Məhkəmə qərarları › İş №2(103)-1429/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1429/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1429/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X2, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı X10 ilə birlikdə məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki işə apellyasiya qaydasında baxılarkən, X9 və X6 cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızıdır. Belə ki, onlar Zəngilan rayonundan məcburi köçkündürlər. İddiaçının köçmək istədiyi mənzili onun atasına, yəni Şirin Mirzəyevə 2004-cü ildə dövlət tərəfindən verilmiş, mənzildə o, valideynləri, bacısı məskunlaşmışdır. O, İddiaçı ilə 2015-ci ildə nikah bağlamışdır. Hazırda onların nikahı pozulduğundan və iddiaçı onun ailə üzvü olmadığından iddia tələbi təmin edilə bilməzdi. Eyni zamanda, rayon məhkəməsi əsassız olaraq həmin mənzili özbaşına tikili kimi qəbul etmişdir. Halbuki, onların yaşadıqlar mənzil “Socar”ın balansında olan keçmiş uşaq bağçasıdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, mənzil 2004-cü ildə onun atasına onlar Zəngilan rayonundan məcburi köçkün olduğu üçün dövlət tərəfindən verilmişdir. İddiaçı ilə isə 2015-ci ildə nikah bağlamışlar. Daha sonra münasibətləri kəskinləşmiş, boşanmışlar. Həmin mənzil iki otaqlıdır, evdə o, valideynləri, qardaşı və bacısı qeydiyyatdadırlar, hazırda valideynləri və özü orada yaşayır. İddiaçı isə hazırda öz valideynlərinin evində yaşayır. Həmçinin onun məqsədi gəlib evdə problem yaratmaqdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, keçmiş qayınatası və qayınanası da həmin mənzildə yaşayır, ancaq mənzil 4 otaqlıdır, şəraiti də var. Hazırda ata evində yaşayır, lakin onların mənzili iki otaqlıdır, orada valideynlər, bacı və qardaşı ilə birlikdə yaşayır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili A.Rəsulova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Mülki işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş Şirin Mirzəyev göstərdi ki, mənzili 2004-cü ildə ona məcburi köçkün olduğu üçün dövlət vermişdir, həmin vaxtdan o arvadı və övladları ilə orada yaşayır. İddiaçı isə 2015-ci ildə onun oğlu Cavabdeh ilə nikah bağlayaraq həmin mənzildə yaşamağa başlamışdır. Daha sonra isə iddiaçı özü evdən çıxıb getmişdir. Həmçinin qeyd etdi ki, iddiaçı ilə birgə yaşamaq mümkünsüzdür. Mülki işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş N.Mirzəyeva göstərdi ki, mənzili 2004-cü ildə onun yoldaşına məcburi köçkün olduğu üçün dövlət vermişdir. İddiaçı isə 2015-ci ildə onun oğlu Cavabdeh ilə nikah bağlayaraq həmin mənzildə yaşamağa başlamışdır. Daha sonra isə iddiaçı özü evdən çıxıb getmişdir. İddiaçı ilə birgə yaşamaq mümkün deyil. Sübutların tədqiqi: Bakı şəhəri MKTD-nin 151 MKİS-in xx.xx.2020-ci il tarixli, 41 saylı arayışına əsasən İddiaçı həqiqətən ünvan 2 ünvanında məskunlaşmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə 1786 saylı qeydi ilə bağlanmış nikah ləğv edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X10 anası İddiaçı yanında saxlanılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 1169 saylı arayışına əsasən X1 rayonundan məcburi köçkündür və Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 20 ünvanında, Azneftin bağçasında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi: arvadı: X6, oğlu: Cavabdeh, Mirzəyev Kənan, nəvəsi: X4, X18 qızı. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Həmçinin, kollegiya qeyd edir ki, hazırkı mülki işə apellyasiya qaydasında baxılarkən, X9 və X6 cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları ilə aşağıdakılar müəyyən edilmişdir: -Mübahisəli yaşayış yeri, yəni Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 20 ünvanında (Azneftin uşaq bağçası) dövlət tərəfindən cavabdehlər Zəngilan rayonundan məcburi köçkün olduqları üçün müvəqqəti məskunlaşmaq üçün 2004-cü ildə cavabdeh X5 təqdim edilmişdir, hazırda da həmin evdə onun arvadı X6, oğlu Cavabdeh, oğlu X12, nəvəsi X4, nəvəsi X11 qeydiyyatdadırlar, hazırda da Cavabdeh həmin mənzildə valideynləri ilə birlikdə yaşayır. -İddiaçı isə 2015-ci ildə Cavabdehlə nikah bağlayaraq həmin evə köçmüş, övladı ilə birlikdə nikahı pozulanadək cavabdehin də yaşadığı Bakı şəhəri, Nərimanov rayon, Hidayətzadə 20 (Azneftin uşaq bağçası) ünvanında yaşamışlar. -Məhkəmə kollegiyasının iclasında iddiaçı da təsdiq etmişdir ki, hazırda öz atası evində valideynləri ilə birlikdə yaşayır, lakin mənzil iki otaqlı olduğu üçün övladı ilə birlikdə cavabdehlərin yaşadığı evə köçürülmək istəyir. -Tərəflərin Zəngilan rayonundan məcburi köçkün olduqları hazırkı işin mübahisəsiz halıdır. Mülki işin materialları ilə müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə 1786 saylı qeydi ilə bağlanmış nikah ləğv edilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında münasibətlər xx.xx.2015-ci il tarixdən yarandığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göstərilən normalara əsaslanan kollegiya qeyd edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaransa da, onunla Cavabdeh arasında olan nikaha xitam verildiyindən və iddiaçı ilə üçüncü şəxs Şirin Mirzəyev arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanmır, bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Eyni zamanda, Kollegiya bildirir ki, rayon məhkəməsi həmin yaşayış sahəsinin (tikilinin) hüquqi satusunu düzgün müəyyən etməmiş, ona özbaşına tikili kimi münasibət bildirmişdir. Halbuki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 1169 saylı arayışı, eləcə də 151 saylı MKİS-in xx.xx.2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, həmin tikili (uşaq bağçası) Bakı şəhər İcra Hakimiyyətinin MKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal İstismar Birliyinin balansında olan qanuni tikilidir. Bundan əlavə, rayon məhkəməsi tərəfindən başqa bir pozuntuya yol verilmişdir. Belə ki, məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən edildi ki, iddiaçının köçmək istədiyi mənzil dövlət tərəfindən cavabdehə yox, onun atası Şirin Mirzəyevə müvəqqəti məskunlaşmaq üçün 2004-cü ildə təqdim edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində yalnız keçmiş ərini, yəni Cavabdeh qeyd etmişdir (i/v 4). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 20 ünvanı (Azneftin uşaq bağçası) yaşamaq üçün Şirin Mirzəyevə verilmiş, o həmin vaxtdan mənzildə öz arvadı Mirzəyeva Nargilə və övladları ilə məskunlaşmış, hələ də orada yaşmağına baxmayaraq rayon məhkəməsi onları işdə iştirak etməyə cəlb etməmiş və bu şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edildiyindən, keçmiş ailə üzvü olan iddiaçı ilə Cavabdeh arasında nikah pozulduğundan və iddiaçı ilə mənzilin sahibi Şirin Mirzəyev arasında başqa razılaşma olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edildiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar