Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1441/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5540/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh təşkilatın Hüquq departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsində aparıcı hüquq məsləhətçisi vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2024-cü il tarixli 868-k nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilib. Həmin normaya görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçının əmək müqaviləsi ştat ixtisarına görə ləğv edilib. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, həmin əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 3.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır, bunu AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi tələb edir. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alımayıb. 8.Belə ki, əmək müqaviləsinin ləğv edilməsinə razılıq həmkarlar ittifiqı təşkilatı sədrinin xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubunda bildirilib (iş v. 29). Həmin məktub aşağıda göstərilən iki səbəbdən həmkarlar ittifaqı təşkilatının razılığı hesab olunmur. 9.Birinci, razılığı bir nəfər – sədr verib. Bu, qanunvericiliyə uyğun deyil. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşklat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. 10.İkinci, razılıq qərarda deyil, məktubda ifadə olunub. Bu, qanunvericiliyə ziddir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: “Həmkarlar ittifaqı təşkilatı ... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. 11.Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmr qanunsuzdur. İşin digər hallarının araşdırılmasının zərurət yoxdur, çünki işin nəticəsi üçün əhəmiyyəti yoxdur, həmkarlar ittifaqının razılığının olmaması iddianın təmin edilməsi üçün kifayətdir. Məhkəmə AR Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. 12.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5540/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin xx.xx.2024-cü il tarixli 868-K nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Hüquq departamentinin Hüquqi mübahisələlə iş üzrə şöbəsinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Mediasiya xərci kimi 50 manat “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1441/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1441/2025
07.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver