Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14084/2019 25.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X9 və X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X6 və X8 qarşı “mənzilə köçürülmə” tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh Əbdüləliyev Rövşən Sahid oğlu ilə xx xxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxx 2006cı il təvəllüdlü Aişə, xx xxxxxx 2007-ci il təvəllüdlü Məhəmməd adlı uşaqları var. Cavabdeh Hərbi Məhkəməinin hökmü ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ailələri faktiki dağıldığından Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. O, nikaha daxil olduğu gündən ünvan 2 ünvanında bir il yaşamış, sonra isə cavabdehlərin təşəbbüsü ilə onun ailəsi üçün evlərinin yanında ev tikmək qərarına gəlmişlər. Lazımı icazəni aldıqdan sonra tikintiyə başlamışlar. Lakin cavabdehlərin imkanı olmadığından onlar üçün evi tikə bilməmişlər. Mübahisəsi gedən evi onun anası öz qızıllarını, vəsaitini və eləcə də o öz qızıllarını sataraq həmin tikintiyə sərf etmişlər. Bütün ustaların pulunu da onlar vermişlər. Lakin cavabdehlərin demək olar ki, cuzi miqdarda vəsaiti xərclənib. Əsas tikintiyə anasının zəhməti və vəsaiti xərclənib. Bunu həmin evi tikən fəhlələr məhkəmə iclasında şahid qismində ifadə verərək təsdiq edə bilərlər. Onun dayısı oğlu da neçə müddət həmin tikintidə fəhləçilik etmişdir. Lakin dayısı oğlu həmin tikintidə işləməsinə baxmayaraq cavabdehlər onu da aldadaraq pulunu verməmişlər. Nəhayət onun ailəsi üçün 21 kv.m. sahəsi olan bütün şəraiti olmaqla ev tikilmişlər. 13 ildir ki, o, mübahisəli evdə uşaqları ilə birlikdə yaşamışdır. Cavabdehlər ona tərəf gələn suyu, qazı, işığı kəsmişlər. O, cavabdehlərin bu hərəkətləri barədə polisə şikayət etmişdir. Ona görə də o, evinə ayrıca xətlərin çəkilməsi üçün Səbail rayon Bələdiyyəsinə müraciət etmiş və müsbət cavab almışdır. xx xxxxxx 2019-cu il tarixdə, o, Səbail rayon Məhkəməsinə aliment tələbi ilə bağlı müraciət etmiş və məhkəmə onun iddia tələbini təmin etmişdir. Buna görə də, cavabdehlər ona qarşı aqressiv olmuşlar. Novruz Bayramından sonra, yəni xx xxxx 2019- cu il tarixdə, o, uşaqlarımı götürüb evinə gəlmək istədikdə dəmir qapının sındırıldığını və qapyıa yeni qıfıl qoyulduğunu müəyyən etmişdir və bu barədə dərhal polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdehlər polisə dəvət olunduqdan sonra məlum olub ki, həmin darvaza onlar tərəfindən sındırılmışdr. Cavabdehlər orada bildirmişlər ki, guya həmin ev onlara məxsusdur və onların çıxarışı vardır. Bu ağ yalandır həmin evin çıxarışı yoxdur, özbaşına tikilildir, onun ailəsi üçün anasının vəsaiti hesabına tikilib və ünvanın cavabdehlərə heç bir aidiyyatı yoxdur. Cavabdehlərin evi 35, onun isə yaşadığı ev 35a-dır. Ona məxsus bütün əmlakları mübahisəli mənzildədir. Hazırda isə uşaqlarına və özünə aid paltarları götürə bilmir. Uşaqları ilə birlikdə qalıb küçələrdə. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı iki azyaşlı övladı ilə birlikdə ünvan 3 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər X9 və X10pellyasiya şikayətləri verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh X8 məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək,Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X12 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Nümayəndə ifadəsində göstərmişdir ki, onun cavabdehlərlə heç bir düşmənçiliyi yoxdur. X1 2005-ci ildə Rövşən Abduləliyev yoldan çıxararaq valideynlərinin yaşadığı ünvan 4 ünvana qaçırmışdır. Rövşənin ailəsi barədə məlumat aldılar, radikal din olduğuna görə qızını geri qaytarmaq istədilər, lakin qaytarılması mümkün olmadığına görə başladılar bu ailə ilə qaynıyıb qarışmağa. Qızı cavabdehlərlə birlikdə yaşayırdı, qızı aç qalırdı, ona yemək verə bilmirdi. Qızı 6-7 aylıq hamilə vəziyyətində çıxdı kirayəyə. Kirayədə yaşaya bilmirdilər, yoldaşı Rövşən işləmirdi, dini vahabi quruma qoşulmuşdur. O, cavabdehlərə bildirdi ki, onun qızı gəlin getdiyi evdə yaşayacaq. Sonra Rövşən bildirdi ki, aşağı yerdə köməkləşib ev tikək. Özbaşına evin tikintisinə onların tərəfindən köməklik olunurdu. Qızının xətrinə o, hər dəfə onun ailəsinin bütün ehtiyaclarını ödəyirdi. O, evin tikintisi üçün 35 qram İtaliya istehsalı olan qızılını satmış, sonra bacısından 500 ABŞ dolları pul da almışdır. Fəhlələrin yeməyini də o, təşkil edirdi ki, yaxşı işləsinlər. Usta cavabdehlərin qohumu kimi pul istəmədi, lakin onun gündəlik siqaret və konturunu o, alırdı. Evin tikintisinə 90% vəsaiti o, xərcləmişdir, sementinə qədər vermişdir. 500, 800, 200 ABŞ dolları xərclədiyini bilir. Təmir işlərini də özü etmişdir. Evin tolunu da vurdurmuşdur, nə qalmışdır hamısını özü etmişdir. Rövşən işləmirdi, onların yemək, içməklərinə də baxırdı. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, o, hər iki tərəfi tanıyır, cavabdehlər onun bibisi oğludur, iddiaçı isə bibisi oğlu Rövşənin keçmiş həyat yoldaşıdır, hər iki tərəflə münasibətləri yaxşıdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi bibisigilin həyətindədir ki, həmin torpaq sahəsində əvvəllər bibisigili toyuq saxlayırdılar, sonra isə qərara gəldilər ki, bibisi oğlu Rövşən üçün ev tiksinlər. Mübahisəsi gedən özbaşına tikilini o tikmişdir və tikinti zamanı ona cavabdehlər və bir neçə dəfə başqa fəhlələr də köməklik etmişlər. Həmin tikintiyə Rövşən Əbdüləliyev özü də kömək edirdi, lakin iddiaçı və ya onun anası, və ya onun həyat yoldaşı Rövşən tərəfindən ona heç bir vəsait verilməyib, evin tikintisi üçün pulu bibisi, yəni cavabdehlərin anası verirdi. Həmin evi 2-3 aya tikib, çölün suvağını kim vurub bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, Nümayəndə ona müraciət etmişdir ki, onun qızının evinə su çəni düzəltsin. O da təxminən 3 tonluq su çənini yığıb aparıb iddiaçının həyətinə sürücü ilə birlikdə qoymuşdur. Nümayəndə tərəfindən ona görülmüş işə görə zəhmət haqqı verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, onun tərəflərlə heç bir düşmənçiliyi yoxdur. O, İddiaçı mübahisəli evə gəlin köçəndən tanıyır, cavabdehləri isə uşaqlıqdan tanıyır. İddiaçı ailəsi üçün ev tikiləndə gedib-gəlmişdir. Bir gün də həmin tikintiyə köməklik edib. Evin tikildiyi yerdə əvvəl tikili yox idi, setkanın içində toyuq saxlayırdılar. İddiaçı ailəsi və uşaqları ilə birlikdə həmin tikintidə az müddət yaşamayıb. Həmin tikintidə kömək etməyə görə ona heç kim vəsait verməyib. İş materiallarında olan AZE 13991951 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1986-cı ildə ünvan 5 A ünvanında qeydiyyatdadır. İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, şahidlər yazaraq bildirirlər ki, İddiaçı həqiqətən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsindəki özbaşına tikili evdə tikildiyi gündən etibarən uşaqları ilə birlikdə yaşayır. Yazılanların doğruluğunu öz imzaları ilə təsdiq edirlər. İş materiallarında olan AZ-İ 238869 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əbdüləliyev Rövşən Sahid oğlu və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2014 ilin may ayının 06 günündə 68 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx xxx 2006-cı il tarixli, AZ-İ 756247 nömrəli və xx xxxxxx 2007-ci il tarixli AZ 975673 nömrəli doğum haqqında şəhdatənamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx xxx 2006-cı il təvəllüdlü Əbdüləliyeva Aişə Rövşən qızı və xx xxxxxx 2007-ci il təvəllüdlü Əbdüləliyev Muhəmməd Rövşən oğlu anadan olmuşlar. İş materiallarında olan 2(009)-2187/2013-cü il tarixli Səbail rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı ilə Əbdüləliyev Rövşən Sahid oğlu arasında xx xxx 2006-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu Qeydiyyəat (VVADQ) Şöbəsində 155 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuş. xx xxx 2006-cı il təvəllüdlü Əbdüləliyeva Aişə Rövşən qızı və xx xxxxxx 2007-ci il təvəllüdlü Əbdüləliyev Muhəmməd Rövşən oğlu anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, 35 saylı ev X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2/418 nömrəli 46 saylı MKİS-nin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin arayışından görünür ki, Əbdüləliyeva Aişə Rövşən qızı 2006-cı il təvəllüdlü xx.xx.2014-cü ildən, Əbdüləliyev Məhəmməd Rövşən oğlu 2007-ci il təvəllüdlü xx.xx.2014-cü ildən həmin evdən qeydiyyatdan çıxıb. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı cavabdeh Əbdüləliyev Rövşən Sahid oğlu ilə 2005-ci il tarixdə Əbdüləliyev Rövşən Sahid oğlu iddiaçını valideynləri yaşayan ünvan 4 ünvana gəlin köçmüşdür. Göstərilən ünvanda iddiaçı cavabdehlərlə birlikdə yaşamış, xx xxx 2006-cı il tarixdə isə Rövşənlə nikahlarını rəsmiləşdirmişlər və birgə nikahdan xx xxx 2006-cı il təvəllüdlü Aişə, xx xxxxxx 2007-ci il təvəllüdlü Məhəmməd adlı uşaqları anadan olmuşdur. Birgə nikah dövründə ünvan 6 ünvanında yerləşən özbaşına tikilini tikərək 2007-ci il tarixdən köçərək orada yaşamışlar. 2019-cu ilin mart ayında cavabdehlər iddiaçının evinin qapısını sındıraraq, qapıya yeni qıfıl qoymuşlar. İddiaçının və uşaqlarının mübahisəli evdən başqa digər yaşayış sahəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun anologiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx.xx.2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarm ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-14084/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14084/2019
25.11.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver