Məhkəmə qərarları › İş №2(103)-1471/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1471/2022

10.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1471/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(003)-3588/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X2 ilə 1989-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 27 dekabr 1991-ci il təvəllüdlü X4 və 16 iyun 1990-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə 2021-ci ilin aprel ayınadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət evdə yaşamışdır. Ona məxsus bütün əşyalar həmin evdə yerləşir. Bundan başqa iki fərdi yaşayış evləri olmuşdur. Evlərdən biri Binə qəsəbəsində, digəri isə Buzovna qəsəbəsində yerləşir. Buzovna qəsəbəsində yerləşən evdə oğlu Vüsal Abdullayev yaşamışdır. Lakin oğlu İİ Qarabağ döyüşlərində iştirak etdiyi müddətdə cavabdeh ona məxsus əşyaları evdən çıxarmışdır. Digər Binə qəsəbəsində yerləşən evi isə cavabdeh sataraq pulunu özünə götürmüşdür. Hazırda cavabdeh mübahisəli evdə yaşayır və onu 2021-ci ilin aprel ayından evdən çıxardaraq həmin evə buraxmır. Hal-hazırda həmin evdən başqa yaşayış yeri yoxdur. Ona görə də hesab etmişdir ki, mübahisəli evə yaşayış hüququ bərpa olunmalı və həmin evə köçürülməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(003)-3588/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(003)-3588/2021 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, həm iddia ərizəsinin özündən, həm də mülki işin sənədlərindən görünür ki, mübahisə predmeti olan mənzilə dair heç bir hüquqmüəyyənedici sənədlər yoxdur. Yəni, həmin fərdi yaşayış evi özbaşına tikilidir. Qanunvericiliyin tələbinə görə isə özbaşına tikiliyə heç bir hüquqlar tanına bilməz. Qanunvericiliyin tələbinə görə hər hansı bir mənzil və ya fərdi yaşayış evi tikilib qurtardıqdan sonra həmin tikilinin yaşayış üçün tikinti və sanitar normalarına cavab verib-verməməsini müəyyən etmək üçün müvafiq komissiya tərəfindən rəy verilir. Yalnız həmin rəy verildikdən sonra yaşayış sahəsi mülkiyyətçi və sifarişçi tərəfindən yaşayış sahəsi kimi istifadə oluna bilər. Lakin məhkəmə bu tikilinin özbaşına tikili olmasına baxmayaraq, AR MM-nin 180-ci maddəsinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Həmçinin, məhkəmə tərəfindən işin bütün obyektiv halları araşdırılmamış və bu fərdi yaşayış evinin yaşayış üçün yararlı olub-olmamasını müəyyən etmədən iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, mübahisəli ev dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Hazırda iddiaçı cavabdehin istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb edir. Cavabdeh tərəf isə həmin ev özbaşına tikili olduğundan iddiaçının ora köçürülməməli olduğunu bildirir. Məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikililərə köçürülməsi üçün qanuni maneə yoxdur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). Göründüyü kimi, özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Normanın mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən öz iradəsinə zidd olaraq məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Bu halın araşdırılması zamanı, məhkəmə belə qanaətə gəlir ki, məhrum etmə o halda qanuni hesab edilə bilər ki, məhrum edən şəxs bu hüquqa malik olsun. (Misal: Şəxsə mülkiyyət hüququ ilə məxsus olan əmlakın 3-cü şəxslərin qanunsuz sahibliyindən alınması və s.) Əgər məhrumedənin mübahisəli əmlaka hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən evə köçürülməlidir. Evin özbaşına tikili olması Konstitusiyanın 43-cü maddəsində qeyd olunan “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane ola bilməz. Mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun qanuni əsaslarla inşa edilməsi müəyyən edilməmişdir. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə edilməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, mübahisəli evin özbaşına tikinti olması onun iddiaçının evdə yaşamasına mane olmasına əsas vermir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə iddianı təmin edərək, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(003)-3588/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar