Məhkəmə qərarları › İş №2(103)-1403/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1403/2024

18.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1403/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin cavabdehdən alınıb istifadəsinə verilməsi və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(005)-286/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 180 nömrəli Sərəncamına əsasən yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində 0,55 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir.

2. Sərəncamın 2.6-cı bəndinə görə, rayonun Sabit Rəhman küçəsi 18, 20, 22, 24 və 26 nömrəli ünvanlarda yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur.

3. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanda 4 otaqlı yaşayış evinin söküntü altına verilməsi və əvəzində yerində tikilən binadan mənzil verilməsi ilə bağlı razılaşma "xxxx" MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma şərtləri daxilində müqavilə əsasında rəsmiləşdirilmişdir. Müqavilə əsasında razılaşdırılmış şərtlərə uyğun olaraq, MMC tərəfindən Cavabdeh S.Rəhman küçəsində yeni tikilən binanın “B” girişində 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. 2 otaqlı və 6-cı mərtəbəsində yerləşən sahəsi 92 kv.m. 2 otaqlı olmaqla, iki mənzil, eyni zamanda, mənzil təhvil verilənə kimi hər ay kirayə haqqı və mənzillərin təmir haqqı ödənilmişdir. Bununla da MMC müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanı S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı (mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə yaranan hüquq ona aid edilməklə) mənzilin cavabdehdən alınıb, istifadəsinə verilməsi və onu adı keçən binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m olan 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanda mövcud olmuş 4 otaqlı 10 saylı mənzil mülkiyyət hüquqları əsasında mərhum atasının adına olmuş, o da daxil olmaqla, cavabdeh anası ilə ailə olaraq onlara məxsus olmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 180 saylı sərəncamı əsasında həmin ərazidə mövcud köhnə tikililərin sökülməsi və yerində yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə qərar verilmişdir. Həmin qərarın 2.6 və 3-cü bəndlərinə əsasən Sabit Rəhman küçəsi 18,20,24 və 26 saylı ünvanda yerləşən yaşayış binaları sakinlərin hər ay üçün kirayə haqqı ödənilməklə müvəqqəti başqa mənzillərə köçürülməsi, aylıq kirayə haqqının yeni tikiləcək binadan mənzil verilənə kimi ödənilməsinin təmin edilməsi və binaların sökülməsi MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən hündürmərtəbəli bina tikintisi ilə bağlı qeyd olunan sərəncamın icrası məqsədləri üçün onlara məxsus əmlakın söküntü altına verilməsi təklif olunmuşdur. Təklif onlar tərəfindən qəbul edilmiş və tikiləcək binada alacağları yaşayış sahəsi, bir deyil, o və cavabdeh iki ailə olması səbəbindən 2 ayrı-ayrı mənzil ilə bağlı MMC ilə razılaşmışdırlar. Razılaşmaya görə alınacaq mənzillərdən biri onun ailəsinə verilməli idi. Məhz bu razılaşma şərtinə görə evin söküntüsünə etiraz bildirməmiş və MMC ilə razılaşmanın rəsmiləşdirilməsini anasına etibar etmişdir. Bununla bağlı danışıqların cavabdehlə aparılmasını MMC-yə razılığını bildirmişdir. Buna görə də MMC ilə müqaviləni cavabdeh bağlamışdır. MMC tərəfi razılaşmaya uyğun olaraq, tikinti altına verilən evin sahəsinə 20 %-dən çox sahə əlavə etməklə, həmin ünvanda tikilən yeni yaşayış binasında onlara iki yeni mənzillər vermişdir və müqavilə tərəfi cavabdeh olduğundan, mənzillər ona təhvil verilmişdir. Lakin cavabdeh mənzilləri öz adına yazdırmış, təhvil götürəndən sonra mənzillərdən birini ona verməkdən hər vasitə ilə yayınmış, indi də aldığı pula hələ ev tapa bilməməsi bəhanəsi ilə mənzili ona verməkdən imtina etmişdir. Cavabdehlə ilkin razılaşmaya əsasən kirayə haqqı və həmçinin iki mənzilin təmiri üçün hesablanmış vəsaiti cavabdeh özünə götürmüş, həmin pul vəsaiti hesabına Mehdiabad qəsəbəsində özünə bir fərdi yaşayış evi alacağını bildirmişdir. Həqiqətən də köhnə evdən köçəndən sonra cavabdeh qardaşı ilə birgə Mehdiabad qəsəbəsinə köçmüş və hazırda da orada yaşayırlar. Aldığı mənzillərdən birini qardaşına vermiş və hazırda qardaşı orada yaşamaqdadır. Digər mənzil isə təmirsiz vəziyyətdə, qapını bağlayıb, açarı ona verməkdən imtina etmişdir. Bununla bağlı MMC-yə müraciətinə cavab olaraq MMC-nin direktoru bildirmişdir ki, “..müqavilə əsasında razılaşdırılmış şərtlərə uyğun olaraq, MMC tərəfindən Cavabdeh S.Rəhman küçəsində yeni tikilən binanın “B” girişində 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı və 6-cı mərtəbədə yerləşən sahəsi 92 kv.m 2 otaqlı olmaqla, iki mənzil, eyni zamanda, mənzil təhvil verilənə kimi hər ay üçün kirayə haqqı və mənzillərin təmir haqqı ödənilməmişdir. Bununla da MMC müqavilə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Sizin razılaşmanız ayrıca bir başa MMC ilə deyil, anası Cavabdeh ilə öz arasında olmuşdur. Öz aralarında razılaşmanım nəticəsi olaraq, əmlakın sökülməsinə ümumi razılıq əsasında sonuncu MMC ilə müqavilə bağlanmışdır və bununla bağlı gələcəkdə hər hansı mübadiləni özü həll edəcəyinə dair ayrıca ərizə vermiş və bununla bağlı ayrıca öhdəlik götürmüşdür....”. Göründüyü kimi cavabdeh hər ay üçün kirayə haqları və daha sonra da mənzillərin təmiri üçün hesablanmış məbləği götürmüş, lakin razılaşmanın ziddinə olaraq, mənzillərdən birini ona verməli olduğu halda verməmişdir. Birgə yaşadıqları evi söküntü altına verilməklə əldə edilən iki mənzildən birini ona verilməsi ilə bağlı yaranmış öhdəliyə vaxtında və lazımi qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da, nəticəsi olmamışdır. Ona görə də məsələni məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Bu səbəblə cavabdehə təhvil verilmiş iki mənzildən biri S.Rəhman küçəsində yeni tikilən binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı mənzil cavabdehlərdən xeyrinə tələb olunmalıdır. Mübahisə ilə bağlı adı keçən Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Sabit Rəhman küçəsinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzil, əvəzində verilmiş, sökülməsi üçün tərəfindən razılıq verilmiş həmin ünvanda yerləşən yaşayış evində rəsmi qeydiyyatda olmaqla ailəsi ilə birgə yaşamaqla, istifadə hüququna malik olmuşdur. Sökülməsinə razılıq verilmiş mənzildə mövcud olmuş bütün hüquqlar, onun əvəzində verilən mənzilə aid edildiyi bəlli və mübahisəsiz haldır. Sökülmüş mənzildə mövcud olmuş istifadə hüququnun, onun əvəzində verilmiş yeni mənzildə əldə etməsi üçün həmin mənzilə köçürməklə mümkündür.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-286/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmiş binanın “B” girişində 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilin cavabdehdən alınıb, onun istifadəsinə verilməsi üçün əsas göstərə bilməmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilə qüvvədə olduğu halda mübahisəli mənzilin iddiaçının istifadəsinə verilməsi tələbi təmin oluna bilməz.

8. Məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). Məhkəmə iddianın mənzilə köçürülmə hissəsində də əsaslı hesab etmir, belə ki, iddiaçının həmin mənzilə dair hər hansı hüquqları mövcud deyil.”

9. Məhkəmə öz mövqeyini Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarına, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1,119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnaməni qanunsuz, əsassızdır. O uzun müddət (doğulduğu vaxtdan) Bakı şəhəri Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 20 ünvanında yaşamış, sonradan həmin ev sökülərək iş üzrə cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən həmin evin əvəzinə həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəli yaşayış binasının “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. 2 otaqlı və 6-cı mərtəbəsində yerləşən sahəsi 92 kv.m. 2 otaqlı olmaqla, iki mənzil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin məhkəmə iş üzrə qətnamə qəbul edərkən, mübahisənin yarandığı müddəti nəzərə almaqla qane olmuş, bu mübahisənin yaranmasına əsas olan tərəflər arasında hüquq münasibətlərinin yarandığı müddəti nəzərdən qaçırmışdır. Məhkəmə unutmuşdur ki, tərəflər ana-oğul olmaqla, yeni mənzilin verilməsinə əsas olmuş, sökülmüş evə nisbətdə hüquq münasibətləri, yeni mənzilin verilməsi anından deyil, iddiaçının doğulduğu və ailə üzvü kimi həmin evdə yaşadığı vaxtdan yaranmışdır. Hazırki işdə cavabdeh ana iddiaçı oğluna mənzildə yaşamağa maneə yaradır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, hər iki mənzilə cavabdehin mülkiyyət hüququ əldə etməyə "xxxx" hüququ mövcuddur. Bu baxımdan müqavilənin MTK ilə cavabdeh arasında bağlandığından asılı olmayaraq, sökülmüş evin yerinə verilmiş 2 mənzilə, hüququn keçməsi əsasdan iddiaçı da cavabdehlə eyni hüquqa malikdir. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2910/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və N.Cəfərovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, qətnamə iddianın mənzilə köçürülmə hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə təmin edilmiş, iddiaçının ünvan 4 ünvanı S.Rəhman küçəsi 18, 20, 22, 24 və 26) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilə köçürülməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Kollegiya hesab edir ki, iddiaçının köçürülməyi tələb etdiyi "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzil onun istifadə hüququ olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 20, 10 nömrəli mənzilin əvəzində verildiyindən, onun həmin mənzildən istifadə hüququ olmaqla, mənzilə köçürülməsi hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.”

c)Kassasiya instansiya məhkəməsindəki icraat

15. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-3803/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (məruzəçi), Z.Əliyev və A.Abbasov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2910/2023 nömrəli iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən (iddiaçının mənzilə köçürülməsi) hissədə ləğv edilmiş, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Cavabdeh kassasiya şikayəti təmin edilmişdir.

17. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gəlsə də, bununla bağlı qətnamədə mübahisəli mənzilə dair hər hansı hüquqverici rəsmi sənədə (sərəncam, order və sair), habelə binada söküntü işlərinə başlanmazdan əvvəl həmin mənzildə kimlərin nə vaxtdan yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu və yaşayıbyaşamadığı barədə mötəbər sübuta istinad etməmişdir. Həmin məhkəmə eyni qaydada cavabdehin həqiqətən mənzilin icarədarı olub-olmadığını, iddiaçının onunla birlikdə yaşayıb, birgə təsərrüfat aparıb-aparmadığını da dəqiqləşdirməmişdir. Bu mənada apellyasiya instansiyası məhkəməsinin sözügedən qənaətini “Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ... iddiaçının ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ... mənzil sökülənə kimi orada yaşaması hazırkı işin mübahisəsiz halıdır.” məzmunda əsaslandırması anlaşılan deyil. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, qeyd olunan hallar apellyasiya araşdırmasının predmeti olmalı idi. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin həm 53-cü, həm də 123-cü maddələrinə istinad etməklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsi icarədarın, 123-cü maddəsi isə yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələrini tənzimləyirdi.

Proses iştirakçılarının izahatı

18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş)

19. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri hesab olunurlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

20. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

21. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

22. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 (altı) ay saxlanılır.

23. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə qismən – iddia tələbinin iddiaçının mübahisəli mənzilə köçürülməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki apelyasiya baxışının xx.xx.2024-cü il tarixə təyin, daha sonra isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə təxirə salınmasına baxmayaraq, tərəflər aşkar şəkildə prosessual laqeyidlik nümayiş etdirərək məhkəmə iclaslarına gəlməmişlər. Ona görə də kassasiya instansiya məhkəməsinin araşdırılmasını tələb etdiyi hallar iş materiallarına əsasən qiymətləndirilmişdir.

33. Tərəflər ana – oğuldur. İddiaçının atasına (cavabdehin ərinə) məxsus olmuş ünvan 1 ünvanda 4 otaqlı yaşayış evi atası öldükdən sonra cavabdehin mülkiyyətinə (iddiaçı tərəfin izahatına əsasən iş.v.108) keçmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 180 nömrəli Sərəncamına əsasən yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində 0,55 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Bu məqsədlə sözügedən yaşayış evi də sökülmüş, mülkiyyətçi cavabdeh olduğundan yaşayış evinin söküntü altına verilməsi və əvəzində yerində tikilən binadan mənzil verilməsi ilə bağlı razılaşma "xxxx" MMC ilə cavabdeh arasında qarşılıqlı razılaşma şərtləri daxilində müqavilə əsasında rəsmiləşdirilmişdir.

34. İddiaçı bildirir ki, "xxxx" MMC tərəfindən edilən təklif onlar tərəfindən qəbul edilmiş və tikiləcək binada alacağları yaşayış sahəsi bir deyil, o və cavabdeh iki ailə olması səbəbindən 2 ayrı-ayrı mənzil ilə bağlı MMC ilə razılaşmışdırlar. Razılaşmaya görə alınacaq mənzillərdən biri onun ailəsinə verilməli idi. Məhz bu razılaşma şərtinə görə evin söküntüsünə etiraz bildirməmiş və MMC ilə razılaşmanın rəsmiləşdirilməsini anasına etibar etmişdir. Bununla bağlı danışıqların cavabdehlə aparılmasını MMC-yə razılığını bildirmişdir. Buna görə də MMC ilə müqaviləni cavabdeh bağlamışdır.

35. Halbuki, iddiaçı nə anası, nə də "xxxx" MMC ilə yuxarıdakı məzmunda hər hansı razılaşma əldə etməsinə dair hər hansı sənəd (sübut) təqdim etməmişdir.

36. İddiaçı hazırda sökülən mənzildə qeydiyyatda olmaqla yaşadığına istinad edərək, istifadə hüququ olduğundan onun əvəzində inşa edilmiş yeni binanın “B” girişində, 5ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilə köçürülməsini tələb edir.

37. Cavabdeh tərəf isə bildirir ki, iddiaçı uzun müddət (10 ildən çox) sökülmüş mənzildə yaşamır, başqa yaşayış sahəsinə köçmüşdür və orada daimi yaşayır.

38. Kollegiya əvvəla qeyd edir ki, sökülən ev tərəflərin ailəsinə məxsus olmuş, iddiaçı mülkiyyətçinin ailə üzvü kimi mübahisəli mənzildə yaşayaraq həmin mənzildən istifadə hüququna malik olmuşdur. Lakin bu hüquq mütləq hüquq deyil və şəxs daimi yaşayış yerini dəyişdikdə, əvvəlki yaşayış sahəsinə istifadə hüququnu da itirir.

39. Beləliklə, araşdırılmalı olan məsələ iddiaçının söküldüyü vaxt anasına məxsus mənzildə real olaraq yaşayıb-yaşamaması, yəni həmin mənzildən istifadə hüququnun olub-olmamasıdır. Çünki, yalnız istifadə hüququ olduğu təqdirdə onun yeni mənzilə köçürülməsi barədə iddiası təmin oluna bilər.

40. Münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

41. Lakin yuxarıda da göstərildiyi kimi cavabdeh tərəf iddiaçının 10 ildən çox müddətdir həmin evdə yaşamadığını, başqa yaşayış sahəsinə köçdüyünü bildirmişdir.

42. İddiaçı tərəf həmin evdə yaşadığını iddia etdiyinə görə tələbinin əsasını təşkil edən həmin halları sübut etmək yükünü daşıyır.

43. Belə ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

44. Mülki proses işin hallarını birbaşa müəyyən edən sübutlarla yanaşı, dolayı və ya yanakı sübutlardan da istifadə olunmasını istisna etmir. İş materiallarında birbaşa sübutlar olmadıqda və ya belə sübutlar işin hallarını müəyyən etmək üçün yetərli olmadıqda məhkəmə dolayı sübutlardan istifadə edə bilər.

45. Məhkəmə izahat vermək üçün tərəfin mülki prosesdə şəxsən iştirakını zəruri hesab etdiyi və tərəfin məhkəməyə gəlməmək üçün hər hansı üzrlü əsasları olmadığı halda məhkəməyə gəlməməyin nəticələri MPM-in 106 və 184-cü maddələri ilə tənzimlənir.

46. Belə ki, MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (184.2).

47. Prosessual qanunvericiliyin sadalanan normalarının mənasından göründüyü kimi qanun tərəflərin izahatlarını da iş üzrə sübut növlərindən biri kimi nəzərdə tutur və məhkəmənin təklif etməsinə baxmayaraq tərəfin sübutları təqdim etməməsi (o cümlədən təklif olunan hal və ya sübutla bağlı şifahi və ya yazılı izahat verməkdən imtina etməsi) məhkəmənin münasibət bildirilməsini zəruri hesab etdiyi mübahisəli halın müəyyən edilmiş hesab olunması, işdə olan mövcud materiallar əsasında qərar qəbul edilməsi üçün əsas ola bilər.

48. Kollegiya tərəfindən iddiaçının iştirakının təmin edilməsi üçün məhkəmə iclası iki dəfə təxirə salınmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.

49. Belə olan halda iddiaçı mənzilə köçürülməsi ilə bağlı tələbinin əsasını təşkil edən halları, yəni anasına məxsus olan yaşayış evi sökülən zaman həmin evdə yaşamasını sübuta yetirməmişdir. İşdə olan mövcud materiallar əsasında isə belə nəticəyə gəlmək mümkün deyildir.

50. Beləliklə, iddiaçının sökülən yaşayış evinə həmin vaxt istifadə hüququnun olması müəyyən olunmur. Onun həmin evə pasport qeydiyyatının olması isə heç bir əhəmiyyət daşımır, çünki qeydiyyat istifadə hüququnun olmasını təsdiq edən hal hesab olunmur.

51. Belə olan halda iddiaçının sökülən evin müqabilində verilmiş mənzilə köçürülməsi barədə iddiası təmin oluna bilməz.

52. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının həmin mənzilə dair hər hansı hüquqları mövcud deyildir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan (İddiaçı ünvan 2 ünvanı S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilə köçürülməsi hisssəsində) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar