Məhkəmə qərarları › İş №2(103)-1459/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1459/2024

11.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1459/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2431/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə, yekun olaraq isə iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-nin (əvvəlki adı "xxxx" MMC) xx.xx.2021-ci il tarixli, 175 nömrəli əmrinin ləğv edilməsi, dalğıc vəzifəsi üzrə işə bərpa edilməsi, xx.xx.2021-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği ödənilməsi, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi, mənəvi sarsıntı və fiziki iztirab keçirdiyindən 20.000 manat mənəvi ziyan məbləği tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin vəzifəli şəxsləri tərəfindən iddiaçının ərizəsinin saxtalaşdırılması faktı, vəzifə saxtakarlığı və digər cinayət əməlləri müəyyən edildiyi halda onların əməllərinin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad qəbul olunması, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2431/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddianın qismən təmin edilərək Cavabdeh QSC-nin (əvvəlki adı "xxxx" MMC) 24 noyabr 2021-ci il tarixli, 175 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh QSC-yə (əvvəlki adı "xxxx" MMC) dalğıc vəzifəsi üzrə işə bərpa edilməsi; 24 noyabr 2021-ci il tarixli, 175 nömrəli əmr verildiyi tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı məbləğinin hesablanaraq Cavabdeh QSC (əvvəlki adı "xxxx" MMC) tərəfindən İddiaçı xeyrinə ödənilməsi; İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin hesablanaraq cavabdeh “Universal Metal" QSC (əvvəlki adı "xxxx" MMC) tərəfindən İddiaçı xeyrinə ödənilməsi; Cavabdeh QSC-dən vurulmuş mənəvi ziyanın əvəzi kimi 200 (iki yüz) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi; ərizənin qalan hissədə təmin edilməməsi; Cavabdeh QSC-dən 105 (yüz beş) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin şərtlərinə görə:

1. Cavabdeh Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il, e-2(005)-2431/2023 nömrəli qətnaməsində göstərilən tələbin əvəzinə 35.000 (otuz beş min) manat iddiaçıya kompensasiya ödəyir.

2. Cavabdeh iddiaçını aylıq 4500 (dörd min beş yüz) manat əmək haqqı müəyyən olunmaqia 1 (bir) ildən az olmayan müddətə əmək müqaviləsi bağlamaq yolu ilə onu saziş təsdiq olunduğu tarixdən "Dalğıc" vəzifəsinə işə qəbul edir.

3. Cavabdeh iddiaçını dalğıc kitabçası ilə təmin edir və X2 MKUB, MBJS, SOLAS sertifikatlarının, eləcə də tibb kitabçasının alınmasını təşkil edir.

4. İddiaçı Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2431/2023 saylı qətnaməsi üzrə "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 175 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" QSC-yə dalğıc vəzifəsi üzrə işə bərpa edilməsi; xx.xx.2021-ci il tarixdən məcburi işburaxmaya görə iddiaçıya əmək haqqı ödənilməsi, əmək haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc hesablanaraq iddiaçıya ödənilməsi, vurulmuş mənəvi zərərə görə 200 manat iddiaçıya ödənilməsi və 105 manat ekspertiza xərcinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə tələbindən imtina edir.

Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini, barışıq sazişinin təsdiq edlməsinin nəticələrinin ona izah olunduğu üçün aydın olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsini, barışıq sazişinin təsdiq edlməsinin nəticələrinin ona izah olunduğu üçün aydın olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən, ... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, eləcə də məhkəmə tərkibi tərəfindən barışıq sazişinin təsdiq edlməsinin nəticələri tərəflərə izah olunduğundan və bunun onlara aydın olduğunu bəyan etdiklərindən təsdiq edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2431/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, iddiadan imtina edilməsi ilə məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə tərəf xüsusi olaraq iddialarından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyirlər. Məhkəmə də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki, qeyd olunduğu kimi, tərəf xüsusi olaraq iddiadan imtina etmir. Mübahisə predmeti ilə bağlı mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. Bu mənada barışıq sazişinin 4-cü bəndində iddiaçının iddiadan imtinasının qeyd olunmasının bilavasitə barışıq sazişi ilə bağlı olduğu nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qəraraaldı:

İddiaçı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

- Cavabdeh Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il, İş Ne e-2(005)- 2431/2023 nömrəli qətnaməsində göstərilən tələbin əvəzinə 35.000 (otuz beş min) manat iddiaçıya kompensasiya ödəyir. - Cavabdeh iddiaçını aylıq 4500 (dörd min beş yüz) manat əmək haqqı müəyyən olunmaqia 1 (bir) ildən az olmayan müddətə əmək müqaviləsi bağlamaq yolu ilə onu saziş təstiq olunduğu tarixdən "Dalğıc" vəzifəsinə işə qəbul edir. - Cavabdeh iddiaçını dalğıc kitabçası ilə təmin edir və X2 MKUB, MBJS, SOLAS sertifikatlarının, eləcə də tibb kitabçasının alınmasını təşkil edir. - İddiaçı Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2431/2023 saylı qətnaməsi üzrə "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 175 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" QSC-yə dalğıc vəzifəsi üzrə işə bərpa edilməsi; xx.xx.2021-ci il tarixdən məcburi işburaxmaya görə iddiaçıya əmək haqqı ödənilməsi, əmək haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc hesablanaraq iddiaçıya ödənilməsi, vurulmuş mənəvi zərərə görə 200 manat iddiaçıya ödənilməsi və 105 manat ekspertiza xərcinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə tələbindən imtina edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2431/2023 saylı, 22 noyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar