Məhkəmə qərarları › İş №2(103)-1412/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1412/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1412/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(001)-4458/2024 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh ilə 12 sentyabr 2020-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan övladları yoxdur.

2. Tərəflərin nikahına 10 iyun 2024-cü il tarixdə qeydiyyat orqanında xitam verilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxş tərəfindən verilən çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Alllahverdiyev küçəsi, 14, mənzil 12 xüsusi mülkiyyət Cavabdeh adına 09 dekabr 2019-cü il tarixində ********** № ilə qeydiyyatdan keçmişdir.

3. "xxxx" ASC ilə Cavabdeh arasında 12 iyul 2023-cü il tarixində bağlanmış İK- 436422/13 saylı kredit müqaviləsi ilə bank tərəfindən sonuncuya illik 16 % olmaqla, 36 ay müddətinə qaytarmaq şərtilə 11000 manat məbləğində kredit verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küç, 14, mən 12 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 12 sentyabr 2020-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından övladları dünyaya gəlməmişdir. Hal-hazırda qeydiyyatda olduğu ünvan 09 dekabr 2019-cu il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Ailə qurandan sonra həmin ünvanda yaşamışdır. Sonradan aralarında ailə mübahisələri baş verib və 10 iyun 2024-cü il tarixdə nikahları pozulmuşdur. Hal-hazırda daimi yaşamağa yeri yoxdur. Onun həmin mənzildən istifadəyə ehtiyacı var. Birgə nikah dövründə həmçinin həmin mənzilin yaxşılaşdırılmasında onun da, əməyi olmuşdur. Həmçinin heç yerdə işləmir ki, özünü mənzillə təmin edə bilsin.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(001)- 4458/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı birgə nikah dövründə birgə gəlirlər hesabına mübahisəli mənzildə yaxşılaşdırmalar apardıqlarını və ya mübahisəli mənzilin ipoteka ödənişlərini birgə nikah dövründə ödənildiyini iddia edir və bu əsasla mənzilə köçürülməsini tələb edir. Halbuki, iddiaçının bildirdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəf istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə iddiaçının istifadə hüququ da artıq itirilmişdir. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan və tətbiq edilməli Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından iddiaçının istifadə hüququ itirilmişdir və istifadə hüququnun müəyyən müddətə saxlanması üçün əsas yoxdur. Çünki tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah xx.xx.2024- cü il tarixdə pozulmuşdur, iddiaçı 2024-cü ilin may ayından mənzildən çıxmışdır, onun müvəqqəti məskunlaşmaq üçün yaşayış sahəsi vardır(valideyninin və qardaşının evində).

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, o cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Ə/D, Sulutəpə qəsəbəsi, Ruslan Alahverdiyev küç, 14, mən 12 ünvanında qeydiyyatdadır. Nikaha daxil olduqdan sonra həmin mənzildə qeydiyyatda olmaqda davam edir. Onun hal-hazırda başqa yaşayış yeri yoxdur. Birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş kreditlərin ödənilməsində onun da əziyyəti olmuşdur. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər halar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Onun hal-hazırda qalmağa heç bir yeri yoxdur. Məhkəmə prosesi zamanı da qeyd etmişdir ki, o müvəqqəti olaraq qardaşının evində məskunlaşmışdır. Hesab edir ki, onun mənzilə köçürmə iddiası təmin edilməsə belə cavabdeh tərəfindən müəyyən müddətə onun kirayə haqqı qarşılanmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. İddiaçının apellyasiya şikayətinin dəlillərini mübahisə predmeti olan evdə qeydiyyatda olması, yaşamaq üçün digər yaşayış yerinin olmaması, iddiaçı tərəfindən götürülmüş kreditin birgə nikah dövründə ödənilməsi təşkil edir.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları, eyni zamanda sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqe baxımından qeyd olunmalıdır ki, şəxsin qeydiyyatda olması faktı özlüyündə həmin ünvana dair hər hansı hüquq əldə etməyinə əsas ola bilməz. Belə ki, şəxsin yaşayış yeri qeydiyyata alınması dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məqsədi daşımaqla dövlətlə vətəndaş arasındakı çatımlılığı təmin edən vasitədir. Elə buna görə də, bu cür qeydə alınma məhdud əşya hüququ mənasında istifadə oluna bilməz.

21. İstər iş materialları, istərsə də cavabdehin etirazları ilə (bunu təkzib edəcək hər hansı sübut və ya izahat iddiaçı tərəfindən təqdijm olunmamışdır) təsdiq olunmuşdur ki, iddiaçı qeyd olunan mənzildə yaşamışdır və 2024-cü ildə nikahın pozulması ilə əlaqədar ailə münasibətlərinə xitam verildiyindən iddiaçının həmin mənzildən istifadə hüququ mövcud deyildir.

22. Evin təmirinə birgə nikah dövründə vəsaitin sərf olunması, götürülmüş kreditin birgə nikah dövründə qaytarılması barədə dəlillərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Hətta bu xüsusatlarla bağlı sübut təqdim olunsa belə, bu halların təsdiqi hazırkı iddianın təmin olunması üçün əsas ola bilməz.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(001)- 4458/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(001)- 4458/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar