Məhkəmə qərarları › İş №2(103)-1429/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1429/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1429/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X4, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4391/2021 saylı, 13 oktyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 134.140 manat (bir yüz otuz dörd min yüz qırx manat) məbləğdə icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 23.01.2020-ci il və 18.02.2021-ci il tarixli icarə müqavilələrinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən sahəni (Obyekt) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış hər təqvim ayı üçün aylıq 20.000 manat məbləğində icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 4-cü maddəsinə əsasən cavbdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq, icarə haqqını icarəyəverənin bank hesabına köçürməli olmasına baxmayaraq, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayı da daxil olmaqla cəmi icarə haqqını heç bir səbəb olmadan aylıq icarə haqının bir hisəsini ödəyib, qalan hissəsini icarəyəverənə ödəməmişdir. Bununla əlaqədar tərəflər arasında yazışmalar da olmuşdur. Cavabdeh müxtəlif maddi imkanının olmasını, hesablarında pulun olmamasını və sair bahanələr gətirərək icarə haqqını ödəmək istəmir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, pul və havalandırma qurğusunun qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin ləğv olunması, İddiaçı cavabdeh tərəfindən təmirə çəkilmiş 500.000 manat məbləğdə pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi və ünvan 1 ünvanda yerləşən sahədə quraşdırılmış havalandırma qurğusunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında 23 yanvar 2020-ci il və 18 fevral 2021-ci il tarixli icarə müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən sahəni İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçi “X14” MMC-yə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 20.000 manat məbləğində icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Sahə icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olmuş, cavabdeh tərəfindən tam olaraq yüksək səviyyədə təmir edilmiş və həmin təmirə 500.000 manat məbləğdə vəsait xərclənmişdir. 18.02.2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin 5.6-cı maddəsində qeyd olunmuşdur ki, icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda “İcarəçi” təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürmür. Göründüyü kimi, bağlanmış müqaviləyə cavabdeh tərəfindən xitam verilmədiyindən sahənin təmiri üçün çəkilmiş 500.000 manat məbləğdə xərc İddiaçı tutularaq “X14” MMCyə ödənilməlidir. 17 dekabr 2014-cü il tarixli 1 nömrəli icarə müqaviləsində həmin bu bənd müqaviləyə salınmamışdır. Bundan başqa 23 yanvar 2020-ci il və 18 fevral 2021-ci il tarixli icarə müqavilələrində qeyd olunan öhdəliklərə daima əməl etmişlər. Lakin, 2020-ci ilin mart ayında pandemiya şəraiti ilə əlaqədar olaraq bütün sahibkarlar, eləcə də cavabdeh maliyyə cəhətdən bir sıra sıxıntılar yaşamağa başlamışdır. Belə ki, mövcud vəziyyətlə əlaqədar olaraq iddiaçı ilə müəyyən güzəştlərin həyata keçirilməsi məsələsində şifahi razılığa gəlinmiş, lakin, 2021-ci ildə iddiaçı cavabdehin 134.140 manat borcun yarandığını və borcun ödənilməli olduğunu bildirmişdir. Bir müddət sonra isə sahənin təhvil verilməli olduğunu bildirmişdir. Sözügedən məsələ ilə bağlı sonradan razılığa gəlinmişdir. Lakin, iddiaçı cavabdehi aldadaraq hazırda müqavilə pozulmadığı halda əmlakı digər şəxsə icarəyə vermişdir. Hətta, Cavabdeh MMC-yə məxsus 50.000 manat dəyərində havalandırma qurğusu sahədə qalmasına baxmayaraq iddiaçı tərəfindən təhvil verilməsindən imtina edilmişdir. Pandemiya dövründə yaranmış şəraitlə əlaqədar olaraq icarə müqaviləsində göstərilən aylıq icarə ödənişi cavabdeh tərəfindən tam olmasa da cüzi miqdarda ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən də göründüyü kimi, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi cəmi icarə haqqı 260.000 ödənilməli olduğu halda Cavabdeh MMC tərəfindən müxtəlif vaxtlarda ödənilmiş məbləğlər toplanmaqla cəmi 125.860 manat məbləğdə ödəniş edilmişdir. Bundan əvvəl bağlanmış olan 23 yanvar 2020-ci il tarixli müqavilənin şərtlərinə cavabdeh tərəfindən tam əməl edilmiş və iddiaçı qarşısında hər hansı bir öhdəlikləri qalmamışdır. Bundan başqa, 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin 8.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərin hər hansı biri fors-major hal səbəbindən bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilməzsə, fors major vəziyyət qüvvədə olan müddət ərzində bu hal müqavilənin şərtlərinin pozulması hesab edilmir. Fors-major hal baş verdikdə, tərəflər mümkün dərəcədə vəziyyəti düzlətmək üçün əlindən gələni etməlidir. Fors-major hal 60 (altmış) iş günündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 (on beş) iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Göründüyü kimi, müqavilənin bu bəndinin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Tərəf mümkün dərəcədə vəziyyəti düzəltmək üçün heç bir güzəşt etməmişdir. Halbuki, koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə qəbul edilmiş müvafiq tədbirlər planı ilə sahibkarlıq subyektlərinə güzəştlər və əlavə dəstək tədbirləri nəzərdə tutulmuşdur. Bu güzəştlər dövlət əmlakı və dövlət torpaq fonduna aid sahələrin icarəsi, həmçinin sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqları ilə bağlı idi. Belə ki, dövlət əmlakını, dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən 2020-ci ilin sonunadək icarə haqqı tutulmadığı qeyd edilmişdi. Ancaq nəzərə almaq lazımdır ki, obyektlərini iş adamlarma icarəyə verən sahibkarlar üçün də güzəştlər mövcüd idi. Belə ki, icarəyə verənləri pandemiya dövründə güzəşt etməyə stimullaşdırmaq üçün vergi qanunvericiliyinə dəyişikliklər edilmişdi. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 8 may 2020-ci il tarixli Qanuna əsasən 1 yanvar 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək olan dövr üzrə icarə haqqından tutulan vergilərə güzəşt edilmişdi. Belə ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilmişdi. Bütün bu sadalananlar ona işarədir ki, nə iddiaçı tərəfindən müəyyən güzəştlər olunmuş, nə də ki, fors-major vəziyyət 60 gündən artıq davam etdiyindən iddiaçı tərəfindən cavabdehə 15 iş günü öncədən yazılı müraciət edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4391/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı icarə haqqının tutulması tələbinə dair ilkin iddiasının təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh MMC-dən 134.140 manat (yüz otuz dörd min yüz qırx manat) məbləğdə pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi, pul və quraşdırılmış havalandırma qurğusunun qaytarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors major hal kimi qiymətləndirilməlidir. Çünki müqavilə bağlanarkən Azərbaycan Respublikası ərazisində pandemiya ilə əlaqədar ticarət obyektlərinin aylarla bağlı qalacağı bilə bilməzdi. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Lakin sonradan iddiaçı müqavilənin yerinə yetirilməsinə şərait yaratmamış, əmlaklar orada olduğu halda onları obyektdən öz başına olaraq çıxarmışlar. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə cavabdehin gətirdiyi dəlillərə heç bir əhəmiyyət verməyərək, Mülki Məcəllənin normalarını formal olaraq sadalamaqla kifayətlənmiş və qətnaməni əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı tərəflərindən verilmiş əsaslı vəsatətlər formal əsaslarla rədd edilmişdir ki, həmin vəsatətlərin təmin olunması təqdirdə tərəflərindən verilmiş iddianın əsaslı olması öz təsdiqini tapacaqdır. Lakin məhkəmə mülki işin obyektiv araşdırılmasında maraqlı olmamış və nəticədə ilk öncə vəsatətləri, daha sonra isə iddianı rədd etmişdir. Məhkəmə vəsatəti təmin etməməklə obyektə çəkilmiş xərclərin müəyyən edilməsinə və eyni zamanda obyektə quraşdırılmış avadanlıqların orada olmasına baxmayaraq, həmin avadanlıqları geri qaytıarılmamasına dair əsassız qənaətə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4391/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxsin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4391/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4391/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 Azay Xasay oğlunun əvəzinə Cavabdeh MMC-nin direktoru X8 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən obyekt icarəçiyə mağaza təyinatı üzrə istifadə etmək üzrə icarəyə verilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən icarənin müddəti 01 yanvar 2020-ci il tarixdən başlayaraq 12 ay müəyyən edilmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən icarəçi aylıq 20.000 manat məbləğdə icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür.(İ.vər. 8 - 12) İş materiallarında olan, 06 saylı, 18 fevral 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 Azay Xasay oğlunun əvəzinə Cavabdeh MMC-nin direktoru X8 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən obyekt icarəçiyə satış və sərgi salonu təyinatı üzrə istifadə etmək üzrə icarəyə verilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən icarənin müddəti 01 yanvar 2021-ci il tarixdən başlayaraq 11 ay müəyyən edilmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən icarəçi aylıq 20.000 manat məbləğdə icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür.(İ.vər. 13 - 17) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Normadan göründüyü kimi, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsi olmaqla, icarəçiyə (kirayəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan bəhər və gəlir götürmək imkanını təmin edir. Bu səbəbdən, kirayə müqaviləsindən fərqli olaraq icarə müqaviləsində icarəçinin (kirayəçinin) əsas məqsədi icarəyə götürdüyü obyektdən müəyyən gəlir əldə etmək olur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apеlyasiya şikayətində əsas dəlili ondan ibarətdir ki, 2020-ci ildən etibarən pandemiya səbəbi ilə fəaliyyət göstərə bilmədiklərini və hazırkı mövcud vəziyyət fors major hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apеlyasiya şikayətinin qeyd olunan dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, 06 saylı, 18 fevral 2021-ci il tarixli icarə müqavilənin 8.1-ci maddəsində qeyd edilib ki, əgər tərəflərin hər hansı biri forsmajor hal səbəbindən bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilməzsə, fors major vəziyyət qüvvədə olan müddət ərzində bu hal müqavilənin şərtlərinin pozulması hesab edilmir. Fors-major hal baş verdikdə, tərəflər mümkün dərəcədə vəziyyəti düzəltmək üçün əlindən gələni etməlidir. Fors-major hal 60 (altmış) iş günündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 (on beş) iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors major hal kimi qiymətləndirmək olmaz. Çünki tərəf müqavilə bağlanarkən tərəfin həmin halı nəzərə ala bilməməsi, tərəfin bu halı aradan qaldıra bilməməsi və nəticələrini istisna edə bilməməsi, xəbərdarlıq müddətinə riayət etməklə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması kimi hallar mövcud deyil. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, icarəçi müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməmişdir. Hətta icarəçi pandemiya şəraitinin davam etdiyi 18.02.2021-ci il tarixdə yenidən icarə müqaviləsi bağlamışdır ki, bu hal da icarəçinin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətinin olduğunun etirafi kimi qiymətləndirilməlidir. Əgər icarəçi həqiqətən də fəaliyyət göstərə bilməsəydi onda heç belə bir müqavilə bağlamaq niyyətində olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alıb, ilk iddia tələbinin əsaslı olması və buna görə də cavabdehdən iddiaçının xeyrinə 134.140 manat məbləğdə icarə haqqının tutulmalı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsində də qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, qeyd olunan müqavilənin 6-cı maddəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsinin əsasları və qaydası öz əksini tapmışdır. Tərəflər bu məsələni 1 ay əvvəldən yazılı bildiriş göndərməklə öz aralarında həll edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən normasına əsasən müqavilə tərəflərdən birinin tələbi ilə yalnız o halda ləğv edilə bilər ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun. Hazırkı iş üzrə isə digər tərəfin belə bir pozuntusu müəyyən edilməmişdir. Bundan başqa cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin onunla müqavilə münasibətlərinə xitam vermədən sözügedən obyekti başqa şəxsə icarəyə verdiyini bildirsə də, buna dair heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin təmirə çəkilmiş xərclərlə bağlı pul məbləğinin tutulması hissəsinin də rədd edilməsi nəticəsinə gəlməkdədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləki, məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin nümayəndəsi və vəkili Vəkil3 apеlyasiya şikayətinin ünvan 1 ünvanında yerləşən sahənin təmiri üçün çəkilmiş 500.000 manat məbləğdə xərcin İddiaçı tutularaq “X14” MMC-yə ödənilməli olması barədə dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan, 01 saylı, 17 dekabr 2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru X9 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən obyekt icarəçiyə mağaza təyinatı üzrə istifadə etmək üzrə icarəyə verilmişdir. Müqavilənin 3.1-ci maddəsinə əsasən icarə müddəti 2019-cu ikin dekabr ayının 31-dək olmaqla, 17 dekabr 2014-cü il tarixdən başlayır. Müqavilənin 4-cü maddəsinə əsasən icarəçi aylıq 8.000 manat məbləğdə icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür.(İ.vər. 59 - 62) Həmin müqavilənin 6.1, 6.1.1 və 6.1.2-ci bəndlərindən görünür ki, icarəyə verən öz hesabına ümumilikdə obyekti əhatə edən kənar divarlar, struktur sütunları, dam və struktur döşəmələrin təmiri (bütün qapılar, qapı çərçivələri, mağazaların önü-vitrinlər, pəncərələr və şüşələr çıxılmaqla), obyektin üzərindən və ya altından keçən və digər icarəçilərin obyektlərinə xidmət göstərən (fərdi olaraq və ya obyekt daxil olmaqla digər sahələrlə birlikdə), lakin yalnız bu obyektə xidmət göstərməyən su-kanalizasiya, elektrik və ya mexaniki qurğuların təmirinin həyata keçirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq icarəyə verən tərəfindən aparılması tələb edilən təmir işləri çıxılmaqla, obyektdə və ya oradakı (yaxud obyektdən kənarda yerləşən, lakin obyektə xidmət göstərən) hər hansı qurğular və ya avadanlığın təmiri icarəçi tərəfindən onun öz hesabına aparılmalıdır. İcarəçi obyektin içərisini, o cümlədən oradakı (yaxud obyektdən kənarda yerləşən, lakin obyektə xidmət göstərən) bütün elektrik, su-kanalizasiya və digər mexaniki qurğuları, həmçinin obyektdəki isitmə, havalandırma və ventilyasiya sistemlərini işlək vəziyyətdə saxlamalı, təmir etməli və lazımi şəkildə əvəz etməlidir. Həmin müqavilənin 6.3-cü bəndinə görə icarəçi obyektdə və ya onun istənilən hissəsində hər hansı düzəlişlər, yeniliklər, təmir, bərpa və ya digər dəyişikliklər etmək istədikdə (o cümlədən mağazaların önü, işarələr, struktur dəyişiklikləri, obyektin hər hansı hissəsinin kəsilməsi və ya qazılması, yaxud hər hansı qurğu, aparat və ya avadanlığın obyektin müəyyən hissəsinə bərkidilməsi), əvvəlcədən bu dəyişikliklərlə bağlı planlar və texniki sənədlər icarəçinin hesabına memar və ya digər müvafiq səriştəli şəxs tərəfindən hazırlanmalıdır və icarəyə verən tərəfindən təsdiqlənməlidir. Əgər belə bir razılıq əldə edilərsə, icarəçi planlarda və texniki sənədlərdə təsvir edilən işin öz hesabına və müvafiq səriştəyə və qanunvericiliklə tələb olunduqda lisenziyaya malik peşəkar şəxslər tərəfindən tez zamanda, səmərəli şəkildə, peşəkarcasına həyata keçirilməsinə başlayır və bu zaman ən yüksək keyfiyyətli materialların istifadə edilməsini və digər icarəçilərin və ya binadan istifadə edən digər şəxslərin fəaliyyəti üçün narahatlıq yaradılmamasını təmin edir. Bütün bu işlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə aparılmalıdır. Sözügedən müqaviləyə əsasən müəyyən edilir ki, icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlər istisna olmaqla obyektin və ya oradakı hər hansı qurğu və avadanlığın təmirini, eləcə də obyektdə və ya onun istənilən hissəsində hər hansı düzəlişlər, yeniliklər, təmir, bərpa və ya digər dəyişiklikləri icarəçi öz hesabına həyata keçirməyi, sadalanan işləri həyata keçirməzdən öncə icarəyə verənin razılığını almağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında mövcud olmuş 6 saylı, 18.02.2021-ci il tarixli icarə müqaviləsi ilə icarəçi icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüş, həmçinin müqaviləyə bu şərtin yalnız həmin müqavilənin qüvvədə olduğu dövrdə aparılan təmir işlərinə aid olduğu barədə də qeyd-şərt daxil edilməmişdir. Tərəflər arasında münasibətlər 2014-cü ildən davam edən münasibət olduğundan və icarəçi sonuncu müqavilədə təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürməməyi üzərinə götürdüyündən məhkəmə kollegiyası hesab edir ki, o, ümumiyyətlə belə bir tələbi irəli sürməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbi təmirə çəkilmiş xərclərlə bağlı pul məbləğinin tutulması hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apеlyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı yekun dəyərləndirmə apararaq qeyd edir ki, apelyator icarə obyektinin icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olduğunu və təmir işlərinin tam olaraq onun tərəfindən aparıldığı, həmçinin icarə obyektində hansı təmir işlərinin aparıldığı, icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən hansıların icarəçinin özü tərəfindən həyata keçirildiyi, tərəfindən obyektdə havalandırma qurğusu quraşdırıldığı barədə istər birinci instansiya məhkəməsinə, istərsə də apelyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən başqa digər işlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin işlər müqavilə şərtlərinə görə icarəçinin hesabına həyata keçirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Göründüyü kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4391/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4391/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar