Məhkəmə qərarları › İş №2(103)-1433/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1433/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1433/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, cavabdehin Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 Nizami oğlunun, İddiaçı və onun vəkili və nümayəndəsi Salmanova Gülşən Arif qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3830/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı istinad etdiyi hallara əsasən cavabdeh onun qarşısında götürdüyü qızının övladını (nəvəsini) Türkiyə Respublikasında oxutdurmasına dair öhdəliyi yerinə yetirmədiyindən tərəfindən cavabdehə verilmiş pulun qaytarılamsına dair iddia ilə məhkəməyə müraciət etməyə qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 70000 ABŞ dolları pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma dayısı oğlu, həm də böyük qızı Şəfanın keçmiş həyat yoldaşıdır. Onunla əvvəllər bir qohum və kürəkəni kimi münasibətləri həmişə yaxşı və doğma olmuş, heç vaxt ədavət və düşmənçilikləri olmamışdır. Cavabdeh hazırda Qaradağ RPİ-də sahə müvəkkili vəzifəsində çalışır. 2021cı il iyunun 12-də iddiaçının həyat yoldaşı X2 uzun sürən stres və ürək ağrısından vəfat etmişdir. Böyük qızı Şəfanın bir oğlu Əjdər və bir Səbinə adlı qızı vardır. 2015-ci ilin əvvəllərində Cavabdeh və qızı Şəfa həmişə olduğu kimi onlara qonaq gəlmişdilər. Əjdər onların birinci və böyük nəvələri olduğu üçün evdə söhbət əsnasında onun həyat yoldaşı X8 Cəbrayılovdan Əjdərin artıq orta məktəbi bitirirdiyini, onun ali məktəbə daxil olması barədə nə fikri olduğunu soruşmuşdur. Cavabdeh bildirmişdir ki, oğlu Əjdəri Türkiyədə oxutmaq istəyir. Lakin əvvəlcə Əjdərin 5 illik təhsil haqqını keçirmək və qərib ölkədə yataqxanalarda qalmaması üçün ona iki otaqlı bir mənzil almağı barədə öz planlarını bildirmiş, daha sonra sözünə əlavə edərək bildirmişdir ki, lakin bu işləri görmək üçün bu işə yetmiş min ABŞ dolları pul lazımdır. Bundan sonra da Hafiz onlara bildirmişdir ki, onda bu qədər məbləğ yoxdur. İmkan varsa ona oğlu Əjdərin xatirinə yetmiş min dollar pul versinlər ki, bu işləri görə bilsin. Hafizin onlara dediyi məbləğ onlar üçün çox ağır olmuşdur. Əjdərin onların birinci və böyük nəvələri olmasını və həmin vaxt Cavabdeh kürəkəni olmasını nəzərə alaraq həyat yoldaşı X6 bildirmişdir ki, bu pulu düzəltməyə çalışacaq. Hafizlə bü söhbətdən sonra onun həyat yoldaşı Sədrəddin bu söhbət barədə qızı Şəfaya və qardaşları İsmayıl və Elsevərə də bildirmiş, birinci nəvələri Əjdərin xaricdə oxuması və ona ev alınması üçün qardaşlarının da kömək etməsini xahiş etmiş, İsmayıl və Elsevər də bu təklifə xoşluqla razılaşmışlar. Bundan sonra o, qara gun üçün yığdığı on min dolları yoldaşı Sədrəddinə vermişdir. Həyat yoldaşı Sədrəddin də həmin vaxtlarda onlara məxsus evlərini satdıqları üçün həmin puldan qalan 50 min ABŞ dollarını da onun verdiyi pulun üstünə qoyaraq altmış min dollar pulu Hafizə vermək üçün hazırlamışlar. Bundan sonra günlərin bir günü qızı Şəfanın Bilgəh qəsəbəsində yerləşən bağ evinə gedərək qardaşları İsmayıl və Elsevəri də bağa dəvət etmişlər. Bağda onlar görüşərək istirahət edən vaxt oraya Hafiz də gəlib çıxmış və onun həyat yoldaşı Sədrəddin qardaşları İsmayıl və Elsevərin cəmi olaraq verdiyi on min ABŞ dolları da yığdıqları pulun üstünə qoyaraq cəmi 70000 ABŞ dolları pulu onların iştirakı ilə Sədrəddin Hafızə vermiş və onlar bir müddət bağ evində dincəldikdən sonra hər biri öz evlərinə getmişlər. Lakin Cavabdeh 70000 ABŞ dolları pulu aldıqdan sonra az-az gəlməyə və onlardan gizlənməyə başlamışdır. Nəhayət sonradan onlara məlum olmuşdur ki, Hafizin məqsədi oğlu Əjdəri xaricdə oxumağa göndərmək üçün onlardan aldığı 70000 ABŞ dollarını öz oğlu Əjdəri xaricdə oxumağa göndərmək adı ilə bəhanə edərək və etibarlarından sui-istifadə edərək onları aldadaraq 70000 ABŞ dollar pullarını mənimsəmişdir. Sonradan başa düşmüşlər ki, Hafiz onlar etibarlarından sui-istifadə edərək onları aldatmış və hər dəfə də həyat yoldaşı pulu geri qaytarmağını tələb etdikdə Hafiz pulu tezliklə qaytaracağını bildirərək onlardan qaçmağa başlamışdır. Bundan sonra, həyat yoldaşı Sədrəddin yuxarıda qeyd olunanlarla bağlı bütün hüquq mühafizə orqanlarına dəfələrlə müraciətlər etməsinə baxmayaraq şikayətlərinin heç bir nəticəsi olmamışdır. Bütün bu hadisələrdən sonra Hafiz onun qızı Şəfanı da aldığı 70000 ABŞ dolları pulu qaytarmamağı bəhanə edərək boşamış və halhazırkı vaxta qədər ona verdikləri pulu qaytarmamışdır. Bütün bu hadisələrdən sonra isə yoldaşı Sədrəddin Hafizin bu hərəkətlərinə dözməyərək əsəb xəstəliyinə tutulmuş və 2021-ci ilin 12 iyununda vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 2(004)- 410/2022 saylı mülki işinin protokolunda Cavabdeh ondan yetmiş min dollar pulun alınması öz təsdiqini tapmışdır.

4. Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı iddiasına görə iddia olunan vəsait iddiaçının mərhum həyat yoldaşı olan Qədirov Sədrəddin tərəfindən cavabdehə onların nəvəsi Cəbrayılov Əjdərin xaricdə (Türkiyə Respublikasında) təhsil alması və ona təhsil alarkən həmin ölkədə yataqxanalarda qalmaması üçün mənzil alınması üçün kömək məqsədilə verilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşı Qədirov Sədrəddin tərəfindən cavabdehə, yəni iddiaçının keçmiş kürəkəni və doğma dayısı oğlu olan Cavabdeh nəvələrinin (Cəbrayılov Əjdərin) xarici ölkədə təhsil alması və onun həmin ölkədə qalarkən yaşayış şəraitinin təmin edilməsi üçün kömək, başqa bir sözlə maddi yardım məqsədilə ümumilikdə 70000 ABŞ dolları məbləğində pul verildiyi iddia edilir. İddia ərizəsində iddiaçının qeyd etdiklərindən göründüyü kimi, nə iddiaçının mərhum həyat yoldaşı Qədirov Sədrəddin ilə, nə də ki, İddiaçı ilə onun keçmiş kürəkəni, həm də doğma dayısı oğlu olan cavabdeh arasında yaranmış münasibətlər borc münasibətləri olmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində verildiyini iddia etdiyi məbləğdə pul vəsaitinin ona gələcəkdə geri qaytarılması şərtilə borc pul kimi verildiyini təsdiq edəcək hər hansı bir sənəd, sübut yoxdur. İddiaçı öz iddia ərizəsində etiraf etmişdir ki, mübahisə predmeti olan məbləği onlar nəvələri Cəbrayılov Əjdərin xarici ölkədə təhsil alması üçün təhsil haqqının və orada yaşaması üçün xərclərinin qarşılanması məqsədi ilə hədiyyə etmişlər. Digər bir tərəfdən İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində iddia etdiyi 70000 (yetmiş min) manat məbləğində pul vəsaitinin ona borc kimi verildiyini və həmin məbləğin sonradan onun tərəfindən onlara geri qaytarılmasını təsdiq edən hər hansı bir sənəd, sübut yoxdur. İddiaçı ondan mübahisə predmeti olan pul vəsaitinin borc olaraq sonradan geri qaytarılmaq şərtiylə ona verildiyini sübut edə bilmədiyindən, o cümlədən onun iddiaçı qarşısında, habelə onun mərhum həyat yoldaşı Qədirov Sədrəddin qarşısında belə bir öhdəliyinin olduğunu təsdiq edən hər hansı bir fakt olmadığından iddiaçının ona qarşı pul tələbinə dair yönəlmiş sözügedən iddiası tamamilə əsassısdır və belə bir iddia tələbinin təmin edilməməsinə (iddianın rədd edilməsinə) dair müvafiq məhkəmə qətnaməsi qəbul edilməlidir. Digər bir tərəfdən, iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o, İddiaçı 70000 (yetmiş min) ABŞ dolları məbləğində pulun alınmasını təsdiq etmiş və bu hal məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Bu halla bağlı onu bildirmək istəyir ki, onun tərəfindən mübahisə predmeti olan 70000 manat və ya hər hansı bir məbləğində pul vəsaitinin iddiaçıdan və ya onun mərhum həyat yoldaşı olmuş Qədirov Sədrəddindən alınması və eləcə də həmin məbləğin sonradan onlara geri qaytarılmasının tərəfindən qəbul edilməsinə (etiraf edilməsinə) dair hər hansı bir fakt yoxdur. Göründüyü kimi, yenə də iddiaçı hər hansı bir fakta və ya sübuta (təsdiqedici sənədə) istinad etmədən tam əsassız bir şəkildə guya mübahisə predmeti olan məbləğin cavabdehin aldığını təsdiq etdiyini bildirmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3830/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş 410 (dörd yüz on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən tələb etdiyi 70.000 ABŞ dolları pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır. İddiaçının bu tələblə bağlı yeganə arqumenti məhkəmə iclaslarında dindirilmiş şahidlərin ifadəsi olmuşdur. Bunlar isə iddiaçının yaxın qohumu (qardaşları, qızı və nəvəsi) işin iddiaçının xeyrinə həll olunmasında bilavasitə maraqlıdırlar. Belə ki, iddiaçının istinad etdiyi şahid ifadələri özünün yaxın ətrafına daxil olan şəxslərin ifadələri olmaqla, kifayət qədər şübhədən kənar sübutlar deyildir. Ona görə də yalnız şahid ifadələrinə əsaslanmaqla iddianın təmin əsaslı olması qənaətinə gəlinməsi mümkün deyildir.

7. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 1091, 1092.1-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(004)-3830/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamənin çıxarılması xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(004)-3830/2022 saylı qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də qanuni əsası olmayan həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında yaranmış münasibətlərə yanlış qiymət verərək, tətbiq edilməli hüquq normasını tətbiq etməmişdir. O, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh bu sübutları mötəbər hesab etməməklə iddia tələbinə etiraz etdiyi halda, etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəmə heç bir sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(004)-3830/2022 saylı qətnaməsi qəbul edilərkən mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadan səhf nəticəyə gəlinmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehə 70 000 ABŞ dolları məbləğində pulun verilməsini cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı etiraf edildiyindən və eyni zamanda şahid ifadələri ilə sübuta yetirildiyindən iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin mübahisəsiz xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh ona 70 000 ABŞ dolları məbləğində pulun ona borca verilmədiyi, həmin məbləğin ona hədiyyə verildiyini və onun qeyd olunan məbləği qaytarmaq öhdəliyinin olmadığını bildirsə də, cavabdehin vəkili izahatında cavabdehə 70000 ABŞ dolları pulun verilmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdehin və onun vəkilinin izahatı bir-biri ilə ziddiyyətli olmaqla yanaşı qeyri-səmimilik təşkil edir. Lakin işin bu əhəmiyyətli olan halları da məhkəmə tərəfindən araşdırılmadan səhf qiymətləndirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh iddiaçının doğma dayısı oğlu, həm də böyük qızı Şəfanın keçmiş həyat yoldaşıdır. Əjdər onların birinci və böyük nəvələri olduğu üçün evdə söhbət əsnasında iddiaçının həyat yoldaşı X8 Cəbrayılovdan Əjdərin artıq orta məktəbi bitirirdiyini, onun ali məktəbə daxil olması barədə nə fikri olduğunu soruşmuşdur. Hafız Cəbrayılov bildirmişdir ki, oğlu Əjdəri Türkiyədə oxutmaq istəyir. Lakin əvvəlcə Əjdərin 5 illik təhsil haqqını keçirmək və qərib ölkədə yataqxanalarda qalmaması üçün ona ikiotaqlı bir mənzil almağı barədə öz planlarını bildirmiş, daha sonra sözünə əlavə edərək bildirmişdir ki, lakin bu işləri görmək üçün bu işə 70 min ABŞ dolları pul lazımdır. O, cəmi 70000 ABŞ dolları pulu Sədrəddinlə Hafızə vermişlər. Bir müddət sonra uşağın Türkiyəyə getmədiyini gördükdən sonra, həmin pulun müqəddəratı ilə maraqlanmağa başlamışlar. Və bundan sonra tərəflər arasında münasibətlər korlanmış, cavabdeh evə gec-gec gəlməyə başlamış, evdən qaçmağa başlamışdır. Bu minvalla tərəflər arasındakı nikah münasibətləri də pozulur. İddiaçının həyat yoldaşı isə vəfat edir. İddiaçı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişdir, onlara verilən cavabda isə münasibətlərin mülki xarakterli olduğu bildirilmişdir. Bundan sonra iddiaçı Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin etirazına nəzər saldıqda orada pulun alınıb-alınmaması ilə bağlı qətiyyətli mövqe yoxdur. Cavabdeh deyir gah pul verilməyib, gah da borc şəklində verilməyibdir. Birinci dəfə bu işə Yasamal Rayon Məhkəməsində baxılarkən cavabdeh pulun alınmasını etiraf edir. Həmin məhkəmənin hazırlıq iclasında cavabdeh pulun alınmasını etiraf edir. Apellyasiya şikayəti də elə bu mötivlər üzərində qurulmuşdur. Cavabdeh tərəf həmin məhkəmədə pulun hədiyyə kimi ona verildiyini etiraf edir. Onların əsas məqsədi pulun alınmasının təsdiq olunmasıdır. Daha sonra prosesin gedişatında pulun hədiyyə, yaxud iş görülməsi məqsədilə verilməsi işin halları, şahid ifadələri vasitəsilə öz təsdiqini tapacaqdır. Pulun verilməsi iclas protokolunda öz təsdini tapır. Bundan başqa o X3 attestatını, tələbə biletini, diplomunu və təhsil haqqında digər sənədlərini məhkəmə kollegiyasına təqdim edərək bildirir ki, bu sənədlər onu sübut edir ki, həmin pul həqiqətən də X3 təhsil xərcləri üçün verilmişdir. 2015-ci ildə pulun verilməsi öz təsdiqini tapır. X4 2015-ci il tarixində orta məktəbi bitirir və 2016-cı ildə ali məktəbə daxil ola bilmir. X4 2017-ci ildə Moskva İqtisadiyyat Universitetinin tələbəsi olur.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh doğma dayısı oğlu, həm də böyük qızı Şəfanın keçmiş həyat yoldaşıdır. Kürəkəni ilə eyni küçədə qalırlar. Hafiz Əjdərin ali təhsili üçün yetmiş min manat pul lazım olduğunu və onu Turkiyədə oxutmaq istədiyini bildirmişdir. O, ona yetmiş min manat pulun çox olduğunu bildirmişdir. X2 bildirmişdir ki, o, həmin pulu tapa bilər. O, qardaşları Elsevər və İsmayıldan da pul istəmiş, İsmayıl və Elsevər də bu təklifə xoşluqla razılaşmışlar. Həmçinin əlli min dollara ev satmış və qara gün üçün yığdıqları on min dolları da yoldaşı Sədrəddinə vermişdir. Həyat yoldaşı Sədrəddin qardaşları İsmayıl və Elsevərin cəmi olaraq onlara verdiyi on min ABŞ dolları da yığdıqları pulun üstünə qoyaraq cəmi 70000 ABŞ dolları pulu iştirakları ilə Hafızə vermişdi. Daha sonra məktəb başlamış, uşaqlar məktəbə getmiş, lakin nəvələri Əjdər getməmişdir. Onlar daha sonra Hafizi axtarmış, lakin tapmamışlar. Hafiz uzaqlaşmış və qızlarını boşamışdır. Yoldaşı bu hadisələrdən sonra stressdən vəfat etmişdir. Bundan başqa iddiaçı sədrlik edənin suallarına cavab olaraq qızı boşanmasa idi belə həmin pulu Hafizdən geri tələb edəcəyini, həmin pulu Cavabdeh borc verdiyini bildirmişdir. Nəvəsi Türkiyədə oxusa idi, pulu geri tələb edib-etməyəcəyini bilmədiyini, həmişə nəvəsinə kömək etmək istədiyini, nəvəsinin təhsil almasını istədiyini bildirmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunması üçün maddi və prosessual hüquq normalarına istinad etmişdir. Lakin iddiaçı tərəfin göstərdiyi məqamlar formal mülahizədən başqa bir şey deyildir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən konkret olaraq hansı hüquq normalarının pozulduğu dəqiq qeyd edilməmişdir. İddia ərizəsinin məzmunu iddiaçının güman etdiyi məbləğin hazırda cavabdeh tərəfindən mənimsənilməsi faktıdır. Bununla bağlı tərəflər məhkəmədən əvvəl müvafiq hüquq mühafizə orqanlarına müraciət etmişlər, lakin bununla bağlı bir nəticə yoxdur, həmin fakt öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində də həmin fakt öz təsdiqini tapmamışdır. Bu iş bir dəfə də baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsində ifadə verən şahidlər tərəflə birbaşa yaxınlığı olan qohumlarıdır. Şahidlər işin nəticəsinin iddiaçının xeyrinə həll olunmasına maraqlı olan şəxslərdir. Şahid ifadələri ziddiyyətli, planlı şəkildə verilmiş ifadələrdir. Əsassız varlanma ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Əsassız varlanma ilə bağlı MM-in 1095-ci maddəsi vardır. İddiaçı tərəf iddiada pulun 2015-ci ilin əvvələrindən verildiyini güman etmişdir. İddia ərizəsində yazılanların hamısı gümandan ibarət məqamlardır. İddia ərizəsində qısa da olsa əsassız varlanmaya istinad etmişlər. İddiaçı tərəf qeyd edir ki, birinci instansiya məhkəməsi əsassız varlanma ilə bağlı maddi hüquq normalarını pozmuşdur, halbuki birinci instansiya məhkəməsinin qətnaməsində bu məsələlər birbaşa olaraq yer almışdır. MM-in 1095-ci maddəsinin konkret tələbləri vardır. Həmin maddə 2 il müddət məsələsi vardır. Bu məsələ üzrə götürsək əsassız varlanma ilə bağlı maddi hüquq normalarına istinad etmək tamamilə qanunsuz bir yanaşamadır. Birinci instansiya məhkəməsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, işin hərtərəli araşdırılması aparılmış, iddiaçının vəsatətləri təmin olunaraq şahidlər çağırılaraq dindirilmişdir. Birinci instansiya məhkəməsində obyektiv araşdırma aparılmışdır. İş üzrə maraqlı tərəflərin qohumları şahid qismində dindirilməsinə dair vəsatət vermiş və onlar buna etiraz etməmişdir. Dindirilən şahidlər ziddiyətli ifadələr vermişdir. Cəbrayılov Əjdərin ifadəsində isə pulun təhsillə bağlı verilməsinə dair suallar cavabsız qalmışdır. Yasamal Rayon Məhkəməsində birinci dəfə baxılanda işin mahiyyətinə keçilməmişdir. Hazırki işdə apellyasiya şikayətində əsassız varlanmadan bəhs edilir. Hesab edirlər ki, apellyasiya şikayəti formal xarakter daşıyır. İddiaçının verdiyi güman edilən məbləğin verilmə müddəti belə mübahisəlidir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın təmin edilməsi barədə qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) olabilər.

21. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.51. Maddə 540.1. Əgər iki

23. 540.2-ci maddəsinə əsasən, tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələçatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

24. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onunəsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

25. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

26. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

27. 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısınıvəkalət verənə verməyə borcludur.

28. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. 1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. 1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

31. 14.2-ci maddəsinə əsasən, maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər

34. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqidəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir.

37. Hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin əsassız varlanmaya dair 1091 və 1092-ci maddələrini nəzərdən keçirmişdir. Həmin qanuni əsasa iddaçı verdiyi apellyasiya şikayətində istinad etmişdir.

38. Belə ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh aralarında müqavilə münasibətləri olmadan 70.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə etmişdir və həmin məbləğ onun və əri tərəfindən nəvələri Cəbrayılov Əjdərin xarici ölkədə təhsil alması üçün təhsil haqqının və orada yaşaması üçün xərclərinin qarşılanması məqsədilə və cavabdehin tələbi ilə verilmişdir. Lakin sonradan müəyyən olunmuşdur ki, cavabdeh ona olan etibardan sui-istifadə edərək onu aldatmış və 70.000 ABŞ dolları məbləğində pul vəsaitini qanuni əsas olmadan ələ keçirməklə əsassız varlanmışdır. Belə olan halda isə cavabdeh əldə etdiklərini onun tələbi ilə qaytarmalıdır.

39. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, bu kateqoriyadan olan iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməli, tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması, həmçinin iddiaçı tərəfindən ödənildiyi bildirlən pul vəsaitinin bağışlama olub-olmaması hallarına hüquqi qiymət verilməlidir.

40. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn,sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır. Belə ki, mübahisə predmeti olan məbləğin iddiaçının razılığı ilə cavabdehin mülkiyyətinə keçməsi onların arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibərlərinin yaranmış olmasına dəlalət edə bilər. Məlum olduğu kimi, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi, bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması (hazırki halda mövcud olmuş əsasın aradan qalxması) kimi şərtlərin mövcudluğu vacibdir.

41. Hazırkı işdə birinci instansiya məhkəməsi iddianı əsassız varlanmaya dair normaların şərtləri əsasında yoxlasa da, tərəflər arasında müqavilə (ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərin mövcud olub-olmadığını araşdırmamışdır.

42. İddiaçının istinad etdiyi hallara görə, cavabdeh onun qarşısında götürdüyü - qızının övladını (nəvəsini) Türkiyə Respublikasında oxutdurmasına dair öhdəliyi yerinə yetirmədiyindən tərəfindən ona verilmiş pulun qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etməyi qərara almışdır. Qeyd olunan bu hallar tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətlərinə dəlalət edə bilər.

43. İddiaçı həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-410/2022 saylı mülki işdəki xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolunda cavabdehin vəkili və nümayəndəsinin pulun cavabdehə hədiyyə olaraq verildiyinə dair etirafını məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.

44. Məhkəmə sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməsi məqsədilə işin hallarını hər iki qanuni əsasla yoxlanılmasını zəruri hesab edir və eyni zamanda qeyd edir ki, ilk öncə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması, bunun müqabilində iddiaçı tərəfindən müvafiq məbləğdə cavabdehə pul verilməsi və daha sonra pulun verilməsini şərtləndirilən hüquqi əsasın aradan qalxması halı öz təsdiqini tapmalı, bu hallar da iddiaçı tərəfindən sübuta yetirilməlidir. Belə ki, iddiaçı iddianın faktiki əsası kimi pulun verilməsinə birbaşa özünün iradə ifadəsinin mövcud olduğunu, daha sonra isə iradəsinə uyğun olaraq cavabdehə müvafiq məbləğdə pul verdiyini, lakin gözlədiyi nəticəni əldə edə bilmədiyini göstərmişdir.

45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

46. Belə ki, sözügedən məbləğin iddiaçının razılığı ilə görüləcək müvafiq işin müqabilində verilməsi iş üzrə tərəflər arasında tapşırıq müqaviləsi kimi qiymətləndiriləcəyi halda, iddiaçının tələbi Mülki Məcəllənin 777.1-ci maddəsi çərçivəsində yoxlanılmalıdır. Həmin maddəyə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Halbuki iddiaçının təqdim etdiyi sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə belə bir tapşırığın və bu tapşırığın icrası üçün müvafiq məbləğdə pulun verildiyi halı öz təsdiqini tapmamışdır.

47. İddianın əsasını təşkil edən halların sübutu kimi iddiaçı sübut növü olaraq məhkəmədə dindirilmiş şahidlərin ifadələrinə istinad etmişdir. Burada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və həmçinin qeyd edir ki, şahidlərin iddiaçının yaxın qohumları olması onların tərəfsizliyini şübhə altına alır. Beləliklə onların iddiaçı ilə yaxın qohumluq münasibətləri, bilavasitə işin nəticəsində maraqlı olmaları, habelə qeyd olunan faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək məhkəmə kollegiyası bu ifadələri inandırıcı hesab etmir.

48. 2(004)-410/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdehin vəkili və nümayəndəsi tərəfindən pulun cavabdehə hədiyyə olaraq verildiyini etiraf etməsinə iddiaçının istinadı ilə əlaqədar məhkəmə kollegiyası Mülki- Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq qeyd edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Halbuki iddiaçının pulunu cavabdehə bağışlamasına dair açıq iradəbəyanı, pul verməklə nəvəsinin xeyrinə müvafiq öhdəliklərin icra etməsini cavabdehdən gözlədiyi işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən olunmamışdır.

49. Qeyd edilməlidir tərəflər borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olduğu istisna edilir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçının nəvəsinin xaricdə təhsil alması məsələsi alınacağı təqdirdə hazırki mübahisə yaranmazdı.

50. Beləliklə pulun cavabdehin mülkiyyətinə verilməsinə dair sübut etmək yükünü iddiaçının daşıdığını, lakin onun bu halı və bununla da tərəflərin arasında öhdəlik hüquq münasibətlərinin yaranmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, birinci instnasiya məhkəməsi iddianın əsassız olduğundan rədd edilməsi qənaətinə gəlməsi işdə olan sübutlara uyğun olmuşdur.

51. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin 2(004)-3830/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar