Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1407/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Ə.D.Məlikov adına X13” PHŞ və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(“tibb işçilərinin əməkhaqlarına hesablanan müddətli əlavənin ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh “Ə.D.Məlikov adına X13” PHŞ-nin nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər “Ə.D.Məlikov adına X13” PHŞ və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-yə qarşı “tibb işçilərinin əməkhaqlarına hesablanan müddətli əlavənin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5599/2022 saylı işi üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının cavabdehlər tərəfindən yeni növ koronovirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildiyi 2021-ci ilin sentyabr və oktyabr ayları üzrə aylıq vəzifə (tarif) maaşının 5 mislindək miqdarda əmək haqqının müddətli əlavələrin hesablanıb ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5599/2022 saylı işi üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 12, 154, 157, 172, 173-cı maddələrinə, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamına, "Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4-cl maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə işində məsuliyyətsiz yanaşdığına və verilən tapşırıqları icra etmədiyinə, işində yol verdiyi nöqsanları aradan qaldırılması ilə bağlı verilən xəbərdarlıqlara məhəl qoymadığına görə müalicə işlərindən uzaqlaşdırılmış, sentyabr, oktyabr aylarında işə gəlməmiş, xx.xx.2021- ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 2021-ci ilin sentyabr, oktyabr ayları üçün əlavə əmək haqqı cədvəllərindən görünür ki, iddiaçı əlavə əmək haqqı almalı işçilərin sırasında qeyd olunmamışdır. Bundan başqa iddiaçı Abşeron Modul tipli xəstəxanada 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində müalicə işlərindən kənarlaşdırılması, bu müddət ərzində işə gəlməməsini xx.xx.2021 -ci il tarixli akt da təsdiq edir. İddiaçı Abşeron Modul tipli xəstəxanada 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində işdə olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunan əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsini istisna edir. Çünki qeyd edilən əlavə Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində çalışan işçilərə şamil olunmuşdur.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: -AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, "Ə.D.Məlikov adına X13” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə 76-K nömrəli əmrlə o, müalicə işlərindən uzaqlaşdırılmış və həmin müddət ərzində yeni nov koronavirus (covid-19) infeksiyası ilə mübarizə tədbirlərinində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət edilmədən 2021-ci ilin sentyabr və otkyabr ayları üzrə əmək haqqına müvafiq əlavə ödənilməmişdir. Halbuki əmək qanunvericiliyində işçinin işdən uzqlaşdırılması nəzərdə tutulmamış, işdən kənarlaşdırılması isə qanunvericlikdə konkret hallar üzrə müəyyənləşdirilməmişdir.Eyni zamanda onun bağlanmış müddətli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Əmək haqqının müddətli əlavənin ödənilməməsi səbəbindən müəssisənin vəzifəli şəxsi barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Qərar qəbul edilmiş və "Ə.D.Məlikov adına X13” PHŞ-in rəhbərliyinə əmək haqqının qanunvericiliyin tələblərinə uyğun olaraq ən qısa zamanda hesablanıb ödənilməsinin təmin edilməsi barədə məktub göndərilmişdir; -"Ə.D.Məlikov adına X13” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, pandemiyaya qarşı mübarizə çərçivəsindən Abşeron olimpiya kompleksində təşkil edilmiş modul tipli xəstəxanada çalışan işçilərin ödənişləri Bakı Baş Səhiyyə idarəsi tərəfindən həyata keçirilmişdir. Sonuncu dəfə sentyabr ayında onun hesabına 1574,08 manat məbləğində (vergi və s. ödənişlər tutulmaqla) əmək haqqına əlavələr ödənilmişdir; - Aktlardan və izahatlardan görünür ki, İddiaçı müvafiq tibb müəssisəsində işlədiyi dövrdə bir neçə dəfə nöqsana yol verməsi barədə aktlar tərtib edilmiş və bununla bağlı xəbərdarlıq edilmişdir; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 1456/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB "Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Ximdətinin Bakı şəhər idarəsinin 26 aprel 2022- ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir (iş səh.3,8, 10,38-42, 131). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 9.1, 9.2, 9.3, 77.1, 77.3, 88, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, xəstəxanada işlədiyi sentyabr və oktyabr aylarının əmək haqqısını almışdır, NECƏ OLA BİLƏR Kİ, XƏSTƏXANADA İŞLƏDİYİ 2 AYİN ƏMƏK HAQQİSİNİ ALDİĞİ HALDA O, İŞƏ GƏLMƏMİSDİR ? (məhkəmə bu faktı yoxlamamışdır) Bu qədər yalan və böhtan olarmı?. O, 2 ayın əmək haqqısını aldığı halda əmək haqqına 5 qat əlavəni də almalıdır. Bu barədə Respublika Prezidentinin sərəncamı vardır. Lakin cavabdeh müxtəlif yalanlar gətirərək əmək haqqına əlavəni ona verməkdən imtina edir, ona şər atır. Prezidentin sərəncamına məhəl qoymur. O, cavabdehin hərəkətlərindən TƏBİBƏ, Səhiyyə Nazirliyinə və digər orqanlara şikayət etmişdir. Ona cavab verilmişdir ki, 2 aylıq əmək haqqına əlavəni Xəstəxana verməlidir. Bundan başqa o, Əmək müfəttişliyinə cavabdehin qanunsuz hərəkətləri barədə şikayət etmiş, bununla bağlı cavabdeh cərimə olunmuşdur. Beləliklə də birinci instansiya məhkəməsi işə səthi baxmış, 2 aylıq əmək haqqını almağını nəzərə alıb ona 5 qat əlavənin də ödənilməsini təmin etməmiş, qüvvədə olan qanunları kobud surətdə pozmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən cavabdeh “Ə.D.Məlikov adına X13” PHŞ-nin nümayəndəsi vəkil X8 apellyasiya şikayətini qəbul etmədiklərini, iddiaçının xx.xx.2021-ci il tarixində 3 ay müddətinə müqavilə bağladığını, xx.xx.2021-ci il tarixinədək müqaviləsinin 3 dəfə uzadıldığını, lakin 2021-ci ilin avqust ayında kollektiv üzvləri tərəfindən iddiaçının davranışı ilə əlaqədar şikayətlərin daxil olduğunu, xəstələrə hər hansı stansionar tibbi xidmət göstərmədiyini, 2021-ci ilin sentyabr və oktyabr aylarında işə gəlmədiyini və işə gəlməməsi barədə hər hansı bir üzrlü səbəb göstərmədiyini, barəsində akt tərtib olunduğunu, iddiaçının Əmək Müfəttişliyinə şikayət etdiyini, davamiyyət jurnallarında işçinin işə gəlməsini göstərən qeydlərin olmaması və kollektiv üzvlərinin iddiaçıdan olan şikayətlərinə baxmayaraq, cavabdeh xəstəxana barəsində inzibati xəta haqqında qərar qəbul edildiyini, qeyd edilən qərarın Bakı şəhərinin Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edildiyini, qarşı tərəfin həmin qərardan, eyni zamanda işdən kənarlaşdırılması barədə əmrdən şikayət vermədiyini, işçini Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən deyil, qeyd edilən dövrün pandemiya şəraitində həssas dövr olduğu üçün, müqavilə müddətinin bitməsini gözlədikdən sonra bu əsasla müqaviləyə xitam verildiyini və həmin aylar üçün də əmək haqqının iddiaçıya ödənildiyini bildirmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
7. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1456/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 76K nömrəli əmr ilə işində məsuliyyətsiz yanaşdığına və verilən tapşırıqları icra etmədiyinə, işində yol verdiyi nöqsanları aradan qaldırılması ilə bağlı verilən xəbərdarlıqlara məhəl qoymadığına görə Abşeron modul tipli xəstəxanasında müddətli müqavilə ilə həkim-terapevt vəzifəsində çalışan İddiaçı müalicə işlərindən uzaqlaşdırılmışdır. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 35, 71, 129; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi, 70, 77-ci maddələrinə; Mülki Məcəllənin 560-cı və Mülki Prosessual Məcəllənin 14, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiyada qeyd edilənlərin formal əsasları şikayətin tam və ya qismən təmin edilməsi, habelə qətnamənin şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Abşeron modul tipli xəstəxanasında müddətli müqavilə ilə həkim-terapevt vəzifəsində çalışan İddiaçı müalicə işlərindən uzaqlaşdırılması barədə xx.xx.2021-ci il tarixli, 76K nömrəli əmri mülki qaydada mübahisələndirməməsi və bu əmrə görə inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1456/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB "Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Ximdətinin Bakı şəhər idarəsinin 26 aprel 2022- ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi də bunları təsdiq edir. Ona görə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyiışdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
10. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə 25 mart 2020-ci il tarixli 112 №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən: “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X6 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində. 2. Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2023-cü il martın 1-dək olan müddət üçün ödənilir.
11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 68. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:b) əmək müqaviləsinin müddətinin qurtarması; 73. 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 165. 1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir; 179. 1. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. 2. l) bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5599/2022 saylı işi üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.