Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1430/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1inə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları Tərəflər arasında 05 iyul 2018-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh1inin baş direktoru müşaviri vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh1inin 11 yanvar 2021-ci il tarixli K-002 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Cavabdeh1inin baş direktoru müşaviri İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1inə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış 05 iyul 2018-d il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndin etibarsız hesab edilməsi; Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsi üzrə işə bərpa edilməsi; İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində məsul vəzifələrdə işləmişdir. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmin Komitə ləğv edilmişdir. Bundan sonra 05 iyul 2018-ci ildən iddiaçının geniş təcrübəsi nəzərə alınmaqla “Azərbaycan Metrologiya İnstitutu" X11ndə baş direktorun müşaviri vəzifəsi üzrə işə qəbul olunmuşdur. Əmək müqaviləsi bağlanılarkən həmin müqaviləni oxumamış və yalnız sonradan iddiaçıya məlum olmuşdur ki, qeyd olunan müqavilə 3 aylıq olmuşdur. Bu müddət bitdikdən sonra isə hər dəfə eyni müddətə uzadılmışdır. 2020-ci ilin iyun ayından sonra Cavabdeh1inin rəhbərliyində dəyişiklik baş vermişdir. Yeni rəhbərlik gəldikdən sonra iddiaçıya inventarizasiyanın aparılması işi tapşırılmışdir. Bu tapşırığın icrası başa çatdıqdan sonra iddiaçı sağlamlıq və riskli yaş qrupuna aid olmağı ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada məzuniyyət hüququndan istifadə etmək üçün müraciət etmiş və iddiaçıya əmək məzuniyyəti verilmişdir. Əmək məzuniyyətindən qayıtdıqdan bir neçə gün sonra isə rəhbərlik iddiaçıya onunla olan əmək müqaviləsinə müddətin bitməsi ilə xitam veriləcəyini bildirmişdir. İddiaçı buna etiraz edərək, işinin xüsusiyyətinin müddətli olmamasını, işin hüquqi tərəflərindən başqa vəzifənin öhdəsindən kifayət qədər gəldiyini, heç bir əmək intizamsızlığına yol vermədiyini bildirdi. Lakin müsbət cavab ala bilmədi. Beləliklə, iddiaçı da məsələnin hüquqi qaydada həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi, İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12 və 35-ci maddələrini, Əmək Məcəlləsinin 2, 7, 16, 45 və 46-cı maddələri ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifənin icrası əvvəlcədən daimi xarakterli olduğu bəlli olduğundan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanuni hesab edilə bilməz. Bu əsasla Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməli, İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməlidir. xx.xx.2021-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2378/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsində olan yalnışlığın aradan qaldırılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(005)-2378/2021 saylı qətnaməsinin nəticə hissəsində “İddia təmin edilsin” sözlərindən sonra "İddiaçı ilə bağlanmış 05 iyul 2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bənd etibarsız hesab edilsin." məzmunda yeni abzas əlavə edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin əmək münasibətlərinin yaranması, xitamı ilə bağlı normaları nəzərə alınmamışdır. Qətnamənin düzgün formada qəbul edilməsi istiqamətində olan normalar pozulmuşdur. Məhkəmə tərəfindən əmək müqaviləsinin məzmunu ilə bağlı işçinin razılığını əks etdirən imzasının olması faktı, habelə müddətin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməsi faktı nəzərə alınmamışdır. Əmək qanunvericiliyinin tələblərinə əsasən maddi hüquq normaları düzgün qiymətləndirilməmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbinə əsasən müqavilə müddətinin tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən etmələrinə baxmayaraq məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, cavabdeh tərəfin iştirakı təmin edilməmiş, onun hüquqi ünvanında fəaliyyət göstərməsi nəzərə alınmamışdır. Eyni zamanda çəkişmə prinsipi pozulmuş, onların iştirakı təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununda izahat verərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
35. Əmək fərdi və ictimai rifahın əsasıdır (İ). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (İV).
Əmək Məcəlləsi:
3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”)–işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47.F. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1i və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmələrini göstərməklə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi görünmür və buna görə də şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir İş materiallarından görünür ki, iddiaçı uzun müddət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində məsul vəzifələrdə işləmişdir. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmin Komitə ləğv edilmişdir. Bundan sonra tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsi bağlanmış və həmin müqavilədən müəyyən olunur ki, İddiaçı Cavabdeh1inin baş direktoru müşaviri vəzifəsinə işə qəbul edilmişdir. İşin birinci 3 həftəsi sınaq müddəti hesab edilir. İşçi 05 iyul 2018-ci il tarixdən işə başlayır. Müqavilə 05 iyul 2018-ci il tarixdən 05 oktyabr 2018-ci il tarixinədək 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Cavabdeh1i tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli K- 002 nömrəli əmrdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Cavabdeh1inin baş direktoru müşaviri İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İddiaçı işinin xüsusiyyətinin müddətli olmamasını, işin hüquqi tərəflərindən başqa vəzifənin öhdəsindən kifayət qədər gəldiyini, heç bir əmək intizamsızlığına yol vermədiyini bildirməklə həmin əmrin ləğv edilməsi ilə yanaşı, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndin etibarsız hesab edilməklə əvvəlki vəzifəsinə bərpa edilməli olmasını mübahisələndirir. Cavabdeh isə iddiaya etiraz edərək münasibətlərinin könüllü xarakter daşıması faktı, habelə işçinin işə qəbul zamanı müqaviləyə imza çəkərək könüllü iradə ifadəsini əks etməsi faktı, 2018-ci ildən 2021-ci ilə qədər eyni müqavilə forması üzrə əmək münasibətinin davam etməsi faktının nəzərə alınmaqla iddianın rədd olunmalı olmasını bildirmişdir. Cavabdeh tərəfin etirazının maddi əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, Kollegiya iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən müddətsiz mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Kollegiya qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Kollegiyanın qənaətinə görə, 2013-cü ildən eyni struktruda iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Kollegiya qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını əsaslı saymır. Beləliklə, Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-cı il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı halların müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyi üçün onun qəbulundan sonra qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardad apellyasiya qaydasında mübahisələndirilməsə də artıq hüquqi əhəmiyyət kəsb etmir. Sözügedən qərardadla həll edilən məsələ hazırki iddianın tələblərindən biridir və yeni qəbül edilmiş qətnamə ilə Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilməklə və iddiaçının Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi ilə yanaşı həmçinin İddiaçı ilə bağlanmış 05 iyul 2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndi də etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1i tərəfdən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilsin. İddiaçı ilə bağlanmış 05 iyul 2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bənd etibarsız hesab edilsin. İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilsin və və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə