsini öhdəsinə götürmüş, lakin yerinə yetirməmişdir. Məhkəmə iclasında izahatı alınan cavabdehin qanuni təmsilçisi də eyni xüsusatları təsdiqləmiş iddia tələbini qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh Bakı Sağlamlıq Mərkəzi X25 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun və birinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, təqdim etdikləri etirazların məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən birinci iş üzrə Cavabdeh2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır; 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunsa da, apellyasiya şikayətinə əsasən birinci iş üzrə iddianın tam təmin olunması tələb edildiyindən və bu iddia üzrə tələb edilən məbləğ bölünməz olduğundan qətnamə yalnız birinci iş üzrə iddia ilə bağlı hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni birinci iş üzrə iddianın təmin və rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Cavabdeh1 anası X9 xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərdə Bakı Sağlamlıq Mərkəzində tibbi xidmət göstərilmişdir. Qeyd edilən tibbi xidmətlərin göstərilməsi ilə bağlı Cavabdeh1 və “Bakı Sağlamlıq Mərkəzi” PHŞ arasında (bundan sonra iddiaçı) bağlanmış xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsivə əsasən iddiaçı keyfyyətli tibbi xidmət göstərilməsi, Cavabdeh1 isə həmin xidmətlərin “qiymət cədvəlində göstərilən” dəyərinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən xəstəyə göstərilən tibbi xidmətlərin ümumi dəyəri 51.505,42 manat məbləğində müəyyənləşdirilmiş və Cavabdeh1 həmin məbləğin 22.140 manat məbləğində hissəsini iddiaçıya ödəmişdir.

28. Bundan sonra Cavabdeh1 təklifi ilə (tibbi xidmətin dəyərinin qalan hissəsini ödəmək imkanının olmaması səbəbindən) iddiaçı ilə Cavabdeh2 MMC arasında tibbi xidmətlərin göstərilməsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət onun əməkdaşlarına və əməkdaşlarının yaxınlarına tibbi xidmətlərin göstərilməsini sifariş verib, razılaşdırılmış xidmət haqqını ödəməyi, iddiaçı isə cəmiyyətin müəyyən etdiyi şəxslərə tibbi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər razılaşmışdılar ki, göstərilən xidmətlərin dəyəri bu müqavilədə göstərilmiş xidmətlərə 30% endirim tətbiq edilməklə müəyyən edilir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərilərək, müqavilələr üzrə yaranmış borc məbləğlərinin 10 gün ərzində icra edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir.

29. Hazırda iddiaçı cavabdeh Bakı Sağlamlıq Mərkəzi X26 Cavabdeh2 MMC ilə müqavilə bağlandıqdan sonra, Cavabdeh1 ilə bağlanmış müqaviləyə xitam verilmədiyini, həmin müqavilənin qüvvədə olduğunu, iddia üzrə tələb edilən məbləğin artıq endirim tətbiq edilmiş məbləğ olduğunu bildirir və qeyd edilən müqavilələr üzrə öhdəliklərin hər iki cavabdeh tərəfindən bugünədək tam şəkildə icra edilmədiyinə istinadən göstərilmiş tibbi xidmətlərin dəyərinin ödənilməmiş hissəsinin əvəzini təşkil edən 22.989 manat məbləğində pulun onlardan müştərək qaydada tutulmasını tələb edir.

30. Cavabdeh1 iddiaçı tərəfindən anasına tibbi xidmətlərin göstərilməsini qəbul edir və həmin xidmətlərin götərilməsinə görə tələb edilən məbləği mübahisələndirmir. Cavabdeh1 iddiaçıya xidmət haqqının 22.140 manat məbləğində hissəsinin ödənilməsinə, qalan məbləğin ödənilməsi üçün maddi imkanının olmamasına və həmin məbləğin ödənilməsi ilə bağlı onun təklifinə əsasən Cavabdeh2 MMC arasında ayrıca müqavilə bağlanmasına və bununla da artıq ona münasibətdə müqavilə öhdəliklərinə xitam verilməsinə istinad edərək iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş edir.

31. Bununla belə, iddiaçı ilə ilk olaraq Cavabdeh1 (xx.xx.2022-ci il), daha sonra isə Cavabdeh2 MMC arasında tibbi xidmətlərin göstərilməsi müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cəmiyyət arasında bağlanmış müqavilənin xx.xx.2022-ci il tarixli olduğu göstərilsə də, tərəflər özləri də etiraf edir ki, həmin müqavilə məhz xx.xx.2023-cü il tarixdə bağlanmış və məhz həmin tarixdə Cavabdeh1 anasını tibb müəssisəsindən çıxarmışdır. Bu tarixədək göstərilən tibbi xidmətin ümumi dəyərini təşkil edən 51.505,42 manat məbləğində pulun 22.140 manat məbləğində hissəsi Cavabdeh1 tərəfindən artıq iddiaçıya ödənilmiş və anası xx.xx.2023-cü il tarixdə tibb müəssisəsindən çıxarılarkən, onun tərəfindən göstərilən tibbi xidmətin keyfiyyəti və ya müqavilədən irəli gələn hər hansı digər məsələ ilə bağlı iddiaçıya qarşı pretenziya irəili sürülməmişdir. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklərin icra edildiyini, lakin göstərilən tibbi xidmətin tam məbləğinin ödənilməməsi baxımından Cavabdeh1 tərəfindən üzərinə götürülmüş öhdəliklərin lazımi qaydada icra edilmədiyini təsdiq edir.

32. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış müqaviləyə əsasən cəmiyyət xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin (icra edilməmiş öhdəliklərin) icrasını deyil, əməkdaşlarına və onların yaxınlarına göstərilən tibbi xidmətin dəyərinin ödənilməsi üzrə üzərinə öhdəlik götürmüşdür. Ümumiyyətlə həmin müqavilədə xx.xx.2022-ci il tarixli müqaviləyə hər hansı formada istinad edilməmiş, ondan irəli gələn öhdəliklərin icrası qaydası müəyyən edilməmiş, o cümlədən həmin müqavilə üzrə mövcud olan öhdəliyin ötürülməsi şərtləndirilməmişdir. xx.xx.2022-ci il tarixli müqavilədə tibbi xidmətlərin göstəriləcəyi şəxs göstərilsə də, cəmiyyətlə bağlanmış müqavilə konkret şəxsi deyil, cəmiyyətin bütün əməkdaşlarını və onların yaxınlarını əhatə etmişdir. Halbuki, həmin cəmiyyətlə iddiaçı arasında müqavilə Cavabdeh1 təklifi və iddiaçının razılığı ilə bağlanmışdır. Belə olan halda, bu müqavilə onun anasına göstərilən tibbi xidmətlərin dəyərinin ödənilməmiş hissəsinin ödənilməsinin təmi edilməsi ilə yanaşı, həmçinin xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsi məqsədi ilə bağlanmışdırsa, bu məsələ hər hansı formada öz əksini tapmalı idi.

33. İddiaçı ilə cəmiyyət arasında müqavilənin bağlanması Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə (qalıq borcun ödənilməsi baxımından) onun lazımınca icrası nəticəsində xitam verilməsi imkanını yaradırdı. Belə ki, Cavabdeh1 anasına göstərilən tibbi xidmətlərin dəyərinin ödənilməmiş hissəsinin cəmiyyət tərəfindən ödənilməsi, hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh1 bu öhdəliyin icrasından azad etmiş olurdu. Göstərilənlər, həm də iddiaçının və Cavabdeh1 qalıq borc məbləğinin cəmiyyət tərərfindən məhz xx.xx.2023-cü il tarixdə ödənilməli olmasını bildirməsi, belə qənaətə gəlməyə əsas verir ki, cəmiyyətlə müqavilə Cavabdeh1 öhdəliyin icrasından azad edilməsi məqsədi ilə deyil, məhz öhdəliyin cəmiyyət tərəfindən icrasının təmin edilməsi, yəni ödənişlə bağlı verilmiş vədlərə uyğun olaraq mümkün qədər tez bir zamanda nəticənin əldə edilməsi məqsədi ilə bağlanmışdır. Bu baxımdan da həmin müqavilənin bağlanması xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi kimi qiymətləndirilə bilməz.

34. Xüsusilə qeyd edilməlidir ki, cəmiyyət iddiaçı ilə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi nəinki bügünədək icra etməmiş, hətta müqavilə bağlandıqdan sonra ümumiyyətlə hər hansı məbləğdə ödəniş etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 6 saylı ərazi vergilər Baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, bu cəmiyyətin dövlət büdcəsinə vergilər üzrə 35.468,26 manat borcu var və bu səbəbdən onun “X14” ASC-nin 10 saylı filialında yerləşən hesablarına xx.xx.2024-cü il tarixdə alınmalı sərəncamlar göndərilmişdir. 2023-cü ilin yanvar ayında isə cəmiyyətin bank hesablarında olan pul vəsaitləri barədə vergi orqanlarında heç bir məlumat yoxdur. Qeyd edilən belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh1 təklif etdiyi bu cəmiyyət müqavilə bağladıqdan sonra üzərinə götürdüyü öhdəlikləri nə icra etmək imkanında, nə də ki, niyyətində olmuşdur.

35. Məhkəmə kollegiyası bu konteksdə xüsusilə o halı da qeyd edir ki, mülki qanunvericilikdə müqavilələrə dəyişiklik və ləğv edilməsinin xüsusi proseduru müəyyənləşdirilmiş və bununla bağlı rəsmiləşdirmənin müqavilənin bağlandığı formada yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Lakin iş materialları və tərəflərin izahatları da cəmiyyətlə iddiaçı arasında müqavilə bağlanana zaman və ya bundan sonra Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı rəsmiləşdirmə aparılmamışdır. Cavabdeh1 bu mövqedən çıxış etsə də, hüquqi nəticə etibarı ilə öz mövqeyini sübuta yetirə bilmir. Onun iddiaçıya ünvanlanmış belə bir məzmunlu müraciəti də yoxdur. İddiaçı isə bununla bağlı aralarında ümumiyyətlə hər hansı şifahi razılığın olmasını belə qəbul etmir. Bu da öz növbəsində həmin müqavilə üzrə Cavabdeh1 öhdəliklərinə xitam verilmədiyini, habelə müqavilənin ləğv olunmadığını və hazırda da qüvvədə olduğunu təsdiq edir. Qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli müqavilənin etibarsızlığını mübahisələndirməklə Cavabdeh1 özü də dolayısı ilə həmin müqavilənin hazırda da qüvvədə olmasını qəbul etmiş olur.

36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu hissədə dəlilləri əsaslıdır, birinci instansiya məhkəməsi bu hissədə iddianı rədd etməkdə haqlı olmamışdır, Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə hazırda qüvvədə olduğundan və həmin müqavilə üzrə onun öhdələriklərinə xitam verilmədiyindən hər iki cavabdehə birgə borclu kimi yanaşılmalı və göstərilən tibbi xidmətlərin dəyərinin ödənilməmiş hissəsi hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

37. Məhkəmə kollegiyası göstərilən tibbi xidmətlər üzrə ödənilməli olan xidmət haqqına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən xəstəyə göstərilən tibbi xidmətlərin ümumi dəyəri 51.505,42 manat təşkil edir, həmin məbləğdən 22.140 manat hissəsi ödənilmiş, xəstəyə ümumilikdə 6.348 manat məbləğində endirim tətbiq edilmiş, 23.017,42 manat ödənilməmiş borc qalmışdır. Bununla belə, xx.xx.2022-ci il tarixli müqavilədə nəzərdə tutulmasa da, iddiaçı Cavabdeh2 MMC ilə bağlanmış müqavilənin 4.4-cü bəndini əsas tutaraq, Cavabdeh1 münasibətdə də 30 % endirim tətbiq etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tibbi xidmətlərə görə tətbiq edilən endirimin Cavabdeh1 da şamil edilməsini əsaslı hesab edir.

38. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tutulan pulun məbləği ilə də razılaşmır və ümumi xidmət haqqının 51.505,42 manat olduğunu, həmin məbləğin 22.140 manat hissəsinin ödənildiyini, habelə tibbi xidmətlərə 30 % endirimin tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə göstərilən tibbi xidmətlərin əvəzi olaraq 20.555,79 manat (51.505,42 - 22.140 = 29.365,42, 29.365,42 x 30% / 100 = 8.809,63 manat, 29.365,42 - 8.809,63 = 20.555,79 manat) məbləğində pul tutulmalıdır.

39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni birinci iş üzrə iddianın təmin və rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilməli, göstərilən tibbi xidmətlərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 20.555,79 manat məbləğində pul Bakı Sağlamlıq Mərkəzi X20 xeyrinə tutulmalı, birinci iş üzrə iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən apellyatora aid edilməlidir.

40. Məhkəmə kollegiyası iddia tələbinin mübahisələndirilə bilən hissəsinin məbləğ etibarı ilə 5.000 manatdan az olduğunu nəzərə alıb, belə qənaətə gəlir ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh Bakı Sağlamlıq Mərkəzi X26 və birinci iş üzrə Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh Bakı Sağlamlıq Mərkəzi X20 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2602/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni birinci iş üzrə iddianın təmin və rədd edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilsin. Göstərilən tibbi xidmətlərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 20.555,79 (iyirmi min beş yüz əlli beş manat, yetmiş doqquz qəpik) manat məbləğində pul Bakı Sağlamlıq Mərkəzi X20 xeyrinə tutulsun. Birinci iş üzrə iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh Bakı Sağlamlıq Mərkəzi X22 aid edilsin. Qətnamədən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar