Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1422/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı1, onun vəkili Nümayəndə1, cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, həmin tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-391/21) iddia təmin olunaraq ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, həmin tikilinin cavabdehlərin hesabına sökülərək ərazinin boşaldılması qət edilmişdir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən X2 Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. X3 22 dekabr 2009-cu il tarixli 892 və 893 saylı qərarları ilə hər bir tərəfin razılığı əsasında X2 ayrılmış torpaq sahəsindən 350 kv.metrinə sahiblik və istifadə hüquqları müvafiq olaraq İddiaçı1 və İddiaçı2 verilmiş, torpaq sahələrinə dair eskizlər tərtib edilmişdir. İddiaçı1 ağır xəstəlikdən əziyyət çəkdiyi üçün həmin vaxt torpaq sahəsində evin inşasını həyata keçirə bilməmiş, sonradan iddiaçılara məlum olmuşdur ki, onlara ayrılan torpaq sahəsində cavabdehlər heç bir hüquqmüəyyənedici sənədləri olmadan fərdi yaşayış evi inşa etmiş, orada yaşamaqdadırlar. İddiaçı2 tərəfindən torpaq sahəsinə dair hüquqların həyata keçirilməsi etibarnamə ilə İddiaçı1 verildiyindən İddiaçı1 tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət olunmuş, Bələdiyyədən verilən cavabda iddiaçılara ayrılmış torpaq sahələrinin eksiz-sxem ilə uyğunluq təşkil etməsi, torpaq sahələrinin X3 inzibati ərazi hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Habelə, cavabdehlərə Binəqədi qəsəbəsi ərazisində torpaq sahəsinin ayrılmadığı bildirilmişdir. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytararaq ona verilməsini tələb etsə də, cavabdehlər bu günədək həmin torpaq sahəsində inşa etdikləri evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən ünvanla cavabdehlərin faktiki olaraq inşa etdirdikləri evin yerləşdiyi ünvan üst-üstə düşmür. Belə ki, hazırkı işdə mübahisələndirilən torpaq sahəsi Biləcəri qəsəbəsi ərazisində yerləşir. İddiaçılara isə torpaq sahəsi Binəqədi qəsəbəsi ərazisindən ayrılmışdır. Cavabdehlərin inşa etdikləri tikililərin iddiaçılara məxsus torpaq sahəsində yerləşməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, iddianın heç bir əsası yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsi X5 isə izahatında bildirmişdir ki, İddiaçı1 Bələdiyyəyə müraciət edərək cavabdehlərin ona ayrılmış torpaq sahəsini zəbt etdiklərini bildirmiş, Bələdiyyənin səlahiyyətli əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən də hazırkı işdə mübahisələndirilən tikililər Binəqədi Bələdiyyəsi tərəfindən İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrində inşa olunmuşdur. Cavabdeh1 və Cavabdeh2 X3 hüdudları daxilində torpaq sahəsi ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. İş materiallarında olan: - Bakı şəhəri X3 22 dekabr 2009-cu il tarixli, 892 saylı qərarından görünür ki, X3 ərazi hüdudlarında Bakı şəhər sakinləri X1 və İddiaçı1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1000 kv.metr torpaq sahəsinin 350 kv.metrinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı1 adına keçirilmişdir. - Bakı şəhəri X3 22 dekabr 2009-cu il tarixli, 893 saylı qərarından görünür ki, X3 ərazi hüdudlarında Bakı şəhər sakinləri X1 və İddiaçı2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1000 kv.metr torpaq sahəsinin 350 kv.metrinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı2 adına keçirilmişdir. - X3 İddiaçı1 ünvanlandırdığı 11 may 2018-ci il tarixli məktubda göstərilmişdir ki, X3 893 saylı, 22 dekabr 2009-cu il tarixli qərarı ilə İddiaçı2 istifadəsinə verilmiş 350 kv.metr torpaq sahəsi və 892 saylı, 22 dekabr 2009-cu il tarixli qərarı ilə İddiaçı1 istifadəsinə verilmiş 350 kv.metr torpaq sahəsi ilkin olaraq qarşılıqlı razılaşma əsasında X2 bələdiyyənin 27 may 2003-cü il, 420/1 saylı qərarı ilə ayrılmış 1000 kv.metr torpaq sahəsindən ayrılaraq İddiaçı1 adına keçirilərək sənədləşdirilmişdir. Sözügedən torpaq sahəsi Binəqədi qəsəbəsinin inzibati ərazi hüdudları daxilində yerləşir. - 08 sentyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2 X3 893 nömrəli qərarı ilə onun istifadəsinə verilmiş 350 kv.metr torpaq sahəsindən istifadə etməyi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə əlaqədar sənədləşdirmə işləri aparmağı və s. prosessual hərəkələti etməyi İddiaçı1 etibar etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılara torpaq sahəsi ayrılmasına dair X3 22 dekabr 2009-cu il tarixli 892 və 893 saylı qərarlarının heç bir hüquqi qüvvəsi yoxdur. Bu hal inzibati məhkəmənin qərarı ilə təsdiq olunur. Cavabdehlərin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı1 və vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddiaçıların tələbi ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, həmin tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması barədədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139-1-1-ci, Torpaq Məcəlləsinin 49, 111-ci, MPM-nin 89.1, 89.3-cü maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və qətnaməni onunla əsaslandırmışdır ki, X3 22 dekabr 2009-cu il tarixli 892 və 893 saylı qərarları ilə müvafiq olaraq İddiaçı1 və İddiaçı2 adına keçirilmiş hər biri 350 kv.metr ölçülü torpaq sahələri ilə Cavabdeh1 və Cavabdeh2 inşa etdirdikləri, iddia tələbində göstərilən tikilinin yerləşdiyi sahənin üst-üstə düşməsi X3 11 may 20218-ci il tarixli məktubu, habelə X3 nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Belə ki, Bələdiyyənin nümayəndəsi N.Kazımov izahatında İddiaçı1 müraciəti əsasında iddia ərizəsində göstərilən ünvana baxış keçirildiyini, ərizədə göstərilən tikililərin Bələdiyyənin 892 və 893 saylı qərarları ilə İddiaçı1 və İddiaçı2 layihə-sxem üzrə ayrılmış torpaq sahələrində yerləşdiyinin müəyyən olunduğunu bildirmişdir. Bununla yanaşı cavabdehlərin mübahisəli torpaq sahələrinə dair ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyil. Cavabdehlər birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin əsas dəlili iddiaçılara torpaq sahəsi ayrılmasına dair X3 22 dekabr 2009-cu il tarixli 892 və 893 saylı qərarlarının heç bir hüquqi qüvvəsinin olmaması barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq müəyyən etdi ki, “X8” Şirkəti Bakı İnzibati Məhkəməsində Binəqədi qəsəbə bələdiyyəsinə qarşı (İddiaçı1 və X4 3-cü şəxs kimi cəlb edilməklə) iddia qaldırararaq X3 Aysulu Tağıyeva barəsindəki 27 mart 2003-cü il tarixli qərarının etibarsızlığı və İddiaçı1 barəsindəki 22 dekabr 2009-cu il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və qərardadda göstərilmişdir ki, həmin ərazi 29.04.2005-ci il tarixli Qanunla təsdiq edilmiş “Saziş”ə əsasən Kontrakt sahəsinə aiddir və bu Saziş 15.05.2005-ci ildə qüvvəyə minmişdir. Sazişin qüvvəyə mindiyi gündən X3 27 mart 2003cü il tarixli qərarı hüquqi qüvvəsini itirmişdir. X3 22 dekabr 2009-cu il tarixli 892 saylı qərarı isə çıxarılarkən Sazişin tələbləri nəzərə alınmayıb. Bakı İnzibati Məhkəməsinin həmin qərardadda gəldiyi nəticəyə görə hüquqi qüvvəsini itirmiş və artıq qəbul edildiyi andan qanuna zidd aktların yenidən məhkəmə qərarı ilə etibarsızlığının, qanunsuzluğunun tanınmasına lüzum yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçıların hazırkı iş üzrə iddia tələbinin faktiki əsası kimi istinad etdikləri bələdiyyə qərarlarının öz-özlüyündə etibarsız olduqları müəyyən edilmişdir. Qərardadla mübahisəli torpaq sahəsinin iddiaçılara deyil, “X8” Şirkətinə məxsus olmaqla kotrakt sahəsinə aid olduğu müəyyən edilmişdir. Bu isə o deməkdir ki, iddiaçıların mübahisəli torpaq sahəsi ilə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna əsasən verdiyi 13.01.2022-ci il tarixli məktubda da mübahisəli torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Dövlət Neft Şirkətinin Kontrakt Ərazisi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçı tərəfin irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, həmin tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1422/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1422/2022
02.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver