Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1472/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi(anası) X2, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3240/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdehin qaynıdır. ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh 2008-ci ildə gəlin köçmüşdür. 2023-cü ildə iddiaçının qardaşı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı mübahisəli əmlakı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət Reyestrindən çıxarışa əsasən adına qeydiyyatdan keçirtmişdir. Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birgə iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yaşayırlar. Hazırda iddiaçı cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun övladları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus şəxsi mülkiyyətindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşının keçmiş həyat yoldaşıdır. Onlar 2008-ci ildə nikaha daxil olandan sonra Ramilin evi olmadığından iddiaçı onlara müvəqqəti yaşamaq üçün öz şəxsi evində, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 1, ev 9 ünvanda müvəqqəti yaşamaq üçün icazə verdi. Onu da qeyd edir ki, həmin ev onun şəxsi mülkiyyətindədir. 2023-cüil tarixində Xəzər rayon məhkəməsinin qətnaməsi ilə qardaşı və cavabdehin arasında olan nikah pozulmuşdur. Nikah pozulandan sonra cavabdeh idiaçının anası və qardaşını iddiaçının şəxsi mülkiyyəti olan evdən qovdu və hər dəfə onlar həmin mənzilə daxil olmaq istəyəndə onları təhqir edərək söyüb və polisə şikayət edirdi. Cavabdeh və onun övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən şəxsi mülkiyyətindən çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3240/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh və yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, mübahisəli mənzilin xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçməsi, cavabdehin isə övladları ilə birlikdə mübahisəli mənzildə yaşamaları etiraf olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mənzildə yaşamaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bundan başqa cavabdeh mübahisəli mənzilə gəlin köçdüyünü və orada yaşamaq hüququnun olduğunu qeyd etsə də, məhkəmə Cavabdeh həmin mənzilə dair istifadə hüququnun yaranmadığını qeyd etmişdir. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzili xx.xx.2024-cü il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir. Göründüyü kimi tərəflər arasında münasibət 2008-ci ildə yaransa da, yəni cavabdeh mübahisəli mənzilə 2008-ci ildə köçsə də, qeyd olunan mənzil iddiaçının mülkiyyətində olmamış, həmin mənzil idaçının adına xüsusi mülkiyyət hüququ əsasında 2024-cü ilin iyul ayında dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil xx.xx.2024-cü il tarixədək iddiaçın sahibliyində və istifadəsində olduğundan və xx.xx.2024-cü il tarixdən onun həmin mənzilə mülkiyyət hüquq yarandığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)3540/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən də göründüyü kimi iddiaçı Cavabdeh mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün hesab edilməmişdir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanda yaşamışlar, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzil hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. İş materiallarından müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 14 yaşına çatmamışdırlar və valideynləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən, Cavabdeh 14 yaşına çatmamış uşaqları, yəni xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından Cavabdeh 14 yaşına çatmamış uşaqları, yəni xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 da fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin cavabdehi və iki uşağını 16 il ərzində yaşadığı evdən heç bir kompensasiya ödənilmədən çıxarılmasına dair gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. İşin müəyyən edilən halarından görünür ki, tərəflər arasında münasibət 2008-ci ildə yaransa da, yəni cavabdeh mübahisəli mənzilə 2008-ci ildə köçsə də, qeyd olunan mənzil idaçının adına xüsusi mülkiyyət hüququ əsasında 2024-cü ilin iyul ayında dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə düzgün olmayaraq mübahisənin həli zamanı Azərbaycan Respublikası Mənzil Məcələsinin 30-cu maddəsinin müddəaların tətbiq olunmalı olmasına dair nəticəyə gələrək iddianı təmin etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Cavabdeh mübahisəli mənzilə 2008-ci il tarixdə gəlin gələndə həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdi. Cavabdeh həmin mənzildə 16 il yaşamış, ailə üzvləri ilə birgə təsərrüfat aparmış, onun mənzildə yaşadığı 16 il müddətdən sonra mənzil Cavabdeh qaynı İddiaçı adına rəsmiləşdirilmişdir. Məhkəmə isə hüquq münasibətlərinin 2008-ci il tarixdən, yəni cavabdehin mübahisəli mənzilə gəlin gəldiyi tarixdən yarandığı aşkar olduğu halda həmin tarixdə qüvvədə olan Mənzil Məcəlləsinin müddalarını tətbiq etmək əvəzinə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını tətbiq edərək iddianı təmin etməmişdir. Ona görə də apellyasiya məhkəməsindən 2008-ci ildə hələ iddiaçının mülkiyyətində olmayan evə cavabdehin gəlin gəlməsini və orada 2 iki uşaq dünayaya gətirib 16-17 il yaşamasını, evdən iki uşaqla birgə çıxarıldığı halda başqa yaşayış yerinin olmamasının nəzərə alınmasını və əgər qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdırsa o zaman cavabdehin və iki uşağının evsiz küçələrdə qalmaması üçün ən azından yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməyini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin və övladlarının mübahisəli evdə 2008-ci ildən istifadə hüququnun olmasına baxmayaraq həmin şəxslərin evdən çıxarılması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi MPM-nin 217-ci maddəsinin tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə öz qətnaməsini mübahisəli hüququ münasibətinin yarandığı 2008-ci il tarixdə 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsaslanmaqla çıxarmalı olduğu halda, pozuntuya yol vermiş və öz qətnaməsini həmin vaxt qüvvədə olmayan Mənzil Məcəlləsinə uyğun əsaslandırmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh və onun iki övladının hazırki yaşayış yerlərindən başqa yaşayış yerləri yoxdur. Məhkəmənin 16 il ərzində yaşadığı evdən cavabdehi və iki uşağını heç bir kompensasiya ödənilmədən çıxarılmasına dair gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə cavabdehin və uşaqlarının kompensasiya alıb-almamasına dair məsələləri araşdırmamış və onların istifadə hüquqularının olmasına hər hansı hüquqi qiymət verməmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 1, ev 9 ünvanı iddiaçının babası X5 məxsus olmuş, baba xx.xx.1991-cı il tarixdə vəfat etmiş, bundan sonra miras əmlak mərhumun arvadı X8 və oğlu X11 tərəfindən qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdə iddiaçının atası X11 vəfat etdikdən sonra miras əmlak iddiaçının ailə üzvləri tərəfindən yəni, özü, qardaşı, anası və nənəsi tərəfindən qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdə nənəsi vəfat edəndən sonra miras əmlak iddiaçı, anası və qardaşı tərəfindən qəbul edilərək idarə olunmuşdur. Məhkəmə kollegiyası göstərilənləri sadalayarkən evin mülkiyyyət sənədi olmasa da babanın adına mübahisəli evə texniki pasportun olması və məhz həmin sənəd əsasında da xx.xx.2024-cü il tarixdə iddiaçının adına vərəsəlik şəhadətnaməsinin, sonda isə xx.xx.2024-cü il tarixdə mübahisəli əmlakın Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının adına qeydiyyatdan keçməsi, qeydiyyat vəsiqəsinin verilməsini nəzərə alır. Cavabdeh iddiaçının qardaşı X10 ilə 2008-ci ildə nikaha daxil olandan sonra Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 1, ev 9 ünvanda yaşamağa başlamışlar. 2023-cü il tarixində Xəzər rayon məhkəməsinin qətnaməsi ilə iddiaçının qardaşı və cavabdehin arasında olan nikah pozulmuşdur. Göründüyü kimi, cavabdehin mübahisəli əmlaka 2008-ci il tarixdə köçərək yaşamağa başlaması, eləcə də iddiaçının qardaşı ilə ailə münasibətlərinə xitam verilməsi işin mübahisəsiz hallarıdır. Bundan başqa iddiaçı mübahisəli evə Dövlət Reyestrindən çıxarış 2024-cü il tarixdə əldə etsə də, onun, onun anasının və cavabdehin əri olmuş qardaşı Ramil Əliyevin miras əmlakı faktiki qəbul etmələri mübahisəsizdir və onların həmin əmlaka mülkiyyət hüquqları 2000-ci ildən, atalarının vəfatından sonra yaranmışdır. Belə ki, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarından görünür ki, cavabdehin ərinin notariat qaydada razılıq ərizəsi ilə mübahisəli evə dair mülkiyyət tam olaraq iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəları tətbiq edilməlidir. Lakin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına istinad etsə də, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrini tətbiq edərək, həmçinin də işin qeyd edilən hallarını düzgün araşdırmayaraq iddiaçının mənzilə mülkiyyət hüquqlarının yaranması vaxtını, cavabdehin mənzilə hansı tarixdən köçərək yaşamasını, köçərkən cavabdehin əri olan qardaşının da eyni hüquqlu vərəsə olmasını, cavabdehin də ərinə münasibətdə mənzildən istifadə hüquqlarının yaranmasını nəzərə almayaraq iddianı təmin etmişdir. Halbuki cavabdeh iddiaçı tərəfin, daha dəqiq ifadə edilsə özünün və qardaşının razılığı ilə 2008-ci ildən mübahisəli əmlaka gəlin köçmüş və uzun müddət sonuncu ilə birlikdə həmin əmlakda yaşayaraq birgə təsərüfat idarə etmiş, bununla da mübahisəli əmlaka istifadə hüquqları yaranmışdır. Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçdüyü vaxt onun keçmiş əri Ramil Əliyevi evin birgə mülkiyyətçisi qismində görən kollegiya hesab edir ki, yaşayış sahəsindən istifadə və ona xitam verilməsi ilə bağlı onların arasında hər hansı müqavilənin bağlanmasına ehtiyac olmamışdır, çünki cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinin dispozisiya şərtləri daxilində yaranmışdır. Həmin normaya görə isə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiasında 2008-ci ildə nikaha daxil olandan sonra Ramilin evi olmadığından iddiaçı onlara müvəqqəti yaşamaq üçün öz şəxsi evində, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 1, ev 9 ünvanda müvəqqəti yaşamaq üçün icazə verdiyini göstərsə də, kollegiya iclasında araşdırma zamanı iddiaçının nümayəndəsi olan anasının izahatı ilə bu dəlil təsdiqini tapmamışdır. Belə ki, o, izahatında qeyd etmişdir ki, cavabdeh gəlin köçməmişdən əvvəl, iddiaçının nənəsinin vəfatından sonra ev bir damın altında iki hissəyə bölünmüşdür. İki otaq iddiaçının, üç otaq isə digər oğlu Əliyev Ramilin istifadəsində idi. Cavabdeh digər oğlu Əliyev Ramilin istifadəsində olan üç otaqlı mənzilə gəlin gəlmiş və o da onlarla birlikdə bu üç otaqda birgə təsərrüfat aparmışlar. Nəvələr anadan olandan sonra ailə arası söhbətlərdə ümumiyyətlə bu evi satıb iki qardaş arasında bölünməsi nəzərdə tutulmuşdur. Lakin digər oğlu Əliyev Ramilin cavabdehlə nikahları pozulduğundan bu baş tutmamışdır Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli əmlaka istifadə hüquqları yaranmasını iddiaçı tərəf bir növ etiraf etdiyindən, hazırki mübahisəyə qeyd edilən Plenum qərarına əsasən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarının tələbləri baxımından yanaşılmalı idi. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Başqa sözlə, cavabdehin istifadə hüquqlarına bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilərdi ki, hazırda isə iddiaçının belə bir tələbi olmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Həmçinin də iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, cavabdehin və övladlarının mübahisəli evdə 2008-ci ildən istifadə hüquqlarının olmasına baxmayaraq həmin şəxslərin evdən çıxarılması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3240/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı - Cavabdeh və yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə