Məhkəmə qərarları › İş №2(103)-1448/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1448/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1448/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X11 və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və dəymiş ziyanın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2126/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, 7 saylı evin 4/12 hissəsindən istifadə hüqunun itirilmiş hesab edilməsinə, mənzilin həmin hissəsindən çıxarılmasına və mənzilə vurduğu ziyanın, sökülmüş arakəsmələrin öz hesabına bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və dəymiş ziyanın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, 7 saylı evin 4/12 hissəsindən istifadə hüqunun itirilmiş hesab edilməsi, mənzilin həmin hissəsindən çıxarılması və mənzilə vurduğu ziyanın-sökülmüş arakəsmələrin öz hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu,Yunis Dağlı küçəsində istifadədə olan 0,05078 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 16 otaqlı, 208,3 kv.m yaşayış, 96,9 kv.metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinin 4/12 hissəsini almış və xx.xx.2008-ci il tarixli MH Seriyalı ******* nömrəli Çıxarış da almış və onun mülkiyyətindədir. Cavabdeh onun evində müvəqqəti olaraq qeydiyyatda qalmağı və yaşamağını ondan xahiş etdi və o da razı oldu. Ancaq sonradan ona məlum oldu ki, Cavabdeh onun razılığı olmadan ona məxsus mənzilin arakəsmələrini söküb açmış, onun mənzilini öz mənzilinə qatmış və bununla ona külli miqdarda ziyan vurmuşdur. Buna görə də Cavabdeh mənzilindən daimi qeydiyyatdan çıxmasını, mənzili boşaltmasını və mənzilə vurduğu ziyanı ödəməsini-mənzilin sökmüş olduğu arakəsmələrini bərpa etməsini tələb etməyimə baxmayaraq, cavabdeh mənzilindən və qeydiyyatdan çıxmaqdan və mənzilə vurduğu ziyanı ödəməkdən-yəni sökmüş olduğu arakəsmələri bərpa etməkdən imtina edir. Bununla da ona məxsus olan mülkiyyət hüquqlarını tam həyata keçirməyini məhdudlaşdırır. Cavabdeh elə həmin evdə 3/12 pay olmaqla mənzili vardır və həmin mənzildə də yaşayır. Buna baxmayaraq cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq,istifadə etmək və sərəncam vermək hüquqlarımı tam həyata keçirə bilmirəm. Beləki,cavabdeh daimi yaşamaq üçün öz mənzili olmasına baxmayaraq mənim mənzilimi zəbt eləməkdə davam edir və mənzildən çıxmır. Üstəlikdə mənzilə külli miqdarda ziyan vurmuşdur.Bunun nəticəsində öz mülkiyyətimdə olun mənzilimə köçə bilmirəm, ağır maddi durumda olmaqla kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburam. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul ediləsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsini, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edəək təmin olunmasını xahiş edən iddiaçını, onun nümayəndəsni, şikayətlə razılaşmayaraq, təmin olunmamasını xahiş edən cavabdehi dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsində istifadə olan 0.05078 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 16 otaqlı, 208.3 kv.m yaşayış, 96.9 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 4/12 hissədən 2 otaq (y/s-28.4 kv.m, k/s-S.2 kv.m), X2 2/12 hissə, Cavabdeh 3/12 hissə, X3 1/12 hissə, X1 4/12 hissədən-qalan hissə, X9inın 1/12 hissə, X10 1/12 hissə, İbrahimov Əİi Dilavər oğlunun 4/12 hissədən-1 otağın-1/4 hissə, X4 4/12 hissədən-1 otağın-1/4 hissə, X5 4/12 hissədən-1 otağın-1/4 hissə, X8 4/12 hissədən-1 otağın-1/4 hıssə, X12 4/12 hissədən 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 1775 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Hazırkı işin materiallarından cavabdehin fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmaqla, istifadə hüququnun olması iş materialları ilə müəyyən edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdehin həmin fərdi yaşayış evinin 4/12 hissəsindən istifadə hüqunun itirilmiş hesab edilməsini istəyir. Lakin sübutetmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin məhz ona məxsus hissəsinə istifadə hüququnun hansı əsasla yaranması, həmçinin, cavabdeh tərəfindən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinin zəbt edilməsi məhkəmə baxışı, işə baxan birinci instansiya tərəfindən keçirilmiş yerli baxış zamanı, nə də ki, kollegiyanın iclasında müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar