Məhkəmə qərarları › İş №2(103)-1408/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1408/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1408/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və X9 qarşı iddia tələbinə dair (Açar sözlər:müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, subyektiv hüquq, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh X8 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh2nə və X9 qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən X13 (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “Yaşayış binasında mənzil tikintisi haqqında” 17 may 2006-cı il tarixli müqavilə ilə "Araz- Tİ.” MMC ünvan 1 ünvanında yerləşən, həmin MMC tərəfindən tikilməkdə olan binanın ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsini payçı İddiaçı verməyi, payçı isə sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2500 ABŞ dolları razılaşdırılmaqla qeyriyaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Cavabdeh2 MMC-nin verdiyi maliyyə arayışına əsasən pay dəyəri olan 1 250 000 ABŞ dolları İddiaçı tərəfindən tam ödənilmiş, onun MMC-yə borcu qalmamışdır.

3. “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə ilə "Araz-Tİ.” MMC ünvan 1 ünvanında həmin MMC tərəfindən tikilməkdə olan binanın 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsini payçı X9 verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2521 manat olmaqla, cəmi 300 000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür.

4. Cavabdeh2 MMC-nin 18 sentyabr 2011-ci il tarixli maliyyə arayışına əsasən pay dəyəri olan 300 000 manat X13 tərəfindən tam ödənilmişdir, borcu yoxdur.

5. İddiaçı Cavabdeh2 MMC-nə qarşı iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, "xxxx" MMC tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (iddiaçı) "xxxx" MMC-yə və X9 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədəki binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh2 MMC arasında müqavilənin bağlanmasından 17 il keçməsinə baxmayaraq, 500 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair müqavilə öhdəliyi cəmiyyət tərəfindən yerinə yetirilməmiş, bu səbəblə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, ona məxsus qeyri-yaşayış obyektinin bir hissəsi 18 sentyabr 2011-ci il tarixli müqavilə əsasında MMC tərəfindən X1. Cavabdehlər arasında bağlanmış həmin müqavilə qanunsuz və əsassız olmaqla, onun mülkiyyət hüququnu pozur.

8. Birinci instansiya məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 MMC və X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin mülkiyyətində olmayan əşya (qeyri-yaşayış sahəsi) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin əmlak barədə X13 ilə 18 sentyabr 2011ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 324.1, 337.1, 337.2, 337.5, 425, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Qətnamədən cavabdeh X13 apellyasiya şikayəti verərək, onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər arasında "xxxx" MMC-yə məxsus olmayan möhürlə təsdiqlənən tarixi müəyyən edilməyən maliyyə arayışı vardır. Məhkəmə sübutları araşdırarkən, Mülki Prosessual Məcəllənin 78,79,87-ci maddəsinin tələblərini pozmuş, iddiaçının təqdim etdiy arxiv arayışının tarixi barədə, təqdim edilən müqavilənin "xxxx" MMC-yə məxsus olub-olmamasını müəyyənləşdirməmişdir. Bundan başqa, "xxxx" MMC xx.xx.2022-ci il tarixli hazırlıq iclasında mülki işin dayandırılması barədə ərizə versə də, məhkəmə işin dayandırılmasına istər məhkəmə iclas protokolunda, istər məhkəmə qərardadı ilə, istərsə də məhkəmə qətnaməsində münasibət bildirməmişdir. Cavabdeh mülki işin dayandırılması üçün səbəb kimi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2857/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyini göstərmiş, lakin məhkəmə iddiaçının təqdim etdiyi həmin qətnaməyə istinad etmişdir. İddiaçı sözügedən qeyri-yaşayış sahəsinin X9 aid olduğunu bilə-bilə məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli müqaviləni əsas sübut kimi təqdim etmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-373.2-ci maddələrində qeyd edilənləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd edilir ki, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsi müddətin keçməsi ilə bağlı ərizənin verilməsi hüququnun pozulması anlamına gəlmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzi tikintisi haqqında” müqaviləyə əsasən, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 m2 olan qeyri-yaşayış sahəsinin payçıya (Cavabdeh1) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m2 üçün 2521 manat olmaqla, cəmi 300 000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüş və öhdəliyi tam icra etmişdir. Cavabdeh məhkəmə iclasının gedişatından xəbərdar olmadığı üçün həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

14. Cavabdeh Əli Kərimlinin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, həmçinin bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi təmsil etdiyi şəxsin maraqlarına toxunmadığından, həmin qətnamədən şikayət verilməmişdir.

15. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin təyinatı əsasında aparılmış ekspertiza tədqiqatı üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli rəydə göstərilmişdir ki, “...İddiaçı ilə "Araz-T.İ.” MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyriyaşayış sahəsidir. Baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğu nəzərə alınaraq, iddiaçıya verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. "Araz-T.İ.” MMC ilə və X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən X9 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, hazırda mövcuddur, konfiqurasiyası və nisbi ölçüləri "Araz-T.İ.” MMC-nin direktoru R.S.Qazaxlı və "Payçı” X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 kv.m təşkil edir. İddiaçı ilə "Araz T.İ.” MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyriyaşayış sahəsinin plan-sxem ilə, "Araz-Tİ.” MMC ilə X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, iddiaçı ilə "Araz-Tİ.” MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə "Araz-Tİ.” MMC ilə X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən X9 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir”.

17. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması qət edilmişdir.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı və "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi ilə, "xxxx" MMC ilə X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, İddiaçı ilə "Araz-Tİ.” MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə "Araz-Tİ.” MMC ilə X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən X9 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu da özlüyündə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının surət olaraq təqdim etdiyi və onunla "Araz-T.İ.” MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi 500,0 kv.m sahə üçün plan-sxem olmamışdır.

19. Məhkəmə vurğulamışdır ki, İddiaçı "xxxx" MMC ilə arasında bağlanmış 17 may 2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən 500,0 kv.m qeyri-yaşayış sahəsinin plan-sxemini təqdim etməmiş, "Araz-T.İ.” MMC ilə X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən X9 verilmiş 119 kv.metr qeyri-yaşayış sahəsinin 119 kv.metr surətini təqdim etmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən qeyri-yaşayış sahəsi 500,0 kv.m təşkil edir. Bu səbəbdən, yəni, İddiaçı ilə "Araz-T.İ.” MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemlə, "Araz-Tİ.” MMC ilə X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, yuxarıda istinad olunan ekspert rəyinə əsasən İddiaçı ilə "Araz-Tİ.” MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə "Araz-Tİ.” MMC ilə X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən X9 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsi olması, ekspertiza baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğu nəzərə alınaraq, İddiaçı verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmaması, lakin Cavabdeh2 MMC ilə və X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən X9 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşməsi, hazırda mövcud olması, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı və “Payçı” X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 kv.m təşkil etməsinin müəyyən olunması nəticəyə gəlməyə əsas verir ki, iddiaçının Cavabdeh2 MMC ilə X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləsini və müqaviləyə əsasən X9 qeyriyaşayış sahəsinin verilməsini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 337.1, 337.2, 337.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7-ci maddələri ilə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2023cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddianı rədd edən apellyasiya məhkəməsi iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmaması nəticəsinə gəlmiş və bu mövqeyini iş üzrə keçirilmiş ekspertiza rəyi ilə 17 may 2006-cı il tarixli müqavilə üzrə iddiaçının mülkiyyətinə verilən 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etməyin mümkün olmaması ilə əsaslandırmışdır. Buna görə də, məhkəmə iddiaya tətbiq edilməli olan maddi hüquq normasını müəyyən etməmiş və tələbi onun qanuni əsası üzrə qiymətləndirməmişdir. Kassasiya kollegiyası belə əsaslandırma ilə razılaşmır. ...İddiaçı hazırki tələbini onunla cavabdeh MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilə ilə əsaslandırmış və hesab etmişdir ki, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etdiyindən (müqavilə üzrə ödəməli olan vəsaiti vaxtında və tam ödədiyindən) onun müqavilənin predmeti üzərində mülkiyyət hüququ yaranmış, cavabdehlər arasında isə 18 sentyabr 2011-ci il tarixdə qeyd olunan sahənin 119 kv.m. hissəsi barəsində yeni müqavilə bağlanılmaqla, onun bu hüququna müdaxilə olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasını əsaslandırarkən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmiş və bununla da, Mülki Prosessual Məcəllənin 88 və 101.7-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqat yalnız 119 kv.m. qeyri-yaşayış sahəsi üzrə keçirilmişdir. Halbuki, iddiaçı müqavilə üzrə onun sahibliyinə 500 kv.m qeyri-yaşayış sahəsinin verilməsini və həmin sahənin 119 kv.m. hissəsinin cavabdehlər arasında bağlanmış müqavilənin predmeti olmasını iddia etmişdir. Apellyasiya məhkəməsi iddiaçının müqaviləsi üzrə plan-sxemin təqdim edilməməsini qeyd etməkdə, cavabdeh X2 iddiaçının sahəsi ilə üst-üstə düşməsinə dair ekspert rəyi ilə razılaşmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi bu qənaət natamam araşdırmanın nəticəsi olmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçı ilə bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə sonuncunun sahibliyinə verilən sahənin konfiqurasiyası, dəqiq yerləşmə nöqtələri və eyniləşdirməyi imkan verən digər məlumatlar öz əksini tapmamışdır. Əksinə, cavabdehlər arasında bağlanılan 18 sentyabr 2011-ci il tarixli müqavilədə mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın 2-ci giriş, 1-ci mərtəbəsində, girişdə solda 7-ci və 8-ci sütunların arasında yerləşməsi göstərilmişdir. Qeyd olunmalıdır ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən cavabdeh MMC-nin tikdiyi binanın qeyri-yaşayış sahəsinin ümumi ölçülərini müəyyən etmək üçün hər hansı araşdırma aparılmamışdır. Halbuki, binanın qeyri-yaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq onların hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir. Binanın qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 500 kv.m.-dən artıq olduğu halda isə, qalan sahələrə münasibətdə MMC ilə işə cəlb olunmayan şəxslər arasında müqavilələrin mövcudluğu araşdırılmaqla, mübahisələndirilən sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olacaqdır. Göründüyü kimi, iddiaçı etibarlılığı mübahisələndirilməyən müqavilə əsasında qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına istinad etdiyi halda, apellyasiya məhkəməsi həmin müqavilə üzrə nəzərdə tutulan sahənin naturada yerləşmə vəziyyətinin müəyyən etməyin mümkün olmamasını əsas götürüb, iddiaçının subyektiv hüquqa malik olmaması nəticəsinə gəlməklə, Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə almamış, əsassız olaraq tərəflər arasında mübahisəli hüquq münasibətlərinin qanuni əsasını müəyyən etməmiş və maddi hüquq normalarına əsasən iddiaya hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun müqavilə bağlanılarkən sahənin dəyərini tam ödəməklə yarandığını, sonradan Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin hüququnun bir daha təsdiq olunduğunu iddia edir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsi hazırda cavabdeh X8 faktiki istifadəsində olsa da, ona nə vaxt təhvil verilməsi iş üzrə araşdırılmamışdır. Halbuki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyi-nəzərdən əhəmiyyətlidir. ...İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. ...İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdeh MMC tərəfindən inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin ümumi konfiqurasiyası və ölçülərinin müəyyən olunması üçün layihə sənədlərin təqdim olunması tərəflərə təklif olunmalı, zəruri olduğu halda bu sənədlərin məhkəmə qaydasında alınması ilə bağlı müvafiq sorğuların verilməsi və əlavə məhkəmə tikinti ekspertizanın keçirilməsi məsələsi tərəflərlə müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir”.

Təkrar apellyasiya baxışı, izahatlar

24. Cavabdeh Əli Kərimlinin təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, digər cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

25. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlara istinadla apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlar əsas götürülməklə cavabdeh MMC tərəfindən inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin ümumi konfiqurasiyası və ölçülərinin müəyyən olunması üçün layihə sənədlərin təqdim olunması tərəflərə təklif olunmuş, bu sənədlərin, eləcə də binanın 2-ci girişinin 1-ci mərtəbəsində mülkiyyət hüququ üzrə qeydiyyata alınmış qeyri-yaşayış sahələrinə dair sənədlərin alınması ilə bağlı müvafiq sorğular verilmiş və əlavə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertl qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- İş materiallarının 141-ci səhifəsində yer alan plan-sxemdə əks olunan göstəricilər nəzərə alınaraq, “Yaşayış binasında mənzil tikintisi haqqında” 17 may 2006-cı il tarixli müqavilə üzrə İddiaçı verilməli sahənin konfiqurasiyası, dəqiq yerləşmə nöqtələri və eyniləşdirməyə imkan verən digər məlumatları müəyyənləşdirilsin. - İş materiallarının 141-ci səhifəsində yer alan plan-sxemdə əks olunan göstəricilər nəzərə alınaraq, “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə üzrə X9 verilməli sahənin konfiqurasiyası, dəqiq yerləşmə nöqtələri və eyniləşdirməyə imkan verən digər məlumatları müəyyənləşdirilsin.

- ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi (ölçüsü) nə qədərdir (neçə kvadratmetrdir)?.

- ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində, girişdən solda 7-ci və 8-ci sütunlar arasında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü nə qədərdir?

- ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi (ölçüsü) 500 m2-dən çoxdursa, İddiaçı verilməli olan sahə həmin mərtəbədəki başqa hansı sahələrlə üst-üstə düşür?

27. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27 may 2024-cü il tarixli rəydə göstərilmişdir ki;

- İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmadı;

- "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S. Qazaxlı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plansxemə uyğun olmaqla sahəsi 119 m2 təşkil edir;

- ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi 488,4 m2 təşkil edir;

- ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində, girişdən solda 7-ci və 8-ci sütunlar arasında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 119 m2 təşkil edir.

28. Məhkəmə kollegiyasının sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən sənədlərdən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində 144,8 m2 qeyri-yaşayış sahəsi X6, 137,6 m2 qeyri-yaşayış sahəsi X5, 82 m2 qeyri-yaşayış sahəsi X4 adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

29. Həmin sənədlər tədqiq edilərkən müəyyən olunmuşdur ki, X6 adına qeydə alınmış əmlak binanın 2-ci girişinin 1-ci mərtəbəsində soldan 1-ci və 2-ci sütunların arasında, X5 adına qeydə alınmış əmlak binanın 2-ci girişinin 1-ci mərtəbəsində soldan 5-ci və 6-cı sütunların arasında yerləşir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

38. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

39. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

40. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

41. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

44. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

45. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

46. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

47. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

48. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

56. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

57. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

58. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

59. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

62. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

64. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

65. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

66. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər əsasında araşdırmalar aparılmış, müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsi digər şəxslərin (X6, X5 və X4) adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

67. İşin materiallarından aydın olur ki, qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsinin adı çəkilən şəxslərin (onların sələflərinin) mülkiyyətinə verilməsinə 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarları əsas təşkil edir və iddiaçı tərəfindən həmin qərarlar mübahisələndirilmişdir.

68. Yuxarıda qeyd olunduğu kimi, əvvəlki apellyasiya baxışı zamanı alınmış ekspert rəyi əsasında, iddiaçı və "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqaviləyə əsasən ona verilmiş qeyri-yaşayış sahəsi ilə, "xxxx" MMC və X13 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilə üzrə X9 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

69. Beləliklə görünən odur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələri faktiki olaraq tam şəkildə iddiaçıya satılmış, lakin onunla müqavilə bağlandıqdan 5 il sonra həmin qeyri-yaşayış sahələrinin 119 m2-lik hissəsinə dair X13 ilə də müqavilə bağlanmışdır.

70. Kassasiya instansiyası məhkəməsi də öz qərarında vurğulamışdır ki, binanın qeyriyaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq tərəflərin hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir.

71. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

72. Qeyd olunanlardan göründüyü kimi, mübahisəsi gedən əmlakla bağlı həm iddiaçı, həm cavabdeh Əli Kərimli ilə müqavilələr bağlanmış, bununla belə, həmin əmlakın da daxil olduğu bütün qeyri-yaşayış sahələrinin qanuni qüvvədə olan məhkəmə qərarları əsasında iddiaçıya təhvil verilməli olduğuna göstəriş verilmişdir.

73. Bu həm də o deməkdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilmiş, onun irəli sürdüyü hallara hüquqi müəyyənlik gətirilmişdir - hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.

74. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

75. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsızlığının hüquqi nəticələrini tətbiq edib tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını təmin etməməklə maddi hüquq normasının (§ 44) tələbini pozmuşdur. Belə ki, Əli Kərimli ilə Cavabdeh2 MMC arasında bağlanmış əqd etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olubolmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməli idi.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.

77. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə də, əqdi etibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.

78. Bu kontekstdə kollegiya hesab edir ki, “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə X8 Cavabdeh2 MMC-nə ödədiyi 300 000 manat həmin MMCdən alınıb ona qaytarılmalıdır.

79. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən və qətnamədə ləğv edilməli hissə olmadığından, yol verilmiş sözügedən səhv qətnamənin ləğvinə səbəb olmamalı, restitusiya ilə bağlı müddəa qətnaməyə əlavə edilərək qətnamə müvafiq qaydada dəyişdirilməlidir.

80. X7 da izah edir ki, o, ona vurulmuş ziyanın ödənilməsi üçün MMC-nə qarşı müvafiq iddia tələbi irəli sürmək hüququna malikdir.

81. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği X9 aid edilməli, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının xərci olan 100 (yüz) manat Cavabdeh2ndən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

82. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

X8 (nümayəndəsinin) apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. "xxxx" MMC ilə X13 arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə etibarsız edildiyindən, həmin müqavilə üzrə ödənilmiş 300 000 (üç yüz min) manat "xxxx" MMC-dən alınaraq X9 qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği X9 aid edilsin, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının xərci olan 100 (yüz) manat Cavabdeh2ndən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. X3 və Cavabdeh2 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar