Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1439/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı1 və onun vəkili (nümayəndəsi) Vəkil2, cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçılar, birgə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 127 kv.m olan evin sökülməsi müqabilində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə verilməsi nəzərdə tutulan 2 ədəd təmirli mənzilin açıq hərracda satılması, mənzillərin satılması müqabilində əldə olunan 320.000 manat pul vəsaitindən onların (iddiaçıların) hər birinə 106.666 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 504 manat məbləğində pul vəsaitinin onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 İddiaçı1 övladı, cavabdeh isə sonuncunun qardaşıdır. İddia ərizəsində qeyd edilən ev özbaşına tikilidir. Həmin ev, İddiaçı1 və cavabdehin atası X1 tərəfindən 90-cı illərin əvvəllərində alınmışdır ki, İddiaçı1 yaşadığı Qəbələ şəhərindən Bakı şəhərinə gəlib, ali təhsil alarkən kirayədə və yaxud yataqxanada yaşamasın. Həmin ev İddiaçı1 dayısı X4 adına alınmışdır. Həmin vaxtdan da İddiaçı1, bacısı İradə və cavabdeh həmin evdə yaşayaraq ali təhsil almışlar. Daha sonra evin “Texniki pasportu” cavabdehin adına dəyişdirilmiş və o, həmin evə pasport qeydiyyatına alınmışdır. Təxminən 1996-cı ildə cavabdeh ailə qurub həmin evdən getmiş və bundan sonra heç vaxt həmin evdə yaşamamışdır. xx.xx.2002-ci il tarixdə İddiaçı1 qızı, hazırkı iş üzrə digər İddiaçı2 mənzilə qeydiyyata alınmışdır. 1996-cı ildə isə İddiaçı1 valideynləri Bakı şəhərinə gələrək onlarla birgə yaşamağa başlamışlar. İddiaçı1 atası xx.xx.2001-ci il tarixdə həmin evdə vəfat etmişdir. Atasının vəfatından sonra anası cavabdehin başqa ünvanda olan evinə gedərək onunla birlikdə yaşamağa başlamışdır. EV təxminən 2003-2004-cü ildən kirayəyə verilmiş və kirayə pulu tərəflər arasında bölünmüşdür. İddiaçılar evin sökülməsini 2021-ci ilin ortalarında öyrənmişdir. "xxxx" MMC ilə əlaqə saxlayarkən məlum olmuşdur ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, MMC, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən evin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, bu binada söküntüsü nəzərdə tutulmuş 4 otaqlı, 127 kv.m evin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili cavabdehin sahibliyinə verməyi, cavabdeh isə mübahisəli evi söküntü üçün MMC-yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilələrdə həmçinin yaşayış binasının tikintisi başa çatanadək cavabdehə müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının verilməsi razılaşdırılmışdır. Həmin müqavilələrin 2.1.1-ci bəndinin tələbinə görə, söküntüsü nəzərdə tutulan evin n boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə evdə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini MMC-yə təhvil verilməsi mülkiyyətçinin vəzifələrinə aid edilmişdir. Müqavilələrdə cavabdeh tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, evdə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin ona məxsus qeyd olunan evə dair MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti o daşıyır. Lakin müqavilələr bağlanarkən cavabdeh iddiaçıların razı olmadıqlarını bildiyi halda MMC-yə düzgün məlumat verməmiş, mənzildə tək özünün qeydiyyatda olduğunu bildirmişdir. İddiaçı1 müraciətindən sonra iddiaçıların evdə qeydiyyatda olmalarından MMC məlumat tutmuş və cavabdehə müqavilələrin dəyişdirilməsini, yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat kirayə haqqının qeydiyyatda olanlar arasında bölünməsini təklif etmişdir. Lakin cavabdeh həmin təklifə əməl etməmişdir. Hazırda evdə qeydiyyatda olmalarına baxmayaraq, iddiaçılar ailə üzvləri ilə birlikdə kirayədə yaşayırlar. İddiaçı1 əri X6 ilə aralarında olan nikah pozulduqdan sonra, o, uşaqları ilə faktiki olaraq ünvan 2 ünvanda qeydiyyatsız yaşayır. Mübahisəli ev İddiaçı1 yeganə qeydiyyatda olduğu ünvandır. Sökülmüş ev “pasport qeydiyyatına alınma” yolu ilə əldə edilmişdir. “Texniki pasport” texniki xarakterli sənəd olmaqla mülkiyyət hüququnu təsdiq etmir və yalnız evin parametrik xüsusiyyətlərini özündə əks etdirir. Cavabdeh evin mülkiyyətçisi deyil və iddiaçılar evdə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdir. Cavabdehin evə münasibətdə iddiaçılardan hər hansı bir hüquqi üstünlüyü yoxdur. Sökülmüş evin əvəzinə veriləcək hər birinin sahəsi 80 kv.m olan 2 ədəd mənzil açıq hərracda satılmalı və ümumi pul məbləği iddiaçılar və cavabdeh arasında hər birinin payı 1/3 hissədə nəzərə alınmaqla bölünməlidir. İddiaçı hesab edir ki, tikiləcək yeni mənzillər təmirli olduğundan 1 kv.m-nin hazırkı bazar dəyəri mövcud hesablamalara əsasən 2.000 manat olmalıdır. Bu hesabla mənzillərin ümumi dəyəri 320.000 manat təşkil edir. Mənzillərin satışından əldə olunan məbləğlərin ədalətli bölgüsü həyata keçirilməli, iddiaçıların və cavabdehin hər birinə 1/3 hissə, yəni 106.666 manat verilməlidir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, mübahisəli evin icarədarı cavabdeh olmuşdur. Ev özbaşına tikili olmuşdur, evdə cavabdeh tək özü yaşamış, evin texniki pasportu cavabdehin adına sənədləşdirilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 721 saylı sərəncamı ilə cavabdeh həmin evə qeydiyyata alınmışdır. İddiaçı1 1992-1995-ci illərdə tələbə olarkən həmin evdə qeydiyyatsız yaşamış və 1997-ci ildə Şükür Bayramovla nikaha daxil olaraq, ailə qurmuş və mübahisəli evdən çıxaraq ər evinə köçmüş, daha sonra heç vaxt həmin evdə yaşamamışdır. İddiaçı1 ailə qurduğu vaxtdan ailə üzvləri ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır, hazırda özünün qeyd etdiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin 38-ci mənzilində yaşayır. İddiaçı1 qızı – iş üzrə digər İddiaçı2 isə mübahisəli evdə yaşamamış, lakin təxminən 2017-ci ildə mübahisəli evə qeydiyyata alınmışdır. Həmin müddətədək atasının yaşadığı evdə qeydiyyatda olmuşdur. Göründüyü kimi, iddiaçıların mübahisəli evdən istifadə hüquqları yoxdur. Bu səbəbdən də, onların bu kimi iddia tələbini irəli sürməyə subyektiv hüquqları mövcud deyil. Bundan başqa nəzərə alınmalıdır ki, daha əvvəl iddiaçılar cavabdehə və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2(006)- 74/2023 saylı qətnamə ilə həmin iddianın rədd edilməsini qət etmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları onunla əsaslandırılmışdır ki, mübahisəli tikili özbaşına tikili olmuşdur, iddiaçıların həmin özbaşına tikili olan evə pasport qeydiyyatında olmaları onlar üçün mülkiyyət və istifadə hüquqlarının yaranması üçün əsas ola bilməz, cavabdeh ilə MMC arasında müqavilə bağlanarkən qanunvericiliyin bütün şərtlərinə əməl edilmiş, həmin müqavilə ilə hər hansı şəxsin hüquqları pozulmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, sökülən ev özbaşına tikili olduğu üçün tərəflər arasında alğı-satqı müqaviləsi deyil, əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Cavabdehə əvəzləşdirmə müqavilələri əsasında verilmiş mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də, həmin mənzillər hərracda satıla bilməz. Göstərilənlər nəzərə alındıqda isə müəyyən edilir ki, iddia əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi pul tələbidir. Pul tələbi isə özü müxtəlif əsaslardan - borc, əsassız varlanma, zərərvurma və s. yarana bilər. İddiaçının pul tələbinin əsasını müəyyən etmək o baxımdan qeyri-müəyyəndir ki, iddiaçının mübahisəli əmlaka dair iddia irəli sürmək baxımından subyektiv hüququnun olmaması daha əvvəlki məhkəmə qətnamələri ilə təsbit edilsə də, hazırda iddiaçı yenidən mübahisəli əmlakın dəyəri ilə bağlı olaraq pul tələbi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə ilk növbədə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququnun pozulub-pozulmaması araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını, bununla da subyektiv hüquqa malik olduqlarını göstərə bilməmişdir. Daha əvvəl aparılmış məhkəmə araşdırmalarında iddiaçıların mübahisəli əmlak üzərində hüquqlarının olmaması müəyyən edildiyindən hazırda iddiaçıların faktiki yaşamayıb, özlərini yaşayış sahələri ilə təmin etmədikləri həmin əmlaka qeydiyyatının olması hər hansı hüquqi nəticə yaratmadığından hazırda iddiaçıların cavabdehlə bərabərhüquqlu şəxs olaraq mübahisəli əmlakın sökülməsi ilə əlaqədar verilən yeni mənzillərin dəyərinin aralarında bərabər payları bölüşdürülməsini tələb etmələri əsassızdır. İddiaçıların tələbi bu tələbi əsaslı edən maddi hüquq normalarının dispozisiya şərtləri uzlaşmadığından cavabdehin iddiaçılar qarşısında belə bir öhdəliyi müəyyən edilmir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, işə birtərəfli baxaraq maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
8. İddiaçı1 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
9. İddiaçı2 apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir.
10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, müqavilə tərəfləri razılığa gəlmişlər ki, MMC Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və cavabdehə məxsus evin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş və cavabdehə məxsus 4 otaqlı, 127 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili sahibinə verməyi öhdəsinə götürür. Cavabdeh isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqaviləyə əsasən cavabdehə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqı ödəniləcəkdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3792-9/3872 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsinə yaxın ərazidə yerləşən 2 otaqlı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 228.500 manat təşkil edir.
15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-74/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar (həm də hazırkı iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı2 cavabdeh (həm də hazırkı iş üzrə cavabdeh) Cavabdeh və cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pulun ödənilməsi tələbi barədə” iddiası təmin edilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 4012/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçıların apellyasiya şikayətinın təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişilmədən saxlanılması qət edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-199/2024 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, həmin mülki işə baxmış məhkəmələr qərara gəlmişlər ki, mübahisəli ev özbaşına tikili olmuş, iddiaçıların həmin özbaşına tikilidə pasport qeydiyyatında olmaları onlar üçün mülkiyyət və istifadə hüquqlarının yaranması üçün əsas ola bilməz. Cavabdeh ilə MMC arasında müqavilə bağlanarkən qanunvericiliyin bütün şərtlərinə əməl edilmiş, həmin müqavilə ilə iddiaçıların hər hansı hüquqları pozulmamışdır.
19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, MPM-in 82.3-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. Qeyd edilən prosessual hüquq normasından hazırkı mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, hazırkı qətnamənin 15-17-ci bəndələrində qeyd edilən məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların mübahisəli əmlak üzərində hüquqları yoxdur. İddiaçılar faktiki yaşamayıb, özlərini yaşayış sahələri ilə təmin etmədikləri həmin əmlaka qeydiyyatda olmaları həmin ev üzərində onların hər hansı hüququnun yaratmır. Buna görə də, iddiaçılar, cavabdehlə bərabər hüquqlu şəxs olaraq mübahisəli əmlakın sökülməsi ilə əlaqədar verilən yeni mənzillərin dəyərinin cavabdehlə onların arasında bərabər payları bölüşdürülməsini tələb etmələri əsassızdır. İddiaçıların tələbi bu tələbi əsaslı edən maddi hüquq normalarının dispozisiya şərtləri uzlaşmadığından cavabdehin iddiaçılar qarşısında belə bir öhdəliyi müəyyən edilmir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
23. Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
24. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Odur ki, göstərilənlərə əsasən qəbul edilməlidir ki, qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi iddianı əsassız hesab edərək rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi
26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.
29. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş İddiaçı2 və cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
30. İddiaçı1 apellyasiya şikayəti təmin edilmədiyindən, o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402 və 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı1 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.