Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-142/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Maraqlı şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: mənzilin təhvil verilməsi, maneənin aradan qaldırılması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Maraqlı şəxs qismində işə cəlb edilməklə) “mənzilin təhvil verilməsi, maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3427/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzili bir pay kimi iddiaçıya vevir, həmin mənzilin 1 kv.m. sahəsi üçün 580 manat təyin edilir, cəmi 90,4 kv.m. sahə üçün ümumi dəyər 52.432 manat təşkil edir. Həmin müqavilə qiymətindən 100% miqdarı, yəni 52.432 manat məbləği ödənilibdir. Cavabdeh tərəfindən verilmiş və cavabdehin direktoru R.S. Əhmədovun imzası, habelə möhürü ilə təsdiq edilmiş həmin tarixli maliyyə arayışına əsasən iddiaçı bu mənzilin dəyərini tam ödəmişdir.
2. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 13 mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.olan, 2 otaqlı, 312 nömrəli mənzili bir pay kimi iddiaçıya verir, həmin mənzilin 1 kv.m. sahəsi üçün 770 manat təyin edilir, cəmi 90,4 kv.m. sahə üçün ümumi dəyər 69.568 manat təşkil edir. Həmin müqavilə qiymətindən 51.568 manat məbləği ödənilib, qalıq borc 18.000 manat təşkil edir.
3. Maraqlı şəxs ilə (bundan sonra maraqlı şəxs) cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 346002 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 346 nömrəli mənzili bir pay kimi iddiaçıya vevir, həmin mənzilin 1 kv.m. sahəsi üçün 620 manat təyin edilir, cəmi 90,4 kv.m. sahə üçün ümumi dəyər 56.000 manat təşkil edir. Həmin müqavilə qiymətindən 100% miqdarı, yəni 56.000 manat məbləği ödənilibdir. Cavabdeh tərəfindən verilmiş və cavabdehin direktoru R.S. Əhmədovun imzası, habelə möhürü ilə təsdiq edilmiş həmin tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs bu mənzilin dəyərini tam ödəmişdir.
4. "xxxx" MMC-nin vəzifəli şəxsləri X10, X5 və X7 Azərbaycan Respublikası CM-in 178.4-cü, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsi barədə cinayət işinin istintaqı zamanı iddiaçı və maraqlı şəxs zərərçəkmiş şəxs qismində cinayət işinə cəlb edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8184 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında işa olunan yüksək mərtəbəli yaşayış binasına dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri mülki iş materiallarında olmadığından, eləcə də ekspertizaya təqdim edilmədiyindən, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blokunun 12ci mərtəbəsində yerləşən 306 saylı mənzilin həmin binanın tikinti sənədlərinə (layihə və sair) əsasən hansı blokda və mərtəbədə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış hesablamalar nəticəsində İddiaçı 306 saylı mənzil kimi təqdim etdiyi mənzilin ümumi sahəsinin 74,34 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında işa olunan yüksək mərtəbəli yaşayış binasına dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri mülki iş materiallarında olmadığından, eləcə də ekspertizaya təqdim edilmədiyindən, üçüncü şəxs Maraqlı şəxs ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blokunun 12-ci mərtəbəsində yerləşən 346 saylı mənzilin həmin binanın tikinti sənədlərinə (layihə və sair) əsasən hansı blokda və mərtəbədə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış hesablamalar nəticəsində Maraqlı şəxs 346 saylı mənzil kimi təqdim etdiyi mənzilin ümumi sahəsinin 74,34 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli, mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzilin və həmin ünvanda inşa olunan yüksək mərtəbəli, mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzilin ona təhvil verilməsi və təmirin aparılması üçün maneənin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, mübahisə predmeti olan mənzillərdən istifadə hüququndan yararlana bilmir. Bu barədə "xxxx" MMC-yə sorğu ünvanlansa da, mənzillərin nə zaman təhvil veriləcəyi barədə heç bir məlumat verilməmişdir. xx.xx.2017-ci il tarixli müqavilənin 7.1-ci maddəsinə əsasən hər iki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək, çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir, bu mümkün olmadıqda məhkəmə orqanlarına müraciət olunur. Göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetimir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3427/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli və 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzillərin cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli və 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzillərdə İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılması üçün maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. (hakim X2 qızı)
9. Məhkəmə qeyd etmişdir ki, müqavilə 2017-ci ildə bağlansa da, satıcı uzun müddət ərzində (6 il ərzində) mənzili alıcıya təhvil verməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, mübahisəli mənzilləri iddiaçıya təhvil verməmiş, həmin mənzillərdə İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılması üçün maneələr yaradaraq müqavilənin şərtlərini pozmuşdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386-cı, 425.1-ci, 442-ci, 569.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3427/2023 saylı qərardadı ilə Maraqlı şəxs mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmış və onun tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın “İddiaçı Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli, mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı mənzilin ona təhvil verilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə və həmin tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışına nəzər yetirdikdə müəyyən olur ki, müqavilədə mənzilin nömrəsi 306-dır. Onun mənzilə dair bağladığı müqavilədə mənzilin nömrəsi 346 kimi qeyd olunur. Bundan başqa hər iki müqaviləyə diqqət yetirdikdə müqavilələrdəki möhürlərin fərqli olduğunu açıq şəkildə görmək olur. Ən azından müşahidə etmək olur ki, İddiaçı müqaviləsində olan möhürü daha aşınmışdır. Halbuki İddiaçı ilə bağlanmış müqavilə (xx.xx.2017), onunla bağlanmış müqavilədən (xx.xx.2019) iki il əvvəl bağlanmışdır. Bununla belə, mənzilin yerləşdiyi 4-cü korpusun 2017-ci ildə ümumiyyətlə təməli qoyulmamışdır. Lakin Tarikuliyeva onunla telefon söhbətində binanın tikildiyini bildirmişdir. İş materiallarında olan müqavilələrə də göz yetirilsə, 4-cü korpusda olan müqavilələrin 2018-ci ildən bağlandığını görmək olar. Bunların hamısı İddiaçı ilə mənzilə dair müqavilənin bağlanmasının yaxın zamanlarda, 2023-cü ildə bağlandığına dəlalət edir. Bu səbəbdən İddiaçı məhkəməyə şahid qismində çağırılmasına, onunla bağlanmış müqaviləyə baxış keçirilməsinə, müqavilə ilə bağlı ekspertizanın keçirilməsinə ehtiyac duyulur. İddiaçı xx.xx.2017-ci il tarixdə müqavilə bağlamışdırsa da, iddiaçı həmin mənzili təhvil almamış, bu mənzil heç vaxt onun istifadə və sahibliyində olmamışdır. S. Tarikuliyeva ümumiyyətlə mənzilinin yerləşdiyi yeri belə bilmir. Bunun özü isə onun həqiqətən də mübahisəli mənzilə onun sahiblik hüququnu əsaslı olaraq şübhə altına alır. O, isə yuxarıda qeyd olunanlardan məlum olur ki, faktiki olaraq mənzilə sahiblik etmiş, mənzilə giriş qapısı qoymuş, bundan sonra qapının üzərinə adını, mobil nömrələrini, müqavilənin tarixi və nömrəsini yazmış, mütəmadi olaraq mənzilə baş çəkmişdir. İddiaçı bildirdiyinə görə o, 12 və 13-cü mərtəbələrdə alt üst 2 ədəd, sahəsi 90.4 kv.metr olan, lakin müqavilədə 89 kv.metr kimi göstərilmiş 2 otaqlı mənzil almışdır. Onun üst qatında 13-cü mərtəbədə yerləşən mənzil 2018-ci ildə X11 tərəfindən (ittiham aktına istinad) alınmış və tam təmir olunmuşdur. Onun müqaviləsində mənzilin №-si 307 kimi qeyd olunub. İddiaçı iddiasında göstərilən mənzil onun müqaviləsində 306 № ilə qeyd edilibdir. Tarikuliyevanın aldığı digər mənzil 312 nömrəlidir. Bir mərtəbənin sahəsində 6 mənzilin yerləşdiyi nəzərə alınsa İddiaçı aldığı mənzillər üst-üstə deyil, yan-yana yerləşməlidir. Eyni zamanda, cinayət işində təqsirləndirilən şəxslərin bildirdiyinə görə əvvəl planlaşdırıldığından fərqli olaraq əlavə 2 mərtəbə tikildiyinə görə və ölçülərdə dəyişiklik olduğu üçün müqavilədə göstərilən mənzil olçüləri nisbidir. İddiaçı ona bildirdiyinə görə onun mənzilinin pəncərələri “Kaktus” restoranına tərəf baxır. Onun sahibliyində olan mənzil isə tamam başqa istiqamətə baxır. Verilmiş sorğu ilə əlaqədar Yasamal rayon İcra və probasiya şöbəsısində də olanda məhkəmə icraçısı binanın 12-ci mərtəbəsinin dəhlizinə pilləkənlər tərəfdən sol tərəfdə olan 2 otaqlı mənzilin İddiaçı məxsus olduğunu bildirmişdir ki, həmin mənzil 87 kv.metr olmaqla həqiqətən də həmin 2 otaqlı mənzilin pəncərələri “Kaktus” restoranına tərəf açılır. Onun və İddiaçı müqaviləsində göstərilən mənzil ölçüləri dəqiq olmaması ehtimalı ilə yanaşılsa onların mənzillərin fərqli olacağı qənaitinə gəlinə bilər. Bu onu göstərir ki, İddiaçı tərəfindən alınan mənzillər dəqiq müəyyən edilməmişdir. İşin materiallarından müəyyən olur ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə daxil olub, məhkəmə qətnaməsi də xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Tərəflərin məhkəməyə gəlməsi təmin edilmədən tələm-tələsik hazırlıq iclası da daxil olmaqla 1 ay müddətində qətnamə qəbul olunmuşdur. "xxxx" MMC-nin hüquqi ünvanı Nizami rayonu göstərilsə də, binanının inşa edildiyi ünvan üzrə ofisin yerləşdiyi yerə bildiriş göndərilməmişdir. Bu şirkətin məhkəmədə iştirakı vacib hesab olunduğu halda məhkəmə həmin şirkətin nümayəndələrinin məhkəmədə iştirak etməsinə ehtiyac duymamışdır. Birinci instansiya məhkəməsinin apardığı işdən belə qənaətə gəlmək olar ki, tələm-tələsik İddiaçı sifarişi ilə onun xeyrinə qətnamə qəbul etmişdir. Bunun nəticəsi olaraq digər mənzil sahiblərini – onu və X8 çətin vəziyyətə salaraq, onlara problemlər yaranmışdır. Məhkəmə tərəfindən İddiaçı iddia etdiyi mənzili dəqiq müəyyən etmədən, tələm-tələsik bir ay müddətində, məhkəmənin hazırlıq iclası da daxil olmaqla bəsit “araşdırma” nəticəsində digər şəxsin mənzilə dair olan sahiblik hüquqlarını pozan əsassız qətnamə qəbul etmişdir. Bunun özü isə işin bütün hallarının obyektiv araşdırılmaması kimi qiymətləndirilir. İddiaçı tərəfindən alınan iki mənzilin nömrələnməsi (306 və 312) və bir ploşadkada 6 mənzilin olması nəzərə alınarsa, onun sahibliyində olan 90.4 kv.metr olan mənziin ona məxsus olmaması qənaətinə gəlmək olar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, mübahisəli yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı mənzillə bağlı iddianın təmin edilən hissəsində ləğv olunaraq, həmin hissədə iddianın rədd olunması xahiş olunduğundan, qətnamə yanlız mübahisələndirilən həmin (xx.xx.2017-ci il tarixli müqavilədə göstərilən 306 saylı mənzillə bağlı) hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və həmin hissədə iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, mübahisə predmetini təşkil edən binada 4-cü giriş, 12-ci mərtəbə, 90.4 kv.m sahəsi olan 2 otaqlı 306 nömrəli mənzil xx.xx.2017-ci il tarixli müqavilə və həmin tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı əsasında 52.432 manat müqabilində İddiaçı Muzəffər qızına verilmişdir.
25. Hazırda Maraqlı şəxs onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə istinadən iddiaçının müqaviləsində göstərilən 306 saylı mənzilin həqiqətdə 346 saylı olduğunu, mənzili cavabdehin vəzifəli şəxslərindən təhvil aldığını və hazırda ona məxsus olmaqla onun istifadə və sahibliyində olduğunu, o cümlədən mənzilə qapı quraşdırdığını, iddiaçı ilə müqavilənin həqiqətdə sonradan bağlandığını, müqavilənin tarixinin formal olaraq onunla bağlanılan müqavilənin tarixindən əvvəlki tarixdə, yəni 2017ci il olaraq qeyd edildiyini, reallıqda müqavilənin 2023-cü ildə bağlandığını, mənzilin yerləşdiyi 4-cü girişin inşasına 2018-ci ildə başlanıldığına, iddiaçının bu mənzilin harda yerləşməsindən tam məlumatsız olduğunu qeyd edir və iddianın həmin mənzillə bağlı hissədə rədd edilməsini tələb edir.
26. Məhkəmə kollegiyası ilk növbədə xx.xx.2017-ci il tarixli müqavilədə göstərilən 306 saylı mənzillə, xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən 346 saylı mənzilin eyni mənzil olub-olmaması ilə bağlı qeyd edir ki, cavabdehin vəzifəli şəxsləri barəsində açılmış cinayət işinin istintaqı zamanı həmin müqavilələrdə müvafiq olaraq 306 və 346 nömrə altında qeyd edilən mənzillərin eyni mənzil olduğu göstərilmişdir. Maraqlı şəxs da məhz bu mövqedən çıxış edərək, verdiyi apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsini tələb edir. İddiaçı bu halı inkar etmir və mənzilə dair müqavilənin daha əvvəl onunla bağlanmasına əsaslanaraq, mənzilin ona məxsus olduğunu bildirir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının və Maraqlı şəxs iştirakı ilə keçirilmiş yerində müayinə zamanı Maraqlı şəxs iddiaçının 306 saylı mənzil olaraq göstərdiyi mənzilin həqiqətdə onun müqaviləsində 346 saylı kimi göstərilmiş mənzil olduğunu bildirmişdir (bu mövqe binada sonradan əlavə olaraq daha iki mərtəbənin inşa edilməsi və nəticədə 306 saylı mənzilin say etibarı ilə 346 olması ilə əsaslandırılır). Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, nömrələrin fərqli olmasına baxmayaraq, hər iki müqavilənin predmetini eyni mənzil təşkil edir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçı ilə cavabdeh, habelə maraqlı şəxslə cavabdeh arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin bu sahəni tənzimləyən digər aidiyyəti müddəaların tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur.
28. Bu baxımdan mübahisəli mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), sifarişçi qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır.
29. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, həmin mənzilə dair ilk müqavilə tarix etibarı ilə iddiaçı ilə bağlanmışdır. Bununla da cavabdehin həmin mənzili inşa edib onun müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə bağlı öhdəliyini yerinə yetirmiş iddiaçıya təhvil verilməsi öhdəliyi yaranmış, yəni bu mənzilə münasibətdə ilk olaraq iddiaçının istifadə və sahiblik hüququ, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Göründüyü kimi, mübahisəli mənzilin təhvil verilməsi ilə bağlı iddia da məhz iddiaçı tərəfindən irəli sürülmüşdür.
30. Maraqlı şəxs mənzili cavabdehin vəzifəli şəxslərindən təhvil aldığını və hazırda ona məxsus olmaqla onun istifadə və sahibliyində olduğunu, o cümlədən mənzilə qapı quraşdırdığını, iddiaçının müqaviləsinin həqiqətdə sonradan bağlandığını, müqavilənin tarixinin formal olaraq onunla bağlanılan müqavilənin tarixindən əvvəlki tarixdə, yəni 2017ci il olaraq qeyd edildiyini, reallıqda müqavilənin 2023-cü ildə imzalandığını bildirsə də, bu halları sübuta yetirə bilmir. Məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı isə maraqlı şəxsin mübahisələndirdiyi mənzilə ümumiyyətlə qapının quraşdırılmadığı müəyyən edilmişdir. Halbuki, maraqlı şəxs apellyasiya şikayətində mənzilə giriş qapısının quraşdırıldığını qeyd etmişdir. Həmin mənzilin hər hansı vaxt maraqlı şəxsə təhvil verilməsini, mənzilin nə vaxtsa onun istifadə və sahibliyində olmasını təsdiq edən hər hansı sübut isə ümumiyyətlə təqdim edilməmişdir. İddiaçının bu mənzilin harda yerləşdiyindən tam məlumatsız olması ilə bağlı qeyd edilməlidir ki, iddiaçı yerində müayinə zamanı mənzili (bloku, mərtəbəni) tam sərbəst şəkildə göstərmişdir.
31. Mənzilin yerləşdiyi 4-cü blokun inşasına 2018-ci ildə başlanması ilə bağlı qeyd edilməlidir ki, belə müqavilə bir tərəfdən müvafiq maddi nəticənin yaradılması (hazırki vəziyyətdə mənzilin inşa edilməsi) ilə bağlı icraçının fəaliyyətini tənzimləyir və bununla bağlı həmin işin görülməsi üçün vaxtın müəyyən edilməsi imkanını nəzərədə tutur. Bununla belə, belə bir müqaviləyə əsasən tərəflər hər hansı bir işin müəyyən müddət çərçivəsində görüləcəyi, o cümlədən bu işlərin başlama tarixi ilə bağlı razılığa gəlirlər. Bu baxımdan yaşayış binasının (mənzilin yerləşdiyi girişin) tikintisinin layihələndirilməsinə icazə almış cavabdeh tikintiyə icazə almadan və tikintiyə başlamadan da artıq belə bir müqavilənin bağlanması hüququnu əldə etmişdir. Bu səbəbdən mənzilin yerləşdiyi girişin müqavilə bağlandıqdan sonra inşa edilməsi halının mövcudluğu (əgər belə bir hal varsa) tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlərin yaranmasını istisna etmir və apellyasiya şikayətinin əsaslı olmasına dəlalət etmir.
32. Belə olan halda, həmin mənzillə bağlı Maraqlı şəxs ilə cavabdeh arasında 2019cu il tarixli müqavilə yalnız iddiaçının razılığı (müqaviləsindən imtinası) əsasında bağlana bilərdi. Lakin göründüyü kimi, belə bir müqavilənin bağlanmasına iddiaçının razılığı olmamışdır. Buna baxmayaraq, cavabdeh (onun direktoru) bu barədə susmuş və nəticə etibarı ilə eyni mənzillə bağlı müqavilə bağlamışdır.
33. Bununla belə, yuxarıda göstərilənləri, habelə bu qəbildən olan münasibətləri tənzimləyən qanunvericiliyin tələblərini nəzərə alıb, məhkəmə kollegiyası vurğulayır ki, podrat münasibətlərinə uyğun olaraq inşa edilmiş bir mənzilin eyni zamanda bir neçə şəxsə təhvil verilməsi (istifadə və sahibliyinə verilməsi) qeyri-mümkün olduğundan, mənzilə dair ilkin müqavilə 2017-ci ildə iddiaçı ilə bağlandığından, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənildiyindən, habelə bu mənzilin daha əvvəl maraqlı şəxsə təhvil verilməsi (onun mənzilə sahiblik etməsi) müəyyən edilmədiyindən mənzil məhz iddiaçıya təhvil (onun istifadə və sahibliyinə) verilməlidir. Qeyd edilənlər Maraqlı şəxs apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.
34. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxsləri X10, X5 və X7 Azərbaycan Respublikası CM-in 178.4-cü, 308.2-ci və 313cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Maraqlı şəxs zərərçəkmiş şəxs qismində cinayət işinə cəlb edilmişdir. Bu halın mövcudluğu da artıq Maraqlı şəxs ilə müqavilənin tarix etibarı ilə iddiaçı ilə bağlanılan müqavilədən sonra bağlanmasını və mənzilin ona məxsus olmamasını bir daha təsdiq edir.
35. Bununla yanaşı, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 da apellyasiya icraatı zamanı cavabdeh "xxxx" MMC-nin direktoru X10 cinayət işi üzrə təqsirləndirilən şəxs kimi ifadə verərkən, mübahisəli mənzillə bağlı müqavilənin əvvəlcə iddiaçı ilə bağlanıldığını etiraf etdiyini və Maraqlı şəxs dəymiş zərərin ödəniləcəyini bildirdiyini qeyd etmişdir. Göstərilən hallar birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsini istisna edir və apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Maraqlı şəxs aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3427/2023 saylı qətnaməsi Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Maraqlı şəxs aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.