Məhkəmə qərarları › İş №2(103)-1416/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1416/2024

04.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1416/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Quliyev Sabir Baba oğlunun və X12 cavabdehlər İddiaçı və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı "mirasın qəbul edilmiş hesab edilməsi" tələbinə dair iş üzrə (Açar sözlər: mirası qəbul etmək müddətinin uzadılması, mirasın qəbul edilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X12, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X14 və X12 cavabdehlər İddiaçı və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı "mirasın qəbul edilmiş hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-1806/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı anası X15 xx.xx.1991-ci il tarixdə, nənəsi X9 isə xx.xx.1993-cü il tarixdə vəfat etmişdir.

2. ünvan 1 ünvanında yerləşən yaşayış evi X6 mülkiyyətində olmuşdur.

3. Bakı şəhəri 15 saylı notariat ofisinin notariusu tərəfindən iddiaçı X7 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, o, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X4 qalmış mirasın qəbulu müddətini ötürmüşdür. Vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilər.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3976/2018 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X22, X23 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu Görədil kəndində yerləşən və mərhum nənəsi X4 miras qalmış 0,07 ha torpaq sahəsinə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsi tələbinə dair iddiası rədd edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-466/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X5 cavabdehlər X22, X23 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsinə dair iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı miras qalmış əmlakı istər rəsmi, istərsə də faktiki olaraq qəbul etmədən, onun həmin miras əmlaka vərəsəlik hüququ üzrə mülkiyyət hüququnun tanınması tələbi əsaslı hesab edilə bilməz. Eyni zamanda, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürüldüyündən, iddia tələbi bu əsasla da təmin edilə bilməz. İddiaçının bu tələbi təmin edilmədiyindən, miras əmlakın iddiaçı da daxil olmaqla digər vərəsələr arasında bərabər şəkildə bölüşdürülməsi barədə iddia tələbi təmin edilməməlidir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-5036/2019 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla nənəsinin vəfatından sonra mirası qanunla müəyyən edilən qaydada qəbul etməməklə notariat kontoruna müraciət etməmişdir. Əksinə vərəsəlik üzrə digər birinci növbə vərəsə olan cavabdehlər miras qoyanın vəfatından sonra mirası faktiki olaraq qəbul etmişlər.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 7209/2019 nömrəli qətnaməsi ilə İddiaçı nənəsi X4 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(102)-180/2022 nömrəli qərarı ilə hüquq haqqında mübahisə olduğundan iş üzrə maraqlı şəxslər X23 və X22 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş və ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X22 və X20 qarşı maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, X5 Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, X22 və X12 X7, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və 15 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-307/2022 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X14 və X12 apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 nömrəli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, ilkin iddia İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməyərək, qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5482/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 15 saylı notariat ofisinin imtinasının əsassız sayılması, onun ana-nənəsi miras qoyan X4 miras qalmış əmlakların qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxmasının üzrlü hesab edilməsi, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 15 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ana nənəsi X9 xx.xx.1993-cü il tarixində vəfat etmişdir. Ondan ünvan 2 ünvanda yerləşən yaşayış evi torpaq sahəsi ilə birlikdə miras qalmışdır. Onun anası X15 xx.xx.1991-ci il tarixində vəfat etmişdir. Mərhum nənəsinin əmlakı mirasa açıldığı dövrdə vərəsəsi olacaq anası sağ olmamış və mirası qəbul edə bilməmişdir. Hesab edir ki, o, qanunveriçiliyin tələblərinə uyğun olaraq anası olmadığı üçün vərəsə hesab edilir. Bundan başqa, miras qoyana onun tərəfindən baxılmış, qulluq göstərilmişdir. Özü hazırda həmin evdə qeydiyyatdadır. Cavabdehlərin hüquqa zidd maneələri ucbatından hüquqlarından məhrum edilib. Vərəsəlik müddətinin bərpa edilməsilə bağlı vaxtında məhkəməyə müraciətləri olub, lakin iddia ərizəsi düzgün şəkildə verilmədiyi üçün (xüsusi icraat qaydasında verilmişdir) Ali Məhkəmə tərəfindən tələbi rədd edilərək, baxılmamış qalmış və yenidən məhkəməyə iddia icraatı qaydasında müraciət etməyi tövsiyyə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, onun miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilməli, miras əmlaklara vərəsəlik hüququ tanınaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi notariusa həvalə edilməlidir. Bildirir ki, hazırda özünə məxsus yaşayış yeri yoxdur. Qızı ilə birlikdə kirayədə qalır, vəziyyəti çox acınacaqlıdır. Xəstəlikdən əziyyət çəkir. Doğub böyüdüyü ata-ana yurdundan ona məxsus vərəsəlik payını məhkəmədən tələb etmək zərurəti yaranıb. Ana nənəsindən ona qalan pay hüququnu tələb edir. Uzun sürən məhkəmə proseslərinə baxmayaraq, haqqı olan payını notariusun məsuliyyətsizliyi səbəbindən və vəkilinin düzgün olmayan müraciəti əsasında payını ala bilməmişdir.

15. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxslər X22 və X23 iddiaçı X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının iddiasının rədd edilməsi və mərhum X4 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinin X22 və X23 tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Üçüncü şəxslər iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı tələbin əsası kimi mübahisə predmetini təşkil edən fərdi yaşayış evində qeydiyyatda olduğunu, hazırki iddiada göstərilmiş müddətin bərpası haqqında tələblə məhkəməyə müraciət etdiyini, lakin ərizənin düzgün şəkildə verilmədiyini bildirib. Fərdi yaşayış evində qeydiyyatda olması məsələsi ilə bağlı bildirirlər ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində çıxarış əsasında həmin evə qeydiyyata düşüb. Qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində çıxarış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 307/2022 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 5482/2022 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 saylı qətnaməsi icra olunmuş, 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat ofisi tərəfindən ləğv edilmiş, həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri” X30 4 saylı Abşeron ərazi idarəsi tərəfindən ləğv edilmişdir. Qeyd etmək istəyirlər ki, iddiaçı eyni tələblə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “buraxılmış müddətin bərpa edilməsi barədə” tələbi təmin edilmiş, həmin qətnamədən tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Həmin qərarının çıxarılmasından hazırki iddia ərizəsinin verilməsinədək 1 il 4 ay müddət keçib. Onlar Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi barədə məlumatlı olmadıqlarından, həmin qətnamə icraya yönəldilib və İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı evə dair 1/3 hissədə mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra mülkiyyət hüququna dair çıxarışa əsaslanaraq, Abşerona Rayon Məhkəməsində iddia qaldırıb həmin evə köçürülməsini xahiş etmişdir. X1 qarşı “Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələbi ilə müraciət edib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilib, qarşılıqlı iddia təmin edilməyib. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsindən onlar tərəfindən verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 saylı qətnaməsi ilə təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilib, həmin hissələrdə yeni qətnamə qəbul edilib, ilk iddia İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilib, qarşılıqlı iddia təmin edilib, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməsi qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 saylı qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5482/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılıb. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi yoxlanılarkən, məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 sayh qətnaməsinin 9-cu səhifəsinin 3-cü və 4-cü abzaslarında göstərilib: “Həmçinin qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-466/2019 sayh qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı nənəsinin vəfatından sonra mirası qanunla müəyyən edilən qaydada faktiki olaraq qəbul etməmiş, qanunla müəyyən edilən müddətdə notariat orqanına da müraciət etməmişdir”. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-466/2019 saylı və xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 saylı qətnamələrində iddiaçının hazırda iddia etdiyi daşınmaz əmlaka dair mirası faktiki olaraq qəbul etmədiyi və qanunla müəyyən edilən müddətdə notariat orqanına müraciət etmədiyi barədə nəticə çıxarılıb. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnamələri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 2(102)-5036/2019 saylı və xx.xx.2022-ci il tarixli 2(102)-5482/2022 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışlar. Beləliklə, iddiaçının hazırda iddia etdiyi daşınmaz əmlaka dair mirası faktiki olaraq qəbul etmədiyi və qanunla müəyyən edilən müddətdə notariat orqanına müraciət etmədiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilib. İşi hallarından göründüyü kimi, iddiaçının tələbinin əsaslı olmadığı qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilib və iddianın təmin edilməsi üçün hüquqi əsaslar yoxdur.

17. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxslər X22 və X12 nümayəndəsi və vəkili Vəkil2 ərizəsinə əsasən Bakı şəhəri 15 saylı Notariat Ofisi iş üzrə cavabdeh kimi işə cəlb edilmişdir.

18. Məhkəmə iclasında Şahid2, Şahid1 şahid qismində dindirilmişdir.

19. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1806/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Y.Əliyeva) İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X14 və X12 iddialarının təmin edilməsi, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın - Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin X22 və X23 tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilməsi qət edilmişdir.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin, mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı tərəfindən notariat kontoruna müraciət edildiyi təsdiq edilmir.

21. Məhkəmə qeyd etmişdir ki, AZ-İ № 866989 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə ölmüş, onun ölümü ilə miras açılmışdır. X8 nənəsi X10 öldüyündən 6 ay müddətinə kimi mirası qəbul etməsi barədə ərizə verməmişdir. İddiaçı dayılarına güvəndiyini, 2017-ci ildə mirası qəbulu ilə bağlı notariusa müraciət etdiyini, bundan sonra isə məhkəmə mübahisələr olduğudan qanunvericiliklə məyyən edilmiş müddətin ötürüldüyünü qeyd edir. Məhkəmə hesab etmişdir ki, X5 göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması üçün üzrlü səbəb hesab edilə bilməz.

22. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.

23. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X22 və X12 iddialarına münasibətdə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə X22 və X23 miras qoyanın vəfatından sonra mirası faktiki olaraq qəbul etdiyi müəyyən edilmişdir.

24. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab etmişdir ki, X6 xx.xx.1993-cü il tarixdə ölməsi ilə xüsusi mülkiyyət hüququ üzrə tam payda onun adına qeydiyyata alınmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evi onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan oğulları X22 və X24, həmçinin X16 ölümündən sonra oğlu X23 tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, onlar miras əmlakı faktiki idarə edərək miras əmlakını qəbul etdiyini nümayiş etdirmişlər. Qeyd edilənlərə X22 və X12 mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə iddia əsaslı olduğu üçün təmin edilməlidir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlarına, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 10-cu bəndinə, Mülki Prosessual Məcəlləsinin 52.2, 82.1, 82.3, 82.4, 88, 106.3, 191.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, miras qoyanın nəvəsi olaraq iddiaçı vərəsə olacaq valideyni sağ olmadığı üçün miras açıldığı zaman vərəsədir və mirasdan pay almalıdır. Maddi hüquq normalarının pozulması hissəsində hakim mübahisə predmetinin faktiki olaraq miras əmlak kütləsinə daxil olması və hər bir halda mübahisəli predmetin hər iki tərəfi münasibətdə eyni olmasına qiymət verməmişdir. İstər həmin mübahisəli ev sənədləşdirilmiş olsun və ya olmasın hüquqi baxımdan hər bir tərəfin mübahisə predmetinə olan istifadə, sərəncam hüququ eyni hissədədir. Belə ki, iddiaçı mirası qəbul edərkən belə özünə düşən ikidə bir hissəni əldə etməyə nail olmuşdur və burada da cavabdehlərin miras kütlədə olan pay hissələrinə toxunmamışdır (cavabdehlərin indiki ədalətsiz davranışından fərqli olaraq). Belə olan halda hakim tərəfindən işə baxılarkən sırf cavabdehlərin iddiası üzərində iş qurmuş və tətbiq edilən hüquq normaları işin ziddinə təfsir edilməklə tətbiq edilməli olan qanun deyil, digər münasibətləri nizamlayan hüquq normalarına üstünlük verilmişdir. Onun tələbi mövcud olan sənəd və aşkar şəkildə görünən (vərəsəlik) hüquqların üzərində qurulmuşdur ki, məhkəmə tərəfindən bunlara qiymət verilməyərək mövcud ədalətsiz qətnamənin çıxarılmasına nail olunmuşdur. Məhkəmə tərəfindən şikayət araşdırılarkən həmin evə dair hüququ olan dairəni belə müəyyən etmədən işə cəlb edilməli olan şəxsləri cəlb etməmişdir. Məhkəmə tərəfindən işə notariat ofisi, ƏMDK yanında DƏDRX-i cəlb edilməmiş və nəticə etibarilə işin onlarla bağlı olan hissəsinə münasibət bildirərək qarşılıqlı iddia tələbi olan “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” hissəsində təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Mübahisə predmeti barəsində müstəqil tələblə irəli sürməyən üçüncü şəxslər apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişlər ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunun həmin normasından göründüyü kimi, qanun üzrə vərəsə tərəfindən miras əmlak 2 üsulla - notariat ofisinə bu barədə ərizə verməklə, ya da miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla qəbul edilmiş sayılır. Eyni hüquqi tənzimləmə, mirasın açılması ilə bağlı hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1964cü il redaksiyada) 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İddiaçı, mərhum nənəsindən miras qalmış əmlakdan pay almaq üçün notariat orqanına ərizə verməmiş və əmlaka faktik sahiblik etməklə bağlı heç bir hərəkət etməmişdir. İş üzrə dindirilmiş şahidlər İddiaçı miras evdə heç vaxt yaşamadığını, həmin evin X14 və X2 ölümündən sonra isə, onun oğlu X12 idarəçiliyində olduğunu bildirmişlər, iddiaçının nənəsi 1993-cü ildə vəfat etməsinə baxmayaraq, yalnız 2017-ci ildə, nənəsinin ölümündən 24 il sonra miras əmlakla bağlı məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsəliyin notariat orqanı vasitəsilə və ya faktik qəbul edilməsinin vərəsənin mirasın açıldığını bildiyi vaxtdan 6 ay ərzində həyata keçirilməli olduğu, mirasın açılması ilə bağlı hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin (1964-cü il redaksiyada) 552-ci maddəsində də müəyyən edilmişdir. Beləliklə, miras qoyanın (iddiaçının nənəsinin) nənəsinin xx.xx.1993-cü ildə vəfat etdiyi və mirasın həmin tarixdən açıldığı işin mübahisəsiz halıdır, iddiaçı nənəsinin öldüyü tarixi bildiyini şəxsən bildirmişdir. İddiaçı mirasın qəbul edilməsi ilə bağlı yalnız 2017-ci ildə məhkəməyə müraciət etmişdir. Mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddətin 24 ilədək ötürülməsi ilə bağlı hər-hansı üzürlü səbəb iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

30. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, şikayətinin əsasını müddət məsələsi təşkil edir. İddiaçı bir dəfə məhkəmə qətnaməsi ilə notariat qaydada vərəsəlik haqqında şəhadətnaməni və çıxarışı almışdır. Qarşı tərəf iddiaya artıq qiymət verildiyini bildirsə də, iddiaya qiymət verilməmişdir. Konstitusiya Məhkəməsinin qərarına əsasən vərəsəlik üzrə müddət aradan qaldırıldı. Apellyasiya şikayəti həmin qərardan əvvəl tərtib olunduğu üçün həmin hissə ilə bağlı apellyasiya şikayətində qeyd edilməmişdir. Lakin həmin qərara əsasən müddət məsələsinə qiymət verilməsini və nəzərə alınmasını məhkəmədən xahiş edir. İddiaçıya vədlər verilmiş, o isə inanmış və gözləmişdir.

31. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, 1996-cı ilədək o evdən istifadə etmiş, həmin ildə dayısı ilə arasında mübahisə yaranmışdır. Qardaşının ilini də orada vermişlər. Nənəsi 1969-cu ildən dünyasını dəyişənədək onlarla yaşayırdı, ona baxırdılar. Atası dünyasını dəyişmişdi. Dayısı hər dəfə onu hədələyirdi və evə buraxmırdı ki, evdən istifadə etsin.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və verilmiş suallara cavab olaraq bildirdi ki, onlar həmişə orada yaşamışlar. İddiaçının özünün evi var idi. Atasıgil, qardaşının da evi var idi. İddiaçı oraya heç vaxt gəlməmiş və orada yaşamamışdır.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq iş çoxluğunu nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan SSR Mülki Məcəlləsi (1964-cü il redaksiyası) Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı işdə apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən onun iddiasının təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi təmin edilməməlidir.

40. Belə ki, iş üzrə miras qoyan X9 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və onun ölümü ilə vərəsəlik açılmışdır. Belə olan halda hazırki iş üzrə miras qoyan şəxsin öldüyü vaxt qüvvədə olan mülki qanunvericiliyin müvafiq normaları tətbiq edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həmin vaxt qüvvədə olmayan mülki qanunvericilik normalarına istinad olunmuş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir.

41. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır.

42. İşdə olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilir ki, mübahisəli miras əmlak iddiaçı tərəfindən istər rəsmi, istərsə də faktiki olaraq qəbul edilməmiş, miras əmlakı faktiki olaraq X22 və X23 qəbul etmişlər.

43. İddiaçının hazırki iddia iddia ərizəsində mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, onun xahişi mahiyyət etibarı ilə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş altı aylıq müddətinin məhkəmə tərəfindən uzaldılmasıdır.

44. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən, mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər.

45. Kollegiya bununla bağlı qeyd edir ki, vərəsəlik xx.xx.1993-cü il tarixdə miras qoyanın ölməsi ilə açılsa da, habelə məhkəmə kollegiyasının iclasında iddiaçı miras əmlakla bağlı 1996-cı ildə dayısı ilə aralarında mübahisə yarandığını bildirsə də, iddiaçı mirasın qəbulu ilə bağlı yalnız 2017-ci ildə cavabdeh notariat orqanına müraciət etmişdir. Hazırda iddiaçı mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, bunun üzrlü səbəblərdən baş verdiyi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli, 2(105)- 466/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, qeyd olunan miras əmlakla bağlı iddiaçının tələbi üzrə iddia müddəti də ötürülmüşdür.

47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bu tələb təmin edilmədiyindən, iddiaçının digər tələbləri, yəni “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbləri də təmin edilə bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1806/2023 nömrəli qətnaməsi qismən - iddiaçının iddiasının təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar