Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1419/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı “kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4564/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı “kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 24 iyun 2015-ci il tarixli 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh4 və oğlu Cavabdeh3 oğlu) ilə birlikdə Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 bina 136A ünvanında yerləşən 89 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçu xidmət yerinə gəlməsindən ən gec 3 ay keçənədək ona onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalarına uyğun gələn xidməti mənzil verilir. Cavabdeh1 xidmət etdiyi müddətdə yuxarı komandanlığa raportla müraciət edərək ona xidməti mənzilin verilməsini xahiş etmiş, nəticədə 19 may 2015-ci il tarixli 4 nömrəli protokolla Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan xidməti yaşayış sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin protokol əsasında Cavabdeh1la Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev arasında 24 iyun 2015-ci il tarixli 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Mənzil komissiyasının həmin protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin 24 iyun 2015-ci il tarixli 30 nömrəli kirayə müqaviləsi əsasında ehtiyatda olan polkovnik Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh4 və oğlu Cavabdeh3 oğlu) ilə birlikdə Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsi verilmiş və sonuncu ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Cavabdeh1, kirayə müqaviləsi bağlanmadan əvvəl, yəni 23 iyun 2015-ci il tarixdə iltizam verərək xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən azad olunduqda və s. digər hallarda yuxarıda qeyd edilən ünvandakı xüsusi təyinatlı yaşayış sahəsini (xidməti mənzili) şərtsiz və yararlı vəziyyətdə təhvil verəcəyini bildirmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, ehtiyatda olan polkovnik Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 28 mart 2022-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Cavabdeh1 20 il qüsursuz xidmətini nəzərə alaraq sonuncu 1999-cu il tarixdə güzəştli şərtlərlə mənzillə təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 016292 nömrəli qeydiyyat vərəqəsi əsasında ünvan 1 ünvanında 2 otaqlı 30.14 kv.m yaşayış sahəsi verilmiş və 24 sentyabr 1999-cu il tarixdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında 2 otaqlı 30.14 kv.m yaşayış sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Hissəsi tərəfindən müxtəlif tarixlərdə Cavabdeh1 ünvanına (xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə) xəbərdarlıq göndərilərək ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanındakı xüsusi təyinatlı yaşayış sahəsini xx.xx.2024-cü il tarixədək boşaldaraq təhvil verilməsi bildirilmiş, lakin hazırkı tarixədək sonuncu həmin mənzili təhvil verməmiş və təqdim edilən xəbərdarlığa heç bir səbəb göstərilmədən tanış olaraq imza etməkdən imtina edilmişdir. Beləliklə, Müdafiə Nazirliyi belə qənaətə gəlir ki, işin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddia əsaslıdır. Cavabdeh1 Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır. “Azərbaycan Ordusunun hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanının Preambulasında qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının surətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensiyalının gücləndirilməsi və ordumuzun maddi texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətinin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəliyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi davamlı olaraq artırılır. Cavabdeh ona verilən güzəşt və bütün imtiyazlardan kifayət qədər istifadə edərək Müdafiə Nazirliyinin mənzil fondundan daimi yaşayış sahəsi ilə təmin edilmiş və o, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4564/2024 saylı qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin olunmuşdur. Cavabdehlərdən Cavabdeh1 məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, şikayətin təmin olunmasını, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hal-hazırda xidməti yaşayış evindən başqa digər yaşayış yerinin olmaması, məhkəmənin bunu araşdırmaması, uzun müddət silahlı qüvvələrdə xidmət etmiş cavabdehin yaşayış sahəsindən çıxarılmasının ədalətsiz olması, hərbi qulluqçuların ehtiyyata və istefaya buraxıldıqdan sonra qanunvericliklə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsini almaq hüququnun olması, digər yaşayış sahəsi verilmədən cavabdehin xidməti mənzildən çıxarılmasının qanunvericiliyin tələblərinə zid olması, həmçinin cavabdehə polkovnik rütbəsinin olması ilə bağlı əlavə yaşayış yerinin verilməsi məsələsinin də araşdırılmaması, iddiaçı tərəfin istinad etdiyi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin cavabdehə dövlət tərəfindən verilməməsi, həmin mənzili rusiyalı hərbiçi ilə evlərinin əvəzləşdirməsi nəticəsində əldə etməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayənəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə, iddiaya qarşı etiraza, eləcə də birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehlərin çıxarılması tələb olunan münahisəli ünvan - ünvan 3 bina 136A yerləşən 89 nömrəli mənzil Nazirliyin nəzdində olmuş, cavabdehin xidməti ilə əlaqədar verilmiş, hazırda isə geri tələb olunur. Tələbi əsası kimi cavabdehin xidmət illərinin başa çatması, artıq ehtiyyatda olan hərbi qulluqçu olması, həmçinin cavabdehə artıq bir dəfə Nazirlik tərəfindən mənzilin verilməsi və s. göstərilmişdir. Lakin bildirirlər ki, istinad olunan ünvan 4 ünvanındakı 2 otaqlı mənzil 1990-cı illərdə iddiaçı tərəfindən cavabdehə xidmətin əvəzi kimi verilməmiş, cavabdehin rusiyadakı evini Bakıda yaşayan rus zabitinin evi ilə əvəzləşdirməsi nəticəsində əldə olunmuşdur. Yəni, həmin mənzil cavabdehin hərbi xidməti nəzərə alınaraq, dövlət tərəifndən əvəzsiz olaraq verilməmişdir. Bundan başqa, hərbi qanunvericliyə əsasən “polkovnik” rütbəli zabitlərə onların 20 illik qüsursuz xidməti nəzərə alınaraq, əlavə yaşayış sahəsi də verilməlidir. Lakin Nazirlik tərəfindən cavabdehin bu hüququ təmin olunmamışdır. Həmçinin, hərbi qulluqçuların ehtiyyata və istefaya buraxıldıqdan sonra, qanunvericliklə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Belə olan halda isə, yəni digər yaşayış sahəsi verilmədən cavabdehin xidməti mənzildən çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, ünvan 5 ünvanındakı mənzil həqiqətən də 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən cavabdehin ordudakı xidmətinə görə verilmiş, cavabdeh bir müddət sonra mənzili özəlləşdirmiş, həyat yoldaşına bağışlamış sonuncu tərəfindən isə özgəninkiləşdirilmişdir. 2015-ci ildə cavabdehə hazırki xidməti mənzil verilmiş, bundan sonra onun mülkiyyətinə əvvəllər mənzilin verildiyi məlum olmuşdur. Xidməti mənzillər hərbi qulluqçulara müəyyən dövr üçün verilir, həmin mənzillərin verilməsi üçün nəzərdə tutulan müddət bitdikdən sonra mənzillər geri qaytarılmalıdır. Hazırkı mübahisə üzrə cavabdehə dövlət tərəfindən artıq bir dəfə əvəzsiz mənzil verilmiş, o isə həmin mənzili sonradan satmışdır. Cavabdeh tərəf digər mənzilin dövlət tərəifndən verilməməsini, başqa mənzillə dəyişdirməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, işdə olan Yasamal Rayon İH tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli orderin surətindən açıq-aşkar görünür ki, əvvəlki mənzil cavabdehə məhz hərbi qulluqçu kimi Müdafiə Nazirliyinə məxsus mənzil fondundan verilmişdir. Göründüyü kimi, cavabdeh bu hüququndan artıq bir dəfə istifadə etmişdir. Belə olan halda isə cavabdeh ona verilmiş xidməti mənzili təhvil verməlidir, o bununla bağlı iltizamı da imzalamışdır. Lakin, cavabdeh müxtəlif əsassız tələblər irəli sürməklə xidməti mənzili təhvil verməkdən imtina edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia təmin olunmuş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Bakı Qornizonu üzrə mənzil komissiyasının 4 nömrəli, xx.xx.2015ci il tarixli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli 30 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsini kirayəçi Cavabdeh1 və onun ailə üzvlərinə xidməti fəaliyyəti ilə bağlı kirayəyə vermişdir. İşdə olan xx.xx.2015-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən mənzili şərtsiz yararlı vəziyyətdə Kirayə verərənə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli pretenziya məktublarına əsasən cavabdehin mənzili boşaldaraq təhvil verməsi barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 020585 nömrəli orderin surətindən və Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 087/2 nömrəli sərəncamına və xx.xx.1993-cü il tarixli 020585 nömrəli orderinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 30,14 m2 sahəsi olan 2 otaqlı, ev 95a, 58 saylı mənzil daimi orderlə Cavabdeh1 (həyat yoldaşı Cavabdeh2 ilə birlikdə) Müdafiə Nazirliyinə məxsus mənzil fondundan hərbi qulluqçu kimi verilmişdir. İşdə olan xx.xx.1999-cu il tarixli 016292 nömrəli xüsusi mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsindən, habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 1999-cu ildə Cavabdeh1 adına özəlləşdirilmiş və mülkiyyət hüquqları xx.xx.1999-cu ildə dövlət qeydiyyatına alınmış, sonuncu həmin mənzili xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən arvadı Cavabdeh2 bağışlamış, sonuncunun mülkiyyət hüqquları xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış, Cavabdeh2 isə həmin mənzili xx.xx.2022-ci il tarixlə alqı-satqı müqaviləsinə əsasən 85000 manat pul vəsaiti qarşılığından X4 xeyrinə özgəninkiləşdirilmişdir (həmin mənzil sonradan O.Abdullayev tərəfindən də özgəninkiləşdirilmişdir). İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin yaşayış fondundan dövlət vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 95A ünvanında yerləşən, 58 saylı mənzillə (order № 020585, 1999-cu ildə özəlləşdirilib) təmin edildiyi üçün “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” AR Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı cavabdehə şamil olunmur və bu səbəbdən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması nəticəsinə gələrkən qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlu qeydiyyatdadı və yaşayır. Həmin yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyətindədir. xx.xx.2015-ci il tarixli 30 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müəyyən edilir ki, kirayə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri, ünvan 11 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsini kirayəçi Cavabdeh1 və onun ailə üzvlərinə xidməti fəaliyyəti ilə bağlı kirayəyə vermişdir. xx.xx.2015-ci il tarixli İltizama əsasən müəyyən edilir ki, Cavabdeh1 ........hərbi xidmətdən buraxıldıqda..... həmin mənzili yararlı vəziyyətdə Kirayə verərən təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.1999-cu il tarixli 016292 nömrəli Xüsusi mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzil Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən hərbi qulluqçu Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 arvadı Cavabdeh2 xüsusi mülkiyyətinə keçmişdir. Cavabdehlər hazırda həmin mənzilə yaşayırlar. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfin etirazına əsasən Cavabdeh1 xidmətlərinə görə o, ehtiyata buraxıldıqda dövlət tərəfindən mənzillə təmin edilməli olduğu halda edilməmişdir. Odur ki, hazırki mübahisə predmeti olan mənzil Cavabdeh1 verilməlidir. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh1 hərbi qulluqçu olduğu üçün bir dəfə dövlət tərəfindən pulsuz mənzillə təmin olunmuş, həmin mənzil daha sonra Cavabdeh1 tərəfindən arvadının adına özgəninkiləşdirilmişdir. Bununla dövlət hərbi qulluqçu qarşısında öhdəliklərini icra etmişdir. Cavabdeh tərəfin digər etirazına əsasən bir dəfə mənzilin verilməsi hərbi qulluqçu ehtiyata buraxılan zaman ona yenidən mənzilin verilməsini istisna etmir. Məhkəmə həmin etirazla da razılaşmayaraq göstərmişdir ki, həmin xüsusatla bağlı ayrıca tələb varsa müvafiq iddia tələbi ilə aidiyyəti inzibati orqana qarşı məhkəməyə müraciət edilə bilər (həmin xüsusatların aydınlaşdırılması inzibati məhkəmənin səlahiyyətlərinə aiddir). Hazırki mübahisənin predmetini isə müqavilə predmeti olan mənzilin Kirayəyə verənə geri qaytarılması və ona kirayə münasibətləri kontesktində yeni mənzilin verilməməsidir. Bu səbəbdən də mübahisəyə tərəflər arasında bağlanmış kirayə müqaviləsi şərtləri çərçivəsində hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.1-ci maddəsində göstərilir ki, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri aiddir. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Mülki Məcəllənin 697.1-ci maddəsinin birinci cümləsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehə verilmiş müvafiq xidməti yaşayış sahəsi onun hərbi qulluq müddətlərini əhatə etməklə müvəqqəti xarakter daşımışdır. Cavabdeh tərəf də bu halı inkar etmir və hərbi xidmətdən təxris olunması ilə bağlı həmin yaşayış sahəsini təhvil verməli olduğunu qəbul edir. Lakin, etirazının əsası kimi ona digər yaşayış sahəsinin verilməli olmasını, həmin anadək isə xidməti yaşayış sahəsində qalmaq (yaşamaqda davam etmək) hüququnun olmasını bildirir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.2-ci maddəsində və “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Qanunda göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. İddiaçı isə cavabdehə xidməti ilə əlaqədar olaraq bir dəfə dövlət tərəfindən mənzil verildiyini (Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən mənzil), hazırda cavabdehin xidmət illərinin başa çatdığını və bu səbəbdən, xx.xx.2015-ci il tarixdə cavabdehə və onun ailə üzvlərinə onların yaşaması üçün verilmiş xidməti mənzilin (Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m yaşayış sahəsi olan 89 nömrəli mənzil) geri qaytarılmasını tələb edir. Cavabdeh 1993-cü ildə qeyd edilən mənzili əldə etməsinə etiraz etməsə də, iddiaya qarşı etirazının, eləcə də apellyasiya şikayətinin əsas dəlillərindən biri həmin mənzilin onun xidməti ilə əlaqədar dövlət tərəfindən verilmədiyi, Rusiyada olan evi ilə, rus hərbiçisinin Bakıda olan evinin qarşılıqlı əvəzləşdirilməsi nəticəsində əldə etdiyini bildirmişdir. Buna baxmayaraq cavabdeh həmin dəlillərini əsaslandıra və sübut edə bilməmişdir. Əksinə, işdə olan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 020585 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 30,14 m2 sahəsi olan 2 otaqlı, ev 95a, 58 saylı mənzil daimi orderlə Cavabdeh1 (həyat yoldaşı Cavabdeh2 ilə birlikdə) hərbi qulluqçu kimi verilmişdir. Qeyd edilən halın dəqiqləşdirilməsi istiqamətində müvafiq sorğuya cavab olaraq, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 087/2 nömrəli sərəncamına və xx.xx.1993-cü il tarixli, 020585 nömrəli orderinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzili daimi orderlə vətəndaş Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus mənzil fondundan hərbi qulluqçu kimi verilmişdir. Həmçinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 95A ünvanında yerləşən 58 saylı mənzil xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi ilə X2 və sonuncunun əmlak üzərində hüququ xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə 0023MXD/2024 nömrəli alğı-satqı və ipoteka müqavilələrinə əsasən sözügedən mənzil X1. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdehin etirazının əksinə olaraq ünvan 12 ünvanında yerləşən 58 saylı mənzil ona daimi orderlə Müdafiə Nazirliyinə məxsus mənzil fondundan hərbi qulluqçu kimi verilmiş, cavabdeh onu qəbul etmiş, daha sonra isə onu özəlləşdirmiş və s. hərəkətlər etmişdir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, hazırda cavabdehin çıxarılması tələb olunan mənzil iddiaçıya aid mənzil fonduna məxsus olmaqla xx.xx.2015-ci il tarixli 30 nömrəli kirayə müqaviləsi əsasında cavabdehə və onun ailə üzvlərinə məhz cavabdehin xidməti fəaliyyəti ilə bağlı istifayə verilmiş, həmçinin cavabdeh hərbi xidmətdən buraxıldıqda həmin mənzili yararlı vəziyyətdə geri qaytaracağı barədə iltizamı imzalamışdır. Lakin, cavabdeh artıq müəyyən müddətdir ki, ehtiyata buraxılmasına və xəbərdar edilməsinə baxmayaraq xidməti mənzili boşaltmamış, hər hansı hüquqi və qanuni əsas olmadan orada yaşamaqda davam edir. Bu hal həmçinin cavabdehin həmin mənzildə yaşamasına əsas olmuş müvafiq kirayə müqaviləsinin şərtlərinə (5.8-ci bənd və s.), xx.xx.2015-c il tarixli iltizamla üzərinə götürdüyü öhdəliyə və qanunvericiliyin qeyd edilən tələblərinə də ziddir. Cavabdeh hazırki vəziyyətdə başqa yaşayış sahəsinin olmamasını qeyd etsə də, nəzərə alınmalıdır ki, ona hərbi qulluqçu kimi daha əvvəl verilmiş yuxarıda qeyd edilən mənzil sonradan əvəzli qaydada, yəni 85000 manat pul vəsaiti qarşılığında özgəninkiləşdirilmişdir. Göründüyü kimi, cavabdehin hazırki vəziyyətdə başqa yaşayış yerinin olmaması istiqamətində etirazları hüquqdan sui-istifadəyə yönəlməklə, vicdanlılıq prinsipi ilə də uzlaşmır. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Cavabdehin digər dəlillərinə (ona qüsursuz xidmətə və s. hallara görə əlavə yaşayış sahəsinin verilməli olması) münasibətdə qeyd olunmalıdır ki, cavabdehin qeyd olunan hüquqları ilə bağlı tələblərini başqa icraat qaydasında mübahisələndirilə bilər. Lakin bu hal özüözlüyündə mübahisəli yaşayış sahəsinin boşaldırlaraq təhvil verilməsindən imtina üçün əsas ola bilməz. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanunihüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Xüsusilə qeyd edilməlidir ki, qanuni əsas olmadan xidməti mənzilin təhvil verilməməsi sadəcə şəxsi hüquq pozuntusu olmamaqla, növbədə olan digər hərbçilərin mənzilə çıxış imkanını əngəlləyir. Bu hal həm də kollektiv ədalət, sosial tarazlıq və təşkilati effektivlik baxımında da dəyərləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Qətnamə qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı “kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4564/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4564/2024 saylı qətnaməsi qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1419/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1419/2025
29.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver