Məhkəmə qərarları › İş №2(103)-1438/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1438/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1438/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə onunla MMC arasında bağlanmış “xxxx” əsasında onun tərəfindən MMC-yə ödənilmiş 3.000 manat məbləğində pulun, cavabdeh MMC-nin müqavilə şərtlərinə əməl edilməməsi səbəbindən MMC-dən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MMV həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə tərəflər arasında yaranmış mübahisə sifarişçi olan iddiaçı ilə icraçı olan cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “xxxxdən” qaynaqlanır. Həmin müqavilənin şərtlərinə görə cavabdeh (icraçı) MMC “Zəka yarışı” adlı oyun proqram təminatını təsis edərək (sifarişçi) iddiaçının istifadəsinə və mülkiyyətinə verməli idi. İddiaçının apellyasiya baxışı zamanı Məhkəməyə verdiyi izahatından məlum olur ki, müqavilə şərtlərinə görə cavabdeh MMC “Zəka yarışı” adlı oyun proqram təminatını təsis edərək iddiaçının istifadəsinə və mülkiyyətinə verdikdən sonra, hazır proqram smartfon, tablet və buna bənzər cihazlar vasitəsi ilə geniş kütləyə təqdim olunmalı, qeyd olunan oyun proqramından istifadə olunan zaman müxtəlif reklam nümayişləri olmalı və son nəticədə iddiaçı hər reklamdan müəyyən məbləğdə gəlir əldə edəcəkdir. “İnternet vergi İdarəsindən” götürülmüş məlumatdan görünür ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********). Göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş fiziki şəxs olan iddiaçi həmin müqaviləni hüquqi şəxs olan cavabdeh MMC ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlamışdır. Daha sonra Məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiası xx.xx.2019-cu il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş “Mübahisələrin inzibati-iqtisadi məhkəmələrinə aidiyyəti” adlı 26cı maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir (maddə 26.1.). MPM-nin “Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti” adlı 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd edilən bu prosessual hüquq normalarının tələblərindən yuxarıda qeyd edilənlərə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman hazırki işə mülki mühakimə icraatı qaydasında baxıla bilməzdi; bu iddia ərizəsinə predmet aidiyyəti üzrə müvafiq inzibati-iqtisadi məhkəməsində iqtisadi mühakimə icraatı çərçivəsində baxılmalı idi. Lakin qeyd edilən bu hal Rayon Məhkəməsinin diqqətindən yayınmış, Rayon Məhkəməsi ona aid olmayan iddianı icraata götürərək ona mahiyyəti üzrə baxmışdır. MPM-nin 387.2.1-ci maddəsinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa iş üzrə iş üzrə qəbul edilmiş qətnamə, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, hazırki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və işə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Çünki MPM-nin hazırda qüvvədə olan 26-cı maddəsinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Cavabdeh MMC-nin apellyasiya şikayətində iddianın rədd edilməsi ilə yanaşı qətnamənin ləğv edilməsi də xahiş olunduğundan, şikayət qismən təmin edilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 261 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiası məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar