Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1417/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və evdən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5132/2021 saylı 29 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlərin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Həmin mənzil vərəsəlik qaydasında anası X1 ona miras qalmışdır. Lakin cavabdehlər həmin mənzildə qeyri-qanuni məskunlaşmışlar və onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaradırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5132/2021 saylı 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847-də yerləşən 2 saylı evin 28 saylı mənzilindən əşyaları ilə birgə çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli mənzil baldızı X2 mülkiyyətində olmuşdur, 5 ildir həmin evdə yaşayırar. 5 il əvvəl 15000 manat pulları olduğu, yaşamağa isə evləri olmadığı üçün baldızı təklif etmişdir ki, ona pul lazımdır, həmin pulu ona versinlər, dövriyyəyə salıb qazanc əldə edəcək, onun bir hissəsinə isə onlara ev alacaqdır, hazırda isə pulun qarşılığında mülkiyyətində olan mənzildə yaşamağa icazə verəcəkdir. Baldızı vəfat etdikdən sonra sonuncunun oğlu, yəni iddiaçı onlardan evdən çıxmağı tələb etmişdir. Onlar iddiaçının anasının ailə üzvü kimi mübahisəli mənzilə köçmüş və orada yaşamışlar. Ona görə də mənzilə istifadə hüququ əldə etmişlər. Məhkəmə Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3-cü maddələrinə əsasən iddianı rədd etməli idi. İddiaçının anası ilə onların arasında şifahi əqd bağlanmış, iddiaçının anası 15000 manat pulun müqabilində mənzilə istifadə hüququ vermişdir. Aralarında mənzilin əvvəlki mülkiyyətçisi ilə yazılı razılaşma olmasa da mənzildən istifadə etməklərinə dair şifahi razılaşma olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq başqa məhkəmə prosesi olduğuna görə hazırki məhkəmə prosesində iştirak edə bilmədiyini bildirərək, təxirə salınmağını xahiş etsə də, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının anasına məxsus olmuş, 5 il əvvəl cavabdehlər (iddiaçının xalası və onun ailəsi) iddiaçının anası ilə olan razılaşmaya əsasən həmin mənzildə yaşamağa başlamışlar. Belə ki, cavabdeh tərəfin bildirdiyinə görə, iddiaçının anası ilə olan şifahi razılaşmaya əsasən onlar 15000 manat pulu iddiaçının anasına vermiş, qarşılığında isə sonuncu onlara mübahisəli mənzildə yaşamağa icazə vermişdir. Pulu isə dövriyyəyə buraxacağını və əldə edilən qazanc hesabına onlara da mənzil alacağını bildirmişdir. İddiaçının anası vəfat etdikdən sonra iddiaçı mənzili vərəsəlik qaydasında qəbul etmişdir və hazırda cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228-ci maddəsinə əsaslanaraq gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər məhkəməyə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas ola biləcək notarial qaydada təsdiq edilən hər hansı müqavilə və digər sübutlar təqdim etməmiş, onların mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır, iddiaçı cavabdehlərin ona məxsus olan mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, hazırki iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu hal qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə görə isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Cavabdehlər mübahisəli mənzildə 2017-ci il tarixdə yaşamağa başlamışlar, mübahisəli mənzillə bağlı münasibətlər 2017-ci il tarixdə yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh4 iddiaçının xalası olmaqla, mənzilin əvvəlki mülkiyyətçisinin bacısı olaraq sonuncunun «digər qohumu» hesab olunsa olsa da, işin mübahisəsiz halıdır ki, mübahisəli mənzil 21.06.2021-ci il tarixdə iddiaçının adına qeydə alındığından, iddiaçı ilə cavabdehlər arasında yeni münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11.07.2014-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. … Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə, qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ogey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı). Məlum olduğu kimi, cavabdehlər iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyillər. Bu səbəbdən də cavabdehlərin həmin əsasla iddiaçının ailə üzvü yaxud da «digər qohum»u qismində mübahisəli mənzildən iddiaçı ilə bərabər istifadə etmək hüquqları yoxdur. Cavabdeh1 apelyasiya şikayətində göstərdiyi 15000 manat pulun iddiaçının anasına verilməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, bu halı sübuta yetirə bildiyi halda bununla bağlı müstəqil iddia qaldırmaq hüququna malikdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5132/2021 saylı iş üzrə 29 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847-də yerləşən 2 saylı evin 28 saylı mənzilindən əşyaları ilə birgə çıxarılsınlar. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1417/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1417/2022
07.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver