Məhkəmə qərarları › İş №2(103)-1422/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1422/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1422/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh (Maraqlı şəxs mağazası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-1494/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh (Maraqlı şəxs mağazası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hazırda istifadəsində olan, xx xxxxxx 2019-cu il tarixdə Maraqlı şəxs mağazasından öz adına kreditlə götürülmüş qiyməti 3456 manat təşkil edən İphone 11 Pro MAX-256GB markalı mobil telefonun cavabdehin qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən Maraqlı şəxs mağazasından cavabdeh kreditlə İphone 11 Pro Max-256 GB markalı telefon (qiyməti 3456 manat) götürmək istəmiş, mağazanın kredit şöbəsinin mütəxəssisi telefonu götürmək üçün 1800 manat məbləğində ilkin ödəniş etməli olduğunu bildirmiş, cavabdeh bu məbləğdə ödəniş etməyə imkanı olmadığından, ondan xahiş etmişdir ki, ona kreditlə telefon almasına köməklik etsin, özü hər ay ödənişi vaxtında həyata keçirəcəkdir. Kredit üzrə mütəxəssis onu tanımışdır, çünki o, həmin mağazadan bir neçə dəfə elektrik avadanlıqları almışdır. Kredit üzrə mütəxəssis bildirmişdir ki, onun adına krediti rəsmiləşdirsələr, ilkin ödəniş 450 manat olmaqla hər ay 320 manat ödənişlə telefonu götürmək olar. Günay bir daha onu əmin etmişdir ki, kreditin ödənişi ilə bağlı heç bir problem yaranmayacaq. O, cavabdehə inanmış və şəxsiyyət vəsiqəsini təqdim etmişdir ki, Günayın götürdüyü telefonla bağlı kredit müqaviləsi və ödəniş cədvəli onun adına rəsmiləşdirilsin. Cavabdeh 450 manat məbləğində pulu kreditin ilkin ödənişi kimi mağazanın kassasına ödəmiş, sonra Kredit müqaviləsini, kreditin aylıq ödəniş cədvəlini və telefonun texniki sənədlərini götürmüşdür. Telefona görə kreditin aylıq ödəniş vaxtı çatanda, mağazadan ona zəng gəlmiş, o da Günaya götürdüyü telefonun aylıq ödənişinin artıq vaxtı çatdığını və ödəməsini bildirdikdə, Günay götürdüyü telefonla əlaqədar ödəniş etməyəcəyini bildirmişdir. Bu zaman o, başa düşmüşdür ki, Günay onun inamından suiistifadə etmişdir, hazırda telefondan istifadə edir (telefon N-***-***-**-**). Onun hazırda maddi imkanları məhdud olduğundan Günayın onu aldadaraq ələ keçirdiyi telefona görə ödəniş etmək üçün pul vəsaiti yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1494/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Mübahisəli telefon onun mülkiyyətinə alqı-satqı müqaviləsi ilə verilib, yəni hüquqi cəhətdən ona məxsus bir əmlakdır. İlkin ödənişi cavabdeh etmiş və bu halı özü də etiraf etmişdir, əgər cavabdehə hədiyyə alınmışdırsa, nə üçün ilkin ödənişi cavabdeh özü edirdi. Cavabdehlə arasında heç bir yazılı bağışlama əqdi imzalanmamış, telefonun cavabdehdə olması məhz ödənişlərin edilməsi şərti ilə razılaşdırıldığından, sonuncu tərəfindən isə ödənişlər edilmədiyindən, o, öhdəliyin icrasını tələb etdiyinə görə telefon hədiyyə olunsa idi belə hədiyyənin şərtlə verilməsi bu şərtin pozulması nəticəsində geri tələb edilmə səbəbini yaradır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01150517 saylı müqaviləyə əsasən, iddiaçı 1 ədəd İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonu almışdır. Müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli Əlavədən görünür ki, mobil telefonun qiyməti (ilkin ödəniş daxil olmaqla) 4360,2 manat təşkil edir. İş materiallarında olan Maraqlı şəxs mağazasının problemli kreditlərə dair təqdim etdiyi qəbzin surətindən görünür ki, İddiaçı telefonu “de aktiv” etdirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2721/2020 saylı, xx.xx.2020ci il tarixli və xx.xx.2020-ci il tarixli 2(005)-1493/2020 saylı qətnamələri ilə tərəflərin faktiki nikah münasibətlərində olmaları müəyyən olunmuşdur. İddiaçı ilə Cavabdeh arasında olan faktiki nikah münasibətlərindən xx xxxxxx 2013-cü il təvəllüdlü X1 doğulmuşdur. İddiaçı İphone 11 Pro Max markalı telefonun ona məxsus olduğunu, cavabdehin qanunsuz sahibliyindən alınmalı olduğunu, cavabdeh isə sözügedən telefonun əvvəllər faktiki nikah münasibətlərində olduğu İddiaçı ona hədiyyə olaraq verdiyini bildirmişdir. Məhkəmə mobil telefonu cavabdehə verilmiş hədiyə kimi qəbul edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnışdır. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinin tələbinə görə, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 606.4-cü maddəsinin tələbinə görə isə alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə görə Müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra ABC malı ona təqdim edir, 2.4-cü bəndinə görə Müştəri malı qəbul edir və yalnız Mala istifadə hüququ ona keçir, 2.5-ci bəndinə görə isə müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal ABC-nin əmlakı hesab olunur və Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ Müştəriyə keçir. 2.6-cı bəndinə görə ABC-nin sərəncamı ilə mala mülkiyyət hüququ Müştəriyə keçir. Göründüyü kimi ABC-Telecom MMC ilə İddiaçı arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə malın dəyəri tam ödənilənə qədər mal MMC-nin əmlakı hesab olunur və bu müddət ərzində müştəri, yəni iddiaçı tərəfindən malın hər hansı formada özgəninkiləşdirilməsi yolverilməz olmuşdur. Belə olan halda aydın olur ki, əgər cavabdehin qeyd etdiyi kimi telefon ona iddiaçı tərəfindən bağışlanmışdırsa, belə müqavilənin şərtlərinə görə iddiaçının belə bir hüququ olmamışdır ki, həmin telefonu bağışlama müqaviləsinə əsasən və ya əvəzsiz istifadəyə verməklə və ya hər hansı digər formada özgəninkiləşdirməklə cavabdehə versin. Odur ki, hansı formada olmasından asılı olmayaraq, həmin əqd (yəni iddiaçı tərəfindən nisyə alqısatqı müqaviləsi əsasında alınmış telefonun dəyəri tam ödənilməmiş cavabdehə verilməsi barədə) etibarsız əqd olmuşdur. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Hazırda isə görünən odur ki, lazımı subyektlərin iştirakı barədə qanunvericiliyin tələbinə riayət olunmamışdır, belə ki, iddiaçı hər hansı əqd əsasında malı (telefonu) cavabdehin xeyrinə özgəninkiləşdirmək üçün səlahiyyətli şəxs olmamışdır. Odur ki, həmin əqd etibarsız əqd olmuşdur. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1494/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh istifadəsində olan İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefon ondan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar