Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1418/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Eynar Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ailə üzvlərinin mənzilə köçürülməsi” tələbinə 2(005)-2896/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə, sahiblik və yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının tanınması, həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ailə üzvlərinin həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 23 may 2000-ci il tarixdən halhazıradək ünvan 1 ünvanında, mərhum nənəsi Fatma Qafarovanın evində qeydiyyatdadır və həyat yoldaşı və azyaşlı övladı ilə mərhum nənəsi ilə bir yerdə yaşamışlar. 2012-c il nənəsi Fatma Qafarova rəhmətə getmiş, 2016-cı ildə o, həbs olunduqdan sonra X15 onun həyat yoldaşını və azyaşlı övladını sözügedən mənzildən çıxarmış, hal-hazırda onun ailə üzvləri Ağstafa rayonunda, qaynatasıgildə yaşayırlar. X15 mərhum nənəsi Fatma Qafarovanın evini vəsiyyətnamə əsasında onun razılığı olmadan oğlu Cavabdeh adına keçirmişdir. O, nənəsinə məxsus ünvan 1 ünvanında yerləşən evə vərəsəlik hüququnun tanınması və həmin əmlakdan natura ilə ona düşən payın müəyyən edilməsi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə onun qeyd olunan ünvana 1/8 pay hüququnu müəyyən etmişdir. Buna görə də hesab edir ki, onun mərhum nənəsi Fatma Qafarovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüququ, ondan istifadə etmək və ona dair sərəncam vermək tanınmalı və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və o, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Cavabdeh qarşı “X2 və azyaşlı övladı X3 mənzilə məcburi köçürülməsi tələbi”nə dair iddiası təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı Cavabdeh qarşı “iddiaçının mənzilə istifadə, yaşayış hüquqlarının tanınması, həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” hissəsində iddia tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin eidlməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, onun iddiasının bir hissəsi ilə bağlı işin icraatına xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qərardadından məlumatı yoxdur. Həmin qərardadı rəsmən aldıqdan sonra qərardaddan da şikayət verəcəkdir. Cavabdehin təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya baxışının predmetini iddianın “X2 və azyaşlı övladı X3 mənzilə məcburi köçürülməsi” hissəsində təmin olunmamasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə X8 14 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından X9 27 mart 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(005)- 471/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı X4, X5, X1 və Cavabdeh qarşı vərəsəlik hüququnun məcburi pay hüququnun tanınması, miras əmlakdan payın ayrılması, həmin pay üzərində mülkiyyət hüququnun tanınaraq Daşınmaz Əmlakın Dövlət Resyestr Xidmətində qeydiyyata alınmasına və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka 1/8 pay hüququ müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10016/2019 nömrəli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2019-cu il tarixli qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh, X4, X6 və X1 qarşı “məcburi pay hüququnun tanınması və sair tələbləri barədə” iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi tələbi barədə" iddiası təmin edilməmiş, həmin qətnamənin İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Y.Hüseynov küçəsində yerləşən 6 №-li evdən qeydiyyatdan çıxarılması üçün əsas olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı “X2 və azyaşlı övladı X3 mənzilə məcburi köçürülməsi tələbi”nə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, İddiaçı ailə üzvü olan X2 əvəzinə hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv mənada hüququ yoxdur. İddiaçı Ləman Qəfərovanın əvəzindən çıxış etməyə ona səlahiyyət verilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən X3 həmin mənzilə köçürülməsinə münasibətdə nəzərə alınmalıdır ki, X9 anası X2 himayəsindədir. X2 əvəzinə iddia qaldırılması imkanının itirilməsi bu iddia ilə bağlı törəmə tələb olan ananın himayəsində olan azyaşlı X3 mübahisəli mənzilə ehtimal edilən hüquqlarının məhkəmə baxışında müəyyənləşdirilməsi imkanını da istisna edir. Bu səbəbdən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(005)- 2896/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1418/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1418/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver