Məhkəmə qərarları › İş №2(103)-1443/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1443/2021

02.02.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1443/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı ərizəyə cavabın alınması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 1859/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı ərizəyə cavabın alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh QSC-yə xx xxxxxx 2019-cu il tarixli ərizə yazmış, lakin müraciətinə cavab verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 1859/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh QSC-nin üzərinə İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh QSC-yə ünvanladığı ərizəsinə cavab verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı mübahisə “Vətəndaşların müraciəti haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunlarla tənzimlənmir. Məhkəmə həmin qanunların normalarına istinad etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış, yuxarıda qeyd olunan ipoteka müqaviləsi iddiaçının özündə də mövcud olmuşdur, həmin ipoteka müqaviləsi üzrə yaranmış mübahisələr məhkəmə müstəvisində öz həllini tapmış, həmçinin 2009-cu ildən qanunvericiliklə nəzərdə tutulan müddət ərzində ipoteka müqaviləsinin 4.1-ci maddəsinin mübahisələndirilməsi üçün iddiaçının yetərincə vaxtı və imkanları olmuşdur. İddiaçının ərizəsinə isə sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə cavab verilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-1859/2020 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2017ci il tarixli 2(032)-218/2017 saylı qətnaməsi ilə Cavabdeh QSC-nin iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X1 xx xxxx 2014-cü il tarixli kredit razılaşması üzrə kredit borcunun müştərək qaydada bankın xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, iddiaçı ilə bank arasında bağlanmış xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş əmlak Cavabdeh QSC tərəfindən müvafiq məhkəmə qərarı ilə qət edilmiş borcun ödənilməsi üçün əldə edilmişdir. Sonradan İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh QSC-yə ərizə ünvanlayaraq onlar arasında bağlanmış xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinin 4.1-ci maddəsinin şərh edilməsini tələb etmişdir. Həmin ipoteka müqaviləsinin 4.1-ci bəndində qeyd edilmişdir ki, borclu müqavilə öhdəliklərini vaxtında icra etmədikdə məhkəməyə müraciət etmədən tələbi ipoteka predmetinə yönəltməklə borcu ödəyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş məktublardan göründüyü kimi iddiaçının ərizədə mübahisələndirdiyi məsələyə dair sorğularına Cavabdeh QSC tərəfindən cavab verilmişdir. İddiaçının ərizəsinə cavabdeh bank sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə 1485 saylı məktubla cavab vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı özü də xx xxxxxx 2020-ci il tarixdə onun ərizəsinə cavabdeh bank tərəfindən cavab verildiyini etiraf etmişdir. Göründüyü kimi, iddiaçı banka ünvanladığı müraciətinə yazılı cavab aldıqdan sonra həmin müraciətə cavab almaq üçün məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iddia əsassız olduğu halda, iddianı təmin etmişdir. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia rədd edildiyindən və apellyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 1859/2020 qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh QSC-yə qarşı ərizəyə cavabın alınması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar