Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1425/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdeh Aslanova Zeynəb Əmiraslan qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1425/2023 (Açar sözlər: borcun ödənilməsi) Bakı şəhəri 08 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin oğlu və Axundova Günay Təyar qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Aslanova Zeynəb Əmiraslan qızına qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə əsasən baxılan mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5866/2022 saylı 01 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" ASC tərəfindən cavabdeh Aslanova Zeynəb Əmiraslan qızına (abonent kodu **********020) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC cavabdeh Aslanova Zeynəb Əmiraslan qızına qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 463,21 manat məbləğində borcun tutularaq **********020 saylı abonent koduna və 37.16 manat dövlət rüsumu üzrə xərclərin "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə (abonent kodu: **********020) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2022-ci il tarixinə 1716.67 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. "xxxx" ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(004)- 5866/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın qismən təmin edilməsi, cavabdeh Aslanova Zeynəb Əmiraslan qızından (abonent kodu: **********020 olan) su təchizatı və kanalizasiya xidmətlərinə üzrə yaranmış 551,76 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 551.2.1-ci maddələri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 4.3, 5.2, 30. 59.3, 61.1, 62-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təqsiq edilmiş “Sudan İstifadə” Qaydalarının 2.1.5, 3.5, 4.1.3, 5.1.57.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 284-5.3, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə hazırkı mülki iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə iş üzrə 553.1.1-ci maddəsini tətbiq etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1.1-ci maddəsində qeyd olunur ki, mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə öhdəliklərin xitamı üçün müddət axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən də göründüyü hisə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımım kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Belə ki, iddiaçı 2012-ci ildə 80 manat, 2013-cü ildə 100 manat, 2014-cü ildə 50 manat, 2015-ci ildə 55 manat, 2016-cı ildə 75 manat, 2017-ci ildə 125 manat, 2018-ci ildə 55 manat, 2019-cu ildə 53 manat, 2022-ci ildə 40 manat ödəmələr etmişdir. Qeyd olunan faktlar tərəfimizdən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Digər tərəfdən su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri cavabdehin mənzilə quraşdırılmış quraşdırılmış sayğacın göstəricilərinə əsasən hesablanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual əsaslar
9. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.
13. Maddə 551.2.1 Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu
14. Maddə 4.1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər.
15. Maddə 4.3. Hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur.
16. Maddə 5.2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
17. Maddə 30. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır.
19. Maddə 61.1. “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”.
20. Maddə 62. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları
21. Maddə 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir.
22. Maddə 3.5. Axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.
23. Maddə 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yolverilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var.
24. Maddə 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. İddiaçı tərəfindən qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə üzrə yaranmış 551,76 manat məbləğində borcun tutulması barədə düzgün nəticəyə gəlmişdir.
34. Bununla bağlı kollegiyanın qənaətinə görə, cavabdeh Aslanova Zeynəb Əmiraslan qızından yalnız su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsinə istifadə etməyə görə ödənilməli olan pul məbləği 2018-ci ildən etibarən hesablanmalı, (2018-ci il üzrə abonentin borcu yoxdur, 2019-cu il üzrə borcu yoxdur, 2020-ci il üzrə 125,50 manat, 2021-ci il üzrə 299,26 manat, 2022-ci il üzrə 127 manat olmaqla, cəmi borc - 551,76 manat məbləğində pul cavabdeh Aslanova Zeynəb Əmiraslan qızından tutularaq "xxxx" ASC-ə ödənilməlidir.
36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə hər il üzrə yaranmış borcun həmin ildə ödənilməsi əvvəlki illərə münasibətdə tələb etmə və ya iddia müddətinin axımının kəsilməsinə təsir etmir.
37. Beləliklə, qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5866/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova