Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1446/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5rşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X6 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2012-ci il tarixli, 233-K saylı əmrə əsasən "xxxx" ASC-də İdarə aparatının Tikinti departamentinin əsaslı təmir şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə işə qəbul olunmuş, sonradan əmək müqaviləsinə 14.10.14-cü il tarixli, 365–K saylı əmrlə edilmiş dəyişikliyə əsasən 16-cı dərəcə ilə Təmir-tikinti şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Dövlət X4 tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 tərəfindən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşdüyündən onunla bağlanmış əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edildikdən sonra, xx.xx.2024-cü il tarixli, 665-K saylı əmrə əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 665-K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 665-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Göründüyü kimi, iddiaçıya Agentliyin tabeçiliyində olan digər müəssisədə - “X3 Müdiriyyəti” X12də ştat ixtisarından əvvəlki tutduğu Tikinti-təmir şöbəsinin rəisi vəzifəsinə uyğun başqa iş təklif edilə bilərdi. Lakin, buna baxmayaraq, işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Lakin, hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Həmçinin, iddiaçının rəhbərlik etdiyi Tikinti-təmir şöbəsində şöbə rəisi vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi digər işçilərdən yüksək olmuşdur. Belə ki, "xxxx" ASCnin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı “əməkdə fəqləndiyinə görə” təşəkkürnamə verilmişdir. Həmçinin, Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin Birləşmiş Su T əchizatı Xidməti” X12 İdarə Heyətinin sədri Köçərli Həsənovun xx.xx.2022-ci il tarixli 621 nömrli əmri ilə “səmərəli fəaliyyətinə görə” B.X11 verilmişdir. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. Hazırkı mübahisə üzrə İddiaçı struktur bölməsinin rəhbəri olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət X4 sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. Həmkarlar İttifaqı Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubuna baxılsa aydın olar ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5096/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia qismən təmin edilmiş, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 665-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də əvvəlki vəzifəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə iddiaçının ödənilməmiş əmək haqqınn cavabdehdən tutularaq ona ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz sahəsində (bir çox təltifnamələrlə) peşəkarlıq səviyyəsinin daha yüksək olmasına baxmayaraq ixtisara düşmüş, ixtisardan sonra işəgötürən tərəfindən ona əvvəlki işinə uyğun vəzifə təklif edilməmişdir. Halbuki, Agentliyin tabeliyində “X3 Müdiriyyəti” X13 yaradılaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə “X3 Müdiriyyəti” X12 Nizamnaməsi təsdiq edilmişdir. Yeni yaradılan müəssisə Agentliyin tabeliyində olduğundan iddiaçıya tutduğu vəzifəyə uyğun başqa işlə təklif olunması Agentliyin səlahiyyəti daxilində idi. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçıla əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət X4 sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən, xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət X4 sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. X7 Həmkarlar İttifaqı Respublikası Komitəsi əsaslandırılmış yazılı qərar qəbul etmək əvəzinə işəgötürənə formal məktub ünvanlamışdır. Belə ki, məktubun məzmunundan görünür ki, həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış, obyektiv araşdırma aparmamış, heç bir iclas keçirilmədən formal razılıqlarını vermişdilər. Bu da həmçinin iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasını bir daha təsdiq edir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 71.3, 77.1, 77.3, 80.1, 80.2, 83.1, 83.2, 84-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya işaxtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Yeni strukturda iddiaçının rəis olduğu şöbə nəzərdə tutulmamışdır. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təsdiq edilir. Yəni,səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyri-mümkündür. Şöbə ləğv edildiyindən iş üzrə onun peşəkarlığının olub-olmaması əhəmiyyət kəsb etmir. İş təklifi ilə bağlı məsələyə gəldikdə qətnamədə qeyd olunan “X3 Müdiriyyəti” PHŞ cavabdehə tabeçiliyi olmayan qurumdur. Ona cavabdehin hər hansı bir təsir etmək ona göstəriş vermək səlahiyyəti yoxdur. Ümumiyyətlə bu məzmunlu işlərdə işçiyə iş təklif edilməsi ilə bağlı Əmək Məcəlləsi işəgötürənin üzərinə öhdəlik qoymamışdır. Belə hallarda işçiyə iş təklif edilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. İddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan S u təsərrüfatı X1 Respublika Komitəsinə xx.xx.2024- cü il tarixli 3-53-3/2-2693/2024 nömrəli müraciət ünvanlanmış və həmkarların xx.xx.2024-cü il tarixli 71 nömrəli cavabında əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Həmkarlar ittifaqları müstəqil təşkilatdır və onun fəaliyyətinə müdaxilə etmək qadağandır. Odur ki, yığıncaqların təşkili, keçirilməsi, iclasda iştirak edəcək şəxslərin dairəsinin müəyyən edilməsi və əsaslandırılmış yazılı qərarın verilməsi, yəni razılığın verilməsinin formasını müəyyən etmək həmkarlar ittifaqının səlahiyyətlərinə aiddir. Bu fəaliyyətə cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən müdaxilə edə bilməz. Məhkəmənin bununla bağlı gəldiyi nəticə əsassız və qanunsuzdur.
9. c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia tələbi qismən təmin olunduğundan və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
18. Cavabdehin şikayətində yeni strukturda iddiaçının rəis olduğu şöbənin nəzərdə tutulmadığını, şöbə ləğv edildiyindən iş üzrə onun peşəkarlığının əhəmiyyət kəsb etmədiyini bildirir.
19. Əmək Məcəlləsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. (78.1)
20. İddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi- iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir.
21. İş materillarından görünür ki, iddiaçı öz sahəsində (bir çox təltifnamələrlə) peşəkarlıq səviyyəsinin daha yüksək olmasına baxmayaraq ixtisara düşmüş, ixtisardan sonra işəgötürən tərəfindən ona əvvəlki işinə uyğun vəzifə təklif edilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin effektiv iqtisadı fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin, o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın. Ştat cədvəlində bir adla müəyyən olunan vəzifənin çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstəricisidir. Apellyasiya baxışı zamanı təqdim olunan sənədlərdən müəyyən olunduğu kimi, iddiaçının çalışdığı Təmir-tikinti şöbəsi ixtisara salınsa da, oxşar funksiyaları yerinə yetirən başqa bir struktur vahidi - Sutikinti müəssisəsi yaradılmışdır.
23. Apellyasiya şikayətinin həmkarlar ittifaqları müstəqil təşkilat olması və onun fəaliyyətinə müdaxilə etməyin qadağan olması barədə dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinə əsasən əmək qanunvericiliyinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. (maddə 80.2)
24. İş materiallarından görünür ki, X7 Həmkarlar İttifaqı Respublikası Komitəsi əsaslandırılmış yazılı qərar qəbul etmək əvəzinə işəgötürənə formal məktub ünvanlamışdır. Belə ki, məktubun məzmunundan görünür ki, həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış, obyektiv araşdırma aparmamış, heç bir iclas keçirilmədən formal razılıq vermişdir.
25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.