Məhkəmə qərarları › İş №2(103)-1451/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1451/2023

20.09.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1451/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 iştirakları ilə, İddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və sair” tələbinə dair iddiası üzrə mülki iş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-46/2019 saylı, 07 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, həmçinin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh “İddiaçı” ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddiası ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 2(006)-2775/2020 nömrəli 18 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(007)-46/2019 saylı qətnaməsi ilə iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və sair” tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2775/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə aralarında bağlanmış “kredit müqavilələrini etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 4507/2021 saylı qərarı ilə iddiaçı Cavabdeh2 verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(103)-11364/2021 saylı qərardadı ilə yuxarıda qeyd edilən hər iki mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi 19 aprel 2022-ci il tarixli, 2(103)-46/2022 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək bankın iddiası rədd edilmiş, eləcə də Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 4661/2022 saylı qərarı ilə “İddiaçı” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Növbəti dəfə işə apellyasiya qaydasında baxılan zaman iddiaçı “İddiaçı” ASC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh2 müqavilə üzrə əsas borcu tam şəkildə ödədiyindən aralarında razılıq edilmişdir, bu səbəbdən də iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 da məhkəməyə ərizə ünvanlayaraq müqavilə üzrə əsas borcu ödədiyini, bankla razılığın əldə olunmasını əsas gətirərək öz iddiasından imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2 həqiqətən də “İddiaçı” ASC ilə razılıq əldə etdiyini, əsas borcu ödədiyini bildirərək həm öz iddiasından imtinayla bağlı, həm də bankın iddiadan imtina etməsi ilə bağlı ərizəsinin qəbul edilməsini, işlər üzrə icraata xitam verilməsini xahiş etdi. Digər tərəflər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir və məhkəmə kollegiyası hazırki məsələyə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddiaçıların iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməklə işlər üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtinaslar qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilərək təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməklə mülki işlərin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin, həmin Məcəllənin 262.2-ci maddəsində qeyd olunub ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “İddiaçı” ASC-nin iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-46/2019 saylı, 07 iyun 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2775/2020 nömrəli 18 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh “İddiaçı” ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi”nə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar