Məhkəmə qərarları › İş №2(103)-141/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-141/2019

28.10.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-141/2019 28.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X6 və X5 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “torpağın qanunsuz sahiblikdən tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1217K saylı bağ sahəsinin mülkiyyətçisidir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdeh onun mülkiyyətində olan bağ sahəsini zəbt etmiş, hazırda bağ sahəsindən çıxmaq istəmir və onun mülkiyyət hüququnu pozur. O, həmin bağ sahəsinin mülkiyyətçisi olsa da, cavabdehin ucbatından özünə məxsus əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarından məhrum olmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1217K saylı bağ sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1217K saylı bağ sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Həmin 40 ildən çoxdur ki, onun istifadəsində və sahibliyindədir. 2015-ci ildə torpaq sahəmdə artezian su quyusu qazdıraraq ərazidə ağaclar əkmiş, bağçılıq yaratmışdır. 2-ci qrup Qarabağ əlili olduğundan, ayağının birini müharibədə itirdiyindən çox hərəkət edə bilmir, gününün çox hissəsini öz, torpaq sahəsində keçirərək bağına qulluq edir. Bu günə kimi sahibliyində olan torpaq sahəsinə dair heç bir sənəd çıxartdırmamışdır. X1 atasına məxsus olan bağ sahəsinin bağ müqaviləsində göstəriləndən az olmasını əsas gətirərək, ƏMDKY-da DƏDRX-nin mütəxəssislərini torpaq sahəsinə dəvət edərək torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişlər, bundan sonra isə İddiaçı onun torpaq sahəsinin xeyli hissəsinin də daxil olduğu əraziyə dair, yəni 0,244605 ha əraziyə dair xx.xx.2011-ci il tarixdə çıxarış almışdır. Həmin torpaq sahəsinin bir hissəsini satmış, qalan hissəsini isə paylara ayıraraq 0.051 hektarına xx.xx.2016-cı il tarixdə 1217k saylı bağ üzrə öz adına çıxarış almış, 0.04 ha hektarına isə xx.xx.2016-cı ildə (alqı-satqı müqaviləsinə əsasən) 1217 h saylı bağ sahəsi kimi X3 adına çıxarış almışdır.İddiaçınin çatmayan torpaq sahəsi onunla qonşu olan qohumlarının torpaq sahəsi daxilindədir. İddiaçının istinad etdiyi torpaq sahəsinin planı tərtib edilərkən ƏMDKY-da DƏDRX-nin mütəxəssisləri həmin bağ sahəsi barəsində 1983-cü ildə verilmiş bağın xəritəsinin mövcud olub-olmamasını, bağın sənədlərini araşdırmadan, yalnız iddiaçının sözlərinə görə göstərdiyi yer barədə plan tərtib ediblər, həmin torpaq sahəsinin faktiki olaraq iddiaçının bağ yerinin ərazisinin olubolmamasına əhəmiyyət verməyiblər. Xəzər rayonu, Hirkan qəsəbəsi, 1217K saylı bağ sahəsi barəsində xx xxxxxxxx 1983-cü il tarixdə bağlanılmış 13469 saylı müqavilə üzrə həmin bağın xəritəsinin alınması, iddiaçı tərəfindən həmin bağ sahəsi xx.xx.2011-ci il tarixdə özəlləşdirilərkən məhz həmin xəritədə göstərilən ərazinin plan-sxeminin çəkilməsi və özəlləşdirilməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1217K saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə 635 nömrəli reyestr kitabının 60089 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1217K saylı bağ sahəsi **********21 reyestr nömrəsi ilə İddiaçı hüquqi sahibliyindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli mütəxəssis rəyindən görünür ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin elektron baza məlumatlarına əsasən məlum oldu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********21) İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,051 ha torpaq sahəsi tam olaraq hasara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli, 21920 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq İddiaçı xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindəyerləşən, cavabdeh tərəfindən zəbt edildiyi iddia olunan 1217K saylı bağ sahəsinin tam olaraq hasara alındığı müəyyən edilir. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və X2 qarşı çıxarışın və torpaq sahəsinin plan bölgüsünün qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbinin dəlillərinin sübutu olan iddiaçıya verilmiş çıxarış və torpaq sahəsinin plan bölgüsü Nərimanov Rayon Məhkəməsində mübahisələndirildiyi və həmin iş üzrə qəbul olunacaq qərar hazırda fəqli qərar qəbul edilməsinə səbəb olacağı üçün Nərimanov Rayon Məhkəməsində olan işə baxılanadək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Daha sonra məlum olmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməs ilə iddia rədd edilmiş, həmin qətnamədən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1217K saylı bağ sahəsi iddiaçıya qanuni əsaslarla məxsusdur, İddiaçı mülkiyyət hüququ rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət hüququna əsaslanaraq cavabdeh tərəfindən onun torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi ilə bağlı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-cı maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. X9 Məhkəməsi qeyd etmişdir ki, özünün əmlakına sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasverici prinsiplərindəndir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, işə baxan məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apelyantın dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin subyektiv hüquqlarının pozulması halı aşkar edilməmişdir. Belə ki, onun həmin torpaq sahəsinə hər hansı bir hüququ rəsmi reyestrdə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar