Məhkəmə qərarları › İş №2(103)-1411/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1411/2023

12.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1411/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır, rüsum ödənilməmişdir) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4031/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MKT-Biləsuvar filialının onun işdən çıxarılmasına dair xx.xx.2022-ci il tarixli, 30/K saylı əmri ləğv edilməklə əvvəlki tərəzi operatoru vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4031/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh2 MMC-nin “MKT-Biləsuvar” filialının xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh2 MMC-də “tərəzi operatoru” vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh2 MMC-nin nümayəndəsi X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində qeyd edilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

5. Qanunun 9.1.1-ci maddəsinəəsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

6. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

7. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

8. Mülki Prosessual Məcəllənin 363.1.2-ci madəsində qeyd edilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.

10. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə yalnız iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə müvafiq qaydada dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd əlavə edilməli idi.

11. Lakin qanunvericiliyin tələbi cavabdeh tərəfindən yerinə yetirilməmişdir.

12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4031/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar