Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1436/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər: “pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı2 Xalıq oğlunun (eyni zamanda digər iddiaçı X3 nümayəndəsi), Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5276/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı1 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 56 nömrəli müqaviləyə əsasən, icraçı Sumqayıt şəhəri, Bakı küçəsində inşa etdiyi 16 mərtəbəli, 2 bloklu binada yerləşən ümumi sahəsi 139.7 kv.m olan mənzili sifarişçiyə satmağı, sifarişçi isə bu müqavilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən 3 otaqlı, ümumi sahəsi 139.7 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 450 manat, mənzilin ümumi qiyməti 62.865 manat məbləğində məüyyən edilmişdir.
3. Bina xx.xx.2014-cü il tarixdə Dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir.
4. Sonradan İddiaçı1 MTK-da olan mənzili oğlu İddiaçı2 Xalıq oğlunun adına sənədləşdirilmişdir.
5. Sözü gedən mənzilə dair İddiaçı2 Xalıq oğluna xx.xx.2016-cı il tarixdə texniki pasport, xx.xx.2016-cı il tarixdə isə RX seriyalı, ******* nömrəli çıxarış verilmiş və oara mənzilin ümumi sahəsi 116.1 kv.m qeyd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar Novruz İddiaçı1 və İddiaçı2 Xalıq oğlu cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, əsassız varlanma nəticəsində cavabdeh tərəfindən əldə edilmiş 10.620 manat və 152 manat dövlət rüsumunun, ümumilikdə isə 10.772 manat pulun cavabdeh "xxxx" MTKdan tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MTK arasında xx.xx.2013-cü il tarixdə yaşayış sahəsi üçun müqavilə imzalanmışdır. Müqavilənin şərtinə əsasən 3 otaqlı, ümumi sahəsi 139.7 kv.metr olan mənzilin hər kv.metrinin qiyməti tərəflərin razılaşması ilə 450 manat, mənzilin umumi qiyməti 62.865 manat müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı2 Xalıq oğlu mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Çıxarış alan zaman iddiaçıya məlum olmuşdur ki, daşınmaz əmlakın ümumi sahəsi 116.1 kv.metr olmuşdur. Cavabdeh 139.7 kv.metr yaşayış sahəsi olduğunu müqavilədə göstərsə də, faktiki olaraq yaşayış sahəsi 116.1 kv.metr olmuşdur. İddiaçı 23.6 kv.metr yaşayış sahəsinin pulunu (hər kv.metrə gorə 450 manat) əlavə olaraq cavabdehə ödəmişdir.
8. Cavabdeh "xxxx" MTK iddiaya qarşı etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək bildirmişdir ki, iddiaçı mülkiyyət hüququna dair çıxarışa istinad edərək mənzilin sahəsinin 23.6 kv.m əskik olduğunu bildirmişdir. Əvvəla mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkon, lociya, terras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Mənzilin DƏDRX tərəfindən tərtb edilmiş texniki pasportunda azalma əmsalına vurulan sahələr qeyd edilsə də, mənzilin ümumi sahəsi qeyd edilərkən azalma əmsalları əsasında müəyyən olmuş sahə əsas götürülür. Texniki pasporta əsasən azalma əmsalı tətbiq edilmədən dəhliz 22.9 kv.m, yaşayış otağı 25.7 kv.m, lociya 4.1 kv.m (azalma əmsalı ilə 4.1 kv.m x 0.5 əmsal = 2.1 kv.m), mətbəx 15.6 kv.m, sanitar qovşağı 5.7 kv.m, sanitar qovşağı 5.1 kv.m, yaşayış otağı 20.9 kv.m, yaşayış otağı 15.6 kv.m və lociya 4.9 kv.m (azalma əmsalı ilə 4.9 kv.m x 0.5 əmsal = 2.5 kv.m) olmaqla, cəmi 120.5 kv.m müəyyən edilmişdir. Texniki pasportda mənzilin ara divarların altındakı sahələr nəzərə alınmamışdır. İddiaçı isə hətta ara və bayır divarların altındakı sahələr nəzərə alınmadan mövcud olan 120.5 kv.m sahə ilə kifayətlənməyərək, əskik sahənin 23.6 kv.m olmasını qeyd etmişdir və həmin məbləğə görə 10.772 manat maddi ziyan tələb etmişdir. Halbuki, heç bir əlavə sübutetməyə ehtiyac olmayan texniki pasportda ümumi sahə qeyd edilmişdir. Müqavilədə mənzilin sahəsi 139.7 kv.m göstərilmişdir və bu sahə mənzilin bayır və ara divarlarının altındakı sahələr nəzərə alınmaqla hesablanmışdır. Hesab edir ki, iş üzrə ekspertiza təyin edilərək ara və bayır divarların altındakı sahələr nəzərə alınmaqla və azalma əmsalı tətbiq edilmədən mənzilin ümumi sahəsinin həqiqətən də 139.7 kv.m olması qənaətinə gəlmək mümkündür. Təbii ki, qarşı tərəf bu cür hesablanmanın qanunsuz və şəhərsalma qanunvericiliyinə uyğun olmaması fikirini bildirə bilər. Lakin qeyd edilməlidir ki, əqd və ya onun hər hansı bəndi nə qədər ki, etibarsız hesab edilməyib, həmin anadək onun hüquqi qüvvəsi əqdin tərəfləri üçün qüvvədədir. Qeyd edilənlərlə yanaşı, iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin, 386.1-ci maddəyə görə öhdəliklərin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə “Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. Yuxarıda qeyd edilən maddələrin qarşılıqlı təhlilindən görünür ki, iddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda, 1095-ci maddəyə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə, “Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Odur ki, iddia müddətinin tətbiqi, hazırkı halda iddianın rədd edilməsi əsaslarından biri kimi çıxış edir və hesab edir ki, məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hətta hazırkı mübahisəyə əsassız varlanmadan irəli gələn müddətin deyil, müqavilədən irəli gələn mübahisələr üzrə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiqi fikri ortaya atılarsa, yenə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Belə ki, müqavilədən göründüyü, kimi iddiaçı mənzili xx.xx.2013-cü il tarixdə almışdır. İddiaçı xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququna dair çıxarış və xx.xx.2016-cı il tarixli texniki pasport almışdır. Mülkiyyət hüququna dair çıxarış və texniki pasportda mənzilin sahəsi açıq şəkildə qeyd edilmişdir və iddiaçı sənədlərdə qeyd edilmiş sahənin ölçüsünü görmədiyini inkar edə bilməz. İddiaçı iddianı xx.xx.2022-ci il tarixdə qaldırmışdır (iddia ərizəsindəki tarixə əsasən). Buna görə də hesab edir ki, mübahisəsiz sənəd olan mülkiyyət hüququna dair çıxırışın və texniki pasportun alınması tarixləri iddia müddətinin axımının başlanğıc tarixi kimi nəzər alınmalıdır. Beləliklə, xx.xx.2016-cı il tarixdən (texniki pasportun alındığı tarix və ya çıxarışın alındığı xx.xx.2016-cı il) etibarən iddia müddətinin axımı başlamaqla əsassız varlanmaya görə qanunla müəyyən edilmiş 2 illik iddia müddətinin sonuncu günü xx.xx.2018-ci il tarixdə bitmişdir (əgər bu münasibətə adi iddia müddəti kimi yanaşılıb 3 illik müddəti tətbiq edərsək, müddət xx.xx.2019-cu ildə bitmiş olacaq). Halbuki, iddia müddətinin axımının mübahisəsiz olması məqsədi ilə hüquq müəyyənedici sənədlərin alındığı tarixdən göstərilsə də, əslində müddətin axımı faktik olaraq mənzil iddiaçıya təhvil verildiyi tarixdən başlamışdır. Belə ki, bina 2014-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən istismara qəbul edilmiş və həmin tarixdən etibarən mənzil sakinlərin faktiki istifadəsinə verilərək təmirə buraxılmışdırlar. Beləliklə, mənzil istismara verildiyi tarixdən etibarən iddiaçı bu mənzilə daxil olmaq, ölçü işi aparmaq və s. hüquqları faktiki olaraq mövcud olmuşdur. İddiaçı hüququnun pozulduğunu bilməli olduğu vaxtdan heç bir tədbir görməmiş və məsələ barədə heç bir iddia qaldırmamışdır. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5276/2022 saylı qətnaməsi ilə (hakim T.Axundov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş 152 manatın iddiaçılara aid edilməsi qət edilmişdir.
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünkü tərəflər arasında daha kiçik sahəli olduğu iddia edilən mənzilə dair müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmış, bina 2014-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən istismara qəbul edilmiş və həmin tarixdən etibarən mənzil sakinlərin faktiki istifadəsinə verilərək təmirə buraxılmışdırlar. Sözü gedən mənzilə dair İddiaçı2 Xalıq oğluna xx.xx.2016-cı il tarixdə texniki pasport, xx.xx.2016-cı il tarixdə isə RX seriyalı, ******* nömrəli çıxarış verilmiş və mənzilin sahəsi 116.1 kv.m qeyd edilmişdir. Bununla belə iddiaçılar həmin tarixlərdən sonra cavabdehə qarşı mənzilin sahəsinin əskik olduğuna dair, başqa sözlə, cavabdeh tərəfindən müqavilənin lazımınca icra edilməsinə dair hər hansı tələb irəli sürməmiş, yalnız xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanmasından və mənzilin təhvil verilməsindən 9 ildən artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə çıxış etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 377.1, 382, 752.1, 766, 773, 776.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzili alan vaxt mənzilin sahəsinin 139,7 kv.m. olduğu onlara bildirilmiş və onlar da bu ölçüdə olan mənzilə görə hər kv.m. 450 manat olmaqla ödəniş etmişlər. Yalnız 2016-cı ilin oktyabr ayının 14-də həmin mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra mənzilin sahəsinin birdən birə 23,6 kv.m. az olduğunu görmüş və əvvəlcə elə bilmişdirlər ki, bu reyestr xidmətinin yol verdiyi texniki səhvdir. Lakin 2017-ci ildə mənzildə ölçmə işləri apardıqdan və mütəxəssislə maraqlandıqdan sonra məlum olmuşdur ki, həqiqətən də cavabdeh satdığı mənzili 23,6 kv.m artıq ölçülü mənzil kimi təqdim etməklə onlardan əlavə pul almışdır. Şərifov X4 vətəndaşıdır və Azərbaycanda çox qala bilmədiyi üçün ora qayıtmş, sonradan baş vermiş pandemiya, səhhətində olan problemlər üzündən Azərbaycana gələ bilməmiş və yalnız 2021-ci ilin axırlarında yollar açıldığı üçün Azərbaycana gəlmiş və bundan sonra cavabdehə bu məsələ ilə bağlı pretenziya göndərmiş, bir neçə ay onun cavabını gözləmiş, lakin cavabdeh bu mübahisəni məhkəmədənkənar həll etmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ona hüquqlarının pozulması qeyd edilən evə dair çıxarışı alan vaxt, yəni 2016-cı ilin axırlarında məlum olmuş, lakin səhhətində yaranmış problemlər, 2019-cu ilin dekabr ayından bu ilə qədər pandemiya səbəbindən yolların və gediş-gəlişin dayanması üzündən o, məhkəməyə müraciət edə bilməmişdir. Pandemiya şəraitində yolların bağlı olması, səhhətində baş qaldırmış problemlər məhkəməyə bu iddia müddətinin bərpası üçün tam əsas verdiyi halda məhkəmə bunu etməmiş və onun hüquqlarını pozan qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə bu halları nəzərə alaraq iddia müddətinin ötürülməsini üzürlü hesab edə bilərdi və bunun üçün real əsaslar da mövcuddur, lakin məhkəmə bu mübahisənin rahat həlli yolunu iddia müddətinin tətbiqində görərək onun əsaslı olan iddia tələbini rədd etmişdir. Konkret halda yaranmış mübahisə daşınmaz əmlakla bağlıdır, yəni burada iddia müddəti 6 il müəyyən olunur, onun üzürlü səbəblərdən Azərbaycana gələ bilmədiyi müddətləri bu müddətdən çıxdıqda aydın olur ki, o hüquqlarının pozulduğunu bildiyi vaxtdan 3 il ərzində məhkəməyə müraciət etmiş, lakin məhkəmə bu halları nəzərə almamış, müddəti bərpa etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Xalıq oğlu (eyni zamanda digər iddiaçı X3 nümayəndəsi) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və ona verilmiş suallara cavab olaraq bildirdi ki, mənzilə görə ödənişlər onun tərəfindən edilmiş, Rusiya vətəndaşı olduğu üçün ipoteka götürə bilməmiş və bu səbəbdən mənzilin müqaviləsi atasının – digər iddiaçının adına bağlanılmış, çıxarış aldıqdan sonra mənzilin sahəsinin az təhvil verildiyini aşkar etmiş, həmin dövrdə Azərbaycanda işi ilə bağlı çox qala bilmirdi, müqavilə və çıxarışda olan fərqi aşkar etdikdən sonra cavabdeh MTK-nın rəhbərliyinə şikayətini bildirmiş, vəkili ona üç il iddia müddətinin və ilk olaraq etiraz yazmalı olduğunu bildirmiş, poçt vasitəsilə göndərdiyi etirazı cavabdeh qəbul etməmiş, Rusiyaya getdikdən sonra üç ildən sonra qayıda bilmiş, 2015-ci ildə xəsarət almış, pandemiyadan sonra yol açıldıqdan sonra Azərbaycana gəlmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
20. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
21. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Maddə 776.1 Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən cavabdeh MTK-dan əldə edilmiş mənzilə dair İddiaçı2 Xalıq oğluna xx.xx.2016-cı il tarixdə çıxarış verilmiş və orada mənzilin sahəsi 116.1 kv.m. qeyd edilmişdir.
31. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərindən göründüyü kimi, tərəflər arasında mənzilə aid olan podrat münasibətlərindən irəli gələn tələblərə beş illik iddia müddəti tədbiq edilir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2 Xalıq oğluna mənzilə dair çıxarış alarkən artıq hüquqlarının pozulduğunu bilmiş, lakin məhkəməyə beş illik iddia müddəti keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddia müddətinin ötürülməsinin üzrlü sayılmasının, yəni bərpasının da özünəməxsus halları vardır. Belə ki, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s. aiddir. Əgər iddia müddətinin buraxılmasında öz səhlənkarlığına, diqqətsizliyinə görə vaxtında iddia qaldırmayan maraqlı şəxs özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
34. İddiaçı2 Xalıq oğlu məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddia müddəti ilə bağlı vəkili ona məlumat vermiş, buna bağmayaraq o, məhkəməyə özü, habelə nümayəndəsi və ya vəkili vasitəsilə vaxtında müraciət etməmişdir.
35. Bundan başqa, iddia müddətinin son altı ayında ağır xəstəliyə düçar olması ilə bağlı hər hansı mötəbər sübut da məhkəməyə təqdim etməmişdir.
36. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mənzilin dəyəri İddiaçı2 Xalıq oğlunun bildirdiyinə əsasən onun tərəfindən ödənildiyinə görə digər İddiaçı1 hazırki pul tələbinə dair iddianı qaldırmağa subyektiv hüququ da yoxdur.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, mübahisəyə iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün birmənalı əsasdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5276/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov