Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1445/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “işə bərpa tələbinə dair” “mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(011)-6709/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş yeri də həmin vaxtadək uzun müddət başqa işdə çalışdığı Cavabdeh MMC-nin Şəki şəhərində yerləşən ticarət mərkəzi olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-nə qarşı – onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdeh MMC-nə cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işinə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, əsaslı bir səbəb olmadan və hər hansı bir xəta törətmədən aralarında bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin rəhbərliyinin xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “F” bəndinə müvafiq olaraq xitam verilmişdir. İddiaçı hər hansı bir pozuntu etməmiş və xəbərdarlıq olunmadan, barəsində daha yüngül tənbeh tədbiri tətbiq edilmədən qəflətən işdən azad olunmuşdur.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 noyabr 2022-ci il tarixli, 2(011)-6709/2022 saylı qətnaməsi ilə (hakim Hacıyeva Sahibə) iddia tələbi təmin edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia ərizəsini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmaqla məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklif məktubunu MMC-nin ünvanına göndərmədən birbaşa olaraq mediasiya prosesində iştirak edilməməsi barədə arayış almışdır. Xətai Rayon Məhkəməsinin e-2(011)-6034/2022saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən mediasiya haqqında qanunvericliyin pozulması səbəbindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra isə eyni tarixli təklif məktubu ilə yenidən mediasiyaya müraciət etmiş və müvafiq arayış alınmışdır. Qeyd etmək lazımdır ki, “Mediasiya haqqında” AzərbaycanRespublikası Qanunun 24.7-ci maddəsinə əsasən mediasiya prosesi 30 gündən artıq olmayaraq davam edir. Hazırki iş üzrə məhkəmə prosesində iddiaçının göndərdiyi təklif məktubu da 30 gün müddətində etibarlı hesab edilir və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək davam etməlidir. Əgər həmin müddət ötürülərsə və tərəflər arasında mediasiya ilə bağlı müqavilə və ya hər hansı qeyd şərt mövcud deyilsə, tərəflər yenidən təklif məktubu ilə müraciət etməlidir. Həmin pozuntular Xətai rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli qərardadı ilə iddiaçının ərizəsi geri qaytarılsa da, iddiaçı yenidən nöqsanları aradan qaldırmadan məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən qəbul edilmişdir. Mübahisəli qətnamədə qeyd edilən xx.xx.2022-ci il tarixli arayış iddiaçının göndərdiyi 10.10.202-ci il tarixli təklif məktubundan 10 aydan artıq müddət keçdikdən sonra alınmışdır. Həmin müddət ərzində tərəflərin heç bir mediasiya sessiyalarında iştirak etməməsini və tərəflər arasında mediasiya sessiyaları ilə bağlı müqavilə və ya qarşılıqlı qeyd-şərt nəzərdə tutulmadığı halda müddətin özbaşına olaraq məhkəmə tərəfindən uzadılması və bu qənaətə gəlinməsi yolverilməzdir və yeni təcrübənin formalaşdırılmasıdır. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş 1 təqvim ayı müddəti ötürərək məhkəməyə müraciət etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
10. Maddə 10. Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.
11. Maddə 70.“ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
12. Maddə 72. “f” bəndi. İş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
13. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
14. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir
15. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
16. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.
17. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
18. Maddə 300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sənədlərə kiyafət qədər lazımı hüquqi qiymət verməmiş, iddia müddətinin ötürülməsi və mediasiya haqqında qanunvericiliyin pozulması məsələsini iddiaçının xeyrinə tövsif etmişdir. O cümlədən, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsas olduğu halda məhkəmə bu halları nəzərə almamışdır.
28. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71 -72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Qeyd olunan hallar isə iddiaçının əməllərində öz əksini tapmamış və iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim edilməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanuynvericiliyinin tələblərinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Baxılan iş üzrə mübahisələndirilən əmrdə əmək müqaviləsinin ləğv edilməsi zəruriliyi əsaslandırılmamışdır. Bununla yanaşı, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi müəyyən edilməli olduğu halda baxılan mübahisə üzrə həmin halların mövcudluğu təsdiq edilmir. Cavabdeh bu hallarla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Hətta iddiaçı tərəfindən törədilmiş xəta qəbul olunsa belə, bununla bağlı cavabdeh tərəf birinci instansiya məhkəməsində verdiyi izahatında karta gələn bonuslardan iddiaçıın yararlanmadığını, lakin ehtimal olaraq işdən azad edilməsəydi yararlana biləcəyi qeyd edilmişdir. Bu hal isə özlüyündə ehtimallara əsaslanmaqla işçi haqqında əmək qanunvericiliyində nəzərdə tutulan ən sərt tənbeh tədbiri görülməsi üçün əsas ola bilməz.
30. Həmçinin cavabdehin mediasiya prosesinin düzgün keçirilməməsi ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsi də düzgün olaraq qeyd etmişdir ki, məhkəməyə qədər iddiaçı mediasiya prosesi keçirilməsi üçün mediatora müraciət etmiş, müvafiq arayış aldıqdan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)- 1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4773/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında mediasiya prosesi səlahiyyətli olmayan (cavabdeh etirazında Bakı şəhər, Xətai rayonunda yerləşən müvafiq mediatorlardan birinə müraciət etməsinin qanunauyğun olmasını göstərmişdi) mediator tərəfindən aparılması əsas götürüldüyü üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı Mediasiya Şurası Bakı 9 saylı Medisiya Təşkilatına müraciət etmiş və ilkin mediasiya sesiyasında iştirak edilməsi barədə Arayış təqdim olunmuşdur.
31. Mediasiya sesiyasının keçirilməsinin əsas məqsədi tərəflər arasında razılaşma əldə olunmasıdır. Lakin cavabdeh qurum tərəfindən bu prosedurun aparılması ilə bağlı müxtəlif formada etirazlar edildiyindən iddiaçı tərəfindən məhkəmə müdafiəsindən istifadə hüququnun həyata keçirməsi mümkün olmamışdır. Əslində cavabeh tərəfin bu mübahisə ilə bağlı barışığın əldə edilməsi üsulları barədə hər hansı məsələni müzakirə etmək niyyəti işdən müəyyən edilmir. Kollegiya bu mövqeyinə belə açıqlama gətirir ki, əslində cavabdeh qurumun bu məsələ ilə hər hansı formada razılığa gəlmək niyyətinin olması məhkəmə proseslərində ortaya qoyduqları mövqeləri ilə təkzib edilir. Belə ki, bu halla bağlı hər hansı formada barışığın əldə edilməsi niyyəti mövcud olsaydı məhkəmə proseslərində bununla bağlı təkliflərin irəli sürülməsi imkanı heç də məhdudlaşmamışdır.
32. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlili kimi iddiaçının iddia müddətini ötürmüş olması barədə dəlilinə münasibətdə hesab edir ki, həmin dəlil əsaslı sayılmamaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, “Mediasiya haqqında” Qanunun tələblərinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən, yəni 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, təqdim edildiyi gündən bərpa olunmuş hesab olunur. Mediasiya prosesinə Qanunla nəzərdə tutulan arayışın, təqdim edildiyi gündən xitam verilir.
33. Hazırki iş üzrə ilkin mediasiyaya iddiaçının müraciəti əmək kitabçasının rəsmi qaydada aldığı gündən (xx.xx.2021) 6 gün sonra xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mediasiya şurasının ofisinə müraciət etmiş və həmin tarixdən mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımı dayanmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixli arayış iddiaçıya təqdim olunduğundan müddətin axımı başlamışdır. Daha sonra məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Həmin iş üzrə iddia ərizəsi mediasiya prosesinə düzgün riayət edilmədiyindən baxılmamış saxlanılmışdır. Kollegiya həmin müddətin, yəni mediasiya prosesinin qüsurlu olması barədə göstərilən halların iddiaçının ziyanına şərh edilməməsi qənaətinə gəlir. Nəhayətində 05 oktyabr 2022-ci il tarixdə arayış əldə etməklə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir.
35. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(011)- 6709/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.