Məhkəmə qərarları › İş №2(103)-1421/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1421/2025

21.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1421/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil3, iddiaçının nümayəndəsi (anası) Nümayəndə2, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2971/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər keçmiş ər-arvad, həm də xalaoğlu-xalaqızıdır. Onlar 2006-cı ildə faktiki nikaha, xx.xx.2011-ci ildə isə rəsmi nikaha daxil olublar. Nikahdan iki uşaq – xx.xx.2009-cu il təvəllüdlü Elmar Atakişili və xx.xx.2011-ci il təvəllüdlü Bağcagül Atakişili doğulub. Nikah xx.xx.2024-cü il tarixli qətnamə ilə pozulub. Uşaqlar ana ilə birlikdə yaşayır. 2.Mübahisə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1 A massivində yerləşən fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Evə dair hüquq müəyyənedici sənəd yoxdur, o, qeydiyyatsız tikilidir. Evin yerləşdiyi torpaq sahəsinə hər hansı şəxsin hüququ dövlət reyestrində qeydə alınmayıb, onun kimə məxsus olması barədə mübahisə var. 3.Cavabdeh və üçüncü şəxs (cavabdehin əmisi oğlu) Ədalət Atakişiyev bildirirlər ki, evin yerləşdiyi torpaq sahəsi İH tərəfindən Ədalət Atakişiyevə ayrılıb. Onlar bunu təsdiq etmək üçün Qaradağ RİH başçısının xx.xx.1995-ci il tarixli 425 nömrəli sərəncamına istinad edirlər (cild 1, iş v. 88, 91). Həmin sərəncama görə, Qobustan qəsəbəsi, 1-ci massivdə fərdi yaşayış evinin tikintisi məqsədilə Ədalət Atakişiyevin adına 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınıb. 4.İddiaçı isə həmin sərəncamın evin yerləşdiyi torpaq sahəsinə aid olmadığını, torpaq sahəsinin hər hansı sənəd olmadan cavabdehin sahibliyində olduğunu bidirir və bunu təsdiq etmək üçün bələdiyyənin məlumatına istinad edir. Belə ki, Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 13 nömrəli arayışına görə, Qobustan qəsəbəsi, 1 A massivində 600 kv.m torpaq sahəsində yerləşən, cavabdeh tərəfindən qanunsuz tikilmiş yaşayış evi mövcuddur, bu torpaq sahəsi bələdiyyə mülkiyyətindədir (cild 1, iş v. 93, 168). Bundan başqa, Qobustan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26/BB nömrəli məktubuna görə, cavabdehin qanunsuz istifadə etdiyi 600 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsində ev inşa edilib, torpaq sahəsinin cavabdehin və ya digər şəxsin adına ayrılması barədə rəsmi sənəd mövcud deyil. xx.xx.2018-ci ildə cavabdeh vergi ödəyicisi kimi uçota alınıb (cild 1, iş v. 21). Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, iddiaçı və övladlarının evə istifadə hüququ tanınsın və onlar evə köçürülsün. 6.Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil3 və iddiaçının nümayəndəsi (anası) Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 9.Üçüncü şəxs (cavabdehin əmisi oğlu) Ədalət Atakişiyev məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Müəyyən olunur ki, iddiaçı evdə cavabdehlə birlikdə ər-arvad kimi 2011-2023-cü illərdə, yəni 12 il fasiləsiz olaraq yaşayıb. Bu məlumatı iddiaçı məhkəməyə verib, cavabdeh məlumatın həqiqiliyini inkar etməyib, şahidlər isə məlumatın həqiqi olduğunu təsdiq edib. 11.Müəyyən olunur ki, iddiaçı evi 2023-cü ildə məcburiyyət qarşısında tək edib. Belə ki, iddiaçı bildirir ki, cavabdehlə münasibəti pozulduğuna görə, məcburiyyət qarşısında qalaraq evi tərk edib, bütün əşyaları evdə qalıb. Cavabdeh isə bildirir ki, iddiaçı evi könüllü tərk edib. Lakin iddiaçının bütün əşyalarının evdə qalması, habelə cavabdehin iddiaçını nikahdankənar münasibətdə ittiham etməsi onu təsdiq edir ki, iddiaçı evi könüllü tərk etməyib. 12.Müəyyən olunur ki, ev nikah müddətində tərəflərin (ər-arvadın) ümumi vəsaiti hesabına inşa edilib. Belə ki, iddiaçı bildirir ki, əvvəl bir otaq tikiblər, daha sonra bir otağı sökərək yerində dörd otaqlı ev tikiblər, ev nikah müddətində ərinin (cavabdehin) pulu ilə tikilib. Cavabdeh isə evin əmisi oğlu Ədalət Atakişiyevə (üçüncü şəxsə) aid olduğunu, əmisi oğlunun pulu ilə inşa edildiyini bildirib. Lakin şahidlərin ifadələrindən və bələdiyyənin məlumatından müəyyən olunur ki, ev cavabdeh tərəfindən inşa edilib və cavabdehə aid olub. 13.Aşağıda göstərilən iki hüquq norması evə köçürülmə barədə tələbin təmin edilməsinə əsas verir: 14.Birinci, AR Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Ev iddiaçının və onun uşaqlarının yaşayış yeridir. Ev özbaşına tikinti obyekti olsa da, cavabdehin iddiaçını və uşaqları yaşadıqları yerdən məhrum etmək üçün qanuni əsası yoxdur. Odur ki, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, iddiaçı və onun uşaqları evə köçürülməlidir. 15.İkinci, AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Ev cavabdeh ilə yanaşı iddiaçının da sahibliyində olub. Belə ki, AR Mülki Məcəlləsinin 159-cu maddəsinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İddiaçı nikah dövründə ev üzərində faktiki sahibliyə nail olub, yəni ev nikah dövründə inşa edilib, cavabdeh evin inşasına xərclənən pul vəsaitinin özünün ayrıca mülkiyyəti olduğunu təsdiq edən sübut təqdim etməyib, odur ki, həmin pul vəsaiti AR Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbi baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılıb. Həmin pul vəsaiti ilə inşa edilmiş ev özbaşına tikinti obyekti olduğuna görə, evin ər-arvadın ümumi birgə mülkiyyəti kimi tanınması mümkün deyil, lakin ev üzərində sahibliyin qorunması mümkündür. İddiaçının ev üzərində sahiblikdən məhrum edilməsini yalnız səlahiyyəti subyekt (bələdiyyə, yerli icra hakimiyyəti orqanı və s.) qanunla müəyyən edilmiş qaydada (özbaşına tikinti obyektinin sökülməsi və s.) tələb edə bilər. 16.Evə iddiaçının istifadə hüququnun tanınması mümkün deyil, çünki AR Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə, özbaşına tikinti obyektinə istifadə hüququ tanına bilməz. 17.Evin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat var, bu məlumat məhkəməyə bələdiyyə tərəfindən verildiyinə görə, rəsmi məlumat hesab olunur. Cavabdehin əmisi oğlu (üçüncü şəxs Ədalət Atakişiyev) hesab edirsə ki, həmin torpaq İH-nin sərəncamı ilə ona ayrılmış torpaqdır, belə halda, o, torpaq üzərində mülkiyyət hüququnu və həmin hüququn şamil edildiyi torpaq sahəsinin kordinatlarını daşınmaz əmlakın dövlət reyestrində qeyd aldırmaqla, torpağa hüququnun müdafiəsi üçün məhkəməyə iddia verə bilər. 18.Beləliklə, qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. 19.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2971/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. İddiaçı iki uşağı – xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1 A massivində yerləşən, Cavabdeh sahibliyində olan evə köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar