Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1420/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və sair” tələbinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən istifadə hüququna xitam verilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-54/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən istifadə hüquqlarına xitam verməklə məcburi qaydada çıxarılması və 100 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı kimi ipoteka müqaviləsi imzalanmışdır. Qeyd olunan ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 53,5 m2 olan 2 otaqlı 13 nömrəli mənzil ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu Cavabdeh1 kredit öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmədiyi üçün "xxxx" BOKT MMC kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1455/2017 nömrəli, 18 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmişdir. Daha sonra, cavabdehlər tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3754/2018 nömrəli, 29 may 2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq icra qurumuna yönəldilmişdir. Hal-hazırda ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 53,5 m2 olan 2 otaqlı 13 nömrəli mənzil ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən "xxxx" BOKT MMC-nin mülkiyyətindədir.
3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-54/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddia təmin edilmiş, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 13 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq, iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, o, tələbkar "xxxx" BOKT MMC-yə olan borcunu qaytarmaq üçün onlarla razılığa gəldiyi halda onlar qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla ona məxsus olan evi öz adlarına DƏDRX-dən qeydiyyatdan keçirərək mənzildə onun və digər ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaqları ilə bağlı məhkəməyə iddia vermiş və işə baxan məhkəmə işin faktiki hallarını araşdırmadan onları məhkəməyə dəvət edib dinləmədən qətnamə çıxarmışdır. Mənzildə onunla bərabər ailə üzvləri də yaşayır. Onların başqa yaşayış evi yoxdur. Bununla bağlı dəfələrlə Bankla danışığa getmək istəsə də bank bununla razılaşmamışdır. O, neft sektorunda, dəniz layihəsində işləyir. Hər ay 14 gün evə gəlmədən dəniz şəraitində işləyir. xx.xx.2023-cü il tarixdə, yəni məhkəmə qətnamə çıxarmazdan 1 gün əvvəl özünə məxsus elektron sistem vasitəsi ilə məhkəməyə ərizə yazaraq dəniz şəraitində işlədiyindən və məhkəmə iclasında iştirakı mümkün olmadığından məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin işə baxan məhkəmə MPM-in 9-cu maddəsinin tələblərini pozmaqla onun məhkəmə iclasında onun iştirakını təmin etmədən işə baxaraq qətnamə çıxarmışdır. Ona görə də, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, onun təmin edilməməsini xahiş etdi.
6. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1455/2017 nömrəli, 18 aprel 2017-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 əsas borc üzrə 23.850,44 ABŞ dolları, faiz üzrə 3.525,10 ABŞ dolları, cərimə üzrə 5.207,25 ABŞ dolları olmaqla, cəmi 32.582 ABŞ dolları 79 sent və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın tutularaq, iddiaçı təşkilatın hesabına ödənilməsi; Cavabdeh4 məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsaitdən 32.582 ABŞ dolları 79 sentin iddiaçı təşkilatın xeyrinə ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ iddiaçı təşkilatın tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cavabdeh1 təşkilatın xeyrinə tutulması, mənzilin satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-463/2018 nömrəli, 15 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1455/2017 nömrəli, 18 aprel 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək, Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli razılaşmaya xitam verilməsi, Cavabdeh1 əsas borc üzrə 23.850,44 ABŞ dolları, faiz üzrə 3.525,10 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 27.475,54 ABŞ dollarının tutularaq, iddiaçı təşkilatın hesabına ödənilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiymətinin 58.500 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 150 manat pulun Cavabdeh1 tutularaq, "xxxx" MMC-yə ödənilməsi, ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3754/2018 nömrəli, 29 may 2018-ci il tarixli qərarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-463/2018 nömrəli, 15 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4858/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 cavabdeh «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi» MMC-yə qarşı «hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4079/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4858/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3027/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4079/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh1 kassasiya şikayətinə əsasən ona aid hissədə dəyişiklik edilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, 2 saylı evin 13 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
15. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.»
21. Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur.
22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 59.3.2. İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
24. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
25. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Hazırkı işin hallarına görə mənzilin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzildə qeydiyyatda qalmaqda və yaşamaqda davam edirlər və bu iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur.
28. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmişdir.
29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2-ci maddəsinə görə, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
30. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır.
31. Mübahisəli mənzilin məhkəmənin qanun qüvvəsini almış qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzildə yaşayırlar və orada qeydiyyatda qalmışlar. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
32. Beləliklə, iddiaçı mənzili hərracda əldə etdiyindən, həmin mənzil hazırda iddiaçının mülkiyyətində olduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2-ci maddəsinin tələbinə görə cavabdehlər, yəni ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarından iddia tələbi əsaslıdır, rayon məhkəməsi iddianı təmin eməkdə haqlı olmuşdur.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlinmişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin işə onun iştirakı olmadan baxılması barədə dəlili üzrə qeyd edir ki, mülki iş materiallarından məlum olur ki, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Mülki işə baxılarkən cavabdeh həmin məhkəmə iclaslarının heç birində iştirak etməmiş, sonuncu məhkəmə iclasının işi ilə bağlı dənizdə olması səbəbindən təxirə salınmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, MPM-in 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Göründüyü kimi, cavabdehin məhkəmədə nümayəndə vasitəsi ilə təmsil olmaq hüququ və imkanına malik olmuş, lakin o, bu imkandan istifadə etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin rayon məhkəməsində işə baxılarkən MPM-in 9-cu maddəsinin tələblərinə əməl olunmamasına dair dəlilini əsassız hesab edir, çünki cavabdeh sonuncu iclasın dənizdə olması səbəbindən təxirə salınmasını xahiş etsə də, məhkəmənin əvvəlki iclaslarının heç birində iştirak etməmiş, onun iştirakının təmin edilməsi üçün məhkəmə iclası dəfələrlə təxirə salınmışdır (i/v 24, 32, 64-65, 70, i/v 74).
36. Bununla da, kollegiya hesab edir ki Cavabdeh1 apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:
37. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilməlidir.
39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-54/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov