Məhkəmə qərarları › İş №2(103)-14345/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14345/2019

05.12.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14345/2019 05.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Ərizəçi, ərizədə maraqlı şəxs qismində göstərilmiş Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmişapellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1977-ci ildə həbs edildiyini, 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, birbaşa iş yerindən həbs edildiyi üçün sənədlərinin, o cümlədən əmək kitabçasının Bakı şəhəri Səbail rayon (keçmiş 26-lar) mühafizə idarəsində qaldığını, əmək kitabçasını almaq üçün Maraqlı şəxs1nə rəsmi müraciət etsə də, xidməti barədə heç bir məlumat aşkar edilmədiyi məzmununda cavab aldığını, halbuki tikintidə iki il işlədiyini, iki il hərbi xidmətdə olduğunu, ordudan təxris olduqdan sonar, yəni 1974-cü ildən həbs edildiyi 1977-ci ilə qədər mühafizə polisində işlədiyini, məzuniyyətə və Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində qiyabi oxuduğu üçün təhsil məzuniyyətinə çıxdığını, xüsusi forma və silah gəzdirdiyini, əmək stajını təsdiq edən əmək kitabçasının bərpasının təqaüd ala bilməsi üçün vacib olduğunu, 65 yaşı olmasına baxmayaraq qanuni əsaslarla ona düşən təqaüdü vaxtından iki il keçməsinə baxmayaraq ala bilmədiyini bildirmiş, buna görə də altı illik əmək stajı olan əmək kitabçasının bərpası, altı il həbsdən əvvəlki əmək stajı, 9 il 5 ay həbsdə qaldığı və şərti azad olduqdan sonrakı 1996-cı ilə qədər olan müddətin əmək stajı hesab olunması, yəni cəmi 26 il 5 ay əmək stajının olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən ərizəçi onun ləğv edilməsini və ərizəsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vatı barəsində lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi nümayəndəsini məhkəməyə göndərməmiş, ərizədə digər maraqlı şəxs kimi gösrərilmiş Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin nümayəndəsi isə məsələnin təmsil etdiyi quruma aidiyyatının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. İşin müəyyən olunan hallarına görə ərizəçi, Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının xx xxxx 1978-ci il tarixli 62 №-li hökmü ilə Azərbaycan SSR CM-nin 15, 17, 171-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, əmlakı müsadirə edilməklə 8 il, 17, 171-ci maddənin hissəsində təqsirli bilinib əmlakı müsadirə edilməklə 12 il, 192-ci maddə ilə təqsirli bilinib 2 il, 193-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinib 5 il, 194-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinib 5 il müddətində azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, Azərbaycan SSR CM-nin 38-ci maddəsi əsasında təyin edilmiş cəzası birləşdirilib az ciddi cəzalı daha ciddi cəza ilə əhatə etmə yolu ilə üzərində əmlakın müsadirə edilməklə 12 il azadlıqdan məhrum edilmə saxlanılmış, təyin edilmiş cəzalarını çəkməkdən ötrü möhkəm rejimli islah əmək koloniyası müəyyən edilməklə cəzasının əvvəli xx xxxxxx 1977-ci il tarixdən hesablanmış, Azərbaycan SSR CM-nin 86-cı maddəsinin 3-cü hissəsində və 193-cü maddənin 2-ci hissəsi ilə elan edilmiş müqəssirlik sübuta yetirilmədiyindən həmin maddələrlə bəraət verilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2017-ci il tarixli, 038-11091B-3217 №-li məktubdan görünür ki, DİN-in Baş Əməliyyat və X1-uçot və Bakı şəhəri Səbail Rayon Mühafizə İdarələrinin cavab məktublarına əsasən onun xidməti barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Ərizəçi ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda göstərilmişdir ki, o, Azərbaycan SSR Ali Məhkəməsinin xx.xx.1978-ci il tarixli hökmünə əsasən əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Sverdlovsk vilayət Xalq məhkəməsinin xx.xx.1987-ci il tarixli qərarı ilə RSFSR CM-nin 53-cü maddəsinə əsasən, xx.xx.1987-ci il tarixdə RSFSR Sverdlovsk Dİİ 13 saylı islah-əmək müəssisəsindən 2 il 6 ay 23 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki,ərizəçi, 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayına kimi hərbi xidmətdə olmuşdur. Ərizəçi məhz sözügedən hökmə və işin yuxarıda sadalanan müəyyən olunmuş digər hallarına istinadla müvafiq qətnamə çıxarılmasını istəmişdir; halbuki, surəti iş materiallarına əlavə həmin hökmdə Ərizəçi xx.xx.1976-cı il tarixdən Daxili İşlər Şöbəsində olan müəssisədən kənar mühafizə şöbəsində işlədiyi və xx.xx.1977-ci il tarixdən həbs edildiyi qeyd edilsə də, nə vaxta kimi həmin vəzifədə işləməsi barədə heç bir məlumat göstərilməmiş, eyni zamanda ərizəçi tərəfindən nə bu halı, nə də iki il tikintidə, həmçinin şərti azad olunduqdan sonra işlədiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Ərizəçinin “9 il 5 ay həbsdə qaldığı müddətin əmək stajına daxil edilməsi” xahişi ilə bağlı kollegiya qeyd edir ki, 1970-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikasının İslah- Əmək Məcəlləsinə əsasən həmin dövrdə məhkumun işlədiyi vaxt iş stajına daxil edilmirdi və bu səbəblə onun həmin xahişinin də təmin olunması mümkün deyildir. Bununla yanaşı kollegiya ərizəçiyə izah edir ki, onun, xx.xx.1976-cı il tarixdən etibarən qeyri-müəyyən tarixədək Daxili İşlər Şöbəsində olan müəssisədən kənar mühafizə şöbəsində işlədiyi qanuni qüvvədə olan hökmlə müəyyən olunmuşdur və müvafiq orqanın (onun hüquq varisinin) bu halı təsdiq edən müvafiq sənədləri ona verməkdən imtina etməsi, həmin orqanın hərəkətinin müvafiq məhkəmədə mübahisələndirilməsi üçün əsas təşkil edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)-1108/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar