Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1442/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı “mənzil və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı «mənzil və zərər» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərifzadə küçəsində tikilən evdən ona mənzil ayrılması, maddi-mənəvi ziyan olaraq 200.000 manat mənzilin dəyəri qədər pulun və 100.000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı məhkmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra iddiaçı məhkəmənin həmin qərardadından da şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti, eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətinin bərpa olunması barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o? 1-ci dərəcəli Qarabağ Müharibəsi əlilidir, xaricdə müalicəyə ehtiyacı var, daim xəstə yatağında olur. Eyni zamanda o, ilyarımdır məhkəməyə müraciət edib, MPM-ə əməl etdiyini, şikayətinin apellyasiya instansiyasına göndərilməsini bildirir. Çünki onun heç bir nöqsanı yoxdur, ondan MPM-in 361.1 maddəsinə, MPM-də nəzərdə tutulmayan "əlavə 2"-yə əməl etməyini tələb edirlər, o isə MPM-in 10-1.3 maddəsinə əsasən şikayətini təqdim etmişdir. Yəni müddətin buraxılması onun günahı deyil, məhkəmənin cavabdehin hüquqverici sənədi, etibarnaməsi olmayan vəkili Nümayəndə məhkəməyə kənardan sifarişinin nəticəsində hakimin günahıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin yuxarı instansiyaya göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət belə əsaslandırılmışdır ki, heç bir nöqsanının olmadığı halda, məhkəmənin qanunda nəzərdə tutulmayan MPM-ə zidd tələbi ilə şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmədiyi halda, məcbur qalıb, yenidən apellyasiya şikayəti vermişdir. Bu yenidən apellyasiya şikayəti verməyin müddəti MPM-də nəzərdə tutulmayıb. Ona görə də, onun apellyasiya müddətini ötürməyinin iddia edilməsi də əsassızdır. Hakim əsassız olaraq şikayəti yuxarı instansiyaya göndərməyib və bu ilyarımda o, dəfələrlə həm şəxsi kabinetdən, həm PA, Ali Məhkəmə, MHŞ vasitəsilə şikayətinin Bakı AM-in MK-sına göndərilməsini tələb etmişdir. Sonuncu şikayəti PA-dan Ali Məhkəməyə, oradan da Səbail məhkəməsinə xx.xx.2024-də göndərilib. Yəni şikayətinin apellyasiya instansiyasına göndərilməsinin müddətinin ötürülməsi onun yox, məhkəmənin, hakimin qərəzinin, kənardan qeyri-prosessual təzyiqin, rüşvətin, savadsızlığın nəticəsidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İddiaçının şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, şikayətin qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl edilməklə verilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini alımış qərardadı olduğundan kollegiya bu məsələyə münasibət bildirməyi zəruri hesab etmir. Hazırki məsələ ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, ötən müddət ərzində apellyasiya şiakyətini hansı səbəbdən təqdim edilməməsi ilə bağlı iddiaçı məhkəməyə heç bir üzrlü səbəb təqdim edə bilməmişdir. İddiaçı öz ərizəsində prosessual hərəkətin yerinə yetirilməsi üçün müddətin buraxılmasının səbəbi kimi məhkəməni göstərmişdir. İddiaçının “üzrlü səbəb” hesab etdiyi xüsusatlar yalnız subyektiv mülahizələr və fərziyyələrdən ibarətdir ki, bu da hüquqi baxımdan qəbuledilməzdir və şikayət müddətinin bərpası üçün əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, qeyd edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatdan keçmiş, hər bir məhkəmə aktını “elektron kabinet” vasitəsi ilə qəbul etmişdir. İddiaçı tərəfindən ötürülən müddətin üzürlü hesab edilməsi barədə hər hansı dəlil və ya sübut təqdim edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 nömrəli 18 dekabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1442/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1442/2025
04.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver