Məhkəmə qərarları › İş №2(103)-1442/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1442/2021

12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1442/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması”na dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3782/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən ərizəçi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1953-cü il tarixində Gürcüstan Respublikasının Dumanisi rayonunda anadan olmuşdur. 1980-cı il tarixində Azərbaycan Respublikasına gəlmiş və daimi olaraq qeydiyyatsızBakı şəhərində müxtəlif ünvanlarda 1996-cı ildən hal-hazıra kimi isə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 76, mənzil 144 ünvanında yaşayır.Azərbaycan Respublikasında ailə həyatı qurmuş, nikahını dövlət reyestrində qeydə alınmışdır. Birgə nigahdan bir övladı anadan olmuşdur və hal-hazırda bir yerdə yaşayırlar. Vətəndaşlıqla bağlı müxtəlif orqanlara, o cümlədən Gürcüstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyinə xə Azərbaxcan Respublikası Dövlət Miqrasiya Xidmətinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Gürcüstan Səfirliyindən verilmiş N 05/0000469/2020-02 saylı xx xxxxxx 2020-ci il tarixli Arayışa əsasən ərizəçi “Gürcüstanın Vətəndaşlığı haqqında” Gürcüstan qanununun 30-cu maddəsinin “a” altbəndinə müvafiq olaraq Gürcüstan vətəndaşı hesab olunmur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 08/788 saylı xx xxxxxx 2017-ci il tarixli arayışa əsasən o Azərbaycan Respublikası vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı hesab olunmur. Heç bir ölkənin vətəndaşı olmamağı barədə rəsmi təqdimedici sənədi başqa qaydada əldə edə bilmədiyindən hüquqi əhəmiyyətli aktın müəyyən olunması ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3782/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən olunması barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Əminə Abbasova). Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3782/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi 1953-cü il tarixində Gürcüstan Dmanisi rayonunda anadan olmuşdur. 1980-cı il tarixində Azərbaycan Respublikasına gəlmiş və daimi olaraq qeydiyyatsız Bakı şəhərində müxtəlif ünvanlarda 1996-cı ildən hal-hazıra kimi isə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 76, mənzil 144 ünvanında yaşayır. Azərbaycan Respublikasında ailə həyatı qurmuş, nikahı dövlət reyestrində qeydə alınmışdır. Birgə nigahdan bir övladı anadan olmuşdur və hal-hazırda bir yerdə yaşaylar. Vətəndaşlıqla bağlı müxtəlif orqanlara, o cümlədən Gürcüstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyinə və Azərbaxcan Respublikası Dövlət Miqrasiya Xidmətinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Gürcüstan Səfirliyindən verilmiş N05/0000469/2020-02 saylı xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən ərizəçi “Gürcüstanın Vətəndaşlığı haqqında” Gürcüstan qanununun 30-cu maddəsinin “a” altbəndinə müvafiq olaraq Gürcüstan vətəndaşı hesab olunmur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 08/788 saylı xx xxxxxx 2017-ci il tarixli arayışa əsasən ərizəçi Azərbaycan Respublikası vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı hesab olunmur. Heç bir ölkənin vətəndaşı olmamağı barədə rəsmi təqdimedici sənədi başqa qaydada əldə edə bilmədiyindən hüquqi əhəmiyyətli faktın müəyyən olunması ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışadır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin məzmunun uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi C.Rəhimov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 99 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 371 nömrəli arayışına əsasən Ərizəçi Xətai rayonu, General Mehmandarov küçəsi 76 saylı evin 144 saylı mənzilində həyat yoldaşının yanında 1996-cı ildən qeydiyyatsız yaşayır. İİİ-ТИ seriyalı, 355144 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1953-cü il tarixdə Azərbaycan SSR, Dmanisi rayonunda anadan olmuş Ərizəçi ilə X1 nikahının bağlanması haqqında xx.xx.1983-cü il tarixdə 43 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. НЗ seriyalı ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, Ərizəçi Gürcüstan SSR Dmanisi rayonundan xx.xx.1972-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. 697921 nömrəli SSRİ vətəndaşlıq pasportuna əsasən Ərizəçi Gürcüstan SSR, Dmanisi rayonunda 1953-cü il tarixdə anadan olmuşdur. AR Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 08/788 nömrəli arayışına əsasən 1953-cü il təvəllüdlü Ərizəçi, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstan Səfirliyinin xx.xx.2020-ci il tarixli, 05/00004569\2020-02 nömrəli arayışına əsasən 1953-cü il təvəllüdlü, Gürcüstanda doğulan Ərizəçi “Gürcüstanın Vətəndaşlıq haqqında” Gürcüstan Orqan qanununun 30-cu maddəsinin “a” altbəndinə müvafiq olaraq, agentliyə təqdim olunan və əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti idarəsinin xx.xx.2020-ci il tarixli, 33/3363 nömrəli arayışına əsasən Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin 1994-1995-ci illərdən tanıyır. Ərizəçi davamlı olaraq Azərbaycan Respublikasında yaşamışdır. Onda ərizəçinin başqa ölkəyə getdiyinə dair hər hansı bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin 1992-ci ildən tanıyır. Ərizəçi Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 76 ünvanda yoldaşı ilə birlikdə daimi yaşayır. Ərizəçinin xaricə getdiyinin şahidi olmamışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1. maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İşin hallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X6 xx.xx.1953-cü ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur və hazırda o, Azərbaycan Respublikasının və yaxud da Gürcüstan Respublikasının vətəndaşı deyildir. Lakin bu hal ərizəçinin hər hansı başqa bir dövlətin vətəndaşlığına mənsub olmaması kimi qəbul edilə bilməz. Qeyd olunanalara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ərizəçinin təqdim etdiyi sənədlər əsasında onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını məhkəmə qaydasında müəyyən etmək mümkün deyildir. Bundan əlavə, kollegiya ərizəçinin Azərbaycan Respublikasında daimi yaşaması faktını işdə olan sübutlara əsasən hesab edir ki, məhkəməyə ərizəçinin Azərbaycan Respublikasının ərzisində daimi yaşamasını təsdiq edən kifayət qədər sübutlar təqdim olunmadığından onun Azərbaycan Respublikasında daimi yaşaması faktı təsdiq edilə bilməz. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, ərizədə qeyd edilən hallar ərizəçi tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də ərizəçi daşıyır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Ərizəçi tərəfindən ərizədə irəli sürülən heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktını təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3782/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar