Məhkəmə qərarları › İş №2(103)-1468/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1468/2024

21.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1468/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: mənzilə dair istifadə hüquqlarının itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1551/23 saylı iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsindəki 3 otaqlı 14 saylı fərdi yaşayış evi X7 məxsus olmuşdur. X12 22 iyun 2014-cü il tarixdə vəfat etmişdir. X8, Cavabdeh1, X9, X2, X3, X17 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizələrdən görünür ki, qeyd olunan şəxslər xx.xx.2014-cü ildə vəfat etmiş X4 miras qalmış əmlakı qəbul etmədiklərini, etmək istəmədiklərini, heç bir pay istəmədiklərini, adlarının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiklərini bildirmiş, bununla bağlı gələcəkdə heç bir iddia və tələblərinin olmayacağını qeyd etmişlər. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi Bakı şəhəri, B/X26 ev 14 ünvanında qeydiyyatda olan arvadı - İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi 47 kv.m, ümumi sahəsi 111 kv.m olan mərhum X7 məxsus fərdi yaşayış evindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 20 iyun 2005-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanında qeydiyyatdadır. Ünvanda qeydiyyatda olan digər şəxslər Cavabdeh4, Cavabdeh2, X8, X14, X15, X6, Cavabdeh3, Cavabdeh1, X10r.

2. Cavabdeh2 1994-cü il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş, həmin evə gəlin köçmüşdür. Onların 1995-ci il və 1998-ci il təvəllüdlü iki övladları var. Cavabdehlər 2013cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişlər.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə dair istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (xx.xx.1970-ci il doğum tarixli), Cavabdeh2 (xx.xx.1975-ci il doğum tarixli), Cavabdeh3 (xx.xx.1995-ci il doğum tarixli), Cavabdeh4 (xx.xx.1998-ci il doğum tarixli), Bakı şəhəri, B/X26 14 nömrəli evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, B/Şor, Daş Karxanası 14 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 artıq 10 ildən artıqdır ki, digər cavabdehlərlə birlikdə ona məxsus evdə yaşamırlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan da görünür ki, Cavabdeh1 (xx.xx.1970-ci il doğum tarixli), Cavabdeh2 (xx.xx.1975-ci İl doğum tarixli), Cavabdeh3 (xx.xx.1995-ci İİ doğum tarixli), Cavabdeh4 (xx.xx.1998-ci il doğum tarixli), ona məxsus Bakı şəhəri, B/X26 ev 14 nömrəli mənzildə qeydiyyatdadırlar. Lakin ona məxsus evdən pasport qeydiyyatıdan çıxmırlar, bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdehlərin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, müvafiq sorğular göndərilmişdir. "xxxx" ASC-nin 16 fevral 2023-cü il tarixli № 13-13/2-1/16- 944/2023 saylı cavab məktubuna əsasən məlum olmuşdur ki, Səhmdar cəmiyyətinin elektron bazasında Cavabdeh1 ünvan 5 ünvanında 24 noyabr 2005-ci il tarixdə **********3190Q nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Eləcə də, "xxxx" ASC-nin 16 fevral 2023-cü il tarixli № 13-13/2-1/16- 947/2023 saylı cavab məktubuna əsasən məlum olmuşdur ki, Səhmdar cəmiyyətinin elektron bazasında Cavabdeh4 ünvan 6 ünvanında (Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 49, mənzil 2 a) 21 iyul 2020-ci il tarixdə **********1370 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Eyni zamanda “Azəriqaz" İBnin 07 fevral 2023-cü il tarixli 14-2-2-593/2023 saylı cavab məktubuna əsasən Cavabdeh1 (abonent kodu: **********00060, sayğac nömrəsi: **********130, ünvan: ünvan 8ısı kimi İBnin abonentlərinin uçot bazasında qeydiyyatdadır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1551/23 saylı iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia təmin edilmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddət mübahisəli mənzildə deyil, digər yaşayış sahələrində yaşamaları, hazırda yaşayış sahəsinə ehtiyacları olması halının aradan qalxması iş materialları və tərəflərin izahatları ilə təsdiq olunur. Onların mənzildə qeydiyyatda olmaları iddiaçının öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadəsinə maneə yaradır. Belə olan halda iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.5-ci maddələrinə və Azərbaycan Respublikası KM Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin sağlamlıq vəziyyəti xüsusi qayğı tələb edən tipli olduğu üçün onların Bakı şəhəri, B/X26 ev 14-də yaşayış hüquqlarının itirilməsilə qeydiyyatdan çıxarılmaları və hazırkı vəziyyətdə heç bir mülkiyyətə sahib olmamaları səbəbindən hər hansı digər bir ünvanda qeydiyyata düşmələrinin mümkünsüzlüyü onların səhiyyə sistemində vaxtı-vaxtında dərman vasitələrilə təmin oluna bilməmələrinə səbəb olacağı üçün sağlamlıqlarına təhlükə törətməsi məhkəmənin diqqətindən yayınmışdır. Cavabdehlərin qeydiyyatdan çıxarılması və hər hansı mülkiyyət sahibi olmadıqları üçün qeydiyyata düşə bilməməsinin onların konstitusion seçki hüququnun məhdudlaşdırılması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Cavabdehlərin təkrar olaraq iki dəfə evdən çıxarılması onların həmin mənzildə yaşamaq üçün qayıtdıqlarının və yaşamaq hüququnun tələbinin sübutudur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

12. 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. 29-cu maddənin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. 152.1-ci maddəyə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. 153.4-cü maddəyə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

16. 157.2-ci maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. 157.4-cü maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. 228.1-ci maddəyə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

19. 228.2-ci maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir;

20. 228.5-ci maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Mülki Prosessual Məcəllə:

21. 14.2-ci maddəyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

22. 77.1-ci maddəyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 217.2-ci maddəyə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

24. 217.4-cü maddəyə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

25. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır.

27. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı:

“2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”.

“F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:

28. mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin:

29. 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

30. 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

31. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırda qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu baxımdan Kollegiya qətnamənin əsaslılığını yalnız Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

35. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmaları onların səhiyyə sistemində vaxtı-vaxtında dərman vasitələrilə təmin oluna bilməmələrinə səbəb olacaqdır.

36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 2013-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Cavabdehlər hazırda Bakı şəhərində yaşayırlar. Bunu məhkəmə iclasında dindirilmiş tərəflərin izahatları və iş materialları təsdiq edir. Belə ki, Cavabdeh1 məhkəmə iclaslarında izahatında bildirmişdir ki, mübahisəli ünvanda 1990-cı ildən əvvəl qeydiyyata düşmüşdür. 10 ildən çoxdur ki, həmin evdən çıxmışdır. Onları anası məcburi olaraq evdən çıxarmışdır. Mənzili anasının adına imtina edərkən onlara bildirmişdir ki, mənzildən çıxarsalar da, heç olmasa qeydiyyatda qalsın. Bundan sonra ailəsi ilə birlikdə müxtəlif ünvanlarda kirayə qalmışdır. Hazırda yaşadıqları evin sənədi yoxdur. Ev oğlunun adınadır.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşdırdığı mövqeyə görə, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

38. Cavabdehin yaşayış sahəsinə ehtiyacının olması ilə bağlı apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 yaşayış sahəsinə ehtiyacı olduğunu bildirməmiş, Bakı şəhəri ərazisində yaşadıqlarını, həmin evin oğullarının adına olduğunu qeyd etməklə iddiaya etiraz etmə əsaslarını yalnız mənzildə qeydiyyatda olma zərurəti ilə əlaqələndirmişdir. Cavabdehin həmin mənzildən istifadə hüququ zərurəti olmadan qeydiyyatda qalması isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracaqdır.

39. Apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, cavabdehlər mübahisəli mənzili öz istəkləri ilə yox, məcburən tərk ediblər.

40. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə isə Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı bir sübut təqdim etməmiş, keçən uzun müddət ərzində mənzilə köçməyə cəhd etməmiş, bu barədə tələb (mənzilə köçürülmə və s.) irəli sürməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdehlərin belə bir tələbi olmamışdır. Hətta cavabdeh övladlarının dərmanı ilə əlaqədar olaraq mənzildə qeydiyyatda olmalarının mütləq olduğunu, əgər bu təmin edilərsə iddia ilə razı olacaqlarını bildirmişdir.

41. Bununla yanaşı, iş materiallarından görünür ki, mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə vəfat etmiş iddiaçının həyat yoldaşı - Cavabdeh1 atası X5 mirası olmuşdur. Mərhumun vərəsələri, o cümlədən Cavabdeh1 notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsi ilə qeyd X4 miras qalmış əmlakı - Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanda yerləşən mənzili qəbul etmədiyini, qəbul etmək istəmədiyini, heç bir pay istəmədiyini, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmiş, bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını qeyd etmişdir. Bununla da, mübahisəli mənzil qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən yalnız iddiaçının adına tam paylı mülkiyyət kimi qeydə alınmışdır. Bu halın özü də təsdiq edir ki, cavabdeh mənzili müvəqqəti deyil, daimi olaraq tərk etmiş, mənzillə əlaqəsi kəsildiyi üçün o, mənzildəki payından da anasının – iddiaçının xeyrinə imtina etmişdir.

42. Göründüyü kimi, cavabdeh tərəfindən bunun əksini sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir.

44. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

45. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

46. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin mübahisəli evi hansı tarixdən tərk etməsi ilə bağlı məhkəmə iclaslarında fərqli fikirlər söylənilmişdir (23 il, 15 il, 10 il əvvəl). Lakin işin mübahisəsiz halı odur ki, cavabdeh mübahisəli evdə 2000-ci ilədək yaşamışdır və deməli cavabdehlə iddiaçı arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti həmin vaxt yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Kollegiya qeyd edir ki, cavabdehin sözügedən evdən istifadə hüququnun nə vaxt yaranmasından asılı olmayaraq bu hüquq həmişəlik (daimi) və ya mütləq hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.

49. Təsadüfi deyil ki, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə görə, icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verir, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır.

50. Eyni mahiyyətdə olan mənzildən istifadə (şəxsi servitut) hüququ, hətta MM-in 228.5ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.

51. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

52. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə cavabdehin əvvəlki Mənzil Məcəlləsi ilə mübahisəli mənzildən istifadə hüququ yaranmış olsa belə, bu hüquq itirilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar