Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1415/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5076/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən uzun illər yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər Cavabdeh1 onun keçmiş qayınatası, Cavabdeh2 isə keçmiş həyat yoldaşıdır. O, Cavabdeh2 ilə 10.01.2009cu ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Bu nikahdan iki övladları – 19.07.2011-ci il təvəllüdlü X1 və 27.07.2015-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli, 2(010)-2551/2020 saylı qətnaməsinə əsasən pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışdır. Onlar cavabdehlə ailə qurduqları vaxtdan bu günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdə yaşamışlar. Onun bütün cehiz əmlakı həmin evdədir. İyun ayının əvvəllərində cavabdehlər onu iki uşağı ilə birlikdə evdən qovmuş və evə buraxmamışdır. O, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, ona mülki xarakterli iş olduğundan məhkəməyə müraciət etməsi bildirilmiş, bununla bağlı məktub verilmişdir. Hal-hazırda cavabdehlər onu evdə yaşamağa qoymur. Öz haqqı olan evdə o, yaşaya bilmir, küçələrdə qalmışdır. Onun bu evdən başqa yaşayış sahəsi yoxdur. Belə ki, o və övladları cavabdehlə birgə eyni ünvanda yaşamış, onunla həmin ünvanda birgə təsərrüfat aparmışdır. Hansı ki, qeyd edilən yaşayış evi onun daimi yaşayış yeri olmuş, onun da həmin evdən istifadə hüququ olmuşdur. Lakin cavabdeh onu artıq bir neçə vaxtdır ki, evdən qovmuş, evə daxil olmağına icazə verməmişdir. O, maddi və mənəvi əziyyət çəkir, çıxılmaz vəziyyətdədir. Cavabdeh isə onu yaşadıqları evə buraxmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5076/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmiş, şikayətinin idda ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı şikayət verməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, 1910 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsi, nömrəsiz evdə valideynləri ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, 1909 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Kazım oğlu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə oğlu Cavabdeh2 ilı birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 22.06.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, 27.07.2015-ci il təvəllüldü X2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 22.06.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, 19.07.2011-ci il təvəllüldü X1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh2 keçmiş arvadı, digər Cavabdeh1 isə keçmiş gəlini olmuşdur. İddiaçı keçmiş əri olan cavabdehlə 10.01.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan cavabdehlərlə birlikdə hazırda köçürülmək istədiyi fərdi yaşayış evində yaşamağa başlamışdır. Tərəflər arasında olan nikah münasibətləri 2020-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması və uşaqların saxlanılması üçün atadan aliment tutulması qət edilmişdir. Buna baxmayaraq, iddiaçı uşaqları ilə birlikdə həmin evdə onlar üçün ayrılmış iki otaqda yaşamağa davam etmişdir. Lakin 2021-ci ildə tərəflər arasında mübahisə yaranmış, bundan sonra iddiaçı uşaqları ilə birlikdə evi tərk etmişdir. Hazırda isə həmin evə köçürülmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180 və 228-ci maddəsini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğu üçün rədd olunmalıdır. Belə ki, tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən əvvəl (iddiaçı mübahisəli evə 2009-cu ilin yanvar ayında gəlin kimi köçmüşdür) yarandığından hazırki mübahisə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İş materiallarından göründüyü kimi iddiaçı köçürülməyini xahiş etdiyi ev dövlət qeydiyyatına alınmasa da, evin inşa edildiyi torpaq sahəsi Cavabdeh1 (keçmiş qayınatanın) xüsusi mülkiyyətindədir. Bu səbəbdən aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin evə dair onun hüquqi akta, yəni qeyd olunan sərəncama əsaslanan gözlənilən mülkiyyət hüququ vardır. Kollegiya qeyd edir ki, hazırkı işdən də göründüyü kimi fərdi yaşayış evi nə hüquq münasibəti yaranan zaman nə də ki, sonradan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olsa da cavabdehin gözlənilən mülkiyyəti hesab olunur. Kollegiya, həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı mübahisəli evə hər hansı istifadə hüququ yaranmamasına dair düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının evin gözlənilən mülkiyyətçisi olan qayınatası ilə arasında Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5076/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Həmid Həmidov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1415/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1415/2022
26.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver