Məhkəmə qərarları › İş №2(103)-1426/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1426/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1426/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilə üzrə öhdəliyin icra edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4660/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması, 2021-ci ilin oktyabr ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə hər ay görə 800 manat, həmin vəsaitin tam məbləğində hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə hesablanmış Mərkəzi Bankın uçot dərəcəsinə bərabər hesablanmış faiz, ödənilmiş dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirimişdir).

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4660/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nail Abbasov) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-nin üzərinə Cavabdeh MMC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə təmirli mənzilin X3 təhvil verilməsi vəzifəsi qoyulmuş, Cavabdeh MMC-dən ödənilmiş 100.6 manat dövlət rüsumu və 1000 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzinin tutularaq X3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Cavabdeh qətnaməni mübahisələndirməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayət vermiş, qeyd etmişdir ki, rayon məhkəməsi kirayə haqqı və vəsaitin tam məbləğinə münasibətdə faizlərin tutulmasına dair hissədə iddia tələbini təmin etməməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilənlərə əsasən, qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv olunması iddia tələbinin həmin hissəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi, eləcə də göstərdi ki, müqavilə öhdəliyinin ləngidilməsini etiraf edən cavabdehin bununla bağlı istinad etdiyi hal, yəni ərazidə başqa sakinin köçürülməsi üçün MMC-dən yüksək məbləğ tələb etməsi barədə bildirdikləri anlaşılan deyildir, rayon məkəməsinin də buna dair qənaəti tam əsassız olmuşdur.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, mənzilin təhvili bir il beş ay ləngiyib, ləngiməyə səbəb başqa sakinin köçürülməsi üçün MMC-dən yüksək məbləğ tələb etməsi olub, burada MMC-nin təqsiri olmayıb, həmin binanın bünövrəsi isə 2021-ci ilin yanvar ayında qoyulub. Sübutların tədqiqi:

8. Mülki iş materiallarında olan podratçı Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi X4 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 086 saylı qərarı ilə Nəsimi rayonun sosialiqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi rayon icra hakimiyyətinin bu işlərə sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi Cavabdeh MMC tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu Azadlıq prospekti ,Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova küçəsi, ev 189-da 1 mərtəbəli evdə dövlət reyestrindən çıxarış üzrə 2 otaqlı ümumi sahəsi 40 kv.m faktiki sahəsi 58.53 kv.m sahəsi olan yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzilləri olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək tikiləcək yeni binada ½ payı verməklə A blokunda 8-ci mərtəbədə 59.4 kv.m uyğun 2 otaqlı təmirli mənzilin inşasını təmin edəcəyini, sifarişçi isə inşa edilmiş bu mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür.

9. Həmin müqavilənin 2.1.2-ci bəndində göstərilmişdir ki, yeni binanın mülkiyyətçilərinə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün kirayə haqqını tələb etmək mülkiyyətçinin hüquq və vəzifələrinə aid edilmişdir.

10. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə təmirli mənzili təhvil vermək podratçının hüquq və vəzifələrinə aid edilmişdir.

11. Texniki inventarlaşdırma və mülkiyyət hüqularınn qeydiyyatı idarəsi tərəfidnən xx.xx.1998-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 189 saylı ev X1 mülkiyyətinə verilmişdir.

12. Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədə göstərilmişdir ki, şirkət tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə sökülərək yenidən tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icrəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir.

13. Həmin müqavilənin 2-ci bəndinə əsasən köçürülən sakinlərə aid tikinti sahəsinin inşası başa çatdığı müddət ərzində hər ayın birinci həftəsi ərzində 1 otaqlı mənzillər üçün ayda 250 manat, 2 otaqlı mənzillər üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün ayda 350 manat, 4 otaqlı mənzillər üçün ayda 400 manat, 5 otaqlı mənzillər üçün ayda 450 manat ödənilməsi nəzərdə tutulmuşdur.

14. Qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə PashaPay vasitəsi ilə X4 tərəfindən Vəkil1 1000 manat ödənilmişdir.

15. "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə 8-ci mərtəbədə 59.40 kv.m sahəyə malik 2 otaqlı təmirli mənzilin orta aylıq icarə dəyəri 800 manat təşkil edir.

16. Mülki iş materiallarında olan “Monolit beton işləri jurnalı”ndan görünür ki, Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsi ərazisində binanın təməlinin betonlanması xx.xx.2021-ci il tarixdə olmuşdur (i/v 57-59). Məhkəmə xərcləri:

17. İddia verilərkən iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin əldən çıxmış fayda tələbinə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İddia tələbini kirayə haqqı hissəsində təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, müqavilə şərtlərinə əsasən yeni binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 18 ay müddətinə başa çatdırılmaqla mülkiyyətçiyə təmirli mənzilin təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmçinin mənzilin iddiaçıya vaxtında təhvil veriləcəyi təqdirdə onun 800 manat miqdarında icarə verilməklə qazanc əldə edəcəyi əldən çıxmış fayda kimi qiymətləndirilə bilməz. Belə ki, binada olan mənzilin təhvil verilmədiyi mübahisəsiz hal olmaqla bu halın digər sakinlərə də aid olması iclasda aparılan müzakirələrdən aydın olmuş, cavabdeh mənzillərin təhvil verilməsinə yeni başlanıldığını etiraf etmişdir. O cümlədən qeyd olunmalıdır ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçıya həmin vaxt məxsus olan mənzilin kirayəyə verilməsinə dair hər hansı bir məlumat təqdim edilməmişdir. Hazırda mülkiyyətçiyə təhvil verilməsi nəzərdə tutulan mənzilin 800 manata kirayəyə veriləcəyi nəzəri hesablamalar əsasında müəyyən edilmiş, bu hal isə əldən çıxmış fayda kimi deyil, əldə edilməsi nəzərdə tutulan fayda kimi qiymətləndirilə bilər. Əldən çıxmış fayda isə qazanc əldə ediləcəyi ehtimalı ilə deyil, faktiki itkilərlə əsaslandırılmalıdır. Bu zaman qarşı tərəfin hərəkətləri (hərəkətsizliyi) nəticəsində itirilmiş faydanın statistik, maliyyə məlumatları müəyyən edilməlidir.

21. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin qənaəti ilə razılaşmır və qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Əldən çıxmış fayda dedikdə, hüquq pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edcəyi gəlir başa düşülür. Buna misal kimi, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda hesab edilə bilər. Bu zaman, belə əsasla tələb yönəlmiş tərəfin səhlənkarlığı, qüsurlu icrası, icra edilməməsi kimi hərəkətlərinin gəlir əldə etmək üzrə fəaliyyətin dayandırılması, davam etdirilməsinin mümkünsüzlüyü ilə səbəbli əlaqədə olması ilə şərtlənir. Əldən çıxmış faydanın tələb edilmə xüsusiyyəti isə əldə edilə bilinəcək faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərin hesablanmasının aparılması, qarşı tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir.

25. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh yeni binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 18 ay müddətinə başa çatdırılmaqla mülkiyyətçiyə təmirli mənzilin təhvil verilmək öhdəliyini üzərinə götürmüş, lakin müəyyən olunur ki, MMC öhdəliyinə əməl etməmişdir.

26. MM-in 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

27. İddiaçı binanın təməlinin 2019-cu ilin mart ayına qoyulduğunu qeyd etsə də, mülki iş materiallarında olan “Monolit beton işləri jurnalı”ndan görünür ki, Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsi ərazisində binanın təməlinin betonlanması xx.xx.2021-ci il tarixdə olmuşdur (i/v 57-59).

28. Demək ki, binanın təməli 2021-ci ilin yanvar ayında qoyulduğundan və tərəflər arasında bağlanmış müqaviləyə əsasən məhz həmin vaxtdan başlayaraq 18 ay müddətində, yəni 2022-ci ilin iyul ayında cavabdeh mənzili iddiaçıya təhvil verməli olsa da, MMC bu öhdəliyini pozmuş, yerinə yetirməmişdir.

29. MM-in 445.6-cı maddəsinə görə, borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

30. Belə olan halda, iddiaçının həmin mənzilin ona təhvil verilməsinin gecikməsi ilə bağlı əldən çıxmış fayda kimi zərəri tələb etmək hüququ mövcuddur. Əldən çıxmış faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsi barədə Kollegiya qeyd edir ki, son illər kirayəyə mənzilə ehtiyacın olduqca yüksək olduğu Bakı şəhərində iddiaçının yeni binadakı mənzilini kirayəyə verərək, ondan gəlir əldə etməsi ehtimalı çox yüksək və realdır.

31. İddiaçı "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2024-cü il tarixli arayışını təqdim etmişdir ki, həmin arayışda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə 8-ci mərtəbədə 59.40 kv.m sahəyə malik 2 otaqlı təmirli mənzilin orta aylıq icarə dəyərinin 800 manat təşkil etməsi qeyd edilmişdir.

32. Kollegiya hesab edir ki, əldən çıxmış faydanın əvəzi kimi aylıq kirayə haqqı kimi tutulmalı məbləğin 350 manat müəyyən edilməsi hazırkı işin halları baxımından daha real və ağılabatandır.

33. Beləliklə də, mənzilin təhvil verilməli olduğu 2022-ci ilin iyul ayından hazırkı qətnamənin qəbul edildiyi xx.xx.2025-ci il tarixədək cəmi (2022-ci ilin iyul ayından başlamaqla xx.xx.2025-ci il tarixə kimi, cəmi iki il 7 ay, yəni 24+7=31 cəmi 31 ay x 350 manat = 10.850) 10.850 manat, eləcə də mənzilin təhvil verildiyi vaxtadək hər ay 350 manat əldən çıxmış faydanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi həmin qalan hissədə təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası həmin vəsaitin tam məbləğində hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə hesablanmış Mərkəzi Bankın uçot dərəcəsinə bərabər hesablanmış faizin tutulması barədə iddia tələbləri üzrə qeyd edir ki, həmin tələblərin qanuni əsası kimi nəzərdə tutulan MM-in 445.7 və 449-cu maddələri aşkar şəkildə pul öhdəliyinin icra edilməməsi ilə bağlı məsuliyyətlə əlaqədardır. Hazırda tərəflər arasında pul öhdəliyi mövcud olmayıb, yalnız tikilməli binada mənzilin inşa edilib verilməsi ilə bağlı öhdəlik mövcuddur. Odur ki, həmin hissədə iddia tələbini təmin etməyən rayon məhkəməsi mahiyyət etibarı ilə düzgün qənaətə gəlmişdir, kollegiya bununla razılaşır, ona görə də apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir.

35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin əldən çıxmış fayda tələbinə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilməli, mənzilin təhvil verilməli olduğu 2022-ci ilin iyul ayından hazırkı qətnamənin qəbul edildiyi xx.xx.2025-ci il tarixədək cəmi (2022-ci ilin iyul ayından başlamaqla xx.xx.2025-ci il tarixə kimi, cəmi iki il 7 ay, yəni (24+7=31) cəmi 31 ay x 350 manat = 10.850) 10.850 manat, eləcə də mənzilin təhvil verildiyi vaxtadək hər ay 350 manat məbləğində əldən çıxmış faydanın əvəzi hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi həmin qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum iddiaçıya aid edilməlidir.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4660/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin əldən çıxmış fayda tələbinə dair hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilsin. Mənzilin iddiaçı X3 təhvil verilməli olduğu 2022-ci ilin iyul ayından hazırkı qətnamənin qəbul edildiyi xx.xx.2025-ci il tarixədək cəmi (2022-ci ilin iyul ayından başlamaqla xx.xx.2025-ci il tarixə kimi, cəmi iki il 7 ay, yəni (24 ay +7 ay=31 ay) cəmi 31 ay x 350 manat = 10.850) 10.850 manat, eləcə də mənzilin təhvil verildiyi vaxtadək hər ay 350 (üç yüz əlli) manat məbləğində əldən çıxmış faydanın əvəzi hesablanmaqla Cavabdeh MMCdən iddiaçı X2 xeyrinə tutulsun. İddia tələbi həmin qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar