Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1424/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzildən sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli e-2(011)-6395/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbini dəqiqləşdirərək ona məxsus olan Bakı şəhəri X.Rüstəmov küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına, həmin mənzilə üçüncü şəxslərin daxil olmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən 132600 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 07 aprel 2014-cü il tarixli 22 saylı müqaviləyə əsasən mənzilin dəyəri tam ödənildikdən sonra Bakı şəhəri X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli (ərazi PD- 057 saylı) yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan 4 otaqdan ibarət 55 saylı mənzil iddiaçıya təhvil verilməli idi. Buna baxmayaraq, mənzilin təmir olunması üçün gəlmiş ustalar Cavabdeh MTK rəhbərliyi tərəfindən mənzilə buraxılmır, onların işlərinə maneçilik törədilir, belə olan halda mənzilin təmiri üçün iddiaçı tərəfindən alınmış xammal yararsız vəziyyətə düşür və gecikmə səbəbindən o, ailəsi ilə birgə həmin mənzilə köçüb yaşaya bilmir. Faktiki olaraq qarşı tərəf müqavilə üzrə öhdəliklərinin icrasından yayınmaqla bərabər, iddiaçının istifadə və sahiblik hüququnu həyata keçirə bilməməsi üçün maneələr yaradır, bununla bağlı dəfələrlə cavabdehdən qeyd edilən mənzilin üzərində sahiblik və istifadə hüququna yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən həmin mənzilin iddiaçıya təhvil verilməməsi nəticəsində 1 yanvar 2016-cı il tarixdən 30 avqust 2021-ci il tarixinə kimi 68 ay ərzində 132600 manat gəlirdən məhrum olmuşdur. Belə ki, o həmin mənzili hər ay 1950 manata kirayəyə versəydi 68 ay əzində 132600 manat məbləğində gəlir əldə edə bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli e-2(011)- 6395/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüquqlarına Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yaradılan maneələrin (liftdən istifadə, təmir işlərinin aparılması və s.) aradan qaldırılması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətində qətnamənin əldən çıxmış faydaya görə 132600 manat pulun tutulması barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bu hissədə ümumiyyətlə araşdırma aparmayaraq iddianı həmin hissədə əsassız olaraq təmin etməmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin sahibi İddiaçı mənzili təhvil almaq üçün kooperativə gəlmədiyi halda, mənzillə əlaqəsi olmayan üçüncü şəxslər, yəni iddiaçının qardaşı, əri və başqaları mənzilə sahiblənmək üçün kooperativə gəldikləri üçün mənzil onlara təhvil verilməmişdir. İddiaçı tərəfindən mənzil təhvil alınmadan sahiblik və istifadə hüququna maneçilik törədilməsi mümkün deyil. Hal-hazırda İddiaçı qorunmağa layiq pozulmuş hüququ olmadığına görə iddia əsassızdır. Cavabdeh Mənzil Tikinti Kooperativi həmin mənzilin İddiaçı məxsus olmasını inkar etmir və mənzili ona təhvil verməyə hazırdır. Məhkəmə iclasında tərəflərin nümayəndələri təmsil etdikləri şəxslərin apellyasiya şikayətlərini müdafiə etdilər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(011)-6395/2021 saylı qətnaməsi hər iki apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan 4 otaqdan ibarət 55 saylı mənzilin dəyəri olan 323000 manat pul 07 aprel 2014-cü il tarixli müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh MTKya ödənilmiş, binanın tikintisi başa çatmış, mənzil istifadəyə hazırdır, iddiaçı mənzilə dair hüquqlarını sərbəst həyata keçirə bilmir. Tərəflər arasında əvvəllər digər mənzillərlə bağlı məhkəmə mübahisələri də olmuşdur. İşin faktiki hallarından görünür ki, mənzil istifadəyə hazır olsa da, hal-hazırkı dövrə qədər iddiaçıya təhvil verilməmişdir. Cavabdeh tərəf mənzilin təhvil verilməməsini onunla izah edir ki, mənzilin təhvil verilməsi üçün iddiaçı yox, onun qardaşı, həyat yoldaşı və başqa şəxslər MTK-ya müraciət etmişlər. Kollegiya qeyd edir ki, mənzilin təhvil alınması üçün İddiaçı ilə yanaşı, onun etibarnamə əsasında müvəkkil etdiyi şəxslər də Cavabdeh MTK-ya müraciət edə bilər. Buna görə də mənzilin yalnız İddiaçı təhvil verilməli olması barədə cavabdehin dəlili əsassızdır. Bundan əlavə, tərəflər arasında mənzil mübahisələrinə dair iş materiallarında olan birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarından görünür ki, Cavabdeh MTK-nın İddiaçı ünvanladığı 18.12.2017-ci il tarixli PQ-003 saylı bildirişə əsasən Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan 4 otaqdan ibarət 55 saylı mənzili İddiaçı təhvil verilmiş və onun adına “Ağ şəhər” yaşayış kompleksində xüsusi kart açılmışdır. (i.v.60, 68, 81, 88, 94,108) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9 fevral 2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 26 fevral 2015-ci il tarixli AM seriyalı 60 saylı mədaxil orderinin surətindən görünür ki, İddiaçı 07 aprel 2014-cü il tarixli 22 saylı müqaviləyə əsasən MTK-nın hesabına 323000 manat pul ödəmişdir. (i.v.136-137) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş materiallarından görünür ki, mübahisəli mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqları vardır. Buna görə də bu hüquqlar təmin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıya mənzilə sahiblik və istifadə ilə bağlı hər hansı maneçilik yaradılmadığını, İddiaçı mənzil üzərində sahiblik və istifadə hüquqlarının pozulmadığını bildirsə də, işin faktiki hallarından görünür ki, MTK bu hüquqların həyata keçirilməsini mənzilin ona təhvil verilməsi ilə şərtləndirmiş, beləliklə, iddiaçının mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törətdiyini dolayı yolla etiraf etmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir. İddiaçı tərəfin apellyasiya şikayəti ilə bağlı kollegiya hesab edir ki, iddiaçının da şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı iddia tələbini belə əsaslandırmışdır ki, həmin mənzil ona 2015-ci ilin 4-cü rübündə təhvil verilməli idi. Əgər mənzil ona vaxtında təhvil verilsəydi, həmin mənzili kirayəyə verər və 01 yanvar 2016-cı il tarixdən 30 avqust 2021-ci il tarixinədək hər ay 1950 manat olmaqla 68 ay ərzində 132600 manat məbləğində gəlir əldə edə bilərdi. Tərəflər arasında bağlanmış müqavilədə MTK tərəfindən mənzilin tam təmirli vəziyyətdə İddiaçı təhvil verilməsi nəzərdə tutulmamışdır. Mənzilin iddiaçı tərəfindən hansı müddətdə təmir olunacağı da qeyri-müəyyəndir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əldən çıxmış fayda ilə bağlı məhkəməyə tutarlı sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli e-2(011)- 6395/2021 saylı qətnaməsi tərəflərin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1424/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1424/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver