Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14589/2019 17.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkili Coşqun İsgəndərovun, Cavabdeh, onun nümayəndəsi, vəkil Azər Orucovun iştirakı ilə, İddiaçı1 Cavabdeh Əlibala oğluna qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4799/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmişapellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh Əlibala oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anadan olduğu 1956-cı ildən ailə həyatı quranadək mübahisəli ünvanında yaşayıb. Ev iddiaçılara ana babalarından miras qalıb. Hal-hazırda həmin evdə qardaşı olan cavabdeh ailəsi ilə birgə yaşayır. Ailə qurduqdan sonra qaynatasının evində yaşamış və hal-hazırda da orada yaşayır. Lakin orada müəyyən səbəblərdən yaşamağı mümkün deyildir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, mübühisəli ev daşınmaz əmlakın dövlət reyesrində qeydə alınmayıb. Tərəflər ev kitabı əsasında evə pasprot qeydiyyatına düşüblər. İddiaçı 1975-1976-cı illərdə ərə getməsi ilə əlaqədar evdən çıxsa da indi də orada qeydiyyatdadır, hal-hazırda yaşamağa başqa yeri yoxdur. İddiaçı mübahisəli evlə əlaqəsini heç vaxt tam kəsməyib, mütəmadi olaraq oraya gedib-gəlib. Nümayəndə şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, mübahisəli ev uzun illərdir mövcuddur, yeganə sənəd ev kitabıdır. İddiaçı 1975-ci ildə ailə qurduqdan sonra daimi yaşamaq üçün əri evinə gedib və hazırda da orada yaşayır. Cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddia ərizəsində iddiaçılar qismində tələbi üzrə İddiaçı2, İddiaçı3 qeyd olunsa da, iddia ərizəsi həmin şəxslər tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi İddiaçı2 və İddiaçı3 tərəfindən iddia ərizəsi imzalanmadığından, hazırkı iddianın verilməsinə onların sərbəst iradə ifadəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinə həmin şəxslərin də iddiası kimi yanaşaraq mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddia tələbinin mahiyyət ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi prosessual qanunvericilik baxılan iş üzrə mübahisəyə həmin mübahisənin deyil, onun mahiyyətində duran hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini nəzərdə tutur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı anadan olandan ailə qurduğu vaxtadək mübahisəli evdə yaşayıb. Nikaha daxil olduqdan sonra – 1975-1976-cı illərdə qaynatasına məxsus evdə daimi yaşamağa başlayıb və həmin evdə 1978-ci il təvəllüdlü Validə və 1985-ci ildə Gülnar adlı övladları anadan olub. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. İddiaçının mübahisəli yaşayış sahəsindən daimi yaşamaq üçün başqa ünvana köçdüyü 1975-ci il tarixdə qüvvədə olmuş Mənzil Məcəllənin 60-cı maddəsi nəzərdə tuturdu ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Məcəllənin 87-ci maddəsi isə müəyyən edirdi ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Baxılan mübahisə üzrə iddiaçının40 ildən artıq müddət ərzində mübahisəli yaşayış sahəsini tərk etməsi və həmin mənzilə daimi yaşamaq üçün qayıtmaması həmin evdən daimi yaşamaq üçün başqa yerə köçdüyünü birmənalı şəkildə təsdiq edir. Məhkəmə kollegiyası mülki işin sadalanan hallarına məcmu şəkildə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı 1975-76-ci ildə mübahisəli evi tərk edərək daimi yaşamaq üçün başqa ünvana köçmüş və mənzilə olan hüquqlarını itirmişdir. Ona görə də onun mübahisəli evə köçürülməsi tələbi əsassızdır və təmin oluna bilməz. İddia tələbi qeyd olunan hissədə təmin olunmadığından, habelə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddia tələbi iddiaçının evə istifadə hüququnun tanınması tələbinə aid hissədə də əsassızdır və təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4799/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 Cavabdeh Əlibala oğluna qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-14589/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14589/2019
17.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver