Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-143/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-143/2023 (Açar sözlər: evdən çıxarılma) Bakı şəhəri, 27 fevral 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında 0,01141 torpaq sahəsi üzərində olan 78,50 kv metr yaşayış evindən (sonradan - mübahisəli ev) çıxarılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir. Lakin cavabdeh xeyli vaxtdır ki, həmin evi zəbt edib. Onun həmin evə heç bir aidiyyəti yoxdur.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında 0,0141 torpaq sahəsi üzərində olan 78,50 kv metr yaşayış evindən çıxarılması və iddiaçıya təhvil verməsi qət edilmişdir (Hakim: Tahirə Əsədova).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməməsini xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisə iki qardaş arasındadır. Mübahisənin predmeti ünvan 2 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evidir. Fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və qeydiyyatdan keçən hissə iki tikilidən – “A” tikilisi və “B” tikilisindən ibarətdir. Evin iki paylı mülkiyyətçisi var. “A” tikilisi İddiaçı Hüseynəli oğlunun, “B” tikilisi mülki iş üzrə mübahisə tərəfi olmayan X1 adına qeydiyyatdan keçmişdir. Qeydiyyata alınmış hissələrdən başqa, hər iki tikilidə əlavə sahələr inşa edilərək artırılmışdır. Paylı mülkiyyətçilər bir-birinə yaxın qohumdur. Cavabdeh ailəsi ilə tikililərdən birində yaşayır. Həmin hissənin “A” tikilisi, yaxud “B” tikilisi olması məlum deyil. Belə ki, tikililərin heç biri qeydiyyata alınmış ölçülərdə deyil. Bundan əlavə yerli baxış zamanı, yalnız cavabdehin faktiki istifadəsində olan hissəyə baxıldığından, digər hissənin məhz “B” tikilisi olduğunu əminliklə demək mümkün deyil. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında verilmiş Çıxarışda, hansı tikilinin hansı ölçüdə qeydiyyatdan keçdiyi əks edilməmişdir. Yalnız ümumi sahə, yəni “A” və “B” tikilisinin birlikdə sahəsinin 78,50 kv.m. olduğu və hər tikilinin mülkiyyətçisinin ayrıca adı göstərilmişdir. Tikintialtı sahə də daxil olmaqda, istifadədə olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Yəni, cavabdeh tərəfindən istifadə olunan sahənin yarısının dövlət reyestrində qeydiyyatı olmamaqla yanaşı, qeydiyyatdan keçmiş hissənin tikintialtı sahəsi də iddiaçıya məxsus deyil. Məhkəmə, iddiaçının mülkiyyət hüququnun mövcud olmasına istinad edərək, iddianı təmin etmişdir. Halbuki, mülkiyyət hüququ olan hissə müəyyən edilməyib, cvabdehin məhz iddiaçının mülkiyyətində olan hissədən istifadə edib-etməməsi də məlum deyil. Ekspertiza təyin edilməsi barədə yazılı vəsatətə baxan məhkəmə xx.xx.2021-ci il tarixli, 2(008)- 3318/2021 saylı qərardad qəbul edərək, ekspertiza keçirilməsinə dair vəsatəti rədd etdi. Qərardadın əsaslandırmasına görə, məhkəmə tərəfindən ünvana baxış keçirilmiş olması, mübahisəli evdə Çıxarışda qeyd olunmayan sahənin olması, əlavə tikililərin çoxdan inşa edilməsi, evin qanuni və qanunsuz hissələrinin bir-birinə bitişik olması və həmin evdə cavabdehin ailəsi ilə birlikdə yaşaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsı bu əsasla ekspertiza keçirilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Belə əsaslandırma ümumiyyətlə qaneedici sayıla bilməz. Belə ki, yerli baxışla müəyyən edilə bilməyən məqamlar işin əhəmiyyətli hallarıdır. Cavabdehin mübahisəli sahədə kiminlə yaşamasının iddia tələblərinə aidiyyatı yoxdur. Çıxarışda qeyd olunmayan sahənin olması iddiaçı tərəfin deyil, cavabdeh tərəfin dəlillərinin əsasıdır, məhz həmin hissələrin mövcud olması ekspertiza keçirilməsinə əsas verməlidir. Həmin hissənin çoxdan inşa edilməsinin də vəsatətin rədd edilməsi əsası kimi göstərilməsi qəbul edilən deyil. Evin qanuni və qanunsuz hissələrinin bir-birinə bitişik olması da, ekspertiza keçirilməsini zəruri etməli idi. Birinci instansiya məhkəməsinin bəhs olunan qərardadının, MPM-in 97.1-ci və 97.4-cü maddələrin tələblərini pozmuşdur. İddiaçının iddia qaldırmağa subyektiv hüququnun olması şərtdir. Mülki iş üzrə cavabdeh, iddiaçının mülkiyyətində olan “A” tikilisindən istifadə etmirsə, ümumiyyətlə iddiaçının bu iddianı bu cavabdehə qarşı qaldırmağa subyektiv hüququ olmayacaq. Bundan əlavə, iş materiallarından hər iki tikilini əhatə edən ölçülərdə, yəni 78,50 kv.m. ölçüdə yaşayış evinin boşaldılması tələbinın, artıq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyü aşkardır, belə ki, bu ölçü həm də “B” tikilisini də əhatə edir ki, həmin tikili iddiaçının deyil, başqa şəxsin mülkiyyətindədir. İddiaçı, faktiki olaraq heç bir hüququ olmadığı tikilidən də cavabdehin çıxarılmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə, iddiaçının subyektiv hüququnun olmamasına baxmayaraq, həmin iddianı tam şəkildə, yəni aşkar surətdə subyektiv hüququ olmadığı hissədə belə təmin etmişdir. Yalnız əlavə tikililər hissəsində yaşadığı ilə bağlı cavabdehin bir mövqeyi olmamışdır. Cavabdeh tikilidən tamlıqda istifadə edir. Yerli baxış zamanı da Texniki Pasportda göstərilən ölçülərə uyğun olan bir otaq belə müəyyən edilmədi. Bundan əlavə, tərəflərin hər ikisinin iştirak etdiyi yerli baxış, tərəflərin qarşılıqlı ittihamları şəraitində, kifayət qədər səs-küylə keçdiyindən, həmin yerli baxışın özünü də keyfiyyətli saymaq olmaz. İddiaçının iddia tələbləri cavabdehin mübahisəli ünvanda yerləşən 78.50 kv.m. fərdi yaşayış evindən çıxarılması ilə bağlıdır. Bu ölçü fərdi yaşayış evinin qeydiyyata alınmış ölçüsüdür. Həmin ölçüyə həm iddiaçının, həm də digər payçının mülkiyyətində olan hissə daxildir. Yerli baxışdan da müəyyən olundu ki, cavabdeh, qeydiyyatdan “A”, yaxud “B” tikilisi kimi qeydiyyatdan keçdiyi məlum olmasa da, faktiki olaraq bu tikiliərdən birindən istifadə edir. İddianın qismən təmin edilməsi qanunvericiliyə uyğun olardı. Lakin, bunun üçün, iddiaçının məhz cavabdehin mülkiyyətində olan hissədə yaşaması müəyyən edilməlidir. Əgər cavabdeh qeydiyyatdan “B” tikilisi kimi keçmiş sahədə yaşayırsa və A tikilisi isə, B tikilisinin mülkiyyətçisinin istifadəsindədirsə, iddiaçının məhz cavabdehə qarşı iddia qaldırmaqda ümumiyyətlə subyektiv hüququ olmadığı müəyyən ediləcək. Əlavə tikililərlə bağlı hissədə isə, ümumiyyətlə iddia tələbləri yoxdur. İddiaçı, 78,50 kv.m. sahə dedikdə, məhz qeydiyyatdan keçmiş hissələri nəzərdə tutduğu aşkardır. Digər tərəfdən, iddiaçının əlavə tikililərə istifadə hüququnun olması qeyd edilsə də, bunun hüquqi əsası göstərilməmişdir. Belə bir hüquqi əsas ümumiyyətlə mövcud deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil etirazda bildirmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizələrdə qeyd edilmişdir ki, iddia tələbləri paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 78,5 kv.m. təşkil edən fərdi yaşayış evi ilə bağlıdır. İddiaçı, cavabdehin bu ölçüdə fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədə iddiaçı tərəfindən həmin ölçünün paylı mülkiyyətə aid olmaqla ümumi olduğu səbəbindən, iş üzrə tərəf olmayan digər paylı mülkiyyətçinin hissəsini də əhatə etdiyini bildirilsə də birinci instansiya məhkəməsi iddianı tam həcmdə, yəni 78.5 kv.m. evdən çıxarılma həcmində təmin etmişdir. İlkin çıxarışda iddiaçının və digər mülkiyyətçinin X1 paylar kv. metrlə deyil, A, B tikili şəklində qeyd edilmişdir. Faktiki olaraq isə hər iki mülkiyyətçinin yaşayış evinin bir-birin heç bir aidiyyatı yoxdur. Bu hal 1-ci instansiya məhkəməsinin yerli baxışında da təsdiqini tapmışdır. Belə ki, ilkin çıxarışda iddiaçının payı kimi A tikili qeyd edilmişdir. Yerli baxış zamanı da həqiqətən müəyyən edildi ki cavabdeh iddiaçıya məxsus A tikilini zəbt edib orada yaşayır. Eyni zamanda müəyyən edildi ki, B tikili A tikilidən tam kənarda X1 mülkiyyətində və istifadəsindədir. Mülahizələrdə guya cavabdehin mübahisəli evdə son otuz ildən də yuxarı bir müddətdə daimi yaşaması, hətta uşaqlarının həmin evdə yaşayarkən anadan olması ilə bağlı işin halları birinci instansiya məhkəməsində icraat zamanı işin mübahisəsiz halı olmuş, yerli baxış zamanı orada olan hər iki tərəfin eyni dərəcədə qohumları olan şəxslər tərəfindən də təsdiq edilməsi kimi qeyd etməsi tamamilə əsassızdır. Bu həqiqəti əks etdirməyən, heç bir sübut olmayan subyektiv mülahizələrdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq:
9. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi:
Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. ... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
10. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
11. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır...” Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır.Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.....”
12. .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Bu Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Odur ki, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və qeydiyyatdan keçən hissə iki tikilidən – “A” tikilisi və “B” tikilisindən ibarətdir. Evin iki paylı mülkiyyətçisi var. “A” tikilisi İddiaçı Hüseynəli oğlunun, “B” tikilisi mülki iş üzrə mübahisə tərəfi olmayan X1 adına qeydiyyatdan keçmişdir. Qeydiyyata alınmış hissələrdən başqa, hər iki tikilidə əlavə sahələr inşa edilərək artırılmışdır. Cavabdehin ailəsi ilə birlikdə yaşadığı tikilinin hissənin “A” tikilisi, yaxud “B” tikilisi olması məlum deyil.
18. Cavabdehin mübahisəli evdən istifadəsi ilə bağlı münasibətlər 01 sentyabr 2000-ci il tarixədək yarandığından Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən həmin evdən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. Lakin, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan qanunu tətbiq etməmişdir.
19. Belə ki, cavabdehin 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsinin tələblərinə əsasən həmin evə istifadə hüququnun yaranmasından ötrü evin mülkiyyətçisi olan şəxslərin ailə üzvü, yəni əri, uşaqları və valideynləri qrupuna aid olmalı yaxud mülkiyyətçi ilə birlikdə mübahisəli evdə yaşayıb birgə təsərrüfat aparmalı idi. İddiaçı cavabdehin həmin evdə yaşamadığını iddia edir. Belə olan halda, cavabdehin mübahisəli evdə yaşamadığını sübutetmə yükü cavabdehin deyil, iddiaçının üzərinə düşür.
20. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
22. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
24. İddiaçı tərəf cavabdehin mübahisəli evə sonradan, yaxın zamanda köçdüyünü qeyd etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iş materiallarında aşkar edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiazının dəlili kimi göstərmişdir ki, “Mülahizələrdə guya cavabdehin mübahisəli evdə son otuz ildən də yuxarı bir müddətdə daimi yaşaması, hətta uşaqlarının həmin evdə yaşayarkən anadan olması ilə bağlı işin halları birinci instansiya məhkəməsində icraat zamanı işin mübahisəsiz halı olmuş, yerli baxış zamanı orada olan hər iki tərəfin eyni dərəcədə qohumları olan şəxslər tərəfindən də təsdiq edilməsi kimi qeyd etməsi tamamilə əsassızdır. Bu həqiqəti əks etdirməyən, heç bir sübut olmayan subyektiv mülahizələrdir.” İddiaçı tərəf apellyasiya şikayətinə etirazın dəlili kimi cavabdehin həmin evdə əvvəldən yaşamamasını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübuta istinad etməmiş, mülahizə xarakterli ifadələrlə kifayətlənmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 29 mart 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqenin hazırkı iş üzrə də tətbiqinin mümkünlüyünü nəzərə alır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Cavabdehin mübahisəli evdən ən azından istifadə hüquqları olduğuna görə müvafiq kompensasiya ödənilmədən çıxarılması həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi.
27. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı tərəf yeni Çıxarış təqdim edərək, paylı mülkiyyət üzrə qeydiyyatın dəyişdirilmiş olmasını bildirmişdir. Çıxarışın məzmunundan görünür ki, fərdi yaşayış evinə dair artıq paylı deyil, tam mülkiyyət hüququ üzrə qeydiyyat aparılmışdir və iddiaçını mülkiyyətində olan daşınmaz əmlakın ümumi sahəsi 27,1 kv.m. təşkil edir.
28. Bu sənəd ilk növbədə iddia tələblərinin tam həcmdə təmin edilməsinin yalnışlığını, ümumiyyətlə 78,5 kv.m. evə dair iddia tələblərinə iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı apellyasiya şikayətin dəlilərini təsdiq edir.
29. İddiaçı 27.1 kv.m. ölçüdə fərdi yaşayış evinin mülkiyyətində olmasına baxmayaraq, cavabdehin 78,5 kv.m. hissədən çıxarılmasina dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
30. Kollegiya cavabdehin fərdi yaşayış evinin məhz hansı hissəsində yaşaması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi bununla bağlı ekspertiza təyin etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı, araşdırma aparılmış və bu halın müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin, dəfələrlə ekspertiza keçirilməsi üçün yerində baxış günü təyin edilsə də, tərəflər və ekspert ünvana, gəlməmiş və ekspertizanın keçirilməsi baş tutmamışdır.
31. Kollegiya qeyd edir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə tərəflərin nənəsinin mülkiyyətində olmuş, sonuncu iddiaçının xeyrinə vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamə üzrə rəsmiləşdirilmə nənənin vəfatından sonra otuz ildən artıq müddətdə aparılmamış, yalnız 2020-ci ildə sənədləşdirilmişdir. Bundan dərhal sonra halhazırkı iddia tələbləri ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdehin son illərdə mübahisəli evə yerləşdiyini bildirən iddiaçı tərəf, bütün bu müddət mübahisəli evin kimin sahibliyində olduğunu bildirmədən, cavabdehin mübahisəli evə nə cür və hansı əsaslarla birdən-birə köçmüş olmasına dair ümumiyyətlə mülahizə belə səsləndirməmişdir. Kollegiya uzun illər iddiaçının sahibliyində olan evə cavabdehin birdən-birə köçməsini inandırıcı hesab etmir. Belə olan halda, cavabdehin, mübahisəli mənzilə istifadə hüququnun olması aşkardır. Odur ki, iddia tələbi istifadə hüququnun xitamı ilə bağlı olmadığından, birinci instansiya məhkəməsinin mövcud olan istifadə hüququnu nəzərə almadan, istifadə hüququ olan şəxsin evdən çıxarılmasına dair qənaəti mülki qanunvericiliyin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı tələblərinə zidd olmuşdur.
32. Beləliklə yuxarıda sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddiaçı mübahisəli əmlakın hamısına deyil, 27.40 kv.metrinə mülkiyyət hüququ əldə etdiyindən, həmçinin cavabdeh mübahisəli evə təzəlikcə köçüb yaşaması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
36. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev