Məhkəmə qərarları › İş №2(103)-1429/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1429/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1429/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı pul tələbinə dair iddiası barədə mülki iş (Açar sözlər: «podrat mqaviləsinin qüsurlu icra edilməsinə görə pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1010/2023 saylı, 24 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı (sifarişçi) ilə Cavabdeh1 (podratçı) arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli podrat müqaviləsinə əsasən təmir-tikinti işlərinin görülməsi üçün müqavilənin qiymətinin 30%-i əvvəlcədən, işin 40%-i tamamlandıqda 30%-i, daha sonra işin 80 faizi görüldükdən sonra 30%-i, qalan 10%-i isə iş tamamlandıqda nağd və ya köçürmə yolu ilə “Sifarişçi” tərəfindən “Podratçı”ya ödənilməsi razılaşdırılmışdır. İddiaçı qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, 22 sentyabr 2022-ci il tarixdə 3031 manat və 02 noyabr 2022-ci il tarixdə 3031 manat olmaqla, ümumilikdə 6062 manat məbləğində pul vəsaitini podratçıya ödəmişdir. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı müqaviləyə xitam verilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6060 manatın, 350 manat hüquqi yardıma görə ödənilmiş ödənişin, həmçinin 1000 manat mənəvi zərər və dövlət rüsumu kimi əvəzi kimi 114.10 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiada göstərilir ki, İddiaçı öz yeni aldığı ünvan 1 ünvanında yerləşən mənzildə təmir işlərinin aparılması məqsədilə Cavabdeh1 MMC ilə xx.xx.2022-ci il tarixində təmir podrat müqaviləsi imzalamışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh şirkət tərəfindən ümumi sahəsi 43 kv.m. olan mənzil sahəsinin 1 kv.metrin qiyməti 235 AZN olmaqla ümumilikdə 10.105 (on min yüz beş) AZN dəyərində razılaşdırılmış və nəticə etibarilə iddiaçı tərəfindən 14 noyabr 2022-ci il tarixində cavabdehə ümumilikdə 6060 (altı min altmış) AZN həcmində vəsait ödənilmişdir. İddiaçı tərəfindən ödəniş həyata keçirildikdən sonra cavabdehlərdən Cavabdeh2 tərəfindən öz əl yazması ilə 6060 AZN ödənişi nağd qaydada almasına dair müvafiq qəbz məzmunlu sənəd tərtib edilmiş və imzalanmışdır. Bununla yanaşı, Cavabdeh2 direktoru olduğu digər cavabdeh hüquqi şəxs Cavabdeh1 MMC-nin adına 2 ədəd olmaqla Seriya 425960 və 425992 saylı kassa mədaxil orderləri də tərtib edərək imza və möhür vurulmaqla hər biri 3030 (üç min otuz) olmaqla cəmi 6060 (altı min altmış) AZN məbləğində vəsaitin alınmasını təsdiq etmişdir. Ödənilmiş vəsaitin müqabilində cavabdeh tərəfindən 26 siyahıda əks edilən işlər müqavilə üzrə görüləcək işlər kimi iddiaçıya təqdim edilmişdir. Lakin təəssüflər olsun ki, cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu işlərin bir qismini ümumiyyətlə yerinə yetirməmiş, digər bir qismini isə tam şəkildə birmənalı qüsurlarla yerinə yetirmişdir. Bununla cavabdehlər iddiaçıya zərər vurmuşlar. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Beləliklə, cavabdeh tərəfindən görülmüş işlərin vəziyyəti aşağıda qeyd edildiyi kimi olmuşdur: Cavabdeh tərəfindən giriş qapısının ağzına mətbəx və sanuzel otağında isti pol çəkilib işlər düzgün və keyfiyyətli görülməmişdir. Bunu şəkillərdən aydın görmək mümkündür. Belə ki, su sızıntısı vardır, su buraxır və təzyiq aşağı düşür. İddiaçı isti polun düzgün çəkilmədiyi qənaətindədir. Elektrik işləri: cavabdeh şirkət tərəfindən 2 otağa, sanuzel otağına, balkona və mətbəxə və giriş qapısı ağzına elektrik işləri görülüb. Bu işlər tamamlanmamışdır. Həmçinin xətlərin çəkilişində səhvlər mövcuddur. Enerjinin torpaqlanma işləri düzgün rəngdə çəkilməyib, ən ucuz və keyfiyyətsiz karobkalar qoyulub. Bunların dəyəri 0.20-0.30 qəpik arasında olmuşdur. Halbuki, razılaşmaya əsasən Türkiyə istehsalı olan təchizatdan istifadə edilməli idi. Beton işləri: İsti polun çəkilməsi üçün giriş qapısının ağzına, sanuzel otağına və mətbəxə müvafiq beton styaşka verilmişdir. Bu işlər tikinti normasına uyğun aparılmamışdır. Altına zibillər tökülməklə üstündə beton tökülüb. Bununla əlaqədar iddiaçı tərəfindən digər bir usta çağırılmış və bu usta tərəfindən yenidən yeni styaşka verilmişdir. 3 dəfə yeni styaşka edilməsinə baxmayaraq betonda çatlar vardır. Üzərində hərəkət edən zaman tərpənmələr hiss edilir ki, bu da gələcəkdə kafel-metlax işləri görülən zaman onların qalxmasına və sıradan çıxmasına gətirib çıxaracaq. Həmçinin beton styaşka giriş qapısıyla düzgün ölçüdə uyğunlaşdırılmadığı üçün kafel və metlax vurulduğu halda giriş qapısına dəymiş olur. Su borularında və isti polda su sızıntsı vardır. Məlum olmayan yerdən su buraxır, təzyiq aşağı düşür. Suvaq işləri: Divarlar müəyyən qədər alfamkaina suvağı ilə suvaq işi görülüb. Lakin bu işlər də cavabdeh tərəfindən tam görülməmişdir. Əyri yerlər çoxdur. Əyri suvaq işlərinin düzəldilməsi yenidən usta işi tələb edir. Yəni, iddiaçı əlavə xərcə düşərək usta çağırıb bu əyrilikləri düzəltdirməlidir. Santexnika işləri: santexnika işləri onunla razılaşdırılmadan həyata keçirilmişdir. Belə ki, santexnika işlərinin yerləri iddiaçı ilə dəqiqləşdirilmədən görülmüş, sonradan iddiaçı düzgün olmadığını bildirsə də heç bir düzəliş edilməmişdir. Mətbəx: Mətbəxin yerləşməsi giriş qapısına yaxın hissədə nəzərdə tutulmuşdur. Mətbəxdə su və kanalizasiya xəttləri çəkilmiş, keyfiyyətsiz və əyriliklərlə müşahidə olunur. Su boruları soyuğa qarşı izolyasiya edilməmişdir. Sanuzel otağında: Su və kanalizasiya boruları çəkilmiş, quruducu yeri çəkilmişdir. Su və kanalizasiya boruları iddiaçının göstərdiyi yerdən çəkilməmiş, dəfələrlə yerlərinin düzəldilməsi iradı bildirilsə də cavabdeh məhəl qoymamışdır. Unitaz yeri sağa çəkilməli olduğu halda çəkilməmişdir. Su boruları burda da soyuğa qarşı izolyasiya edilməmişdir. Təmirdə istifadə edilən materiallarla əlaqədar: ümumiyyətlə təmirdə istifadə edilən materiallardan heç biri 235 manatlıq komfort paketə uyğun qeyd edilən materiallar olmamışdır. Hazırda iddiaçı görülmüş təmir işlərinin keyfiyyətindən narazı olduğu üçün və görülməsi üçün dəyəri ödənilən, lakin, cavabdeh tərəfindən görülməyən təmir işlərinin həyata keçirilməməsindən birmənalı olaraq narazıdır. Ona görə də cavabdehə ödəmiş olduğu maddi vəsaitin geri ödənilməsi, həyata keçirmiş olduqları bütün işlərin sökülməsi və ya sökülməsi üçün tələb edilən vəsaitin hesablanaraq ona ödənilməsi, həmçinin mənəvi zərərin və bu halla əlaqədar üzləşdiyi bütün məsrəflərin ona ödənilməsidir. Tərəflər arasında imzalanmış müqavilənin 8.1-ci bəndində qeyd edilmişdir ki, “Sifarişçi” “Podratçı”ya müvafiq bildiriş göndərməklə, bu Müqavilənin icrasını tam və ya qismən dayandırmaq və ya ona xitam vermək hüququ vardır. 8.2.1.-ci “Podratçı” Müqavilə üzrə öhdəliklərini həyata keçirməkdikdə, şərtlərini pozduqda və ya müvafiq olaraq lazımi şəkildə icra etmədikdə öz mülahizəsinə əsasən istənilən vaxt; 8.2.2. “Podratçı” Müqavilənin şərtlərini pozduqda və müvafiq olaraq icra etmədikdə; Beləliklə, müqavilənin xitam şərtlərinə iddiaçı tərəfindən əməl olunaraq, qarşı tərəfə müvafiq bildiriş ünvanlanmışdır. Həmçinin tərəflər arasındakı müqavilənin 9-cu bəndinin də tələbinə də iddiaçı tərəfindən əməl edilməklə qarşı tərəfə müvafiq pretenziya məktubu göndərilmişdir. Belə ki, müqavilənin 9.1-ci maddəsinin tələbinə əsasən Tərəflər arasında baş verə biləcək mübahisələr öz aralarında danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycan Respublikası qanunvericiliyi əsasında Azərbaycan Respublikası məhkəmələrində həll olunur. Müqavilənin bu tələbindən də irəli gələrək iddiaçı tərəfindən məhkəmədən öncə pretenziya qaydasında cavabdehlərə müraciət edilmişdir. Cavabdehlərin həm hüquqi şəxs olaraq həm də fiziki şəxs olaraq seçilməsində isə iddiaçının məqsədi ödənişlərin alınmasına dair fiziki şəxsin qəbzi təsdiq və tərtib etməsi, o cümlədən, iddiaçının ilk öncəsində cavabdehi tanıması olmuşdur ki, sonradan münasibətlərin rəsmiləşdirilməsi tələbi ilə hüquqi şəxslə müvafiq təmir müqaviləsinin bağlanması baş tutmuşdur. Belə ki, Cavabdeh2 özünü Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən təmir tikinti şirkətinin rəhbəri kimi göstərmiş, rəsmi şirkətinə aid sənədləri də göstərmişdir. Ona görə belə hesab edir ki, hazırki halda iddia tələbi hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Beləliklə, iddiaçı tərəfindən alınmış vəsaitin müqabilində görülmüş işin keyfiyyəti olduqca aşağıdır. Görülmüş təmir tamamilə yararsız vəziyyət olmaqla, razılaşdırılmış təmir işlərinin görülməsi başa çatdırılmamışdır.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1010/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1ndən dəymiş ziyana görə 5142.10 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 350 manat və ödənilmiş 114.10 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 46.50 manatı Cavabdeh1ndən və 53.50 manatı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus mənzildə görülmüş tikinti işləri İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli təmir podrat müqaviləsinin şərtlərinə uyğun aparılmamış və istifadə olunan inşaat materialları müqaviləyə əlavədə göstərilən siyahıda qeyd olunan materiallara uyğun deyildir. Həmçinin, rəy ilə sözügedən mənzildə aparılmış təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3794.40 manat, bununla yanaşı görülmüş təmir-tikinti işlərində qüsurlar mövcud olduğu və mövcud olan qüsurların bərpa olunması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2876.5 manat məbləğində müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ödənilən 6060 manat pul vəsaitindən 3794.40 manat (mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri) çıxılmaqla qalan 2265.60 manat pul vəsaiti və mövcud olan qüsurların bərpa olunması üçün tələb olunan 2876.50 manat (2265.60+2876.50=5142.10), cəmi 5142.10 pul vəsaiti Cavabdeh1 MMC-dən tutulub iddiaçıya ödənilməlidir. İş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Ekspertin gəldiyi nəticələr əsas götürülməklə, həmçinin cavabdehin vəkili və nümayəndəsinin rəydə müəyyən olunmuş məbləğlə razı olduğunu nəzərə alaraq Cavabdeh1ndən ünvan 1 ünvanında yerləşən mənzildə görülmüş tikinti və təmir işlərinin dəyəri kimi 5142.10 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin “cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə qeyd edib ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin qanuni təmsilçisidir. Müqavilə İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. İddiaçı təmir işlərinin görülməsi üçün ödənişi Cavabdeh1 MMC-yə etmişdir. Beləliklə, müqaviləyə əsasən öhdəliyi yerinə yetirməyən Cavabdeh1 MMC-dir. Cavabdeh2 isə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi olaraq üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Belə olan halda tələbinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 5142.10 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin “1000 manat həcmində mənəvi zərərin tutulması” hissəsinə hüquqi qiymət verərək qeyd edib ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsini qeyd etsə də, zərərin dəyməsi halları müəyyən edilməmişdir. Bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə tələbin “hüquqi yardıma görə ödənilmiş 350 manat və ödənilmiş 114.10 manat dövlət rüsumunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edib ki, iddiaçı ödədiyi rüsumlarla bağlı məhkəməyə sübutlar təqdim etdiyindən tələb bu hissədə təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərib ki, ödənilmiş vəsaitin müqabilində cavabdeh tərəfindən 26 siyahıda əks edilən işlər müqavilə üzrə görüləcək işlər kimi iddiaçıya təqdim edilmişdir. Bundan sonra cavabdeh mənzili təmir etmişdir. Lakin iddiaçı müxtəlif bəhanələr gətirərək, cavabdehi mənzildən çıxarmış və işin davam etdirilməsinə mane olmuşdur. Göründüyü kimi iddaçının iddiası əsassızdır. Belə ki, Cavabdeh2 təmiri davam etdirməyə və təmirdəki yol verilmiş nöqsanları aradan qaldırmağa hazırdır. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların(nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) mübahisələndirilən hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

17. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edilən hissəsi ilə bağlı faktiki hallar mübahisələndirilən hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddianın təmin edilən hissəsi haqlı sayılır.

18. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün hesab edir. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, tərələr arasında bağlanmış müqavilə etibarlı əqd olmuş, bu müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, mənzilin təmiri xx.xx.2022-ci il tarixli təmir podrat müqaviləsinin şərtlərinə və istifadə olunan inşaat materialları müqaviləyə əlavədə göstərilən siyahıda qeyd olunan materiallara uyğun deyildir. Bununla yanaşı, ekspertiza rəyi ilə sözügedən mənzildə aparılmış təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3794.40 manat, görülmüş təmir-tikinti işlərində qüsurlar mövcud olduğu və mövcud olan qüsurların bərpa olunması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri isə mövcud bazar qiymətlərinə uyğun olaraq 2876.5 manat məbləğində müəyyən edilmişdir. Demli, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ödənilən 6060 manat pul vəsaitindən 3794.40 manat (mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri) çıxılmaqla qalan 2265.60 manat və mövcud olan qüsurların bərpa olunması üçün tələb olunan 2876.50 manat (2265.60+2876.50=5142.10), cəmi 5142.10 pul vəsaiti Cavabdeh1 MMCdən tutulub iddiaçıya ödənilməsində məhkəmənin qənaəti düzgün olmuşdur. Podratçı ekspertiza rəyinə etiraz etsə də, bu etiraz təkrar ekspertizanın keçirilməsi üçün əsas deyildir. Belə ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə üçün məcburi deyildir, məhkəmə həmin rəylə razılaşmaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin məhkəmənin də ekspertizanın rəyi ilə razılaşmaması üçün əsaslar olmalıdır. Belə bir əsas isə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşkar edilməmişdir.

20. Demək ki, göstərilən hallar, iddiaçıya əsas verib ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qüsurlu icra etdiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə ödədiyini və vurulmuş zərəri geri tələb etsin. Başqa sözlə müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən qüsurlu icra olunmaqla yanaşı, demək olar ki, həm də tam icra olunmamışdır, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilir. Hətta cavabdeh öhdəliklərinin qismən icra etmiş olsa belə, iddiaçı müqavilədən imtina edərək ödədiklərini geri qaytarılmasını tələb etməkdə haqlı sayılır. Ona görə də iddiaçının müxtəlif bəhanələr gətirərək, cavabdehi mənzildən çıxarması və işin davam etdirilməsinə mane olması barədə dəlillər də əsaslı sayıla bilməz. Çünki, tərəflər arasında podrat münasibətlərinə xitam verildiyindən cavabdeh tərəfin təmiri davam etdirməyə və təmirdəki yol verilmiş nöqsanları aradan qaldırmağa hazır olmasının da əhəmiyyəti qalmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, müqavilənin icra edilməməsinin nəticələri, müqavilədən imtina, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

22. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1010/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1010/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar