Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1462/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh X8 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(003)-3489/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X12, X3, X4, X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin onun və digər bacı qardaşları olan X16, X9, X10, X15 və Cavabdeh2 arasında bölünməsi və vərəsəliyinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılır ki, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, ev 37, döngə 4 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mənzil X2 adınadır. X5 1986-cı il tarixində vəfat etmişdir. X2 övladları olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Əsgərova Cavad yuxarıda sözügedən ünvanda yerləşən mənzildə qeydiyyatdadırlar. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin və mənzilin X2 adına olmasını təsdiq edən müvafiq sənədlər, o cümlədən çıxarışlar qardaşı X6r və ondan həmin sənədləri verməsini istəsə də qardaşı həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, həmin sənədləri hazırki ərizəyə əlavə etmək mümkün olmamışdır. Əlavə olaraq bildirmək istəmişdir ki, anası X24 11.12.2019-cu il tarixində vəfat etmişdir. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən mirası qəbul edilməsi və vərəsəlik hüququnun tanınması üçün Bakı Şəhəri 31 Saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan müraciətinə cavab olaraq Bakı şəhəri 31 Saylı Notariat Ofisinin xüsusi notariusu X17 notariat hərəkətinin aparmaqdan imtina edilməsi barədə 30 iyul 2021-ci il tarixli, 482 nömrəli qərar çıxarmışdır. Həmin qərara əsasən vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxıldığı, vərəsələr arasında mübahisə mövcud olduğu və bəzi hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı üçün vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, ev 37, döngə 4 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mənzil hazırda qardaşı X14 faktiki istifadəsindədir və daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər də ondadır. Qardaşından vərəsəlik payını istədikdə imtina edir və onu MTN-ə müraciət edəcəyi ilə hədələyir, barəsində nalayiq sözlər deyir. Qardaşı bütün bunları edərkən səbəbini onun xristian dinini qəbul etməsində görür. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(003)-3489/2021saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, evin sənədləri qardaşı tərəfindən gizlədilmişdir. Məhkəmə işə birtərəfli yanaşmış, iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamışdır. Sənədlər qardaşında olduğu üçün, o, vaxtında notariusa müraciət etməmişdir. Məhkəmə sənədləri cavabdehdən almalı idi. Məhkəmə reyestr xidmətinin məktubuna istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, atası 1986-cı ildə vəfat etmiş, anası isə 2019-cu ildə vəfat etmişdir. O, 1991-ci ildə ailə quraraq, həyat yoldaşı ilə başqa ünvanda yaşamışdır. Həmin mülkdən ona da pay düşməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X8 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, tərəflərin ataları 1986-cı ildə, anaları 2019-cu ildə vəfat edib. İddiaçı 1991-ci ildə ailə quraraq, həmin ünvandan çıxmışdır. Həmin ünvanda iddiaçının atasının və anasının adına heç bir torpaq sahəsi, ev olmayıb. Orada sənədi olmayan tikili olub. Sonra cavabdeh həmin yararsız vəziyyətdə olan tikilini söküb, orada ikimərtəbəli ev tikib. Həmin evin də sənədi yoxdur. İddiaçı valideynlərinin mülkiyyətində heç bir əmlak olmamaqla yanaşı, vərəsəliklə bağlı müddəti də keçirmişdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər X9, X10, X15, Cavabdeh2 və 3-cü şəxs Bakı şəhəri 31 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X19, anası X20r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 05.02.1986-cı il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 11.12.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ünvan 2 ünvanlanmış notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin qərarda imtinaya səbəb kimi vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması, vərəsələr arasında mübahisənin mövcudluğu, mərhumun ölən günə kimi harada qeydiyyatda olması və kimlərlə yaşaması barədə yaşayış yerindən arayış, hüquqmüəyyənedici sənədlərinin əsillərini təqdim olunmaması göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunun surətindən görünür ki, ünvan 3 ünvanının qeydiyyatdan keçməsi, torpaq sahəsinin ayrılması haqqında məlumat və X13 adına həmin ünvana dair texniki pasport aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçının atası 1986-cı ildə, anası 2019-cu ildə vəfat etmişlər. İddiaçı mərhum valideynindən ünvan 3 miras qalmasını və həmin mirasdan digər vərəsələrlə miras payının müəyyən edilməsini xahiş etsə də, işin araşdırılmış hallarından göründüyü kimi, mərhum valideyninin öldüyü günədək hər hansı bir daşınmaz əmlakın onun mülkiyyətində olmasına dair hər hansı bir sənəd mövcud olmamışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən miras kütləyə (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. MM-nin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qanunvericiliyin qeyd olunan tələbinə əsasən, hətta sözügedən ev miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları ilə qeydiyata alınmış olsaydı belə iddiaçı miras qoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan yenə qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Bu hallar tərəflərin izahatı və işin faktiki halları ilə də öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kollegiya apellyatorun sənədlərin qardaşında olması, buna görə vaxtında notariusa müraciət etməməsi, məhkəmənin sənədləri cavabdehdən almalı olması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 20.09.2021-ci il tarixli, **********17 saylı məktubu ilə mübahisəli ünvana aid heç bir sənədin mövcud olmadığı qeyd olunmuşdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(003)- 3489/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1462/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1462/2022
09.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver