Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1460/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1460/2023 (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı şəhəri 07 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2184/2022 saylı 02 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 mart 2023cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli, ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilləri İddiaçı satmağı, İddiaçı isə həmin mənzilləri qəbul edib onların məbləğini tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və s. barədə iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli mənzilin, ünvan 4 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzilin və ünvan 5 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi, qeyd olunan mənzillərə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan edilməsi, cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzillərə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 20 mart 2019-cu il tarixli 174 nömrəli müqavilənin şərtlərinə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli mənzilin 554,190 manat təşkil edən, 01 iyul 2019-cu il tarixli 199 və 200 nömrəli müqavilələrə əsasən ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzilin dəyəri 122,820 manat və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilin 120,504 manat pay dəyərini kooperativə tam ödəyir və həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ əldə edir. Buna baxmayaraq, müqavilələr ilə iddiaçının istifadəsinə verilən mənzillərə cavabdeh MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneçilik törədilir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2(009)- 2184/2022 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın təmin edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 399.1, 405.1, 407.2, 425.1, 426.2.1, 442, 448.1, 452.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, Baş Prokurorluqda idarə rəisi olan Natiq Abdullayevin atası Saleh Abdullayev "xxxx" MTK-ya yaşayış binalarının tikintisi ilə bağlı müvafiq dövlət qurumlarında sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi, qulluq mövqeyindən istifadə etməklə nüfuzlu şəxslərlə MTK rəhbərini tanış etmək və onların MTK-ya havadarlıq etməsini təşkil etmək müqavilində MTK tərəfindən inşa olunan ünvan 6 ünvanında, 16-cı mərtəbədə yerləşən, 100.42 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 7 ünvanında, 13-cü mərtəbədə yerləşən 102.35, kv.metrdən ibarət 2 otaqlı mənzili X2 adına, ünvan 7 ünvanında, 8-ci mərtəbədə yerləşən 102.35 kv.metrdən ibarət 2 otaqlı mənzili, ünvan 6 ünvanında, 15-ci mərtəbədə yerləşən 100.42 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 8 ünvanında inşa edilən yaşayış binasında, 12-cı mərtəbədə (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 184.73 kv.metr təşkil edən 4 otaqdan ibarət mənzili İddiaçı adına, ünvan 7 ünvanında, 14-cü mərtəbədə yerləşən 102.35 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 6 ünvanında, 14-cü mərtəbədə yerləşən 105.22 kv.metrdən ibarət 2 otaqlı mənzili X8 adına, ünvan 7 ünvanında, 15-ci mərtəbədə yerləşən102.35 kv.metrdən ibarət 2 otaqlı mənzili, ünvan 6 ünvanında, 16-cı mərtəbədə yerləşən 105.22 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 8 ünvanında, 12-ci mərtəbədə yerləşən 184.73 kv.metrdən ibarət 4 otaqlı mənzili nəvəsi X4 adına, ünvan 9 ünvanında, 12-ci mərtəbədə yerləşən, 64.61 kv.metrdən ibarət 1 otaqlı mənzili sürücüsü Heydər Məmmədovun anası X1 adına rəsmiləşdirilməsini tələb etməklə əldə etmişdir. Adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər (sürücü xaric) Saleh Abdullayevin yaxın qohumlarıdır. Yuxarıda qeyd olunan mənzillərə dair müqavilələr tərtib olunduqdan sonra Saleh Abdullayevin sürücüsü Heydər Məmmədov tərəfindən "xxxx" MTK-ya məxsus ofisdən götürülmüşdür. Yuxarıda qeyd olunan, adlarına mənzil rəsmiləşdirilmiş şəxslərdən heç biri "xxxx" MTK-nın ofisinə gəlməmişlər və onların hər hansı bir formada mənzil almaq niyyətləri olmamışdır. Həmin şəxslərə məxsus şəxsiyyət vəsiqələri Saleh Abdullayev tərəfindən MTK-ya təqdim olunmuş və adlarına rəsmiləşdirilən müqavilələr isə Saleh Abdullayevin sürücüsü olan Heydər Məmmədov tərəfindən götürülmüşdür. Bu günə qədər də həmin müqavilələrin MTK-ya çatan nüsxələri MTK-ya ümumiyyətlə təqdim olunmamışdır. Bu günədək Saleh Abdullayev tərəfindən bu mənzillərin müqavilində MTKya heç bir köməklik göstərilməmiş və sonuncu tərəfindən həmin mənzillərə görə MTK-ya hər hansı bir vəsait ödənilməmişdir. Saleh Abdullayevin həmin mənzilləri öz adına deyil qohum tanışlarının adlarına keçirməklə niyyəti gələcəkdə həmin mənzilləri ələ keçirməkdən ibarət olmuşdur. Bu hal Saleh Abdullayev tərəfindən MTK-nın etibarından suistifadə kimi qiymətləndilir. Bu səbəbdən də yuxarıda adları qeyd olunan şəxslərlə bağlanmış sözügedən müqavilələrin və ona əlavə olunmuş sənədlərin 5 iş günü ərzində Cavabdeh MTK-ya təhvil verilməsi və həmin müqavilələrin ləğvi ilə bağlı sənədləşmə işlərinin aparılmasında şəxsən iştirak edilməsi adlarına mənzillər olan şəxslərdən və Saleh Abdullayevdən tələb olunmuş, bu barədə həmin şəxslərə xəbərdarlıq məktubları da ünvanlanmışdır. Bu məktublardan sonra həmin mənzillərdən yalnız ikisinə, X3 və X7 (nəvəsi) aid sənədlər MTK-ya geri qaytarılmış və həmin mənzillərə görə müvafiq imtina ərizələri və etibarnamələr verilmişdir. Lakin qalan mənzillərə dair sənədlər dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq geri qaytarılmamışdır. Bu məsələnin həlli ilə bağlı "xxxx" MTK-nın səlahiyyətli şəxsləri 2020-ci ilin may ayının ortalarında Saleh Abdullayevin oğlu, o zaman Şirvan Şəhərinin Prokuroru olan X11 şəhərində görüşmüş məsələnin ciddiliyini Natiq Abdullayevin nəzərinə çatdırmış və bu məsələnin tez bir zamanda həll olunmasını xahiş etmişdir. Çünki yuxarıda qeyd olunan mənzillərdən üç mənzil məhz Natiq Abdullayevin oğlu və Saleh Abdullayevin nəvəsi olan Orxan Abdullayevin adına rəsmiləşdirilmişdir. Bu görüşdən sonra Saleh Abdullayev "xxxx" MTK-nın rəhbərliyinə zəng edərək iki həftə ərzində məsələnin öz həllini tapacağını bildirmiş və mənzillərə dair müqavilələrin, digər sənədlərin MTK-ya təhvil veriləcəyinə vəd vermişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Saleh Abdullayev öz vədinə əməl etməmiş, dəfərlə telefonla edilmiş zənglərə, xəbərdarlıqlara məhəl qoymayaraq müxtəlif bəhanələr gətirməklə hər dəfə görüşlərdən yayınmışdır. 2021-ci ilin iyul ayında MTK rəhbərliyi Natiq Abdullayevlə görüşmüş, həmçinin xx.xx.2021-ci il tarixdə telefonla əlaqə saxlayaraq bu məsələnin tez bir zamanda həll olunmasını xahiş etmişdir. Natiq Abdullayev tərəfindən bildirilmişdir ki, atası Saleh Abdullayevlə bu məsələnin həlli ilə bağlı söhbət aparıb məsələnin müsbət həll olunmasına nail olacaq. Lakin artıq xeyli vaxt keçməsinə baxmayaraq nə Natiq Abdullayev tərəfindən nə də Saleh Abdullayev tərəfindən məsələnin həlli istiqamətində heç bir tədbir görülməmişdir. Məcburiyyət qarşısında qalaraq baş prokurorluğun idarə rəisi olan Natiq Abdullayevə xx.xx.2021-ci il tarixdə məktub ünvanlanaraq məsələnin ciddiliyi bir daha onun nəzərinə çatdırılmışdır. Lakin bu günədək həmin məktuba da heç bir reaksiya verilməmişdir. Saleh Abdullayevin və oğlu Natiq Abdullayevin bu əməlləri nəticəsində MTK-ya təxminən 1.913.000 (bir milyon doqquz yüz on üç min) manat məbləğində ziyan vurulmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 21 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə şikayət ərizəsi ünvanlanaraq "xxxx" MTK-ya vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün köməklik göstərilməsi, Saleh Abdullayev və onun oğlu Natiq Abdullayev barəsində ciddi şəkildə qanunamüvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. Həmin şikayət ərizəsi hal-hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin icraatındadır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə göndərək, işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
12. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
13. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 448.1. Əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iş materiallarında olan İddiaçı (alıcı) ilə Cavabdeh MTK (satıcı) arasında bağlanmış 20 mart 2019-cu il tarixli 174 saylı Müqavilənin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul edib onun dəyərini təşkil edən 554,190 manat pulu tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər.
28. Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, arayışda ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir.
29. İddiaçı (alıcı) ilə Cavabdeh MTK (satıcı) arasında bağlanmış 01 iul 2019-cu il tarixli 199 saylı Müqavilənin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul edib onun dəyərini təşkil edən 122,820 manat pulu tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər.
30. Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, arayışda ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6- cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir.
31. İddiaçı (alıcı) ilə Cavabdeh MTK (satıcı) arasında bağlanmış 01 iul 2019-cu il tarixli 200 saylı Müqavilənin surətindən görünür ki, satıcı ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul edib onun dəyərini təşkil edən 120,504 manat pulu tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər.
32. Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, arayışda ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir
33. Müəyyən olunur ki, 20 mart 2019-cu il və 01 iyul 2019-cu il tarixli Müqavilələr ilə Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli, ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli və ünvan 10 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilləri iddiaçının sahibliyinə və istifadəsinə vermə, iddiaçının isə həmin mənzillərin dəyərinin Cavabdeh MTK-ya ödəmə öhdəlikləri əmələ gəlmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən Cavabdeh MTK-nın iddiaçı tərəfindən dəyəri tam olaraq ödənilmiş mənzilləri iddiaçının sahibliyi və istifadəsinə vermək öhdəliyinin daşıyıcısı olması, lakin hazırki cavabdehin müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə razılaşdırılmış və dəyəri iddiaçı tərəfindən tam ödənilmiş mənzilləri iddiaçıya təhvil verməkdən imtina etməsi, buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzillərin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “...mənzillərin Saleh Abdullayev adlı şəxsə Cavabdeh MTK üçün müəyyən işlərin görülməsi müqabilində təminat olaraq verilməsi, Baş Prokurorluqda idarə rəisi olan Natiq Abdullayevin atası Saleh Abdullayevin Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi ilə bağlı müvafiq dövlət qurumlarında sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi müqabilində MTK tərəfindən inşa olunan yaşayış binasında müxtəlif mənzilləri müvafiq olaraq X2, İddiaçı, X8, X4, X5 adına rəsmiləşdirilməsini tələb etməklə əldə etməsi, adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər Saleh Abdullayevin yaxın qohumları olması, qeyd olunan adlarına mənzillər rəsmiləşdirilmiş şəxslərdən heç birinin Cavabdeh MTK-nın ofisinə gəlməmələri və onların hər hansı bir formada mənzil almaq niyyətləri olmamaları...” barədə dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh qeyd edilən faktları təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə dəki apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
36. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2184/2022 saylı iş üzrə 02 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundov