Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1436/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5314/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən sahəsi 43.9 kvadrat metrlik olan qeyri-yaşayış sahəsinə dair aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onun adına həmin qeyri-yaşayış sahəsinə daşınmaz əmlaka dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında əldə edilmiş razılığa əsasən cavabdeh tərəfindən Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən qeyri-yaşayış binasının ona satılması baş vermişdir. Cavabdehə 20000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Bu məbləğin 15000 ABŞ dolları birbaşa cavabdehin özünə, qalan hissəsi isə cavabdehin kürəkəni olan X1 adlı şəxsin ona olan borcunun silinməsi ilə həyata keçirilmişdir. Həmin dövrdə qeyd edilən daşınmaz əmlak bankın girovluğunda olduğundan həmin razılaşmanın rəsmiləşdirilməsi mümkün olmamışdır. Razılaşdırılmışdır ki, əmlak girovdan çıxan kimi alqı-satqı əməliyyatı faktı rəsmiləşdirilsin. Lakin həmin vaxtadək daşınmaz əmlakla bağlı ona mülki etibarnamə vermişdir. Həmçinin cavabdehlə arasında olan razılaşmaya görə onun tərəfindən cavabdehin bankla olan probleminin həll edilməsi ilə bağlı da xərclər (məhkəmə və digər xərclər) onun tərəfindən edilmişdir. Razılaşmaya görə onun tərəfindən bu məsələdə çəkilən xərclər də faktiki alqısatqı müqaviləsinin dəyərinə daxil edilirdi. Bununla bağlı olaraq ümumilikdə onun tərəfindən cavabdehə daşınmaz əmlakın əldə edilməsi üçün 48000 manat vəsait verilmişdir. Lakin cavabdeh onu aldadaraq həmin etibarnaməni ləğv etmiş və yenidən ondan vəsait tələb etmişdir. Təəssüf ki, hazırda Ali Məhkəmənin 13 aprel 2021-ci il tarixli qərarı ilə bankın həmin əmlak üzərində olan ipoteka yüklüyüyü götürülsə də, cavabdeh həmin əmlakı hazırda başqa şəxsə satmağa cəhd edir. Belə ki, cavabdeh tərəfindən ona həmin əmlakın faktiki olaraq başqasına satıldığı bildirilmişdir. Lakin hələ rəsmiləşdirmə baş verməmişdir. Lakin hər an həmin daşınmaz əmlakın başqa şəxsə satılması baş verə bilər ki, bu onun hüquqlarının və qanuni mənafelərinin pozulımasına və faktiki olaraq mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Qeyd edilənlərlə bağlı olaraq onun tərəfindən Cavabdeh1 barəsində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə şikayət ərizəsi verilmişdir. Daxil olmuş ərizə üzrə iş materiallarının araşdırılması nəticəsində Cavabdeh1 yazılı izahat alınmışdır. Cavabdeh öz izahatında faktiki olaraq həmin əmlakın ona satılmasını etiraf etmiş və ondan alqı-satqı məbləği olaraq ilkin 20000 manat məbləğindən borcunun ondan digər məbləğlərdə hissə-hissə mülki etibarnaməni bilə-bilə bir neçə dəfə ləğv edərək 13000 və 15000 manat məbləği alaraq yenidən mülki etibarnamələr verdiyini etiraf etmişdir. Ümumilikdə hazırda cavabdehin ona alqı-satqı dəyəri olaraq 48000 manat məbləğ təşkil etmişdir. Bu Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, onun cavabdehə ümumilikdə 48000 manat pul verməsi faktı sübut edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5314/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddia ərizəsindən və mülki işdə olan sübutlardan görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının alqı-satqısı ilə bağlı şifahi razılıq əldə olunmuş, iddiaçı tərəfindən cavabdehə 20000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Sonradan alqı-satqı baş tutmadığına görə İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(011)-7065/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh1 21633 ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və məhkəmə xərclərinə 530 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla təsdiq edilir ki, qeyd edilən qətnamənin icra edilməməsi faktına görə Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən icra edildiyinə görə həmin işin icraatına xitam verilmişdir. Hal-hazırda iddiaçı Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb edir. Məhkəmə mülki işin faktiki hallarını və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi müqavilə azadlığı prinsipinə zidd olduğundan, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı mülki qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul vəsaiti artıq geri qaytarıldığından, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların hansısa maddi hüquq normalarının dispozisiya şərtləri uzlaşması müəyyən edilmir.Üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139.1, 389.1-ci, 390 və 405-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək iddianı rədd etmişdir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumuнун 22 mart 2006-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqeyə görə … əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır….Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir…Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 31may 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə … qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələbini və Konstitusiya Məhkəməsi Plenumunun hazırki mülki işin xarakterinə uyğun formalaşdırdığı mövqeyini də nəzərə alıb hesab edir ki, şikayətdə göstərilən dəlillər iddianın təmin olunması üçün əsas ola bilməz. Əvvəla, ona görə ki, ikincisi, daşınmaz əşyalarla bağlı alqı-satqı müqavilələri yazılı qaydada bağlanmalı və notarial qaydada təsdiq olunmalı olması qanunun imperativ tələbidir və bu tələblərə riayət edilməməsi həmin əqdin etibarlı olmasını istisna edir. Tərəflərin bu müqavilələrin notarial qaydada təsdiq olunmasını reallaşdırıla bilməməsi də bəlli idi, çünki, qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü olmuşdur. İkincisi, qanuna riayət edilmədən cavabdehin qeyri-yaşayış sahəsini iddiaçıya verməsi iddiaçının onun üzərində mülkiyyət hüququnun yaranması üçün əsas ola bilməz. Çünki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yarana bilər. İddiaçının mülkiyyətçisi olan qeyri-yaşayış sahəsinə qanunun tələblərinə əməl olunmadan faktiki sahibliyinin yaranması isə özü-özlüyündə hazırki, iddianın təmin olunması üçün hələ nəisə demək deyil. Çünki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən dasınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinin tələbinə əsasən də bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göstərilənlərdən əlavə, hazırki iş üzrə məhkəmənin iddianı rədd etməməsi düzgün olmamışdır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əlbətdə ki, bu hallar yolverilməzdir. Çünki, qanunvericiliyə uyğun bağlanması tələb edilən əqdlərin bu cür üsullarla bağlanılmasına nail olunması özü hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Əks halda mülki hüquqda daşınmaz əşyalarla bağlı əqdlərin notarial qaydada təsdiq edilməsi institutunun da əhəmiyyəti də qalmazdı. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5314/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1436/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1436/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver