Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1466/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi Murad Benmübarək, Cavabdeh və cavabdehin nümayəndəsi (qardaşı) Afət İsmayılovun iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3407/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev № 9-da yerləşən 34 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). 2.Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci idə dövlət reyestrində qeydə alınıb. Bundan əvvəl mənzil cavabdehin arvadının - mərhum Nərminə İsmayılovanın mülkiyyətində olub. xx.xx.2021-ci ildə cavabdehin arvadı (hədiyyə verən) ilə iddiaçının (hədiyyə alanın) arasında mənzilə dair bağışlama müqaviləsi bağlanıb və həmin müqavilənin əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. 3.Bağışlamadan əvvəl mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü olub. Belə ki, iddiaçı (kredit verən) ilə "xxxx" MMC-nin (kredit alanın) arasında xx.xx.2012-ci il tarixli 3981 nömrəli kredit müqaviləsi bağlanıb. Mənzilin mülkiyyətçisi Nərminə İsmayılova kredit alan MMC-nin direktoru Afət İsmayılovun qardaşı arvadıdır. O, mənzilini kreditin qaytarılmasının təminatı kimi kredit verənin xeyrinə ipoteka ilə yüklü edib. 4.Kredit müqaviləsi üzrə öhdəlik pozulduğuna görə, kredit verən məhkəməyə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-46/2021 nömrəli qətnaməsi ilə kredit borcunun tutulması qət edilib. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb, bu qətnamə isə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-2640/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılıb. 5.İpoteka predmeti olan mənzilin ipoteka qoyan tərəfindən ipoteka saxlayana bağışlanması xx.xx.2021-ci ildə, yəni kredit borcunun tutulması barədə qətnamənin qəbul edilməsinən əvvəl həyata keçirilib. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, cavabdehin, yəni mənzilin əvvəlki mülkiyyətçisinin ərinin mənzildən istifadə hüququna xitam verilsin, cavabdeh mənzildən çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. 7.Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, cavabdehin mənzildən istifadə hüququ olmadığından o, mənzildən çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, bağışlama müqaviləsi formal bağlanıb, yəni cavabdehin qardaşı Afət İsmayılovun direktoru olduğu "xxxx" MMC-nin iddiaçıya olan borcunun qarşılığında iddiaçının adına keçirilib. Razılığa görə, borc ödənildikdən sonra mənzil yenidən cavabdehin arvadının adına qaytarılmalı idi. Müqavilə bağlandıqdan sonra mənzilin iddiaçıya təhvil verilməməsi də onu təsdiq edir ki, bağışlama formal olub. 9.Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin nümayəndəsi Afət İsmayılov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 10.Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-nın nümayəndəsi Murad Benmübarək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Bağışlama müqaviləsi əhəmiyyətsiz əqddir. 12.Belə ki, iddiaçının özünün Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2025ci il tarixli 13-7/2-475/2025 nömrəli məktubda qeyd olunub ki, mənzilin iddiaçıya bağışlanmasının əvəzində "xxxx" MMC-nin iddiaçıya olan ümumi borcu 104.100 manat azalmışdır. Bundan başqa, həmin kredit münasibəti üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-2640/2022 nömrəli qərarının 23-cü bəndindən görünür ki, borcalan tərəf həmin mənzilin bağışlanması müqabilində borcun bir hissəsinin ödənildiyini bildirmişdir (iş v. 36). 13.Göründüyü kimi, mənzil pul borcunun bir hissəsinin əvəzində verilib. Pul borcunun əvəzində mənzil verilməsi mümkündür, lakin bunun üçün müvafiq müqavilə bağlanmalıdır. Belə ki, AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinin ikinci cümləsindən görünür ki, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər. Pul borcunun əvəzində mənzil verilməsi barədə müqavilə Mülki Məcəllədə nəzərdə tutulmayıb, lakin ona zidd deyil. Lakin pul borcunun əvəzində verilən mənzilin “hədiyyə”, müqavilənin isə “bağışlama” adlandırılması AR Mülki Məcəlləsinin 666.1-ci maddəsinin göstərişinə ziddir. Odur ki, bağışlama müqaviləsi əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. 14.Hazırkı iddia öhdəliyin icrası barədə iddiadır. Belə ki, müqavilə bağlansa da müqavilədən əmələ öhdəlik icra edilməyib, yəni mənzil iddiaçıya təhvil verilməyib. İddiaçının özü də etiraf edir ki, mənzil ona təhvil verilməyib. Mənzili təhvil verilməli olan şəxs (hədiyyə verən) vəfat etdiyinə görə, öhdəliyin icrası barədə iddia onun ərinə qarşı irəli sürülüb. İcrası tələb olunan öhdəliyin əsaslandığı müqavilə əhəmiyyətsiz olduğuna görə, iddia təmin oluna bilməz, çünki öhdəlik müqavilənin hüquqi nəticəsi sayılır, belə müqavilə isə onun etibarsızlığı ilə bağlı nəticə istisna olmaqla, hüquqi nəticəyə səbəb olmur. 15.Hazırkı iddia mülkiyyətin müdafiəsi barədə iddia hesab olunmur. Əgər mənzil iddiaçıya təhvil verildikdən, yəni müqavilədən əmələ gələn öhdəlik icra edilikdən sonra başqası mənzilə sahiblik etməyə başlasayıdı, bu, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilərdi. İddiaçının mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması müqavilədən əmələ gələn öhdəliyin icra edildiyini təsdiq etmir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, “öhdəliyin icrası” deyiləndə borclunun müəyyən hərəkət etməsi və ya müəyyən hərəkəti etməkdən çəkinməsi nəzərədə tutulur. İddiaçının öz mülkiyyət hüququnu reyestrdə qeydə aldırması borclunun hərəkəti hesab olunmur. Mənzilin boşaldılaraq kreditora təhvil verməsi borclunun hərəkəti sayılır, bununla da borclu müqavilədən əmələ gələn öhdəliyi icra etmiş olur. 16.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. 17.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3407/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1466/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1466/2025
14.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver