Məhkəmə qərarları › İş №2(103)-1443/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1443/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1443/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4559/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2, mənzil 33, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə vəsatət verərək Nəsimi rayon Məhkəməsinin icraatında olan e-2(006)-5642/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı tələb üzrə 2(004)-4559/2023 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)- 5642/2023 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, bununla da İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2, mənzil 33, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilə dair hüquqlarını mübahisələndirmişdir. Ona görə də hazırkı işin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4559/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair 2(004)-4559/2023 saylı mülki iş üzrə icraat Nəsimi rayon Məhkəməsinin icraatında olan e-2(006)-5642/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmışdır.

4. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı mübahisə mənzildən çıxarılma tələbindən ibarətdir. Hazırkı iş üzrə Cavabdeh2 Nəsimi rayon Məhkəməsinə müraciət edərək İddiaçı xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Hansı ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli həmin müqavilə hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan mənzil barəsindədir və iddiaçının mülkiyyətinə keçməsinə əsas olan hüquqmüəyyənedici sənəddir. Qeyd olunan xüsusat, yəni mübahisə predmeti olan mənzilin iddiaçının mülkiyyətinə keçməsinə dair müqavilənin etibarlılığı hazırkı mülki işlə bilavasitə bağlı olduğundan icraatın dayandırılması məqsədəmüvafiqdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə həmin qərardaddan şikayət verərək qanunsuz və əsassız olduğundan qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işin Yasamal rayon Məhkəməsinin icraatına daxil olduğu xx.xx.2023-cü il tarixdən və məhkəmə bildirişlərinin cavabdehlərə təqdim olunduğu tarixlərdən görünür ki, Yasamal rayon Məhkəməsi tərəfindən iddiaçıya qarşı süründürməçiliyə yol verilmiş, heç bir əsas olmadan mülki iş üzrə 5 dəfə hazırlıq iclasını təxirə salınaraq mövcud sübutlar əsasında qətnamə qəbul etməkdən qəsdən yayınmış, Mülki Prosesual Məcəllənin 172.1.3-cü maddəsində göstərilən 4 aylıq müddətin bitməsinə 1 gün qalmış mülki iş üzrə icraatın qanunsuz və əsassız olaraq dayandırılmasına qərar verilmişdir. Həmçinin mülki işdən görünür ki, cavabdeh tərəflərin hər ikisi məhkəmə bildirişlərini vaxtında alsalar da qəsdən mülki iş üzrə baxışı yubatmaq üçün mülki işə baxış müddətinin bitməsinə 1 gün qalmış yəni xx.xx.2023-cü il tarixdə mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatlə məhkəməyə müraciət etmişlər. Həmçinin mülki işdən görünür ki, məhkəmə hazırlıq iclasları 5 dəfə heç bir qanuni əsas olmadan təxirə salınmış və bu müddət ərzində, habelə ən azından sonuncu məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsinin (vəkilinin) qarşılıqlı mülki iddia tələbi qaldırmaq hüququ və imkanı olmasına baxmayaraq qəsdən bunu etməyərək əksinə mülki işin icraatını uzatmaq üçün qarşılıqlı iddia qaydasında qaldılmalı olan iddia tələbini Yasamal rayon Məhkəməsində deyil, Nəsimi rayon Məhkəməsində qaldıraraq hazırkı mülki işin baxılmasına maneçilik yaratmağa nail olmuşdur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4559/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iddiaçının hazırkı tələbi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2, mənzil 33, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzillə bağlı mülkiyyət hüquqları mübahisələndirilmiş, onların mənzildən çıxarılması xahiş edilmişdir.

13. Məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərək, İddiaçı mübahisəli mənzillə bağlı mülkiyyət hüquqlarının əsası kimi istinad etdiyi xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi müqaviləsi mübahisələndirilmiş, onun etibarsız hesab edilməsi xahiş edilmişdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair müqavilənin hüquqi qüvvəsi, etibarlı olub olmaması hazırkı mülki işlə - iddia tələbi ilə bilavasitə bağlıdır, bu səbəbdən iş üzrə icraatın dayandırılması qanunvericiliyin tələbinə uyğundur.

15. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “..Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir”.

16. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutmuşdur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın və iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilmiş olsun.

17. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərək, iş üzrə məhkəmə prosesinin gedişatını uzatdığı üçün cərimə olunması xahiş edilmişdir.

18. Məhkəmə kollegiyası iddiaçının vəsatətinə münasibətdə qeyd edir ki, vəsatət kifayət qədər əsaslandırılmamışdır.

19. Mülki Prosessual Məcəllənin 126.1-ci maddəsində qeyd edilir ki, məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən işin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraatın dayandırılması ilə bağlı birinci instansiya məhkəməsi haqlı qənaətə gəlmişdir.

21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4559/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar